525.Az

Yetmiş illik zaman kəsiyində Sumqayıtın səlnaməsini yazan qəzet


 

Yetmiş illik zaman kəsiyində Sumqayıtın səlnaməsini yazan qəzet<b style="color:red"></b>

Sübhan QULİYEV, 
«Sumqayıt» qəzetinin baş pedaktoru

“Sumqayıt” qəzeti şərəfli yol keçib və bütün zamanlarda qarşısına qoyduğu missiyanın öhdəsindən layiqincə gəlməyə çalışıb, şəhərin salnaməsini yazıb.

Hər dəfə saralmış qəzet səhifələrini vərəqləyəndə sanki həmin illərin ab-havasına qovuşur, gözlərimiz önündə canlanan mənzərəni bu günlə müqayisə edib qürur hissi keçirirsən. Şəhərin salnaməsini yazan qəzetimiz isə tarixi zərurətdən yaranmışdır desək, yanılmarıq. «Sosialist Sumqayıtı»nın ilk redaktoru Məmmədyar Ağayev 12 oktyabr 1957-ci ildə çap olunmuş «Qəzetin ilk nömrəsini necə buraxdıq?» sərlövhəli məqaləsində bu barədə ətraflı məlumat verilir. Uzun fasilədən sonra, 1952-ci il oktyabrın 5-də partiyanın növbəti XIX qurultayı çağrıldı. Qurultay Böyük Vətən müharibəsi dövründə və müharibədən sonrakı dinc quruculuq illərində sovet xalqının əldə etdiyi tarixi qələbələrə yekun vurdu, ölkədə xalq təsərrüfatını inkişaf etdirmək üçün geniş proqram verdi.

Qurultayın qəbul etdiyi beşinci beşillik plan haqqında gənc sənaye şəhəri olan Sumqayıtın da gələcək inkişaf perspektivləri müəyyən edilmişdi. Bu zaman Sumqayıtda nəhəng quruculuq işləri aparılırdı. Boru prokatı, sintetik kauçuk və alüminium zavodlarında yeni-yeni sexlərin və korpusların əzəmətli binaları yüksəlir, indiki nəhəng müəssisələrin əsası qoyulurdu. Şəhərin təsərrüfat və mədəni quruculuq işlərinin qızğın bir dövründə "Sosialist Sumqayıtı" qəzetinin buraxılması qərara alındı. Qəzetin qarşısında olduqca mühüm vəzifələr dururdu. "Sosialist Sumqayıtı" qəzeti qurultayın qarşıya qoyduğu əzəmətli vəzifələri oxuculara izah etməli, beşinci beşillik planı vaxtından əvvəl artıqlamasilə yerinə yetirmək üçün zəhmətkeşlərin qüvvəsini səfərbərliyə almalı idi.Az müddət ərzində şəhərin 18-ci məhəlləsindəki 18 nömrəli barakda redaksiya və mətbəə təşkil olundu. Lakin burada işləmək son dərəcə çətin idi. Redaksiyamızda cəmi 5 nəfər yaradıcı işçi vardı. Mətbəədə kifayət qədər ixtisaslı kadrlar yox idi. Linotip və çap maşınları işləmirdi, lazımi avadanlıq çatışmırdı. Bütün bu çətinliklərə baxmayaraq biz, partiyamızın XIX qurultayının açılışından bir neçə gün sonra, 1952-ci il oktyabrın 13-də "Sosialist Sumqayıtı" qəzetinin birinci nömrəsini buraxmağa müvəffəq olduq. Bu, gənc sənaye şəhərimizin bulaq kimi qaynar həyatında mühüm bir hadisə idi.Məqalədə həmçinin qəzetin ilk nömrəsinin sumqayıtlılar tərəfindən sevinclə qarşılandığı da öz əksini tapmışdır. Tezliklə qəzet ətrafında fəal müxbirlər toplandı. Beləliklə “Sosialist  Sumqayıtı” uzun illər Azərbaycan KP Sumqayıt şəhər Partiya Komitəsinin və şəhər xalq deputatları sovetinin orqanı kimi fəaliyyət göstərmişdir. 1990-cı ilin axırlarında oxuculara «Sumqayıt» kimi təqdim olunan qəzetimiz şəhər icra hakimiyyətinin təsisçiliyi ilə bu şərəfli missiyanı davam etdirir. 

Ayrı-ayrı vaxtlarda kollektivinə layiqli ziyalılarımız  - Məmmədyar Ağayev, Əlisafa Məmmədov, Hüseyn Mehrəliyev, Əyyub Məmmədov, Həsən Hüseynov, Zərifə Təhməzova, Fikrət Arixov, Kamran Hacıyev, Qüdrət Məlikov rəhbərlik etmişdir. Onların təşkilatçılığı sayəsində qəzet öz dəst-xətti ilə böyük nüfuz qazanmış, sayılıb seçilmişdir. "Sumqayıt"ın hər bir uğuru, ilk növbədə, jurnalistlərin əməyi ilə bağlıdır. Qəzetin ağırlığını çiyinlərində daşıyan Seyfulla Cəfərov, Hafiz Baxış, Şakir Abdullayev, Zakir Axundov, Cəlil Rəfiyev, Çingiz Süleymanzadə, Xasay Cahangirov, Tofiq Məmmədov, Sevil Bayramova, İldırım Qasımlı, Feyzi Mustafayev, Mikayıl Məmmədov, Ramiz Tapdıqov, Oktay Cəfərov, Məqsəd Quliyev daim anılırlar.

Qəzetin şinelindən çıxmış Zümrüd Baloğlanova, Eyruz Məmmədov, Əli Nəcəfxanlı və başqaları bu gün də özlərini kollektivdən ayrı hiss etmirlər. 
Ulu öndər Heydər Əliyevin arzularının gerçəkləşdiyi Sumqayıt şəhəri böyük insanın titanik fəaliyyəti nəticəsində gündən-günə böyümüş, inkişaf etmişdir. Şəhərimiz tikildikcə, qurulduqca "Sumqayıt" qəzeti də fəaliyyətini genişləndirmişdir. Jurnalistlərimiz ən qaynar sahələrdə əlində qələm qeydlər aparmış, onu müxtəlif janrlı yazıya çevirərək oxucuya təqdim etmişlər. İşdən, zəhmətdən yorulmayan insanlar haqqında oçerklər, zarisovkalar, eyni zamanda hər cür çirkin əməllərə qurşananlar haqqında felyetonlar dərc olunmuşdur. Bir sözlə, şəhərin ictimai-mədəni həyatında baş verən ən yeni xəbərlər operativ və dolğun şəkildə oxuculara çatdırılmışdır.Sumqayıtda ziyalılar ordusunun yetişməsində, burada istedadlı ədəbi mühitin formalaşmasında, özünün layiqli əməyi ilə şan-şöhrət tapan insanların tanıtdırılmasında da qəzet əvəzedilməz rol oynamışdır.

Bakı standartlarına uyğun qurulan və inkişaf edən bu şəhərin çoxşaxəli sənaye həyatı, elm, təhsil, mədəniyyət, səhiyyə təşkilatları, mənzil-kommunal təsərrüfatı və xidmət sahələri, asayiş keşikçiləri və s. barədə qələmə alınan materiallara bu qəzetin səhifələrində müntəzəm olaraq rast gələ bilərsiniz.Qəzet dövlətçiliyi və dövlət siyasətini dəstəkləyir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinə daim sədaqətlidir. Azərbaycana rəhbərlik etdiyi 34 ildə 16 dəfə Sumqayıta gələn dahi rəhbərimizin hər səfəri qəzetdə özünün geniş əksini tapmışdır.

Prezident  İlham Əliyev də Sumqayıtdan, sumqayıtlılardan diqqət və qayğısını əsirgəməmişdir. Dövlət başçısının şəhərimizə səfərlərinin sayı otuzu ötmüşdür. Səfərlər zamanı neçə-neçə sosial-mədəni obyektin, istehsal müəssisələrinin açılışı olmuş, təməlqoyma mərasimləri keçirilmişdir.
Qürur hissi ilə deyə bilərik ki, son yeddi ildə şəhərimiz özünün intibah dövrünü yaşayır. Möhtəşəm tikililər ucaldılmış, cənab Prezidentin möcüzə adlandırdığı Sumqayıt Bulvarı yaradılmışdır. 

Bütün bunlar, eyni zamanda şəhərdə aparılan quruculuq işləri «Sumqayıt»ın səhifələrində geniş işıqlandırılmışdır.Gənclik və həmrəylik şəhəri olan Sumqayıtın xarici ölkələrlə dostluq və partnyorluq əlaqələri ildən ilə genişlənir və möhkəmlənir. Almaniyanın Lüdviqshafen, Ukraynanın Çerkassı, Rumıniyanın Piteşti, İtaliyanın Bari və Genuya, Türkiyənin Ceyhan, Çinin Çyu-Cou, Gürcüstanın Rustavi, Polşanın Bolestok, Avstriyanın Lins, Belarusun Mogilyov, Qazaxıstanın Aktau, Rusiya Federasiyasının Nevinnomıssk və digər şəhərlərlə qarşılıqlı əlaqələrimiz barədə nəyi bilmək istəyirsinizsə "Sumqayıt"ı vərəqləmək kifayətdir.

1988-ci ildə erməni ekstremistlərinin baş qaldırdıqları ilk gündən «Sumqayıt» mübarizənin ön sıralarında olub, müqəddəs torpaqlarımızı ilhaq etmək niyyətindən heç vaxt əl çəkməyən yağı düşmənlərimiz-bədxah, nankor qonşularımız tərəfindən Sumqayıtda törədilən ixtişaşlar barədə ilk obyektiv materiallar doğma qəzetimizdə işıq üzü görüb. 

Azərbaycan mediasının bir qolu olan «Sumqayıt» qəzeti Qarabağ müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıb. Hələ Birinci Qarabağ savaşıda vaxtlarında əməkdaşlarımız cəbhə bölgələrinə ezam olunmuş, Tovuzun, Qazaxın, Gədəbəyin Ermənistanla həmsərhəd bölgələrindən yazılar hazırlamışlar.   
Qəzetdə Zəfər yazıları ilə yanaşı, həmçinin, bu qələbəni bizə yaşadan, ömürlərinin ən gözəl çağını torpaqlarımızın azadlığı, övladlarımızın bugünü və gələcəyi uğrunda qurban verən şəhidlərimiz, qəhrəman oğullarımız haqqında silsilə yazılar da dərc olunub və bu gün də onların tanınması, adlarının yaşaması üçün "Sumqayıt" öz səhifələrində xüsusi yer ayırır. 

Respublikamızda mətbuata və mətbuat işçilərinə daim qayğı göstərilir, onların yaradıcı əməyi yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə keçirilən görüşdə dediyi kimi: 

“Biz fəxr edə bilərik ki, Milli Mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”. Jurnalistlər üçün bundan böyük dəyər ola bilməz. Bütün bu qayğı və etimada əməli işi ilə cavab vermək isə hər bir jurnalistin şərəf borcudur.

 “Sumqayıt”ın amalı, əqidəsi daim Azərbaycançılıq, milli dövlətçiliyin möhkəmləndirilməsi, vətənpərvərlik, Vətənə, torpağa sədaqəti təbliğ etmək olub. Əlbəttə, müasir dövrdə mətbuatın qarşısında daha məsul vəzifələr durur. Oxucunu məlumatlandırmaq və maarifləndirmək, 
vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə təbliğ etmək, milli-mənəvi dəyərlərə sahib çıxmaq, dövlətçiliyimizin hər an sadiq və müsəlləh əsgəri olmağı bacarmaq, xain sözə, məsuliyyətsiz şəkildə təhrif olunan fikirlərə sanballı cavab vermək, ana dilimizin saflığına hörmət, dövlət atributlarına sədaqət həmin mənəvi öhdəliklərimizdəndir. "Sumqayıt” bütün bu saydıqlarımız dəyərləri özünün varlıq məramı hesab edir. Bunu yəqin ki, dəyərli oxucularımız da təsdiqləyər.Milli maarifçilik amalına xidmət edən, inkişaf və tərəqqiyə işıq salan qəzetimiz dəyişməz ideya-siyasi xəttini davam etdirməklə bərabər, şəhərin tarixini yazır, onun  salnaməsini  genişləndirərək gələcək nəsillərə çatdırır.

Bu gün Sumqayıt təkcə iqtisadi uğurları, gözəl ab-havası ilə deyil, müasir və operativ kütləvi informasiya vasitələri ilə seçilir. Bir neçə sayt fəaliyyət göstərir. Doğma şəhərimizin adını şərəflə, ləyaqətlə daşıyan "Sumqayıt" qəzetinə də dəstək verilir, qayğı göstərilir. 

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qəzetimizin 70 illik yubileyinin qeyd edilməsi barədə Sərəncamı redaksiyanın kollektivi, yaradıcı insanlar və çoxsaylı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar olaraq sənaye, elm, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində redaksiya əməkdaşları ilə görüşlərin təşkilinə başlanmışdır. "Qəzet vaxtilə nədən yazırdı?" rubrikası altında ötən illərin ən mühüm hadisələrini əks etdirən maraqlı yazılar isə yaddaşımızı təzələyir.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın mətbuat tarixinə 70 illik təcrübəsi ilə töhfə verən "Sumqayıt” qəzeti şəhərdə ictimai fikri düzgün formalaşdırmaq və ifadə etmək funksiyasını uzun illərdir ki, uğurla həyata keçirir. Qəzet milli mətbuatımızın zəngin ənənələrinə, mənəvi, əxlaqi prinsiplərinə sadiq qalaraq Sumqayıt şəhərinin həyatında baş verən hadisələri, dövlət və qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini geniş və operativ işıqlandırır, səmərəli fəaliyyət göstərir.«Sumqayıt» bütün bunların öhdəsindən şərəflə, qətiyyətlə, məsuliyyətlə gəlib və bu missiyasına daim sadiq qalacaqdır. 

 





19.12.2022    çap et  çap et