525.Az

Kouç kimdir və biz ondan nə öyrənə bilərik?


 

KOUÇ VƏSİLƏ İBADLI ƏLİF: "KOUÇ İNSANA KÖMƏK EDİR Kİ, O, ÖZ POTENSİALININ GİZLİ QALAN TƏRƏFLƏRİNİN DƏ FƏRQİNƏ VARIB, OLDUĞU YERDƏN DAHA DA İRƏLİ GETSİN, XOŞBƏXT VƏ RAHAT HƏYAT YAŞASIN"

Kouç kimdir və biz ondan nə öyrənə bilərik?<b style="color:red"></b>

İnsan öz həyat tərzini müsbətə doğru dəyişmək, öz potensialını üzə çıxarmaq üçün daima axtarışda olur. Həyatında nələrisə dəyişməkdə israrlı olan insan müxtəlif yollar arayır, konkret qərar verməkdə çətinlik çəkəndə isə adətən məsləhət alası kiməsə ehtiyac duyur. Məhz insanların bu ehtiyaclarının ödənilməsi məqsədilə son illər kouçluq deyilən bir fəaliyyət sahəsi formalaşıb.

Bəs "kouçluq" nədir, "kouç" kimdir? Kouç həyatımızda bizim üçün yaxşı mənada böyük dəyişikliklərə səbəb olan yeniliklərin baş verməsində hansı rolu oynaya bilər? Bu suallarla şüuraltı terapiya mütəxəssisi, kouç Vəsilə İbadlı Əlif ilə həmsöhbət olduq.

- Vəsilə xanım, gəlin əvvəldən başlayaq: ümumiyyətlə, kouç kimdir?

- Kouç həyatında nəyisə dəyişmək istəyən hər bir insanın inkişafına köməklik göstərən, onun fərqli mövqeyə gəlməsinə vasitəçilik edən şəxsdir. Bu, ikitərəfli bir münasibətdir. Kouç qarşısındakı şəxsin potensialını maksimum səviyyədə ortaya çıxarıb, onun öz hədəflərinə, arzularına və istəklərinə çatmasına köməklik göstərir. Eyni zamanda, kouç gündəlik həyatında həmin insanı narahat edən məqamların ən optimal şəkildə həllini tapmasına vasitəçilik edir.

- Bu sahənin fərqli qolları varmı və hansılardır?

- Bəli, var. Kouçinq yaşam, karyera, münasibətlər, təhsil, satış kimi müxtəlif qollara bölünür. Kouçluğun əsas istiqamətlərindən biri də yaşam kouçluğudur. Amma bütün kouçluq istiqamətlərinin qarşısında duran məqsəd demək olar ki, eynidir.

- Yaşam kouçu bizə necə kömək edə bilər?

- Dediyim kimi, kouçluğun müxtəlif qolları var və bunlar bir-biri ilə əlaqəlidir. Əsas məqsəd müraciət edən şəxsə müvafiq sahələrdə uğur qazanmasında, dəyişim və inkişafa nail olmasında köməklik göstərməkdir. Bunlar yaşam kouçluğuna da aiddir. Yaşam kouçu insanların iş və karyera həyatında qarşılarına qoyduqları hədəflərə çatmaqlarında, onları narahat edən hiss və həyəcandan xilas olmasında köməklik göstərir. Kouç insana kömək edir ki, o, öz potensialının gizli qalan tərəflərinin də fərqinə varıb, olduğu yerdən daha da irəli getsin, qazandığından daha artıq qazanıb xoşbəxt və rahat həyat yaşasın. Bunlar isə seanslar və danışıqlar nəticəsində olur.

- Hər kəs yaşam kouçu ola bilərmi?

- Bəli, hesab edirəm ki, hər kəs yaşam kouçu ola bilər. Amma bunun üçün tələb olunan bəzi önəmli məqamlar var. Bu məqamlardan birincisi sevgidir, sonra isə səbr və məsuliyyət gəlir. Yəni işini sevən, işinə səbr və təmkinlə yanaşıb hər gün həm özünün, həm də ona müraciət edən insanların inkişafına çalışan hər bir şəxs yaşam kouçu ola bilər. Burada hörmət prisipi də gözlənilməlidir. Öz həyatının hər bir sahəsində qarşılıqlı hörmət prisiplərini gözləyən, buna əməl edən, münasibətlərini hörmət prinsipi üzərində qurbağı bacaran şəxs ona müraciət edən insanlarla da doğru münasibət qura bilər. Və bir də unutmaq olmaz ki, bütün ixtisaslar kimi, bu ixtisası da doğru və dolğun mənimsəmək, mükəmməl təhsil almaq ən əsas şərtlərdən biridir.

- Bəs insan öz həyatının yaşam kouçu ola bilərmi?

- Hər kəs birinci növbədə öz həyatının yaşam kouçu olmalıdır. Mən 4 ildən çoxdur, bu sahədə fəaliyyət göstərirəm və yüzlərlə tələbəm var. Yaşam, yaxud spiritual kouçluq təhsili alan şəxslər çox zaman ilk olaraq bunu özləri üçün edirlər. Onlar yaşamlarını gözəlləşdirmək, daxilindəki potensialı maksimum səviyyədə ortaya çıxarmaq və həyatda öz məqsədlərinə nail olmaq üçün kouçluq təhsili alır, bundan sonra isə ətrafdakı insanlarla münasibətləri qaydasına salmaq üçün bu addımı atırlar. Birinci növbədə özünün kouçu ola bilməyən, özünü anlayıb, analiz edib, optimal qərarlar verməyi bacarmayan şəxslər başqalarına da yardımçı ola bilməzlər.

- Yaşam kouçuna nə zaman müraciət olunmalıdır?

- Maraqlı sualdır. Mən deyərdim ki, hər zaman müraciət olunmalıdır. Şərt deyil ki, həyatında problem, yaxud da narahatlıq doğuran hansısa bir situasiya olsun və sən də onu həll etməyə çalışasan. Başqa vaxtlarda da yaşam kouçuna müraciət edilə bilər. Əgər bir insanı özünün daha fərqli nələr edə biləcəyi, başqa hansı bilik və bacarıqlara sahib olduğu maraqlandırırsa və özü bundan xəbərsizdirsə, o zaman onun kouça ehtiyacı var. Kouç bu suallara cavab tapmaqda və gizlin bacarıqların üzə çıxarılmasında insana vasitəçi olar. Ona görə də insanlar həyatında mütləq bir şeyin baş verməsini gözləmədən, istənilən vaxt kouça müraciət edib, fərqli bir "siz" yarada bilərlər.

- Ümumiyyətlə, bu sahəyə insanlarda maraq varmı?

- Əgər son zamanlar təlim, eləcə də fərdi və ya qrup seansları üçün müraciət edənlərin sayındakı artımı nəzərə alsaq, qətiyyətlə deyə bilərəm ki, bu sahəyə insanlarda maraq var. Hər dövrün öz tələbləri olduğu kimi, son dövrün ən çox tələbat olan sahələrindən biri də kouçluqdur.

- Sizə daha çox hansı yaş qrupuna aid insanlar müraciət edirlər və bu müraciətlər daha çox hansı istəklərlə bağlı olur?

- Bizə bütün yaş qruplarından müraciətlər olur. Amma daha çox 25-40 yaş arasında olan şəxslərlə işləyirik. İstəklər isə fərqli olur. Adətən müraciət edənlər xanımlardır. Onları hansı məsələlər narahat edirsə, biz də həmin məsələlər üzərində işləyirik. Buraya iş, karyera məsələləri, biznes sahəsində uğur və yaxud da uğursuzluq, eyni zamanda, şəxsi və ailə münasibətləri daxildir.

- Siz bu istəklər üzrə seans tələbinin çoxluğunun səbəbini nədə görürsünüz? Niyə insanlar öz problemlərini kouçun köməyi olmadan həll etməyə çətinlik çəkirlər?

- Mən səbəbi maarifləndirmənin doğru aparılmamasında görürəm. Deyək ki, 26-27 yaşında bir şəxs bizə müraciət edir və düşünür ki, olmalı olduğu yerdə deyil, məsələn, deyir ki, biliyi, bacarığı, təhsili və təcrübəsi ilə müqayisədə layiq olduğundan daha az əmək haqqı alır. Seanslar vaxtı araşdırma apardığımız zaman görürük ki, o, birinci növbədə ixtisas seçimi edərkən səhvə yol verib, öz istək və arzularından bir nöqtədə imtina edib, valideyinlərinin istəklərini yerinə yetiməyə çalışıb və ya heç bilməyib ki, kim olmaq istəyir. Bunu bilmədiyinə görə də ətrafdakıların fikirləri əsasında, "burda yaxşı pul var", "bu peşə sənə daha uyğundur" sözlərinə aldanaraq, kortəbii şəkildə seçim edib. İş həyatına başladıqdan sonra isə görüb ki, həmin sahə onun hədəf və arzuları ilə üst-üstə düşmür və orada işləməyə həvəsi yoxdur. Bu, vaxtında düzgün qərar verməməyin nəticəsidir, təhsil müəssisələrində şagird və tələbələr arasında aparılmayan maarifləndirmənin nəticəsidir. Mən xatırlamıram ki, məktəblərdə münasibətlərlə bağlı hansısa bir təlim, bir seminar keçirilsin. Bunun nəticəsidir ki, əksər şəxslərin ümumiyyətlə, doğru münasibətlərin necə qurulması barədə heç bir təsəvvürü yoxdur. O adamlar film və seriallarda gördüyü münasibətləri gerçək sanıb şəxsi həyatındakı münasibətləri də elə qururlar və bir müddət sonra problemlər yaranmağa başlayır. Dolayısı ilə mən hər şeyin kökünün maarifləndirmənin aşağı olmasında görürəm.

- Seanslar necə idarə olunur?

- İstənilən situasiyanın şüuraltı səbəbləri var. Maarifləndirmə, eləcə də uşaq vaxtı yaşadığımız ailə və həyat bizim bu günümüzə çox təsir edir. Bəzən bir çox şeyləri görməzdən gəlirik, deyirik ki, zamanla keçib gedər. Əslində isə zamanla heç nə düzəlmir. Sadəcə o yara ilə, bizi narahat edən hadisələrlə yaşamağı öyrənirik. Bu da bir müddət sonra həyatımızda bir sıra narahatlıqlara gətirib çıxarır. Şüuraltı ağ kağız kimidir, biz dünyaya gəldiyimiz andan etibarən hər şeyi kodlayır və depolayır. 18-20 yaşlardan sonra həmin inanclara əsasən həyatımızda hadisələr baş verməyə başlayır. Mən fəaliyyət göstərdiyim müddətdə müxtəlif terapiya texnikaları və kouçluq sahələri ilə yaxından maraqlanmışam: ThetaHealing, Access Bars, NLP (Neuro Linguistic Programming) və Bilinçaltı simvol dili, Fundamental Kvant düşüncəsi. Eyni zamanda, karyera, yaşam, münasibətlər, meditasiya, nəfəs və spiritual kimi kouçluq növləri üzrə peşəkar təhsil almışam. Buna görə də əminliklə deyə bilirəm ki, uşaq yaşlarımızdan şüuraltımızın kodlaşdırdığı hadisələr illər sonra həyatımızda rezonans doğurmağa başlayır. Fərdi və ya qrup seanslarında olarkən biz birinci növbədə şəxsləri narahat edən situasiyaları dinləyirik, sonra isə hadisələrin şüuraltı səbəblərini araşdırmağa başlayırıq. Seans gedişatında müxtəlif texnika və yanaşmalardan istifadə olunur. Bunların köməyi ilə şüuraltı səbəblər üzə çıxarılır və ən optimal şəkildə onların həllinə kömək etməyə çalışırıq. Sonda isə biz bu günə və gələcəyə nəzərən həll yönümlü vasitələrlə işləməyə başlayırıq.

Sevil SEYMUR

 





19.12.2022    çap et  çap et