525.Az

"Güney azərbaycanlılar Turan birliyinin bir parçasıdır"


 

ƏLİRZA ABDULLAHİ: "50 MİLYONLUQ BÜTÖV, GÜCLÜ AZƏRBAYCAN QURULACAQ"

"Güney azərbaycanlılar Turan birliyinin bir parçasıdır"<b style="color:red"></b>

ABŞ-ın Florida ştatında yaşayan Güney azərbaycanlı fəal Əlirza Abdullahi "525"ə müsahibə verib.

 

- Əlirza bəy, hazırda İranda proseslər necə cərəyan edir?

- Bilirsiniz ki, üç aydan çoxdur ki, İran adlanan ölkədə etirazlar başlayıb. İranın əxlaq polisinin baş örtüyünə görə Məsa Əminini öldürməsinə etiraz olaraq başlayan aksiya daha sonra bütün ölkə ərazisini bürüdü. Görünən odur ki, etirazlar etiraz səviyyəsindən çıxıb və inqilabi proses başlayıb. Yəni artıq insanlar bir məsələyə etiraz etmək üçün küçələrə çıxmayıb. Onlar sosial-iqtisadi, mədəni, etnik, dil-məzhəb, ailə məsələləri, işsizlik, illərdir üzləşdikləri zülmlərə etiraz edirlər. Onun da fərqindədirlər ki, bu rejim mövcud problemlərin heç birini həll etməyəcək. Çünki ötən 44 ildə xalqın xeyrinə hər hansı addım atmayıb. İnsanlar bu nəticəyə gəlib ki, çıxış yolu rejimin devrilməsidir. Etirazçılar rejimin küçələrdə insanları qəddarcasına öldürdüyünü, həbs etdiyini, işgəncələr verdiyini görürlər, amma qorxmurlar. İran adlanan ölkənin vətəndaşları, fərq etməz ərəb, bəluc, lur, fars, türk, kürd olsun, hərəsi öz istək və tələblərini irəli sürüb və dünyanın bir çox ölkəsində də onlara dəstək aksiyası keçirilir. Hər kəs əmindir ki, rejim artıq getməlidir.

- Özünü İslam Respublikası adlandıran İranda İslam adına nə var?

- Qacar dövləti yıxıldıqdan sonra xarici qüvvələrin əli ilə hakimiyyətə gətirilən Pəhləvi sülaləsi və daha sonra İran İslam Respublikası adı altında Xomeyninin başçılığı ilə ortaya çıxan hakimiyyət əslində farsçılıq ideologiyasına xidmət edən bir sistemdir. Yəni bu, xarici istismarçı güclər tərəfindən türk düşmənçiliyi əsasında qurulub. Türkiyədə bunu edə bilmədilər. Atatürk və onun tərəfdarları buna imkan vermədi. Təəssüf ki, bizim Atatürkümüz olmadı və Qacar imperiyası devrildikdən sonra o torpaqlardakı minillik hakimiyyətimizi itirdik. İranda islam adı, islam çətiri altında farsçılıq əsasında qurulan və faşist ideologiyasına xidmət edən hazırkı hakimiyyət indi işini davam etdirə bilmir. Özlərini şiə dünyasının başçısı hesab etsələr də, bunların dinə, məzhəbə, islama heç bir aidiyyəti yoxdur. Çünki islamda yalan, oğurluq, zülm, əzab deyə bir şey yoxdur, amma bunun hamısını edirlər. Necə bir islam hakimiyyətdir ki, öz vətəndaşının malını oğurlayır, şəxsi mənafeyi üçün insanları öldürür, işgəncə verir. Adı İslam dövlətidir, əməldə farsçı, fars ideologiyasına söykənən bir hakimiyyətdir. Bununla bərabər bölgədə türk düşmənçiliyi həyata keçirirlər və türk birliyinə qarşı çıxırlar.

- Azərbaycanın Qarabağ zəfərindən sonra İran ölkəmizə qarşı açıq təhdidlərə və təxribatlara keçdi. Sizcə, rejim nəyə güvənərək Azərbaycana güc nümayiş etdirə biləcəyini zənn etdi?

- İran rejimi Qarabağ zəfərindən sonra Quzey Azərbaycana qarşı təhdid və təxribata başlamayıb. Quzey Azərbaycanın müstəqilliyindən bunu görürük. Yəni 90-cı illərdən bu yana İran hakimiyyəti yaxşı anlayıb ki, Quzey Azərbaycan müstəqil olduqda bunun təsiri Güney Azərbaycana da keçəcək. Onların bir sıra gizli görüşlərindən sızan məlumatlara görə, Güney Azərbaycan torpaqlarına artıq sərmayə qoyulmasını qadağan ediblər. Çünki bilirlər ki, gec-tez Güney Azərbaycan İrandan ayrılıb müstəqil olacaq. Bunu o zamankı xarici işlər naziri, hazırda Ali Rəhbərin müşaviri olan Əli Əkbər Vilayəti yayılmış bir səs yazısında deyib. Açıq deyilir ki, artıq Güney Azərbaycana sərmayə qoyulmamalıdır. Güneyin müstəqil olması gerçəklikdir. Güneyli soydaşlarımızın bütün hüquqları pozulub. Onların KİV-i, o cümlədən, televiziyası, ana dilində təhsil almaq hüququ, dərslikləri yoxdur. İnsanların milli kökəninə baxmayaraq onlara bu hüquq verilməyib. Farslardan və ermənilərdən başqa digərlərinə - ərəblərə, bəluc, kürdlər, türklərə də eyni yanaşma var. İranda sayı 100 min olmayan ermənilərin ibtidai təhsildən universitet səviyyəsinədək ana dilində təhsil almaq hüququ var. Amma 40 milyon türkün ana dilində təhsil almaq hüququ, bir dərsliyi belə yoxdur. Daxildə öz vətəndaşına heç nə vermir, amma Quzey Azərbaycanda Səhər TV  adlı kanalla Azərbaycan türkcəsində əleyhimizə verlişlər hazırlayırlar. Quzey Azərbaycanda yaşayan dini inanclara sahib olan insanları aldadıb təhsil adı altında İrana gətirir, Məşhəddə, Qumda, başqa dini mərkəzlərdə guya onlara dini biliklər verirlər, amma əslində Quzey Azərbaycana qarşı casus, dövlət əleyhinə insanlar yetişdirirlər. Necə olur, Türkiyəyə gedən tələbələr orda yaxşı təhsil alırlar, İranda isə təhsil adı altında dini mərkəzlərdə fars şiəçiliyi və irançı təfəkkürlə beyinlərini yuyurlar, onları Quzey Azərbaycan dövlətinə, millətinə və hakimiyyətinə qarşı hazırlayırlar.

- Güney Azərbaycanın gələcəyi ilə bağlı nə düşünürsünüz? Müstəqillik, yaxud bütöv Azərbaycan ideyasını gerçəkləşdirmək mümkün olacaq?

- Artıq insanlar bütün ümidlərini üzüb. Çox yaxşı başa düşürlər ki, rejim onlara gələcək bəxş edə bilməz. İnsanlar öz haqlarını, demokratiya, liberalizm, yəni dünyada gedən proseslərlə yaxından tanışdırlar. Artıq Güney Azərbaycan milləti illər əvvəl Quzey Azərbaycanda başlamış istiqlaliyyətdən sonra daha çox öz milli varlığını anlayıblar. Buna baxmayaraq Pəhləvi zamanından millətimizə qarşı assimilyasiya siyasəti həyata keçirilib. Millətimizi əritmək, yox etmək istəyiblər, amma Quzeydə gedən proseslər bu assimilyasiyanı çökdürdü. İnsanlarımız çox gözəl anlayırdı ki, Vətənimizin bir parçası da Quzeydədir. Bu oyanış, məlumatlanma ona gətirib çıxardı ki, türk insanı özünü türk dünyasına aid bildi. Yoxsa fars, yaxud başqa etniklərlə bizim mədəni, dil, tarix, keçmiş baxımdan heç bir ortaq nöqtəmiz yoxdur. Bizim ortaq nöqtəmiz türk dünyası, xüsusilə də Azərbaycanla birdir. Gələcəyimiz də bir olmalıdır. Quzeydə millətləşmə və dövlətləşmə prosesi tamamlanıb. Güneydə millətləşmə prosesi bitib və dövlətləşmə prosesinin başlanmasına doğru gedilir. İnanıram ki, Güney Azərbaycanın istiqlaliyyətdən sonra bütövləşmə prosesi də başlayacaq. Arazın o tayı bu tayı deməyə gərək qalmayacaq. 50 milyonluq bütöv, güclü Azərbaycan qurulacaq.

- Rejim Güney Azərbaycanda mübarizənin önündə gedənləri həbs edir, onlara ağır işgəncə verir, öldürür. Belə olan halda Güneydə milli azadlıq hərəkatı başlasa, lider olaraq kimlər önə çıxa bilər?

- Bu oyanışı, müqaviməti, dirənişi görən rejim bizim milli fəallarımıza hər zaman təzyiq edir, həbsə salır, öldürür. Biz böyük bir hərəkata başlamışıq, bunun üçün bir-iki deyil, bəlkə də fərqli sahələrdə yüzlərlə lider lazımdır. Əvvəlki inqilablar kimi bu, bir liderli hərəkat ola bilməz və insanlarımız fərqli sahələrdə önə çıxır. Millətimiz fərqinə varır ki, fərqli düşüncə, yolla bərabər, bu hərəkatın ələ alınması lazımdır. Hərəkat üçün fərqli təşkilatlara ehtiyac var ki, qəddar rejimin önündə dayana və hədəfə çata bilsin. İnsanlarımızın həbsinə, işgəncə görməsinə baxmayaraq yeni liderlərimiz ortaya çıxacaq. Rejim bir liderin öldürülməsi, həbsi ilə hərəkatı yatırda bilməyəcək. Bütün qəddar əməllərinə baxmayaraq hərəkat yolunu davam etdirir.

- Azərbaycan Prezidentinin güneyli soydaşlarımızın müdafiəsi ilə bağlı bəyanatları oldu. Bu barədə mövqeyinizi bilmək istərdim.

- İkinci Qarabağ müharibəsindən sonra bütün dünyada yaşayan azərbaycanlılara mənəvi güc, ruh gəldi. Azərbaycanın torpaqlarını geri alması inanılmaz idi və Güney azərbaycanlılara elə böyük ruh verdi ki, artıq gələcəyə fərqli baxmağa başladıq. Son aylarda Prezident İlham Əliyevin Güney Azərbaycandakı 40 milyonluq soydaşımızın milli-mədəni haqları, onların müdafiəsi barədə bəyanatları bizə əlavə gec verdi. İranda inqilab ərəfəsində insanlar "Xamneiyə ölüm" şüarı səsləndirirlər. Eyni zamanda, Təbrizdə və digər şəhərlərdə İlham Əliyevin fotolarını asırlar. Yəni qəddar rejimin başçısına ölüm istəyirlər, öz canından, qanından, dilindən olan bir dövlətin liderinə isə inam ifadə edirlər. Qəddar rejimi və onun  rəhbərini deyil, Azərbaycan Prezidentini istəyirlər. İnsanlarımız anlayırlar ki, sahibsiz deyillər. Eyni zamanda bu, müstəqillikdən sonra bizi gözləyəcək çətin mərhələdə hazır dövlətin olması və bizə istiqamət verməsi deməkdir. Türkiyəmiz də var. Əminik ki, Quzey Azərbaycan və Türkiyənin iş birliyi, eləcə də Turan birliyinin qurulması türk dünyasını daha güclü edəcək. Turan birliyi təşəbbüsü prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana məxsusdur. Biz Güney azərbaycanlılar da özümüzü Turan birliyinin bir parçası olaraq görürük. Zəngəzur dəhlizi gündəmdədir, İran bundan çox narahatdır. Çünki bu, türk dünyasın birləşdirəcək. Turan birliyinin qurulmasında Güney Azərbaycan mühüm rol oynayır. Həmçinin, dəhlizin təhlükəsizliyi məsələsində. İran Güney Azərbaycanı türk dünyasından ayırsın deyə Güney Azərbaycanın, Türkiyənin sərhəd bölgələrinə terrorçuları, kürd qruplarını yerləşdirir. Amma bilmir ki, türk əsgəri gəldikdə nəinki terror qrupları və onlara rəhbərlik edənləri, Tehranda oturan fars rejimini belə yerlə bir edər.

- Yeri gəlmişkən, Güney Azərbaycan Keçici Milli Məclisi qurulur. Bu Məclisin hədəfləri nədir? 

- Məclisin Təşkilat Komitəsi yaradılıb. İki aydır ki, bu işlər başlayıb. Türkiyədə və Azərbaycanda iclasları keçirilib. Yaxın gələcəkdə Milli Məclis qurulacaq. Güney Azərbaycanın müstəqilliyinə hədəflənmiş insanlar bir araya gəlib və Güney Azərbaycanın müstəqilliyini elan etmək niyyətindədirlər. Mənə də dəvət gəlib və seçki günü qatılacam. Əlimizdən gəldiyi qədər yardım edəcəyik. Amma əsas və ümdə təfəkkür istiqlaliyyət təfəkkürüdür. Yəni Məclis Güney Azərbaycanın istiqlaliyyətini elan etmək üçün hazırlanıb.

 

 





20.12.2022    çap et  çap et