Bu yaxınlarda Gürcüstanın "Universal" nəşriyyatında AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, BDU-nun professoru Cəbrayıl Azadəliyevın "Dağlıq Qarabağın geologiyası və faydalı qazıntılar" monoqrafiyası gürcü dilində kitab şəklində çap edilib.
Monoqarafiyada mürəkkəb geoloji quruluşa və zəngin yeraltı sərvətlərə malik Dağlıq Qarabağın strukturasında geoloji-tektonik mövqeyi, struktur-formasioan zonalar üzrə antiklinorilərin, sinklinorilərin, köndələn çökəklərin, qalxıntıların quruluşu tədqiq olunub. Kitabda Azərbaycan Respublikası ərazisində (Naxçıvan Respublikası istisna olunmaqla) yerləşən faydalı qazıntı yataqları, onların geologiyası, genezisi, eləcə də faydalı qazıntı kütləsinin ehtiyatı haqqında məlumatlar da öz əksini tapıb.
C.Azadəliyevin uzun illər ərzində apardığı kompleks tədqiqatlar Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. O, 1971-1990-cı illərdə Naxçıvan MR ərazisində Azərbaycan MEA Geologiya İnstitutunun xətti ilə genişmiqyaslı elmi-tədqiqat işləri apararaq, müxtəlif genetik tiplərə mənsub filiz faydalı qazıntı yataqlarını və onların tipomorf əlamətlərini öyrənib, birbaşa axtarış kriterilərini işləyib hazırlayıb, regionunun müxtəlif sahələrinin faydalı qazıntılar üzrə perspektivli olmasını müəyyənləşdirib. Naxçıvan MR ərazisində aparılmış kompleks tədqiqatların nəticələri müəllifin 60-dan çox elmi əsərində və "Naxçıvan MR-nn endogen yataqlarında metasomatoz və filizləşmə məsələləri" (rus dilində) adlı monoqrafiyasında çap olunub.
Qeyd edək ki, C.Azadəliyev 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, dərsliklərin, dərs vəsaitlərinin, eləcə də bakalavriantlar və magistrantlar üçün tədris proqramlarının müəllifidir. O həmçinin 25 elmi hesabatın, o cümlədən, 10 təsərrüfat müqaviləli işin elmi rəhbəri və məsul icraçısı olub.
çap et