525.Az

Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu - Esmira Fuad yazır


 

Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu - <b style="color:red"> Esmira Fuad yazır</b>

2-ci yazı

 

Güney Azərbaycanda çağdaş ictimai şüurun formalaşması, yeni insan tərbiyəsi, maarif və mədəniyyətin inkişafı, körpə fidanların sağlam ruhda böyüməsi və doğma dildə mükəmməl təhsil alması uğrunda yorulmadan çalışan, böyük maarifpərvər şair və fəal ictimai xadim kimi tanınan Cabbar Əsgərzadə Bağçabanın (1885-1966) yaradıcılığında da uşaqlar üçün yazılan bir-birindən maraqlı şeir və hekayələr mühüm yer tutur. "Qızıllı yarpaq, yaxud zəkalı Ənvər" poemasının da qəhrəmanları dərslərini yaxşı və pis oxuyan, çalışqan və tənbəl məktəblilərdir. Uşaq auditoriyasının qavrama səviyyəsini diqqətdə saxlayan şair-pedaqoq əsəri şifahi xalq ədəbiyyatından gələn sadə süjet əsasında qələmə almış və poemasında ölkənin, cəmiyyətin və insanların inkişafının, yüksəlişinin təhsildə, elm və maarifdə olduğu fikrini təbliğ etmişdir. Əsərin baş qəhrəmanı Ənvəri yoldaşlarından ayıran çalışqanlığı, oxumağa olan həvəsi, "veyil-veyil bazar-küçəni gəzməməsi və sakit təbiətidir". Mükəmməl tərbiyəsi və dərslərinə hər gün ciddi hazırlaşması, bunun müqabilində müəllimlərindən "əla" qiymət, üstəlik də dəftər, qələm hədiyyə alması, dəcəl uşaqlara qoşularaq vaxtını boş və səmərəsiz oyunlarda keçirməməsini, üst-başını batırmamasını, bir sözlə, nümunəvi davranışı ilə Ənvərin evdə, məktəbdə və yaşadığı məhəllədə hamının sevimlisinə çevrilməsini C.Ə.Bağçaban kiçik yaşlı oxucularının başa düşəcəyi sadə, anlaşıqlı bir dillə təsvir edir:

Oxumağa meyl eləyən cocuqlar

Anaları çağırcağın tez durar.

Gedər, yuyar əl-üzünü tərtəmiz,

Olar ana yanında o, çox əziz.

Həyəti, bağçanı dolanar, gəzər

Çiçək dərib, kəsaləti məhv edər.

Açar kitabını bir də əzbərlər,

Dərsi əzbər, hesabı hazır edər.

Ancaq Ənvəri sevməyən, ona paxıllıq edən, uğurlarını gözü götürməyən və vaxtını oyun oynamaqla keçirən tənbəl yoldaşları da az deyil. Onlar Ənvərin "Bütün günü oyun oynamaqdansa, dərs oxuyun, imtahanlara az qalır" kimi çağırışlarına rişxəndlə yanaşaraq: "Ənvər, Ənvər, can Ənvər, Oyundan qorxan Ənvər!" - kimi xitab edərək məsxərəyə qoyurlar. Lakin Ənvərin yoldaşlarına ağıllı, düşüncəli cavabı iki qütbə bölünmüş uşaqların səviyyəsini, elm və maarifə münasibətini müəyyən edir:

Uşaq, uşaq, can uşaq,

Gəlir imtahan, uşaq.

Mənə rişxənd edərsiz,

Belə atılıb-düşərsiz.

Sonra sözümü bilərsiz,

Onda başa düşərsiz.

Çox keçmədən başlanan imtahanlarda Ənvər məntiqli və tutarlı cavabları ilə müəllimlərini heyran qoyur. Onun oyunçu sinif yoldaşları isə suallara cavab verə bilmir, acizlikləri, bilgisizlikləri ilə müəllimlərinin qarşısında pərt olur, peşmançılıq çəkir və ürəklərində Ənvərə haqq qazandırırlar. Sonda, hətta xorla ucadan: - Sağ ol, zəkalı Ənvər! Var ol, zəkalı Ənvər! - nidaları ilə onu alqışlayırlar. Əsərdə obrazları səciyyələndirən bənzətmə və bədii təyinlər məzmunla uyğunluq tapır, poetik məna kəsb edir.

Əxlaqi-didaktik məzmunu ilə seçilən "Qızıllı yarpaq, yaxud zəkalı Ənvər" poemasında "müəllim-şagird münasibətləri, valideynlərin uşaqlarını oxutmaq üçün onları həvəsləndirməsi, çəkilən zəhmətin öz bəhrəsini verməsi həm bir şair, həm də müəllim-öyrədici ustalığı ilə öz bədii əksini və həllini tapmışdır".

Poemanın tərbiyəvi-didaktik ruhu güclüdür, buna görə də uşaqların mənəviyyatına təsiri qaçılmazdır. Sözsüz ki, əsəri oxuyan hər bir uşaq Ənvərə oxşamaq, onun kimi ağıllı və çalışqan olmaq istəyəcəkdir. 

Ədəbiyyat aləmindən məlumdur ki, bir çox yazarlar uşaqlar haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən yaxşı halda, böyüklərin zərif yumorunu qatmaqla əsərlər qələmə alırlar, ancaq onların iç dünyasının alt qatlarına, mənəviyyatının dərinliyinə nüfuz edə bilmirlər. Çağdaş dövr Güney Azərbaycan uşaq nəsrinin yaradıcısı olan Səməd Behrəngi isə öz əzərlərində uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına yol tapmağa nail olan yazıçılardandır. O, kamil pedaqoq olmaqla yanaşı, həm də orijinal dəst-xəttə malik istedadlı öykü yazarı, peşəkar tərcüməçi, XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli adlarından biri idi. Güney Azərbaycanda çağdaş dövr uşaq ədəbiyyatının-nəsrinin yaranması və inkişaf etməsi məhz onun şərəfli adı ilə bağlıdır. Uşaqlar üçün nağıllar, həmçinin, baş qəhrəmanları əsasən ünsiyyətdə olduğu şagirdləri olan və onların başına gələn olaylardan bəhs edən son dərəcə maraqlı hekayələr qələmə alır, özəlliklə "alleqoriya və təşxislərə yer verməklə örtülü şəkildə ən orijinal yolla öz fikir və düşüncələrini yayırdı".

Səməd Behrəngi əsərlərini "Biz uşaqlara: - Oğurluq etmə, yalan danışma! - kimi məsləhətlər vermək əvəzinə, onların oğru olmalarının səbəbini açıb göstərməliyik. Çünki insanları yetişdirən mühitdir. Yaxşı insan yetişdirmək istəyiriksə, mühiti də yetişdirməli və insaniləşdirməliyik", - əqidəsi ilə yazıb-yaradırdı... Uşaq təbiətini anlayan təcrübəli pedaqoq kimi körpə fidanlara yalnız doğruya inam, həqiqətə sevgi, şərə, pisliyə və xəyanətə, ağa qara, yalana həqiqət, göz yaşlarını sevinc şəlaləsi, hıçqırığı gülüş, məhrumiyyətləri tanrının qisməti kimi qələmə verənlərə nifrət aşılayırdı. Bu nifrətin onların yaşamı üçün, yaxşını pisdən ayıra bilməsi üçün gərəkli olduğunu düşünürdü". 

"Balaca qara balıq", "Adət", "Binam//Adsız", "Narınc qabığı", "Balaca qara balıq", "Ulduz və qarğalar", "24 saat yuxuda və ayıqlıqda", "Çuğundursatan oğlan", "Bir hulu, min hulu", "Məhəbbət nağılı", "Təlxun", "Ləbi satan uşaq", "Qoca arvad və qızıl cücəsi", "Koroğlu və keçəl Həmzə", "Ulduzla danışan gəlincik", "Çox bəxtiyar ağa" və s. kimi hekayələrində o, bulaq suyu kimi dumduru, saf uşaq dünyasından böyüklərin bulunduğu aləmə bir pəncərə açır və açdığı pəncərədən toplumu bütün cizgiləri, xüsusiyyətləri ilə yaşlıların gözləri önündə canlandırırdı... Və böyüklər, yaşlılar da həmin əsərlərə maraq göstərirdilər... 

Güney yazarları oxucularını dünyaya uşağın gözündən baxmağa yönləndirir, öyrədir, dərs verir. Səməd Behrəngi yaradıcılığında "uşaqlıq mövzusu"nun işlənməsi və yaratdığı bir-birindən fərqli obrazlar digər yazarların sunduğu obrazlardan seçilirdi. Çünki kamil bir öyrətmən olan və uşaqları canı qədər sevən S.Behrəngi uşaq mövzusunu işləyərkən ənənəvi anlayış və baxış müstəvisindən sıyrılaraq çıxır, uşaqlıq probleminə öz orijinal, fərqli baxış bucağından baxmağın örnəklərini yaradırdı. Onun yaradıcılığında vahid və tamamlanmış bədii-fəlsəfi uşaqlıq konsepsiyası zəncirinin ayrı-ayrı halqalarına nəzər saldıqda iki məsələ diqqət çəkir. "Yazıçı uşaqlıq mövzusuna müraciət edərkən, bir tərəfdən qəhrəmanlarının həyat mənzərəsini daha geniş aspektdə təqdim edir, xarakterlərin böyümə mühitindən və situasiyalardan asılı olmasını çatdırır, digər tərəfdən uşaqlıq mövzusuna saflıq, təmizlik, məsumluq və pozitivlik qaynağı kimi müraciət edir. Bundan başqa, uşaqlıq mövzusu yazıçının əsərlərində həm də metafora-alleqorik çalara bürünür ("Bütün insanlar uşaqdırlar")".

S.Behrəngi "yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər çox sevirdi... Ana dilində təhsil almaq imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması məsələsi Səməd Behrəngini ən çox düşündürən problemlərdən biri idi. Öz dövründə bu problemin çıxış yollarından biri kimi Ana dilində dərsliklərin yazılıb çap edilməsində, ana dilində mədrəsələrin açılmasında görürdü. O, Mir Mehdi Etimad, Mirzə Həsən Rüşdiyyə, Həbib Sahir kimi öndərlərin qutsal işini davam etdirməyə qalxışdı, uşaqların anlaya biləcəyi sadə türkcədə "Əlifba" kitabı yazdı, lakin İranın rəsmi qurumları bu dərsliyin çapına icazə vermədi və İslami İrşad idarəsi tərəfindən geri qaytarıldı... Bu etirazın əsas səbəbi isə Azərbaycan türklərinin Ana dilində təhsil almasının qarşısına çəkilən keçilməz sədd idi. Bu addımı Səmədin böyük qardaşı Əsəd Behrəngi vaxtilə siyasi akt kimi qiymətləndirmişdi. Çünki qardaşının ona ünvanladığı: "Mən imzamı xalqın zehninə cəfəngiyat verən bir çox müəlliflər kimi kitabın üstünə yaza bilmərəm. Mən ömrümdə bircə dəfə də olsun "Ş" hərfini uşaqlara "Şah" sözü ilə öyrətməmişəm. "Şahbanu" və "Vəliəhd" sözlərinin üstündən atılıb keçmişəm. Mən kitabımın birinci səhifəsini onlara necə həsr edə bilərəm? Qoy evimizin damı uçsun. Mən "Ş" hərfini "Şah", "Şahbanu" sözləri ilə, "ə" hərfini "Vəliəhd" kəlməsi ilə öyrədə bilmərəm. Bəli, qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi bu kitabın yolundamı qoyum? Bəs onda şagirdlərimə, uşaqlara nə cavab verə bilərəm? "24 saat yuxuda və ayıqlıqda" hekayəmi məşğuliyyət üçün yazmamışam. Ona görə yazmışam ki, sən dünyanın hər yerində yaşayan öz balaca qardaşlarını yaxşı tanıyasan. Onların dərdlərinin çarəsi haqqında düşünəsən..." - sözlərində, təbii, həmin qadağanın sirri və hansı mətləbin gizləndiyi aydın olur... Bütün yaradıcılığını əsasən, uşaqlara həsr edən və dünyaya onların gözü ilə, məhz onların pəncərəsindən baxmağa qeyrət göstərən S.Behrənginin uşaqlıq mövzusu oxucunu bütövlükdə onun bədii konsepsiyasını dərk etməyə yaxınlaşdırır.

Güneydə uşaq ədəbiyyatı yazarlarının düşüncələrinə görə, bir ulusun gələcəyi uşaqlarının necə eyitilməsi//tərbiyə olunması, formalaşması ilə bağlıdır. Uşaqlar üçün çalışmaq olduqca zövqlü, eyni zamanda, çətin və həssas, həm də məsuliyyətli bir işdir. Çünki uşaqları aldatmaq çətin, inandırmaq isə mümkündür.

M.H.Rüşdiyyənin digər xələfi Əlirza Nabdil Oxtayın "Mən kiçik bir çəyirdək idim", "Yağdı yağışlar", "Yaşıl", "Əl-ələ", "Qaynarca", "Axmaca", "Sığırçın", "Oğlan oxu", "Qurd və şəhər" kimi şeirləri uşaq və yeniyetmələrə dəyərli töhfəsidir.

Nağılvarı süjetə, təhkiyəyə malik "Qılınc nağılı" şeirində Oxtay elin söz-sov boxçasından qədim bir el məsəlini çağdaş dövrün düşüncə biçimində oxucuya təqdim edir. "Ata ölüm ayağında ikən: Mənim vardan, yoxdan bir qılıncım qalıb təkcə, Gətirin vidalaşım. Hər bir kişi ölümə də qılınc ilə getməlidir, - deyə oğlanlarını yanına çağırır. Onlara babalarından miras qalmış qılıncı qorumağı vəsiyyət edir. Lakin nə böyük, nə də ortancıl oğul qılınca yiyə durur. Kiçik qardaş isə kiçicik əllərini uzadaraq: - Mənim olsun bəs elədə, - deyir". Şairin təsvirində kiçik qardaşın qılınca sahib çıxması həm də onun - kiçik qardaşın timsalında bütün yurd, milli dəyər sevdalılarının vətənə, ana torpağa, tarixi yurd yerlərimizə sahib çıxacağı kimi dərk olunur. Bu hərəkət-jest Vətən, yurd sevgisinin hələ də var olduğunun göstəricisidir. Ə.N.Oxtayın kiçik yaşlı oxucularına aşılamaq istədiyi qənaət şeirin misraları arasından apaçıq görünür: "Nə qədər ki, keçmişə, xalqın qəhrəmanlıq tarixinə bugünkü və gələcək nəsil, gənclər hörmətlə yanaşacaq və onlardan öyrənəcək, o qədər də millətin sabahı, gələcəyi etibarlı, davamlı və özgür olacaq".

Yaradıcılığının leytmotivi, əsas ideya-bədii istiqaməti aydın duyulan "Tozlu piano" şeirində də Əlirza Nabdil Oxtay uşaqlara ünvanlanan fikirlər, ismarıçlar sərgiləyir.

 

 

 

 

 

 





16.12.2022    çap et  çap et