525.Az

Gəncliyi xaosa sürükləyən amansız oyun - PUBG - İlkin Füzuli yazır


 

Gəncliyi xaosa sürükləyən amansız oyun - PUBG - <b style="color:red"> İlkin Füzuli yazır</b>

İlkin FÜZULİ

 

Şəxsi müşahidələrimizdə, yəqin ki,  bir çoxumuz əksər ailələrdə valideynlərin ağlayan uşağı susdurmaq, sakitləşdirmək üçün telefonla başını aldatdığının şahidi olmuşuq. Mənim kimi, yüz faiz siz də hansısa qohumunuzun nadinc, ərköyün uşağından o məşhur sualı eşitmisiniz: "Telefonunda "iqra" var?"

"Var" deyirsən, peşman olursan. "Yoxdur" deyəndə də sanki faciə baş verir. Lənət şeytana! İşə bax da, qənd gəmirməkdən ağzında dörd dənə dişi qalıb, oyun üçün özünü yerə sürtə-sürtə ağlayır...

Bunun əsas səbəbi ailənin özü ilə bağlıdır. Körpəlikdən başlanır təlim-tərbiyə. Düzgün olmayan tərbiyənin fəsadları sonradan acı nəticələr verir. Valideynlər arxayın olurlar ki, bağçada düzələr, hazırlıqda düzələr, məktəbə gedəndə... Ay, düzəldi ha... Biri demir ki, sənin bu qədər vaxta düzəldə bilmədiyini onlar necə düzəltsinlər axı? Oyun verib başını girələməklə?! Nə isə...

Hər halda, orta və ali məktəblərdə, xüsusən, yaşlı müəllimlərdən həmin fikirləri təkrar-təkrar eşitməkdən qulaqlarımızda müəyyən "problemlər yaradan" bir ifadəni xatırlayırsınız: "Biz sizin yaşınızda olanda daha çox oxuyurduq, gecə yatmırdıq, daim çalışırdıq, bütün bunlara baxmayaraq, mütaliəyə də vaxt ayırırdıq". Mən, əlbəttə, səmimi, həssas müəllimlərimizi alqışlayıram. Amma hərdən elə olur ki, sadəcə nəsihət vermək üçün bu addımı atanlar da olur, təəssüf ki... Niyə söhbəti müəllimlərin fikirlərinə gətirdim? Bu cür nəsihətçilik müasir texnoloji yeniliklərə meyilli, əyləncələrini də bu yöndə quran uşaq və gənclər üçün keçərli olmadığı üçün. Əslində toxunmaq istədiyim ən vacib məsələ, zənnimcə, gəncliyimizi xaosa sürükləyən mobil oyun platforması  PUBG-dir. Lakin müasir gənclərin nəbzini tutmağı bacarmayanda məktəb və müəllimlər onları bu cür xaos məcrasından qopara bilməzlər. Öz zəmanəsi ilə indiki dövrü eyniləşdirmək nöqsanlı düşüncədir. Tutaq ki, 35-40 il əvvəl ölkəmizin əksər yerlərində nə telefon, nə planşet, nə də kompüter vardı. Qarlı qış axşamları, bitməyən şaxtalı gecələri ən yaxşı halda mütaliə etməklə dəyərləndirmək daha məqsədəuyğundu.

Sizə bir vaxt kənd yerlərində qış aylarının necə uzun keçdiyindən, bir metr qarın həftələrlə ərimədiyindən, günlərlə elektrikin üzünə həsrət qalmaqdan danışmıram hələ. Belə zamanlarda istər-istəməz vaxt öldürmək üçün müəyyən kitablar oxuyanlar da olurdu, sözüm onda deyil. Amma o dövrlə indiki əsrin tələb, düşüncə, istək, arzularını müqayisə etdikdə arada böyük uçurum yaranır. Yəni sovetin dövründə orta məktəbə başlayan şagirdlər A, B, C, D... hərflərini, vurma cədvəlini öyrənib məktəbə gedirdilərsə, indiki birinci sinfə başlayan şagirdlər dərsdə şəkil çəkib evə qayıdanda instaqramda paylaşırlar... Bu baxımdan onları texnologiyaya yanlış münasibətdən daşındırmağın yolu quru nəsihətçilik deyil.

Orta məktəbdə mütaliəyə, oxumağa marağı olmayan bir şagirdin aqibəti necə olar, sizcə? Yəqin ki, orta məktəb bitəndən sonra ya hərbi xidmətə yollanacaq, ya da imkanlı biri ilə başı bağlanacaq. Ən yaxşı halda isə 150-200 bal toplayıb hansısa universitetə güc-bəla qəbul olandan sonra, ya avaraçılıqla məşğul olacaq, ya da gəncliyi xaosa aparan PUBG-yə baş vuracaq...

PUBG oyunu günümüzün ən böyük bəlalarındandır. Xüsusən də ona görə ki, məhz gəncliyə hesablanıb. İnsanları hər zaman müharibə yolu ilə məhv etmək əlverişli olmur. Onları zəhərləmək, daha doğrusu, beyinlərini zəhərləmək daha məqsədəuyğundur. Bunun da ən optimal üsullarından biri məhz dünya əhalisini "virtual dünya"da azdırmaq, onların psixologiyasına təsir etmək və beyinlərini yox etməkdir!

Bu oyunla azacıq maraqlananlar da bilirlər ki, oyun prosesində insan hansı hisslər keçirir, hansı duyğuları yaşayır: oyunda məğlub olanda insanda yaranan əsəb, stress, həyəcanı ölçməkdə, yəqin ki, cihazlar aciz qalardı. Həmin oyunçu əsəbini soyutmaq üçün, ya günahsız telefonu döyəcləyir, ya onu yerə çırpır, ya da ətrafında olan kiminsə üstünə vəhşi kimi qışqırır. Bəzən sevincindən göylərə uçurlar - oyunda qalib gəlib növbəti missiyanı aşdıqları üçün. Axı yeni mərhələdə onun "rütbə"si qalxır, yeni silahlar əldə edir, yeni xəritələr açır və sair. İnsanın ruhunda var bəzən yeniliklər ardınca kor-koranə qaçmaq...

"Filankəsin PUBG hesabı bilirsən hansı səviyyədədir?", "O, konkret bu oyunun oynayanıdır da" kimi boyat, bayağı fikirlər çoxumuza tanışdır, yəqin. Bu hələ "xaos"un babat tərəfidir. Aysberqin görünməyən üzü, təəssüf ki, daha fəlakətlidir.

PUBG oyunun gənclərə "qazandırdığı" daha çox yaddaş problemi, diqqətsizlik, depressiya, görmə zəifliyi, bir də ən əsası söz ehtiyatında söyüş, vulqar kəlmələrin artmasıdır. Başqasını öldürməklə zövq almaq hissini yaşayan insan gələcək üçün peşəkar bir qatil kimi yetişir. Mübahisələr, davaların əksəriyyəti də məhz bu oyunla bağlı olur. "Məni filan oyunda öldürdün, əvəzini səni döyməklə çıxacağam" - ağır davalar üçün bəhanəyə kifayət edir.

Gəncədə bu oyun üzündən 23 yaşlı gəncin bıçaqlandığından, yəqin ki, xəbəriniz var. Bəs Moskvada 13 yaşlı uşağın sırf bu oyunda adam öldürərkən aldığı zövqü real dünyada yaşamaq üçün 21 yaşlı qızı öldürdüyünü eşitmisinizmi? Pakistanda PUBG oynayan 18 yaşlı gəncin ailəsini oyundakı kimi həyata qaytaracağını düşünərək öldürdüyündən məlumatı olan varmı?

İndi ölkədə və dünyada baş verən kütləvi davaların, bıçaqlanmaların, gənclərin arasında olan mübahisələr, konfliktlərin əsas səbəbi kimi bu oyunu göstərmək çox yerinə düşərdi. Niyə axı gənclərimiz özünü hansısa əsərin müsbət qəhrəmanına bənzətmək, hansısa mədəni, maarifləndirici tədbirlərdə iştirak etmək, gələcək üçün ölkəmizə faydalı kadr kimi formalaşmaq yerinə məhz vaxtını belə oyunlar, səmərəsiz fəaliyyətlərlə öldürürlər?! Düşünmürlər ki, vaxt qızıldan qiymətlidir?

Gənclərimizi xaosa, uçuruma, ölümə aparan bu amansız oyundan qorumaq üçün "oyundur da, qoy oynasın" - deyərək etinasız yanaşmaq əvəzinə, onları bu yoldan çəkindirməyin ən uyğun yollarını elə indidən hamılıqla axtarıb tapmalıyıq. Bir az da keçsə, çox gec ola bilər...

 

 

 

 

 





16.12.2022    çap et  çap et