525.Az

Bıçaq cərrah əlində can qurtaran, qatil əlində can alandır - İlahə Allahverdiyeva yazır


 

Bıçaq cərrah əlində can qurtaran, qatil əlində can alandır - <b style="color:red"> İlahə Allahverdiyeva yazır</b>

İlahə ALLAHVERDİYEVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

 

Bəşəriyyət yaranandan insan öz dövrünün şərtləri ilə daim mübarizə aparıb. İnformasiya əsri kimi xarakterizə edilən əsrimizin də rahatlıqları ilə yanaşı, çətinlikləri də var. Artıq hər bir iş düyməni basmaq qədər asanlaşıb. Hər bir məlumatı bircə kliklə əldə edə bilirik. Uzaqda olanlar, necə deyərlər, aldığımız nəfəs qədər yaxınımızdadır...

Bir ölkənin təhlükəsizliyinə təsir göstərəcək məlumatlar kompüterlərdə gizləndiyi halda, eyni kompüter bir-iki yaşlı körpə üçün oyuncaq da ola bilir. Artıq sosial şəbəkədəki tviter və feysbuk səhifələrimizdə ağlımıza gələni yazmaqla yazıçı, qarşımıza çıxanı tənqid etməklə tənqidçi, canlı videolar paylaşmaqla rejissor, mahnı oxumaqla pop ulduzu oluruq. İnstaqramda paylaşdığımız fotolarımızla modelləri geridə qoyur, votsapda menecerlik edirik.

Bu gün sosial media bəzilərimiz üçün dünyada olub bitənlərdən xəbərdar olmaq üçün xəbər saytlarında bir gəzinti olarkən kimlərəsə həyatının ayrılmaz hissəsidir. Kiminin vaxt keçirmək, kiminin ürək ağrısı, kimisinin də həyat yoldaşı tapmaq, ev qurmaq eşqi virtual aləmə qoşulmağa şərait yaradır. Bir sözlə, sosial media həyatımızda mühüm yer tutur və hətta asılılıq yaradır. Asılılıq deyəndə ağıla zərərli maddələr gəlsə də, internet və oyun asılılığı indi narkotik istifadəsi qədər insanlara zərər verir.

İnternetdə keçirdiyimiz vaxt geri qayıtmır, uşaqlarımızın, gənclərimizin ən məhsuldar illəri virtual oyunlarla boşa gedir, evlər dağılır, insanlar aldadılır. Çoxlu yalan-yanlış, faydalı-faydasız məlumatlar, görüntülər zehnimizi məşğul edir. Bütün bunlar psixi sağlamlığımıza mənfi təsir göstərir. Bəs ilahi-nəzərgah olan qəlbimiz necə olur? Sufi biliciləri qəlbi hovuza bənzədirlər. Hiss orqanlarımızdan gələn mesajlar bu hovuza axan çaylar kimi onu doldurur. Biz faydasız və lazımsız işlərlə nə qədər məşğul olsaq, qəlb hovuzumuz bir o qədər bulanır. Zaman keçdikcə könül məskəni olan qəlb qaralır, bərkiyir. Nəticədə sosial mediada paylaşımlarımız artsa da, real həyatda bir parça çörəyi, yaxud da problemi paylaşa bilməməyə başlayırıq.

Gəlin ən çox istifadə etdiyimiz sosial şəbəkə olan feysbukda birlikdə virtual səyahətə çıxaq.

Səhifəmizə daxil oluruq, qarşımıza bildirişlər axmağa başlayır. Dostunuz toya gedib, necə oynayır, bir yandan da canlı yayımda olan arvadına əl yelləyib poza verir, biz isə az qala, musiqinin sədası ilə oynamaq istəyirik. Sonra bir şəhidin görüntüləri çıxır qarşımıza, atasız qalan uşağın fəryadı, bir ananın göz yaşları, al qırmızı bayrağa bükülmüş aslan çiyinlərdə daşınır. Ürək bu mənzərəyə dözərmi? Bir müddət belə qalırıq. Ardınca qohumlarınızdan birinin paylaşdığı görüntüdən bütün sülalənin bir yerə toplanaraq gəzintiyə çıxdıqlarını görürük. Bax hələ! Daha dünən telefonla danışdım, məni dəvət etmədi, bu həyatda heç nəyin xeyri yoxdur - deyərək ürəyimizdən keçiririk, qəlbimiz qırılır. Sonra başqa bir ölkədə aclıq və epidemiyadan əziyyət çəkən insanların görüntüsü çıxır qarşımıza. Müharibə gedən ölkələrdə xarabalıqlar arasında qalmış yetimin yanağında palçıqlanan göz yaşlarında insanlığımız çirklənir. Gözümüzdə yaş, boğazımızda bir düyün oturur, ah çəkib virtual turumuza davam edirik. Budur, qapı qonşumuz min bir fərqli təamla möhtəşəm süfrə qurub fəxrlə paylaşır. Bir an aclıqdan skeletə dönmüş bədəni ilə bir küncə qıvrılmış uşağın fotosu ağlımıza gəlır. Daha bir paylaşım gəlir: "Bilmirəm neçə ilə kreditlə ev ala bilərsən". Başqa bir səhifədə çox hörmətli bir alimin sözləri ürəyinizi yumşaldarkən, "mən də o mühitdə ola bilsəydim, nə gözəl söhbət edir" deyirsən. Bir paylaşım daha! Bir qadın çimərlik paltarının reklamında qumun içərisinə sürüşdü. Həccə gedən biri təvaf görüntülərini paylaşıb. Qəzəblənən ər arvadına şillə vurdu. Səkkiz yaşlı uşaq bıçaqlandı...

Bəli, gəlin sosial mediadakı kiçik turumuzu bitirək və bu barədə düşünək. İndi bunlar çaşqınlıq, baş qarışıqlığı deyilsə, bəs nədir? Ürəyinizi şorbaya çevirən bu əhval-ruhiyyə sizi həqiqətən bezdirir və bir müddət sonra ürəyinizi bulandırır. Bundan da pisi odur ki, bütün bu olanlara zamanla elə alışırıq ki, reaksiya vermirik və filmə baxan kimi ekrana boş-boş baxırıq. Biz zamanla duyarsızlaşırıq... Unutmayaq ki, bıçaq cərrahın əlində can qurtaran, qatilin əlində can alan, həyata yeni başlayan yeniyetmənin əlində isə yaralayıcı bir vasitədir. Biz ixtiyarımızda olan internetdən faydalı işlər üçün istifadə etməli, insanlığımızı itirmədən qəlbimizi qaraldıb qatılaşdırmadan düzgün istifadənin yolunu axtarmalıyıq.

 

 





19.12.2022    çap et  çap et