Yollar və o yollardan yığdığım xatirələr... Bir də, yolun o ucu var. Bir neçə ay öncə Gəncəyə səfər edərkən yolboyu belə düşüncələrə dalmışdım. "Gəncə darvazası"ndan girən kimi birbaşa Cavadxan küçəsinə (keçmiş Sabir küçəsinə) getmək istəmişdim. İllərlə o küçədə, o küçənin "budağı" olan dar dölmədə, dölmənin yaraşığı sayılan darvazadan içəridəki evdə tapmışdım könül rahatlığını...
Cavadxan küçəsi... Unudulmaz eşqlərə, ən mehriban qonşuluqlara, uşaqların şən-şaqraq gülüşlərünə yuva olan əfsanəvi küçə. Bu küçə salındığı ilk gündən insanların yaddaşında əfsanələşib - kiminə sevdaların "İrəm bağı", kiminə də lələyi alova tutulan Zümrüd quşu olub. Mənimçünsə nağılların ən sehirlisi, laylaların ən şirini, oxşamaların ən şəfqətlisidir Cavadxan küçəsi. Çünki "nənəmgilin küçəsi"dir.
Cabir Novruz yazırdı ki, "dünyanın ən gözəl məktəbi mənim oğlumun oxuduğu məktəbdir". Mənimçün də Gəncənin ən gözəl, ən isti, ən doğma küçəsi nənəm yaşayan o küçə idi... Nənəm çoxdan rəhmətə gedib, onunla bağlı xatirələrimsə həmişəyaşıldır.
Həmişə düşünmüşəm ki, nənəmin addım səsləri o küçənin yaddaşına hopub. Bir vaxtlar daşların ara xətlərini ayaqlamayım deyə diqqətlə ayağımın altına baxdığım küçəni indi o baş-bu baş gözüyumulu gəzdim. Xatirələrim Gəncə çinarları kimiydi; silkələdikcə nənəmlə keçirdiyim günlər bir-bir ruhumun üstünə düşürdü...
Bircə o evin - bir vaxt nənəmin əlinin səliqəsi, şirin ləhcəsi, bişirdiyi gözəl yeməklərin ətri ilə öyünən nənəmgilin evinin astanasından içəri addımlamağa ürəyim gəlmədi. Həyatımın ən qayğısız illərinin xatirələrini bükdüyüm doğmalığın saçaqlanmasını, çözələnib-çözələnib axırda "yad" olmasını istəmədim...
...Hər gəlişimdə addımlarımla xoş duyğularımın rəsmini çəkdiyim daşlar da, sıralanmış qırmızı kərpicli ikimərtəbəli binalar da - bütün küçə nənəmin yadigarıdır mənimçün. Küçənin ayağındakı "hay" deyəndə, başındakı "can" deyirdi burada; hamı bir-birini tanıyırdı, dərdi də, sevinci də axşamın alatoranlığında açılan çay süfrələrində pay-püş edirdilər.
Hər dəfə nənəmgilə gedəndə bütün küçə nənəmə gözaydınlığı verər, onunla birgə sevinirdilər: "Nəvən gəlib, gözümüz aydın!" Nənəm bu küçənin ağzıdualı, əlixeyirli qadınlarından idi; məclislərdə yeri başda olar, "böyük iş" görməyi planlaşdıranlar ondan xeyir-dua alar, oğluna qız bəyənən onunla məsləhətləşər, qızına elçi düşən ona gənəşərdi.
Yorulmaq bilməzdi nənəm... İş dalınca getməyə ərinməz, bəzən küçəni boydan-boya, azından on dəfə gedib-gələrdi. Küçədəki mağazaların satıcıları, diş həkimləri, saatsazlar, əntiq əşya satanlar, hətta küçənin ayağında studiyası olan fotoqraf belə, nənəmin saat neçədə evdən çıxdığını, hansı işin dalınca getdiyini, oradan "əlidolu", yaxud "əliboş" qayıtdığını bilirdi. Çünki nənəm sözünü, əməlini sirr eləməz, sonra da bu sirri dilinin altında gizlədib "xoflu-xoflu" yüyürməzdi küçəni. Gülə-gülə, hər kəsin yanında ayaq saxlayıb hal-əhval tuta-tuta, lazım gəldikdə, böyüyün işinə əl ata-ata, balacanın ününə yetə-yetə keçərdi keçmiş Sabir küçəsindən. Etdiyi "səfərlərin ünvanı da küçə sakinlərinə bəlliydi; bir gün bacısıgilə gedirdi, ertəsi gün qızıgilə... Həftənin əvvəlində uşaqgördüyə, ortasında adnaya, axırında da bazara gedərdi nənəm...
Nənəmgilin küçəsindəki binaların hər biriylə bağlı ayrıca xatirələrim var. Məhşur Zinger ailəsinə məxsus binanın birinci mərtəbəsində bağmanlı bir baba kitab-dəftər satardı. O qədər olub ki, nənəmin əlindən tutub ora çəkmişəm, özümə rəngli qələmlər, üstü şəkilli dəftərlər aldırmışam. Sonradan dükanın rəflərini hədiyyəlik əşyalar da bəzəməyə başladı.
Çağdaşlıqla qədimliyin, milliliklə avanqardlığın bir-birinə naxış olduğu bir şəhərdir Gəncə. Və mən bu möhtəşəm şəhərin sinəsinə baş qoyub xumarlanan xatirələrimin arxasınca məhlə-məhlə, dölmə-dölmə gəzməkçün gecikmək istəmirəm. Hər addımımda gəncəli xatirələrim gözlərimin önündə yenidən yaşıllaşır, zoğ verir, tağ atır...
...İndi, elə bu yazını yazarkən belə, gözlərimi yumub pıçıldayıram: "O şəhəri, o küçəni, o evi sevirəm! Ora mənim mənsiz qalan uşaqlıq saxlancımdır, ora mənim doğma yurdumdur!"
Nənəmgilin küçəsi indi "Gəncənin Torqovusu" deyə tərif edilir... Abaddır, gözəldir keçmiş Sabir küçəsi... Və sanki küçədən artıq bir anlayış tələb edən məkandır, küçə-parkdır, xiyabandır...
Bir neçə ay əvvəl yaddaş boxçama yığdığım xatirələrimlə uşaqlığımdan qalanları yan-yana düzürəm və görürəm ki, hər xatirənin öz qiyməti var. İndiki müasirliklə o vaxtkı nimdaşlığın arasındakı, duyğulardan, hisslərdən hördüyüm həsir körpüdən keçdikcə, "nənəmgilin küçəsini esselərimə, şeirlərimə qatıram. O da vəfasız çıxmır; elə tez-tez gəlir ki, yuxuma...
...Yuxuda görürəm ki, yenə yaydır, getmişəm Gəncəyə, "Gəncənin Torqovısı" da məni qarşılamağa çıxıb. Nənəmin yeləni güllü, özəni butalı donunun ətəyindən yapışmışam, dölməylə gedirəm. Burnuma mürəbbəlik gilasın ətri gəlir.
İnsanın yaşadıqlarını sonradan yuxuda görməsi onun o hadisəni təkrar yaşamaq istəyidir... Belə deyirlər... Və mən inanıram...
"Yel qanadlı illər, "amansız fələk", "zamansız əcəl" də var ömrümüzdə; bunlara inanıb-inanmayacağımız nə onların, nə də dünyanın eyninədir. Bu məfhumlar apardı nənəmlə babamı özləriylə... Onlar getdi, boş qaldı Gəncənin "ən romantik küçəsi"ndəki o ev... Bir gün "həyat şərtləri" kəmənd atdı, ovladı o evlə aramızdakı gözəgörünən bağlılığı... Bir vaxt sevincim, səsimin şənliyi, nazımın yurdu olan o ev indi mənim dərdimdir...
Bünövrəsinə daş qoyanın, pəncərəsinə pərdə tikmək üçün divarını əlinin qarışıyla ölçənin nəfəsi, həniri bir yana, onların ocağından çıxanların da o evdən, o ocaqdan perik düşməsi təkcə insan dərdidirmi? Məncə, yox! O ev də ağlayır, o ev də həsrət çəkir, hər kərpicinə qədər göynəyir, suvağının hər qarışınadək gizildəyir, bilirəm... Bilirəm...
Təsəllim bircə odur ki, nə o ilk daşı qoyan, nə də o barmaqlarının ucuyla divarlarına tumar çəkən bu gün o evin həsrət bayatılarını eşitmir... Bəlkə də, eşidirlər? Yox... Bax, buna inanmaq istəmirəm....
Gəncənin Cavadxan küçəsi...
Keçmiş Sabir küçəsi...
"Gəncənin Torqovısı"...
Və mənimçün nənəmgilin küçəsi... Uşaqlığımın nağıllı-şahzadəli, "üç alma"lı, İrəm bağlı xatirəsi, bu günümün həsrəti, intizarı... Küçənin ayağından yol başlayıb üzüyuxarı - Gəncəçaya tərəf gedənlər, birinci döngədən dönəndən sonra sağ tərəfdəki "tağlı dölmə"ni görənlər, o dölmənin qoynundakı boz, bəzəkli, dəmir darvazaya baxışları ilişənlər, baxın, ora mənim həsrətimdir...
"Yaman gün"dür həsrət, elə bilirəm. O darvazanın eşiyində çəkdirdiyim şəklə baxa-baxa özümü ovuduram: "Yaman günün ömrü az olar, Leyla..."