525.Az

"Qadın taleyi" Aytac Sahəd yazır


 

"Qadın taleyi"<b style="color:red"> Aytac Sahəd yazır</b>

"Özbəkistan kinosu günləri" çərçivəsində nümayiş olunan "Qadın taleyi" filminin sorağı ilə "Nizami" kinoteatrına üz tuturam. Məni bura gətirən səbəb təkcə kino həvəsi yox, həm də iki xalqın mədəni fərq və oxşarlıqlarını müşahidə etmək fürsətidir.

Diqqətimi ilk çəkən məqam kinoteatrının foyesində eşitdiyim özbək kəlmələri olur. Dilləri bizim dilə çox bənzəyir. Düzdür, mən yenə də təkbətək söhbət zamanı onların dilini dəqiqliklə anlamaqda çətinlik çəkirdim, ancaq nədən söhbət getdiyini rahatlıqla başa düşürdüm. Diqqətimi çəkən digər bir məqam isə özbəklərin geyim tərzi, taxdıqları aksessuarlar oldu. Məsələn, çox gözəl özbək qızının qulaqlarında nənələrimizdə gördüyümüz sırğalardan vardı (Ümumiyyətlə, geyim xalqın düşüncəsi, yaşam tərzi haqqında çox şey deyir. Bu isə başqa müzakirənin mövzusudur).

Onu deyirdim axı, özbək dilini tərcüməçi olmadan da rahatlıqla başa düşmək olar. Hətta özbək yazıçısı, publisisti və tərcüməçisi Rüstəm Cabbarovun Azərbaycan dilində səlis danışığını eşidəndə xeyli təəccübləndim. Söhbət zamanı Rüstəm bəy qeyd etdi ki, Azərbaycan dilinə olan maraq onda hələ uşaq yaşlarından formalaşıb: "Azərbaycana gələndə özümü qəriblikdə hiss etmirəm. Burda gəzərkən sanki Daşkənddə, Səmərqənddə, Buxarada gəzirəm. Mən uşaqlıqdan Azərbaycan kinosuna, ədəbiyyatına, musiqisinə meyl etmişəm. Yadımdadır, balaca olanda anam "Arşın mal alan"dan mahnılar oxuyurdu".

Növbəti müsahibim "Qadın taleyi" filminin rejissoru Dilmurad Masaidov olur. Filmlə bağlı suallarımı cavablandırarkən qeyd edir ki, real hadisələrə əsaslanan bədii film 2019-cu ildə çəkilib: "Filmin premyerası bu il olub. Bu yaxınlarda Türkiyədə keçirilən Korkut Ata Film Festivalında "Qran-pri" alıb. Ekran işi Suriya və İraqdan alınıb gətirilmiş təxminən 500 nəfər özbək qadınına həsr olunub.

Rejissor onu da vurğuladı ki, ssenari yazan zaman əməliyyat zamanı geri qaytarılan qadınların həyat hekayələri ilə yaxından tanış olub: "Həmin qadınlardan biri ilə söhbətdə məlum oldu ki, o, həmin ərazilərdə olduğu müddətdə 7 dəfə ərə verilib. Ancaq biz filmdə bu hekayədəki bəzi detalları yumşaltmışıq. Bizim filmin qəhrəmanı Sacidə cəmi üç dəfə ərə verilir. O, həyatını danışandan sonra dedi ki, mənim həyatımı ya kino, ya da kitab kimi verə bilərsiniz. Ekran işinin bütün çəkilişləri Özbəkistanda baş tutub. Filmin müddəti bir saat 42 dəqiqədir".

Həmin gün nümayiş olunan digər bir film "Baron 2"dir.  Filmin rejissoru Rüstəm Saqdiyevdir. Onunla söhbət zamanı öyrəndim ki, film narkotrafikdən gələn böyük pulların beynəlxalq terrorun maliyyələşdirilməsinə yönəldilməsindən bəhs edir.

Bu film də diqqətimi çəksə də, həmcinslərimin taleyinin mənə daha doğma olacağını düşünürək "Qadın taleyi" filminin nümayiş olunduğu zala daxil oluram. Film başlayır...

Qadın olmaq kiminə görə gözəldir, kiminə görə də dünyanın yükünü çiyinlərində daşımaq deməkdir. Ələlxüsus da müharibə qadınları. Axı o qadınların ana olmaq haqqı var. Bir ana üçün dünyaya gətirdiyi övladının dünyadan ondan qabaq getməsi çox çətin olmalı.

Filmimizin qəhrəmanı Sacidə də bu dərdin dadını bilənlərdəndir. Fəqət onun tək dərdi də bu deyil.

Film Sacidənin xoş günlərinin təsviri ilə başlayır. O günlər ki orada hələ qan-qada yoxdur. Belə günlərin birində o, işləmək üçün xaricə gedən ərinin və qardaşlarının əslində, Suriyada olduğunu öyrənir. Hər şey də elə bundan sonra başlayır. Qayınanası Sacidəni iki uşağı ilə birgə evdən qovur. O, bir müddət anasının yanında yaşayır, sonra isə bacısının yanına başqa bir şəhərə yollanır. Qəfil gələn zəng onun həyatını tamamilə dəyişir. Telefonun o biri başında olan qardaşı Sacidəyə ərinin öldüyünü deyir və əlavə edir ki, bacısı bir başqa kişi ilə evlənməlidir. O kişinin kimliyi də artıq bəllidir. Qardaşının dediklərinə məcbur razı olan bacı uşaqları ilə birgə onun üçün tapılan "ər"in evinə köçür. Burada bir müddət yaşadıqdan sonra bu ər onun Suriyaya getməli olduğunu deyir. O, bununla artıq itaətkar bacı kimi yox, itaətkar həyat yoldaşı kimi razılaşır. Beləcə, Sacidə Suriyaya yollanır, iki oğul övladı ilə birlikdə. 

Bir neçə il keçdikdən sonra biz Sacidənin böyük oğlunu da silahla görürük. Ancaq çox yox, çünki bir müddət sonra onu da öldürürlər.

Filmin ən dəhşətli səhnələrindən biri Sacidənin bir tərəfdə oğlunun parçalanmış bədənini yığması bir tərəfdə də gəlininin doğumuna kömək etməsidir. Budur, qadının gücü...

Həmin gün tale bu qadından oğlunu alıb, əvəzində bir nəvə verir. Lakin o, nəvəsinin yanında da çox yaşaya bilmir. Çünki özünü bir kişiyə, gəlinini də başqa bir kişiyə ərə verirlər.

Sən demə, burada bir kişinin arvadı olmayan başsız qadınlar ac qalırmış. Bizim qəhrəmanımız da bu taleyi yaşayır. Bayaq demişdim axı, Sacidənin iki oğlu var. Digər oğlu Qəhrəman bu illər ərzində çətin yolları anası ilə birgə gəlir. Ta ki gözlənilmədən başlayan döyüşə qədər. Həmin döyüşdə Qəhrəman daşların altında qalır, anası onu öldü bilib fəryad qoparır. Filmin ən təsirli səhnələrindən biri də məhz bu səhnədir. Niyəsini bilmirəm, ancaq rejissor öldü deyilənin cansız bədənini gizlətməklə tamaşaçıya ümid satır. Bu ümidə sığınaraq filmin sonuna kimi gözüyaşlı Qəhrəmanın sağ olmasını diləyirəm. Bu arada yanımda oturan qadın mənə tez-tez xatırladır ki, bu, sadəcə filmdir. Guya mən bilmirəm ki, bu, sadəcə film, ekrandakılar da sadəcə aktyordur. Məni ağladan hər ağrılı səhnə gördüyümdə xatırladığım "real hadisələrə əsaslanır" sözləridir. Deməli, həqiqətən də hardasa kimsə bu taleni yaşayır, mütləq yaşayır.

Düşünürəm ki, ssenari haqqında bura qədər danışmağım kifayətdir. Spoiler verməyim düz olmaz. Bircə onu bilirəm ki, filmdən çıxandan sonra günlərlə təsirində qaldım. Bəlkə də Sacidənin ağrısını bu qədər dərindən hiss etməyimin əsas səbəbi həmcinsim olmasıdır, bilmirəm. Filmin verdiyi ən gözəl mesajlardan biri qadının ictimai həyatdakı rolu ilə bağlıdır. Kişi Suriyaya özü gedir, ancaq qadını da özü ilə getməyə məcbur edir. Qadın niyə razılaşır? Çünki onun ərinə, qardaşına, oğluna itaət etmək kimi "ali" bir vəzifəsi var. Bu kimi talelərdə bədbəxtliyin təməl daşı bu nöqtədə qoyulur. Filmdə Suriyaya getdiyi üçün peşman olan qadınları, lap elə kişiləri də görürük. Çifayda, çox vaxt bu peşmanlıq fayda vermir, çünki geriyə yol qalmır.

Film istər dramaturji, istərsə də ideya baxımından maraqlıdır. Gərgin döyüş səhnələri olduqca təbii çəkilib, həmçinin, uğurlu aktyor seçimi də öz sözünü  deyir. Filmin qüsurları yoxdurmu? Əlbəttə ki, var. Ancaq bütün qüsurlara rəğmən, bu film üçün özbək qardaşlarımıza alqış düşür...

 

 





19.12.2022    çap et  çap et