525.Az

Arzularımızın Laçını - Elbrus Təhməzov yazır


 

Arzularımızın Laçını - <b style="color:red"> Elbrus Təhməzov yazır</b>

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin son 20 ildə apardığı məqsədyönlü daxili və xarici siyasəti, təşkilatçılığı və qətiyyətli rəhbərliyi sayəsində 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərimizin, o cümlədən, Laçın rayonunun bir güllə atılmadan 44 günlük Vətən müharibəsi nəticəsində 2020-ci ilin noyabr ayında azad edilməsi bütün azərbaycanlılar kimi Laçın rayon əhalisinin də hədsiz sevincinə səbəb oldu. 2022-ci ilin avqust ayının 26-da Laçın şəhərinin qeyri-qanuni məskunlaşan mənfur düşmənlərdən təmizlənərək öz silahlı qüvvələrimizə təhvil verilməsi sakinlərimiz arasında böyük ruh yüksəkliyi yaratdı. Bu sevinc və ruh yüksəkliyini bizə bəxş edən şəhidlərimizə uca Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı, bütün silahlı qüvvələrimizə yeni-yeni uğurlar diləyirəm.

Rayonun son yüz illik tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin bu il sentyabr 21-də ilk dövlət başçısı kimi Laçın şəhərinə gəlməsi və Azərbaycan bayrağını ucaltması rayon əhalisinin ona olan sevgisini birə-beş artırdı. Bu sevgi cənab Prezidentin Laçın şəhərini gəzərkən bəyan etdiyi "Laçın olduğu kimi bərpa olunmalıdır",  Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın dediyi "Laçın dağların incisi olacaqdır" fikirləri rayon əhalisi tərəfindən sonsuz məhəbbət hissi ilə qarşılandı.

Rayonun şimalında Qorcu Beynəlxalq Aeroportunun tikintisinin sürətlə aparılması, 70 kilometrlik tunellərdən keçən Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi, Zabux-Həkəri çayqovuşan ərazidə çay üzərində respublika əhəmiyyətli bəndin tikilməsilə bağlı layihənin dövlət başçısı tərəfindən təsdiqi, Laçın şəhərindən Həkəriçay gölü sahilinə funikulyor, Sus kəndinə kanat - asma körpü quraşdırılacağı barədə təkliflərin reallaşması ilə Laçın həqiqətən də dağların incisinə, turizm mərkəzinə çevirəcək. İnanırıq ki, dövlət başçısının Laçına növbəti səfəri zamanı Zabux kəndinin yerində və çayın sol sahilində Zəngəzur şəhərinin bünövrəsi qoyularaq yeni bir tarixi hadisəyə imza atılacaq və bununla Laçın rayonunun təhlükəsizliyi də gücləndirilmiş olacaq.

Laçın şəhərinin bərpasının tikinti, quraşdırma və abadlıq-bərpa işləri sahəsində bu gün respublikanın ən nüfuzlu müəssisələrdən birinə - Bakı Abadlıq Xidməti MMC-yə həvalə olunmasının özü bu proseslərin respublika rəhbərliyinin diqqət və nəzarəti altında getdiyini bir daha təsdiqləyir. Bərpa proseslərinə başlanılan ilk günlərdə bilməməzlik ucbatından işdə yol verilən nöqsan və çatışmazlıqlar şəhər sakinlərinin narahatlığına səbəb olurdu. Lakin həmin ərəfədə möhtərəm Prezidentimizin özü tərəfindən verilən "Laçın olduğu kimi bərpa olunmalıdır" mesajından sonra bu prosesin - bərpası mümkün olan evlərin sökülməsi prosesinin dayandırılması narahatlığa son qoydu.

Hələ 2005-ci ildə möhtərəm Prezidentimiz məni qəbul edərkən Laçından Ermənistana keçən yolla bağlı müzakirə zamanı əraziyə yaxından bələd olan şəxs kimi tərəfimdən irəli sürülən və ilkin variant kimi bəyənilən, sonra isə cənab Prezidentin tapşırığına əsasən, mənim göstərişimlə həmin dövrdə rayonda tikinti-memarlıq şöbəsinin müdiri işləyən Akif Hüseynovun hazırladığı xəritə-sxemin respublika rəhbərliyinə təqdim olunması, bundan xeyli müddət sonra həmin xəritə-sxemə uyğun şəkildə Qaladərəsi-Qayğı qəsəbəsi-Gorunzuz istiqamətli alternativ yolun qısa müddətdə tikilib istifadəyə verilməsilə Qarabağdan Ermənistana gedən yolun Laçın şəhərinin mərkəzindən çıxarılması və şəhər ərazisinin tam nəzarətimizə keçməsi xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Laçın şəhər ərazisinin tam nəzarətimizə keçməsi orada aparılacaq tikinti, təmir, quruculuq, bərpa işlərinə daha əlverişli şərait yaradıb.

Uzun müddət Laçın şəhərində aparılmış tikinti-abadlıq işlərinin iştirakçısı olmuş, xeyli müddət bu işlərə rəhbərlik etmiş respublikanın tanınmış memarı Azər Məmmədovun Bakı Abadlıq Xidməti MMC tərəfindən bu işə cəlb olunması rayon sakinlərində məmnunluq yaratmaqla yanaşı, şəhərimizin qoyub gəldiyimiz kimi bərpa olunacağına ümidlərimizi də xeyli artırıb. Onu da qeyd edək ki, Laçında aparılan bərpa işlərinə Azər Məmmədovla yanaşı, Elnur Abdullayev və Arif Hüseynov  kimi təcrübəli yerli mütəxəssislərin də cəlb edilməsi mövcud çətinliklərin aradan qaldırılmasına və şəhər sakinlərilə tikinti aparan təşkilatlar arasında rəy birliyinin bərqərar olmasına öz töhfəsini verəcək.

Bakı Abadlıq Xidməti MMC-nin mütəxəssisləri tərəfindən mətbuata verilən məlumata əsasən, hazırda mövsümlə əlaqədar Laçın şəhərindəki 700-dək "yararlı və qismən yararlı" fərdi yaşayış evlərinin dam örtükləri bərpa olunur, 2023-cü ilin may-iyun ayınadək həmin evlərin daxilində təmir işləri başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək və bununla da Laçın şəhərinə qayıdış prosesinə başlanılacaq.

Laçın şəhəri ilə yanaşı, "Dövlətqaçqınkom" tərəfindən ermənilərdən azad olunan Zabux və Sus kəndlərində də bərpa işləri aparılır. Gözlənilir ki, həmin kəndlərdə sakinlərin istəyinə uyğun şəkildə bərpa olunaraq onların istifadəsinə veriləcək. Rayonda təmir-bərpa işlərinə rəhbərlik edənlərə və görülən işlərin icraçılarına, mütəxəssislərə, bütün usta və fəhlələrə ilk növbədə möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar diləyirəm. İnanıram ki, bir müddətdən sonra onlar Laçın rayonunun səfalı yerlərinə istirahətə gələcəklər.

Bir müddət öncə neçə illər birlikdə çalışdığım, yoldaşlıq etdiyim tanınmış memarımız Azər Məmmədovun görüşümüz zamanı Laçının bərpası ilə bağlı verdiyim suala "Laçın sürətlə bərpa olunur" cavabı məni də bir xeyli məmnun etdi. Laçının yenidən qurulması, eləcə də işğaldan əvvəlki dövrlər və indiki vəziyyətlə bağlı onunla ətraflı müzakirələr apardıq.

Rayonun sosial-ictimai vəziyyəti, bərpası və quruculuq işləri, mühafizəsi və təhlükəsizliyilə bağlı öz təklif və rəylərimi son aylar mətbuat vasitəsilə səsləndirdiyimdən bu yazımda böyük hörmət və rəğbət bəslədiyim, respublika səviyyəsində tanınmış, tikinti-quraşdırma işləri sahəsində təcrübəli memar Azər Məmmədov haqqında bəzi xatirələri yada salıb ictimailəşdirməyi lazım bilirəm. Bəri başdan onu qeyd edim ki, işğaldan azad olunmuş yaşayış məntəqələrimizin, şəhər və kəndlərimizin, eləcə də Laçınımızın bərpası prosesi getdiyi indiki şəraitdə bizim Azər Məmmədov kimi mütəxəssislərə ciddi ehtiyacımız var.

Azər Məmmədov 1954-cü ildə Laçın rayonunun Hocaz kəndində anadan olub. Ali təhsil aldıqdan sonra - 1970-ci illərin sonlarından və 1980-ci illərdə Laçın rayonunda baş memar işlədiyi dövrdə rayonda və Laçın şəhərində özündən əvvəlki 50 ildə olduğundan daha çox və daha səmərəli fəaliyyət göstərib, şəhərin baş planının hazırlanmasında prinsipal mövqe nümayiş etdirib.

Azər Məmmədovun o illər yüksək milli-mənəvi keyfiyyətlərə malik bir mütəxəssi kimi müasir memarlığın elementləri ilə özünün yaradıcı fantaziyalarını birləşdirərək hazırladığı layihələr, şəhərin mərkəzi meydanındakı heykəlin, Mehmanxananın,  "Ana" heykəlinin, "Köhnə poçt"un, İnzibati binanın ətrafında, Xatirə abidəsində, "Mədəniyyət evinin , N.Nərimanov heykəlinin, Tarix-diyarşünaslıq muzeyinin qarşısında, Yol idarəsinin həyətində aparılan abadlıq işləri, "RTS məhləsi"ndəki 3-5 mərtəbəli binalardan ibarət yaşayış massivlərinin inşası, rayon qəzeti redaksiyanın həndəvərindəki "Veteranlar guşəsi", mərkəzi küçədəki tarixi binaların fəsadlarının təmiri zamanı istifadə olunan memarlıq cizgiləri şəhərə əlavə yaraşıq verirdi. Sovet dövründə rayonun ayrı-ayrı kəndlərində tələblərə uyğun məktəblərin, tibb məntəqə və xəstəxanaların, inzibati binaların, kənd təsərrüfatı obyektlərinin tikintisi həm sakinlərin ürəyinə yatır, həm də göz oxşayan bu yeniliklərin müəllifi Azər Məmmədova ad-san gətirirdi. Onun öz əlllərilə hazırladığı, Şuşa istiqamətindən Laçın ərazisinin girişində, dağın döşündə quraşdırılmış "Laçın" sözü o vaxtlar rayonun simvoluna çevrilmişdi.

Bun gün Laçın rayonunda aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışanda ötən dövrlərdə rayona rəhbərlik etmiş mərhum Muradxan Cabbarovun tapşırığına əsasən, rayonun memarı Azər Məmmədovun hazırladığı iş planına uyğun şəkildə olaraq Vaqif Məhərrəmovun və təvazökarlıqdan uzaq olmasın, mənim təşkilatçılığımızla həftəsonu iməciliklərinin keçirilməsi, Qəzənfər Hüseynov tərəfindən gənclərin bu iməciliklərə cəlb olunması,  Musa İsayev, Akif İbadov, Cənnət Əliyev, Tofiq Novruzov və Taryel Şahsuvarovun rəhbərliyilə küçə və meydanların daha da abadlaşdırılması, yaşıllaşdırılması, sanitar-təmizlik işlərinin aparılması, Akif Məhərrəmovun nəzarətilə küçə və meydanların asfaltlaşdırılması, Çingiz Əsədov və Eldar Məhərrəmovun təşkilatçılığı ilə rayonun və şəhərin yenidən işıqlandırılması, Varaşil İsmayılov və Rafael Məhərrəmov tərəfindən rayon mərkəzində və kəndlərdə aparılan tikinti-abadlıq işlərinin avtotexnika və digər zəruri texniki avadanlıqlarla təminatı, bütün bu işlərin görülməsində rayon rəhbərliyi olaraq Umud Allahverdiyevin, Xanlar Məmmədovun, Fatma İsmayılovanın, Tofiq Nəcəfovun, Pəri Fərəcovanın, Ramiz Məlikovun, Səlim Səlimovun, Alyoşa Mirzəyevin, Xıdır Bəylərovun, Qardaşxan Xəlilovun, Məhər Qasımovun, Əmir Rəsulovun, Rəhim Rüstəmovun, Elçin İsgəndərovun və digər fəalların işləri rayon ictimaiyyəti tərəfindən daima xatırlanmaqdadır. Sonrakı illərdə Əhəd Kərimovun,Yaqub Məmmədovun, Xanlar Məmmədovun rayona rəhbərlik etdikləri dövrdə vəzifəcə irəli çəkilən Musa Musayev, Bəsti Nəcəfova, Akif Səlimov, Ramiz Cəbrayılov və Çingiz Bağırov kimi kadrlarımızın fəaliyyətləri unudulmur. Rayonumuzdakı idarə-müəssisələrlə yanaşı, yüksək seçkili orqanda və ayrı-ayrı rayonlarda rəhbər vəzifələrdə öz fəaliyyətilə fərqlənən Sevindik Hətəmovun humanist xidmətləri və təşkilatçılıq qabiliyyəti daima yad olunmaqdadır. Hazırda Milli Məclisdə Laçın rayonunu təmsil edən Mahir Abbaszadədə sakinlərimiz tərəfindən hörmətlə qarşılanır. Məcburi köçkünlük illərində rayon rəhbərliyində təmsil olunan və rayonun idarə-müəssisələrində xidmət göstərən şəxslər də əhalimizin məcburi köçkünlüyülə əlaqədar onlara lazımi səviyyədə xidmətlər göstərdiklərinə görə onların fəaliyyətlərindən heç bir narazılıq olmayıb, vaxtı gələndə onların da xidmətləri xatırlanacaq.

Sonda fikirlərimi bir məsələni qeyd etməklə yekunlaşdırmaq istəyirəm. Laçın rayonu bir tərəfdən Ermənistanın, digər tərəfdən Qarabağ ermənilərinin əhatəsində yerləşir. Bu səbəbdən də ermənilərin Laçın rayonunu və Laçın şəhərini özlərinin "Qara qapısı", azərbaycanlıların isə "Qala qapısı" adlandırmaları təsadüfi deyil. Möhtərəm Prezidentimizin təbirincə desək, "biz bu ərazilərə daimi olaraq yaşamaq üçün qayıtmışıq". İnanırıq ki, Azərbaycanın "Qala qapısı" olan Laçın rayonunun müdafiəsi, əhalinin təhlükəsizliyi və öz ata-baba torpaqlarına qayıdışı ən yüksək səviyyədə təmin ediləcək. Mən isə torpaqlarımızın azad olunmasında və bərpa-abadlıq işlərində əməyi keçən, eləcə də istəyi, niyyəti olan hər kəsə həmin ərazilərdə firavan yaşamağı və ürəyincə istirahət etməyi arzulayır, möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar diləyirəm.  

 





20.12.2022    çap et  çap et