525.Az

Uşaq psixiatriyasına önəmli töhfə - Şahanə Müşfiq yazır


 

"VALİDEYN MAARİFLƏNDİRİLMƏSİ PROQRAMI. AUTİZMLİ VƏ İNKİŞAF LƏNGİMƏSİ OLAN UŞAQLAR ÜÇÜN" KİTABI AZƏRBAYCAN DİLİNDƏ

Uşaq psixiatriyasına önəmli töhfə - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Bu günlərdə türkiyəli psixiatr, professor Nahit Motavalli Mukaddes, psixiatrlar Oktay Taymaz Sarı və Canan Tanıdırın birgə ərsəyə gətirdikləri "Valideyn maarifləndirilməsi proqramı (Autizmli və inkişaf ləngiməsi olan uşaqlar üçün") kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşr olundu.

Son illər ölkəmizdə uşaq psixiatriyasının, xüsusən, autizmin araşdırılması və müalicəsi yönündə bir sıra önəmli addımlar atılır. Bu prosesdə yaxından iştirak edən, sözügedən sahənin inkişafı üçün əhəmiyyətli layihələr həyata keçirən tanınmış uşaq psixiatrı Aydan İsgəndərzadənin tərcümə etdiyi kitab da həmin mühüm addımlardan biridir.

Autizmli və inkişaf qüsurlu uşaqların valideynləri tez-tez evdə uşaqlarını necə daha yaxşı inkişaf etdirə biləcəklərini soruşurlar. Bu kitab həmin uşaqların sosial bacarıqlarının inkişafı, dil biliklərini əldə etməsi, ümumi və incə hərəkət bacarıqlarının inkişafı, özünə qulluq bacarıqlarını qazanması, davranış problemlərinin aradan qaldırılması, qidalanma problemlərinin həlli kimi məsələlərdə evdə nə edə biləcəklərini hədəfləyən ailələr üçün bir bələdçi olaraq hazırlanıb. Kitabda hər bir bacarıq üçün müxtəlif nümunələr və şəkillərlə aydın təkliflər təqdim edilir.

Autizmli və digər inkişaf problemləri olan uşaqların sosial-emosional, koqnitiv və davranış inkişafını dəstəkləmək üçün valideynlər tərəfindən həyata keçirilən proqramlar Valideyn Maarifləndirilməsi Proqramları adlanır. Bu proqramlar, adətən, valideynlərin müəyyən təlimlər keçərək övladlarının sosial və kommunikativ, eləcə də uyğunlaşma bacarıqlarını artırmaq üçün adi xüsusi təhsil proqramına əlavə olaraq tətbiq edəcəkləri proqramlardır. İnkişaf qüsurlu uşaqların valideynlərinin onlarla ünsiyyət qurmaqda və onları inkişaf etdirməkdəki çətinliklərini aradan qaldırmaq üçün bu proqramları öyrənmələri vacibdir.

Kitab 8 bölümdən ibarətdir. Bölümlərdə Valideyn Təhsil Proqramlarının önəmi, normal inkişaf edən uşaqlar, inkişafında ləngimələr müşahidə edilən uşaqların xüsusilikləri anladılandan sonra bu uşaqların sosial-duyğusal, ünsiyyət, öyrənmə və özünə qulluq bacarıqlarının valideynləri tərəfindən necə təkmilləşdiriləcəyinə dair izahlı nümunələr və tövsiyələr təqdim edilib. Bundan əlavə, bu uşaqların davranış problemlərinin öhdəsindən gəlmək istiqamətində təkliflər də var.  

Bu kitabın yazılmasını karyerasının ən həyəcanlı dönəmlərindən biri kimi dəyərləndirən müəllif, əsər uşaqların valideynləri ilə birgə keçirdikləri hər anı ürəklərincə yaşamaları, onlar vasitəsilə sosial ünsiyyət qurmaq  və öyrənmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə qələmə alınıb.

Bir çox sahələrdə, xüsusən, tibdə Azərbaycana nisbətən xeyli dərəcədə inkişaf etmiş Türkiyədə hələ də bu kimi problemlər varsa, autizmli uşaqlara və onların valideynlərinə cəmiyyətin münasibəti ürəkaçan deyilsə, demək ki, bizim ölkəmizdə bu vəziyyət daha qabarıqdır. Həqiqətən də həm valideynlərin, həm də cəmiyyətin məlumatsızlığı çox zaman bu cür uşaqları cəmiyyətdən, sosial mühitdən uzaqlaşdırmağa, onları təkliyə məhkum buraxmağa, onsuz da özünəqapanma problemləri yaşayan insanları daha da özünə təhkim etməyə gətirib çıxarır. Halbuki onlar öncə valideynlərinin, sonra isə ətrafdakı insanların düzgün yanaşması, onları digərlərindən fərqləndirməyəcək dərəcədə diqqət və qayğısı sayəsində problemlərini aşa və cəmiyyətə qazandırıla bilər.

Kitabın Azərbaycan türkcəsinə tərcüməsi də olduqca uğurludur. Çox qısa zamanda kitab vitrinlərində və körpəsi olan bütün ailələrin kitab şkafında əsas yeri tutacağına və təkcə Türkiyədə deyil, ölkəmizdə də bu problemin aradan qaldırılması və cəmiyyətimizin maarifləndirilməsi yönündə mühüm təsir göstərəcəyinə inandığım kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirik.

Autizm xəstəlik yox, fərqlilikdir, bu fərqliliyi aradan qaldırmaq mümkünsüz deyil!

 





16.12.2022    çap et  çap et