Məlum olduğu kimi, “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edilib. Beləliklə Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazası daha da gücləndirildi.
Millət vəkili Ceyhun Məmmədov 525.az-a açıqlamasında deyib ki, Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
"Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilib. Dünyada cərəyan edən proseslər, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını labud edirdi. Qeyd olunanlar nəzərə alınaraq, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər.
Beləliklə qanun layihəsinin hazırlanması prosesinə demokratik və şəffaf şəkildə başlanıldı. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi. Oktyabrın 24-də isə Milli Məclisdə Partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş dinləmə keçirildi, bir sıra irad və tənqidlər bildirildi.
Onu da qeyd etmək lazımdır ki, keçirilən bütün ictimai dinləmə və müzakirələr Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi. Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı əldə etdi. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı".
Millət vəkili qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi, irad və təkliflərin nəzərə alınması çox müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür:
"Qeyd edim ki, sənədin yenilənməsi zamanı layihədə çox ciddi dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib.
Proseslərin təhlili göstərir ki, bizi qarşıda yeni çağırışlar gözləyir. Bu prosesə biz dövlətçiliyimizin daha da güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə indidən hazır olmalıyıq.
Yeni Qanun layihəsi cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək".
Sevinc Qarayeva
çap et