525.Az

Şanlı tariximizin davamını yazanlar - Hüseynbala Mirələmov yazır


 

 "TƏBİƏTİN İNTİQAMI YAMAN OLUR!"

Şanlı tariximizin davamını yazanlar - <b style="color:red"> Hüseynbala Mirələmov yazır</b>

Bu günlərdə ürəyi Vətən eşqi ilə döyünən hər kəsin diqqəti  Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilən etiraz aksiyalarına yönəlib.

Bir neçə gündür azərbaycanlı ekoloqlar, QHT nümayəndələri, jurnalistlər və könüllülər Azərbaycan ərazilərindəki təbii sərvətlərin - Qızılbulaq qızıl yatağının və Dəmirli mis - molibden yatağının bir ovuc erməni tərəfindən qanunsuz istismarına qarşı Şuşa-Laçın yolunda kəskin etiraz səslərini ucaldıblar.

Məlumdur ki, otuz illik işğal dövründə ermənilər Azərbaycan torpaqlarında sözün əsl mənasında ekoloji soyqırım və ekoterror törədiblər. Bununla bağlı dövlətimiz mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətini  ermənilərin torpaqlarımızda keçirdiyi ekoloji soyqırıma və vandallığa yönəltmək üçün bütün səyləri səfərbər edib.

2020-ci ildə möhtəşəm Zəfərimizlə Vətənimiz işğaldan azad olunduqdan sonra Xankəndində yaşamağa davam edən azsaylı erməni əhalisi xarici havadarlarına arxayın olaraq Azərbaycanın ekologiyasına və təbiətinə zərər verməkdə davam edirlər.

Etirazçılar haqlı olaraq cari ekoloji vəziyyətin ədalətli şəkildə - Azərbaycanın ekoloji qanunvericiliyinin normalarına müvafiq olaraq qiymətləndirilməsini tələb edirlər. Əksəriyyətini gənclər  təşkil edən  etirazçılar  rusiyalı sülhməramlılarla üzbəüz dayanıb və  iqlim şəraitinin sərtliyinə baxmayaraq böyük ruh yüksəkliyi ilə sivil, dinc aksiyanı davam etdirirlər. Mətbuatdan da izlədiyimiz kimi ölkənin ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması ilə bağlı ədalətli tələblərə dəstək olaraq ölkənin müxtəlif bölgələrindən getdikcə daha çox insanlar aksiyaya qoşulur, çoxsaylı könüllülər vaxtaşırı bir-birini əvəz edərək dinc aksiyanı davam etdirirlər.

Kadrları izləyərkən məni qürur dolu qəhərə boğan bir məqam da diqqətimdən qaçmadı: İşğaldan azad olunmuş bütün torpaqlarda olduğu kimi, Xankəndi yaxınlığında da Azərbaycan bayraqları ucaldılıb.

Bu dinc aksiyanın milli-mənəvi nüansları özündə ehtiva edən tərəfləri ilə yanaşı, təbiəti qorumaq məqsədi ilə keçirilməsində gənclərin xüsusi fəallığı insanın iftixar hissi keçirməsinə səbəb olur.

Bu gənclər mənim nəzərimdə 2020-ci ildə cənab Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımız uğrunda canından keçib şəhidliyə ucalan igid oğullarımızın, sağlamlığını Vətən yolunda qurban edən qəhrəman qazilərimizin bizə bəxş etdiyi şanlı, misilsiz Zəfərə layiq olduqlarını, öz sələflərinin yolunu davam etdirən layiqli xələflər olduqlarını Qarabağın sərvətlərinin talanması əleyhinə apardıqları dinc mübarizədə sübut edirlər. Gələcəyimiz əmin əllərdədir, buna bir daha ürəkdən inandım.

Belə bir əminlik uzun illər öncə də qəlbimdə yuva qurmuşdu və  zamanla  özünü doğrultdu... Hələ 2004-cü ildə qələmə aldığım "Mənəviyyatın ekologiyası yaxud iki od arasında" sərlövhəli essem elə bu cür inamlı  cümlələrlə başlayırdı: "Azərbaycan müharibədən çıxmayıb, hələ torpaqlar işğal altındadır. Ancaq məndə bir əminlik var ki, biz torpaqlarımızı erməni faşistlərinin işğalından azad edəcəyik. Tarixən əksər xalqlara qarşı ədalətsizliklər olub və tez-gec həmin xalqlar öz haqqını qanı bahasına olsa belə, qaytarmışdır".

Əlahəzrət tarix  sübut etdi ki, qəlbimdəki o dərin əminlik təsadüfi və boşuna deyil. Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və xalqımızın mübarizə əzmi ilə 2020-ci il tariximizə Böyük Zəfər İli  kimi həkk olundu. İki il əvvəl sıldırım qayalara qalxıb Şuşanı işğaldan azad edən qəhrəman döyüşçülərimizi bu gün dinc aksiyada onların mənəvi varisləri olan  gənclərimiz əvəzləyib. Şəhid və qazi qardaşlarının silahla başlatdığı işi bu gün o gənclər şüarlarla, dinc şəkildə davam etdirir, Azərbaycanın sərvətlərinin vardanyanlar tərəfindən talan edilməsinə dünyanın diqqətini yönəltməyə çalışırlar. Sevindirici haldır ki, dünyanın təbiətsevərləri doğma təbiətə qarşı yönələn bu vəhşiliyə biganə yanaşmır, Türkiyə, Ukrayna, Yaponiya, Moldova mətbuatında  bu aksiyanı işıqlandırmaqla problemi ictimailəşdirirlər.

Söz çox qüdrətli silahdır. Xüsusilə də belə bir milli həmrəylik zamanlarında xalqımızın kəsərli yazıçı sözünə, birləşdirici ziyalı mövqeyinə ehtiyacı var. Düşünürəm ki, qəlbində vətəndaşlıq yanğısı olan hər kəs bu aksiyalarda iştirak edənlərlə həmrəy olduqlarını nümayiş etdirməlidir. Ziyalı təbəqənin, xüsusilə də yazıçı-şairlərin vətəndaşlıq yanğısı və vətəndaşlıq mövqeyi onların mənəvi pasportudur. Məhz bu mənəvi kimliyə söykənərək bu gün də 2020-ci ildə olduğumuz kimi siyasi, mənəvi həmrəylik nümayiş etdirməliyik. Bu milli birlik 2020-ci ildə xalqımıza möhtəşəm Zəfər bəxş edib, indiki halda isə həmrəyliyimiz ərazi bütövlüyümüzün toxunulmazlığı, dövlətçiliyimizin müdafiəsi məsələsində, eyni zamanda, təbiəti qorumaq kimi ali bir amalın dəstəklənməsində başlıca qayəmizdir.

"Xəcalət" əsərimdə bir cümlə var: "Vətən insanın bədəni kimidir, bir yeri ağrıyanda digər yerlər də sızıldayır".

Bu baxımdan bu gün ermənilərin Azərbaycan ərazisində - Xankəndində atdığı hansısa pozucu addımlar, məsuliyyətsiz hərəkətlər, ekoterror əməlləri otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda həyata keçirdikləri digər vandallıq aktları kimi ürəyimizi sızıldadır. Çünki Xankəndi də Vətəndir, respublikamızın tərkib hissəsidir, Xankəndi  Azərbaycandır!  

Burada bizi narahat edən əsas məqamlardan biri Vətənimizin sərvətlərinin qeyri-qanuni istismarı ilə təkcə ərazi bütövlüyümüzə düşmən nəfsinin toxunması deyil, həm də təbiətimizin ekoloji tarazlığına pozucu əllərin uzanmasıdır.   

Təbiətin özündə hər şey ölçülüb-biçilmişdir. Hər şey xüsusi nizam və dəqiqliklə Tanrı tərəfindən yaradılmışdır. Bu nizamı pozmağa yönələn istənilən addım ümumi fonu darmadağın edə bilər.

Ermənilər tarix boyu olduğu kimi yenə də nankorluq nümayiş etdirərək bu dəfə də təbiətə müdaxilə edir, "oturduqları ağacın budaqlarını kəsmək"lə məşğuldurlar. Əlbəttə, bu, məsələnin bir tərəfidir ki, o ağac da özlərinə məxsus deyil, o, bizim ağacımızdır. Məsələnin digər ürəkağrıdan məqamı isə  "ağacı kəsməklə", yəni konkret desək, Azərbaycanın qızıl, mis, molibden yataqlarını qanunsuz, cinayətkarcasına istismar etməklə ermənilər, indiki halda təbiətin ekoloji tarazlığını pozaraq  həm də Ana Təbiətə qanlı əllərini uzadırlar.

Bu məqamda akademik Bəkir Nəbiyevin "Cəza" əsərimə yazdığı çox dəyərli önsözü xatırlamadan keçmək olmaz. Mərhum akademik "Təbiətin intiqamı yaman olur" sərlövhəli önsözlə hələ illər öncə sərt həyəcan təbili çalmışdı: "Əsər ətrafında düşüncələr məni belə bir qənaətə sövq etdi ki, indi cəmiyyət bu dilemma qarşısında qalmışdır: ya ətraf mühitə məhvedici münasibəti davam etdirib öz oturduğu budağı kəsməklə öz mövcudluğunu təhlükəyə məruz qoymalı, ya da öz evi, məskəni olan təbiətə doğma övlad münasibəti göstərərək onu gözləyən fəlakətlərin qarşısını almalı, təbii ehtiyatlardan, sudan, meşələrdən, bitkilərdən, enerji ehtiyatlarından qədirşünaslıqla istifadə edib onları gələcək nəsillərə əlverişli vəziyyətdə təhvil verməlidir".

Görkəmli akademikin fikirlərinə istinad edərək bir daha  həmin ön sözün sərlövhəsinə diqqət çəkmək istəyirəm. Ermənilər və havadarları  unutmamalıdırlar ki, uzun illərdən sonra torpağını işğaldan qurtaran xalq öz təbiətini, ekologiyasını da  işğalından qurtarmağa qadirdir. Bununla yanaşı, ermənilər ilk növbədə təbiətin intiqamından çəkinməlidirlər, çünki  "Təbiətin intiqamı yaman olur!"

Dünya da anlamalıdır ki, bu gün Vətənin  təbiətinin qorunması  naminə birləşən Azərbaycan xalqı təkcə lokal bir ekoterrora deyil, həm də bütün dünyada iqlim dəyişikliyi yarada biləcək ekoloji cinayətlərə "yox!" deyir.

Bəşəriyyət dərk etməlidir ki, bu gün Qarabağda təbii sərvətlərin qanunsuz istismarı bütövlükdə təbiətə qarşı yönələn bir vəhşilikdir. Çünki Yer planeti hamımızın evidir, onun bir tərəfində ekoloji fəlakət baş verərsə, hər tərəfində bu ziyan hiss edilər.

2020-ci ilin noyabrında Azərbaycan əsgəri özünəməxsus dəst-xətti ilə Şuşada dünya hərb tarixində misli-bərabəri olmayan, bəşəriyyəti heyrətə salan möhtəşəm bir Zəfər tarixi yazmışdı. Bu gün də Şuşa-Laçın yolunda, Xankəndinin bir addımlığında xalqımızın övladları gecə-gündüz, şaxta-ayaz demədən yenidən həmin şanlı tarixin davamını yazırlar.  

Bu alqışalayiq vətənpərvərlik örnəyi Azərbaycan xalqının məğlubedilməz və cəsur olduğunun növbəti parlaq nümunəsidir.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycanın bütövlüyü və dövlətçiliyi naminə yenidən yumruq kimi birləşən xalqımız bu həmrəyliyin təkcə sözdə yox, həm də əməldə olduğunu dünyaya nümayiş etdirməkdədir.

Cənab Prezident İlham Əliyev möhtəşəm çıxışlarının birində vurğulamışdır: " Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, Dünya Azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər".

Prezidentimizin bu qiymətli fikirlərinə söykənərək, Dünya Azərbaycanlılarının Vətənimizin ərazi bütövlüyünün pozulmasına və təbii  sərvətlərinin qanunsuz istismarına qarşı etiraz səsini ucaldan soydaşlarımızla bu günlərdə də qürur duyduqlarına ürəkdən inanıram!

Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, bu haqlı qürurumuz  qarşıdakı yeni tarixi mərhələdə bizi növbəti hədəflərə və əldə olunacaq nailiyyətlərə ruhlandırır: "Biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik. Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq! Qarabağ Azərbaycandır!"

 

 

 

 

 





16.12.2022    çap et  çap et