525.Az

"İranın Azərbaycana qarşı xaincəsinə addımlar atmasına şahidəm"


 

"REJİM SANKİ QONŞULARINI NADİNC UŞAQTƏK NARAHAT ETMƏK ÜÇÜN YARANIB"

"İranın Azərbaycana qarşı xaincəsinə addımlar atmasına şahidəm"<b style="color:red"></b>

Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvü, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Cəmiyyətinin təsisçisi, Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Abdulla Əmir Haşimi Cavanşir "525"ə müsahibə verib.

 

 

- Abdulla bəy, İranda üçüncü aydır etirazlar davam edir. Sizcə, inqilab baş verəcək, yoxsa rejim etirazları dayandıra biləcək?

- İranda etiraz aksiyaları, tətillər davam edir. Müxtəlif kateqoriyanı əhatə edən insanlar aksiyalara, tətillərə qoşulub. Ölkədə böhran yaşanır. Sosial, iqtisadi və siyasi böhran getdikcə dərinləşir və rejimi uçuruma aparır. 200-dən çox şəhərdə gənclər, qocalar etiraz aksiyalarına qoşulub, müxtəlif millətlər öz azadlığı uğrunda meydandadır. Güney azərbaycanlılar "Azadlıq. Ədalət. Milli hökumət" şüarı ilə öz tələblərini açıq şəkildə ortaya qoyub. Bəluclar, kürdlər artıq silahlı mübarizəyə keçib, ərəblər də küçə yürüşlərini davam etdirirlər. Tehranın özündə hər gün müxtəlif məhəllələrdə aksiyalar keçirilir. Rejim bu aksiyalara təəssüf olsun ki, çox biganə yanaşır və etirazçıları güllələyir, həbs edir. Qətlə yetirdiyi insanların meyitlərini belə ailələrinə vermir, yaxud onların kimliyini açıqlamır. Belə əməllər ölkə daxilində olduğu kimi, müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən, BMT-nin insan haqları komissiyası, Avropa ölkələrinin deputatları, dövlət xadimləri tərəfindən etiraza səbəb olur. İranda ərzaq, yanacaq qıtlığı yaşanır. Rejim vəziyyətdən çıxmaq üçün pul çap eləyib dövrəyə buraxacaq ki, bu da inflyasiyanın dərinləşməsinə şərait yaradacaq. İqtisadi böhran rejimi daha da çökdürəcək.

Siyasi baxımdan da rejimin vəziyyəti pisdir. Hətta İranla əməkdaşlıq edən Çin yaxın zamanda münasibətində dəyişiklik etmək fikrindədir. Çin İrana böyük həcmdə sərmayə qoymaqdan tamamilə çəkinməyə başlayır. Yəqin ki, gələcəkdə Rusiya və başqaları da İranla əməkdaşlıqda eyni addımı atacaq. Onsuz da Rusiya böyük böhran içindədir. Siyasi, iqtisadi, sosial böhranın dərinləşməsi İrana yaxşı heç nə vəd etmir. İnqilab üçün getdikcə şərait yaranır. Hakimiyyət daxilində də böhran özünü açıq şəkildə göstərir. Güc qüvvələri artıq yorulub. Daha üz-üzə dayandıqları və öz haqqını tələb edən insanlara atəş aça bilmirlər. Düzdür, Vilayəti-Fəqih, Ayətullah Xomneyi edamlara təkid edir. İranda yaşayan millətlər öz hüquqlarını tələb edir və etirazların inqilaba çevrilməsi labüddür.

- Ötən müddət ərzində rejim niyə etirazçıların hər hansı tələbini yerinə yetirmədi?

- Bəli, İran etirazçıların hər hansı tələbini yerinə yetirməyib, hətta əxlaq polisinin ləğvi xəbəri də özünü doğrultmadı. Rejim İslam Respublikası yaranandan bəri verdiyi vədləri, Konstitusiyadakı müddəaları yerinə yetirməyib. Güney Azərbaycanla bağlı Konstitusiyadakı dil, özünü idarəetmə ilə bağlı məsələdə heç bir addım atılmayıb. Urmiya gölünün qurumasının qarşısını almaq barədə söz verdilər, amma əməl etmədilər. İslam adı ilə hakimiyyətə gələn rejim tam yanlış simasını ortaya qoydu. Xalq tələblərinin yerinə yetirləcəyini gözləmir, ona görə də "Diktatora ölüm olsun",  "Rədd olsun bu rejim"şüarlarını səsləndirirlər.

- Cənubi azərbaycanlılar illərdir ki, İrandakı rejimin əsarəti altındadır. Bu gün onlar üçün öz dövlətlərini qurmaqda tarixi fürsət yaranıb. Nə qədər çətin olsa da, bu fürsəti reallığa çevirmək mümkün olacaq?

- Cənubi azərbaycanlılar son yüz ildə öz müqəddəratını təyinetmə hüququna qısa müddət də olsa müvəffəq olublar. Nümunə olaraq, 1905-ci il Səttərxan, daha sonra Şeyx Məhəmməd Xiyabani hərəkatını vurğulamaq olar. Pişəvəri dövründə də, yəni 1945-ci ildə Güney azərbaycanlılar meydana çıxıb, yeni tipli öz milli hökumətlərin qurdular. Həmin hökumətin bir ildə gördüyü işlər Rza Pəhləvinin 20 ildə gördüyü işlərdən daha çox və keyfiyyətli idi. Azərbaycanın milli hökuməti, Milli Məclisi quruldu. Qızılbaş adında milli qoşunu oldu. Qadınlara kişilərlə bərabər hüquqlar verildi. Dilimiz rəsmi dövlət dili oldu. Əvvəlki kimi, Pəhləvi rejimi onu dəstəkləyən xarici imperalist qüvvələr vasitəsilə Azərbaycan milli hökumətini devirdi. Bu mübarizə sonra da davam etdi. 1979-cu ildə ilk dəfə azərbaycanlılar meydana çıxıb, Pəhləvi rejiminin sütununu sarsıtdılar. Güney azərbaycanlılar mərkəzi hökumətin şiddət, assimilyasiya siyasəti tətbiq etməsinə baxmayaraq, buna qarşı mübarizə aparıb, öz dilini, dinini, ərazisini, milliyyətini yaşadıb. Həmişə şimalda olan soydaşlarımızdan, qardaşlarımızdan və dövlətimizdən ilham alaraq, mübarizənin bayrağını uca tutublar, bu gün də meydandadırlar. Minlərlə insan həbslərə, sürgünlərə, işgəncələrə məruz qalıb, lakin mübarizə davam edir. İndiki şəraitdə təbii ki, mübarizə yüksək müstəviyə qalxıb. 44 günlük Qarabağ müharibəsi zamanı Quzeyimizə dəstək olaraq, Güneydə "Azadlıq. Ədalət. Milli hökumət" şüarı səsləndi. Bu, həm quzeylilərlə birləşmək arzusunu, həm də özünün müstəqil olmasını, milli hökumət istəyini ifadə edirdi. İki il keçəndən sonra bu gün o şüar daha da kütləviləşib. Deməli, xalqımız ayaqdadı. Güney Azərbaycanda hökumətimizi bərpa edəcəyik. Şüarlar, yürüşlər, tədbirlər, tətillər hamısı bu iddiamıza şahiddir.

- İrandakı son edamlar yəqin ki, etirazçıları qorxutmağa hesablanıb. Sizcə, bu, əksinə olaraq vəziyyəti daha da gərginləşdirmir?

- İrandakı son edamlar aksiyaçıları qorxutmaq məqsədilə həyata keçirilir. Amma rejim bununla öz məqsədinə çatmayacaq. Qətllər, edamlar xalqın iqtisadi, siyasi, mədəni, özünü idarəetmə, irqiçiliyə, assimilyasiyaya, zülmə, şovinizmə qarşı etirazının həlli yolu deyil. Edamlar xalqın, dünya ictimaiyyətinin nifrətini, mübarizə aparan insanların əzm və iradəsini daha da artıracaq. Hətta rejim daxilində bəzi ruhanilər edamlara etiraz edir, bunu dinə, qanuna, bəşəriyyətə zidd adlandırırlar. Rejim edamlarla camaatı qorxuda bilməyəcək.

- İranın Azərbaycana qarşı son təxribat və təhdid xarakterli addımları barədə nə düşünürsüz?

- İran Azərbaycana qarşı 30 ildən çoxdur bu təxribatı aparır. Vaxtılə BDU-da disertant olduğum vaxtda mənim elmi işimin adı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, siyasi münasibətlər olmuşdu. Bu sahəni mən 32 ildi izləyirəm. İranın Azərbaycan müstəqillik qazanandan ona qarşı necə təxribat xarakterli, xaincəsinə addımlar atmasına şahidəm. Təəssüf ki, son iki ilə qədər İran rəhbərliyinin əsil siması bu qədər açılmamışdı. Səbəb də Azərbaycanın nəcib qonşuluq siyasəti, orada yaşayan azərbaycanlılar idi. Lakin 44 günlük Qarabağ müharibəsi günlərində, eləcə də zəfərdən sonra İranın iç üzü tam aşkara çıxdı. Azərbaycana qarşı təxribatlar, ölkəmiz əleyhinə bəyanatlar, 30 ildə Ermənistana dəstək, silah-sursat, ərzaqla təminat, Azərbaycanın sərvətlərinin talan edilməsi, bir sözlə, bacardıqları bütün pislikləri etdilər. Eyni zamanda, ölkəmizdə dini zəmində təxribata əl atıb, müxtəlif zərərli cərəyanları yaymağa çalışdılar. Azərbaycanın daxili işlərinə müdaxilə etmək iki qonşu arasında sağlam münasibətləri tamamilə pozmaq və körpüləri dağıtmaq idi. Təbii ki, Azərbaycan hər zaman güzəştə gedə bilməzdi. İranın hərəkətləri utancvericidir. İran İslam Respublikasının özünə, onu dəstəkləyən qruplara, partiyalara, hamısına ar olsun. Rejim Qafqazda sülh, əməkdaşlıq yox, müharibə, münaqişə istəyir. Bu cür siyasət heç vaxt nəticə verməyəcək. İran təkcə Azərbaycana qarşı belə təxribatçı, müdaxilə siyasəti irəli sürmür. Türkiyəyə qarşı da eyni cür davranır. Anti-türk siyasəti rejim üçün prioritetdir. Halbuki Türkiyə İran-İraq müharibəsində İrana ərzaq, yanacaq, lazım olan hər bir təminatı, köməyi etdi. Bütün səyləri müharibənin bitməsinə yönəlmişdi. Lakin İran Türkiyənin bu səylərinə, iqtisadi, siyasi köməyinə heç bir dəyər vermədi. İndi də vermir. İran başqa qonşularla da - Səudiyyə Ərəbistanla, Yəmənlə gərginlik siyasəti aparır. Pakistan, Əfqanıstan, İraqla da həmçinin. İran sanki qonşularını nadinc uşaq kimi həmişə narahat etmək üçün yaranıb. Təbii ki, bu, çox uzağa gedən siyasət deyil. Bu cür nadinc, qeyri-normal dövlətin sonu gələcək.

- Azərbaycan Prezidentinin güneyli soydaşlarımızla bağlı mövqeyini necə qiymətləndirirsiz?

- Prezident İlham Əliyevin bəyanatları Güney azərbaycanlıların ürəyindən gələn, çoxdan gözlədikləri bir arzu idi. Deməli, həyata keçdi. Prezidentin İranda yaşayan 40 milyonluq türklərin hüquqları, ana dilləri ilə bağlı məsələni dünya ictimaiyyətinə çatdırması, onları müdafiə etməsi Güney Azərbaycanda yaşayan soydaşlarımıza böyük ruh yüksəkliyi verdi. İllər boyu gözlədikləri sözü, cavabı cənab Prezidentdən aldılar. Bu, mübarizələrində daha ürəkdən, daha ümidlə davranmalarında böyük bir stimul oldu. Prezidentin güneyli soydaşlarımıza dəstəyi Ulu öndər Heydər Əliyevin həm SSRİ dövründə, həm ondan sonra Güneyə qayğısının davamı hesab etmək olar. Bir neçə dəfə Dünya azərbaycanlılarının qurultayında iştirak etmişəm. Həm Heydər Əliyev, həm İlham Əliyev özlərini dünyadakı 50 milyonluq azərbaycanlının  Prezidenti adlandırıblar. Prezidentin dəstəyi gələcək mübarizəmizə yeni bir töhfə, müjdə verdi.

- Bu günlərdə Bakıda olmusunuz. Hansı təəssüratlarla ayrıldınız?

- Noyabrın sonunda Güney Azərbaycan Keçici Milli Məclsinin Təşkilat Komitəsinin 3-cü iclası Bakıda keçirildi. Mən də o komitənin bir üzvü kimi Ümid Partiyasının dəvəti ilə Bakıda oldum. Bu səfər daha öncəki iki səfərdən ən mükəmməli idi. Bundan əvvəl Ankarada iki iclasımız keçirilmişdi. İki iclas çox əhəmiyyətli idi. Ancaq 3-cü iclasımız elə bir şəraitdə baş tutdu ki, Güney Azərbaycanda milli hərəkatımız yüksək zirvədə, xalqımız isə ayaqda idi. Biz deputatlarla, Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla, partiya sədrləri ilə görüşdük. Bütün bunlar hərəkatımıza yeni təkan verdi. Təbii ki, bu görüş Prezidentin İranda yaşayan 40 milyonluq türklərin hüquqlarını müdafiəsi zəminində baş tutdu. Bu da görüşlərə xüsusilə rəng qatdı. Hələ də bu səfərin təəssüratından uzaqlaşmamışam. Bakı həmişə bizim qibləgahımız olub. Xüsusilə də ordakı soydaşlarımızı görmək, onlarla görüşməyimiz, qayğılarını, dəstəyini hiss etmək çətin mübarizədə özümüzü tək yox, güclü hiss etmək deməkdir.

 

 





19.12.2022    çap et  çap et