525.Az

Ünvansız məktublar - Nizaməddin Şəmsizadə yazır


 

Ünvansız məktublar - <b style="color:red"> Nizaməddin Şəmsizadə yazır</b>

(I məktub)

 

"Ünvansız məktublar" traktatının müəllifi, əsərlərindən öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə.

Bu məktubları, bəlkə də, özüm-özümə ünvanlayıram. 68 yaşım var və müəyyən yaşdan sonra  insan özünü dərk etməyə çalışır, bütün səhvlərini səmimiyyətlə etiraf edir. Gəncliyimdə bir ziyalı xanım mənə demişdi: "Heç vaxt heç kimdən üzr istəmə, səhvlərini etiraf etmə". Səbəbini soruşanda qayıtmışdı ki: "Sən elə safsan, elə istedadlısan, elə qüdrətlisən ki, sənin səhvlərin də gözəldir". Sonra da "Nəsimi" filmindən Dövlət bəyin başını onun ayaqları altına atan Miranşaha Şeyx qızı Şəmsin sözlərini xatırlatmışdı: "Dövlət bəyin ölüsü də gözəldir". Əlbəttə, mən bunlara inanmadım və sadəcə öz ömrümü yaşadım. Ulu peyğəmbərimiz Hz. Məhəmməd müqəddəs kitabımız olan "Quran"da deyib ki, "mən də adi insanam". Bu həqiqət gənc vaxtlarımdan mənim həyat kredom olub. Mən heç zaman - həyatda uğur qazananda da, uduzanda da bu həqiqəti unutmamışam.

Bir gün gənc xanımı Ayişə Hz. Məhəmməddən soruşur: Sən Allahın peyğəmbərisən, əgər mərhəmətli olmasan, sən də cənnətə düşə bilməzsən" Məhəmməd əsəbi adam idi, üç dəfə başına vurub deyir: "Yox! Yox! Yox!" Bunu biləndən sonra mərhəmət mənim həyatda ikinci kredom - həqiqətim oldu. Mərhəmət insanı gözəlləşdirir: kişini mərd, qadını zərif edir.

Bu il çapdan çıxmış "Estetik meyar və bədii mahiyyət" adlı kitabımda da çap olunmuş, Yunus Mirzə ilə geniş müsahibəmi "Ədalətli olmaq - qəhrəmanlıqdır!" adlandırmışam. Bu mənim 68 ildə gəldiyim ən dəyərli qənaətimdir: varlı olmaq olar, cəsarətli olmaq olar, vəzifəli olmaq olar, fəqət ədalətli olmaq ancaq şəxsiyyətə məxsus xüsusiyyətdir. Mən ədalətli olmaq naminə həyatda mənə qismət olmuş bir sıra vəzifələrdən imtina etmişəm.

Dörd müqəddəs səma kitabından üçü bizə gəlib çatıb: "Tövrat", "İncil" və "Quran". Davud peyğəmbərə əta olunan "Zabur" hələlik tapılmayıb. Bu kitablar Allah tərəfindən seçilmişlərə - Peyğəmbərlərə yer üzündəki insanları bölüşdürüb idarə etmək üçün göndərilib. Həmən kitabların sahibləri - Hz. Musa, Hz. İsa və Hz. Mühəmməd onlara əsaslanaraq  bir olan bəşər övladını ayırıb adına yəhudi, xristian və müsəlman deyiblər. Əslində, bu, ən ədalətsiz bölgüdür: insan insandır - eyni ürəyə, eyni beyinə - təfəkkürə malikdir, əlləri, ayaqları, gözləri, burnu, dili-dodağı, çıxardığı səs, sevgisi birdir.

İnsanlar mənsub olduğu dinlərə istinad edərək çox cüzi fərqlərlə - ibadətlə, dil-danışıq tərzi ilə, geyimi ilə... bir-birindən ayrılır. Fəqət bütün insanlar eyni cür ağlayır - göz yaşı tökür, eyni qaydada sevinir, hətta eyni qaydada cinsi əlaqəyə girir, dünyaya uşaq gətirir. Və ən əsası, eyni bir Allaha dua edir, ikinci Allah yoxdur!

Bəs, niyə görə bəşər övladı bir-birinə düşmən kəsilir, müharibələr aparır, qırğınlar törədir?! Bax bu sual məni həmişə düşündürüb. Adını unutduğum bir filosof belə deyib: "Bəşəriyyətin nadanlığı üçün mən özümü günahkar hesab edirəm". Mən də eyni fikirdəyəm.

Bir gün iki tayfa bir-biri ilə vuruşur, hamısı qırılır, hər tərəfdən bir adam sağ qalır. Və onlar bir-birlərinə müraciət edirlər. Məlum olur ki, onlar ikisi də türk imiş. Dədələrimiz yaxşı deyib: "Heyvan iyləşə-iyləşə, insan dilləşə-dilləşə".

"Ünsiyyət" sözü "insan" sözündən yaranıb, məzmunu insanların yaxınlaşması mənasına gəlir.  Ünsiyyətin ən ali forması Eşqdir. Eşq, məhəbbət, sevgi insanlığın ən böyük kəşfi, insan qüdrətinin ilahi təsdiqidir. Bir daha dahi Nizaminin müdrik sözlərini yad edirik: 

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin?

İdrakı dindirsən söyləyər o da

Hər şey eşq üstündə durur dünyada.

 

"Füzuli sevir - Füzuli düşünür!" - deyib böyük mürşüd, akademik Məmməd Cəfər. Eşq insanlığın gəlib çatdığı ən böyük fəlsəfə, ən güclü idrak hadisəsidir.

 

Ey Füzuli, qıl kəmali fəzl-kəsbin yoxsa mən

Kamili-eşqəm, dəxi özgə kəmalı neylərəm.

 

Yaxud:

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim

Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

 

Eşq və idrak - insanı yerdən göyə - mistik aləmə ucaldan qoşa qanaddır. Məhz bu qanadlar sayəsində insan "yer üzünün əşrəfi" (Nizami) olmaqdan çıxaraq haqqın dərgahına ucalır. Eşq Allahın insanlara bəxş etdiyi mükafatdır. İnsanlığın dəyəri insan haqlarını qoruya bilmək imkanı ilə ölçülür: bunlar yaşamaq, yaratmaq, sevmək, valideyn olmaq, vətəndaş olmaq... haqqıdır. Sufilər həqiqətə çatmağın-haqqın dərgahına yetməyin yolunu dörd əsas mərhələni keçməkdə görürdülər: şəriət, təriqət, mərifət, həqiqət! Bu çətin mərhələləri keçən insan maddi varlıqdan təmizlənir və haqqın dərgahına yüksəlir. Bunun üçün M.Füzulinin ilahi eşq dastanını - "Leyli  və Məcnun" əsərini oxumaq kifayətdir.

İnsan öz varlığında iki sevgisini - Allahı və məşuqəni həmişə yaşadır. İnsanın qüdrəti məhz bundadır.

Uzun ayrılıqdan sonra Leyli və Məcnun rastlaşır. Onların arasında belə bir mükalimə baş verir:

 

Leyli mənəm, arizun-canım

Müştaqi-cəmal idin həmişə

Möhtaci-vüsal idin həmişə

Gəl yanıma, fövt qılma fürsət!

Çün düşdü məcalım, etmə ehmal!

Gəl nəzrini tut, əmanətin al!

 

Məcnun özü artıq Leyliləşib; Leyli də Məcnunlaşıb:

 

Canım gedəli bəsi zamandır

Cismimdəki indi özgə candır,

Sənsən hala tənimdəki canım

Gözdə nurum, cigərdə canım

Məndə olan aşikar sənsən

Mən xud yoxam, o ki var - sənsən!

Gər mən isəm, nəsən sən ey yar?

Vər sən sən  isən, nəyəm mənü-zar?

 

Bu artıq vəhdəti-vücuddur, Leyli və Məcnun Eşq insanlığın ən böyük kəşfidir. Onun üçün yaş fərqi, zaman-məkan yoxdur. Hansı dövrdə. Hansı yaşda gəlməsini insan bilmir, o bir anda, bir baxışla İlahi tərəfindən peyda olur. Niyə sevirsən? - sualına hələ heç kim cavab verə bilməyib. Bu sualın cavabını heç kəs bilmir. Sevginin qüdrəti də, gözəlliyi də, ləzzəti də elə məhz budur. Onun gəlişi sevincdir, gedişi kədər, xatirəsi əbədi həzz!

Tanrı öz kimliyini bildirmək üçün  təbiəti yaradıb. İlk milli abidəmiz "Kitabi-Dədə Qorqud" eposunda Tanrı barəsində deyilir: "Ucalardan ucasan - kimsə bilməz necəsən". Fəqət, həyatda həqiqətləri fəhm qılmağı bacaran seçilmişlər - peyğəmbər, dahilər, aşiqlər onun özünü görməsələr də nəfəsini duyub səsini eşidiblər. Təbiətdə olan nə varsa Tanrının sifətidir, küləklər, dağlar,  çöllər-çəmənlər, güllər-çiçəklər, dənizlər-okeanlar, şır-şır axan bulaqlar-sular Tanrı hüsnü - tanrının səsi və nəfəsidir. Tanrı sevən ürəklərdə gecələyir, həqiqi məhəbbətlə öpüşən dodaqlarda yaşayır, canlı olur.

Mən xoşbəxtəm ki, füsunkar Azərbaycan təbiətinin bir zərrəsiyəm. Çalışıram ki, bu gözəlliyə xələl gətirməyəm, əksinə öz xeyirxah əməllərimlə onu tamamlayam. Həyatımı sevgi ilə yaşayıram, bu mənim haqqımdır. Sevmək cinayət deyil, Allaha yaxın olmaqdır. Gözəl qadının üzü Quran ayəsi, Allah timsalıdır. Bu məqamda Nəsimi hüzura gəlir:

 

Səni bu hüsnü-camal ilə bu lütf ilə görən

Qorxdular həq deməgə, döndülər insan dedilər.

 

İbn Teymiyyə (1265-1328) Ubn Ərəbinin (1163-1240) vəhdəti - vücud təlimini izah edərək  yazır: "Xəlq edilmiş şeylərin varlığı Xaliqin varlığından başqa bir şey deyildir, hər şey ilahi vücudundan xəlq olur ki, nəhayət bu vücuda qayıtsın". Bunu ilk olaraq dərk edən Sufilər idi. Sufizm məxluqun mistik məhəbbət yolu ilə Xaliqə qovuşması haqqında elmdir.

Sufizm orta əsrlərdə böyük ədəbiyyat yaradıb. Təsəvvüfün görkəmli araşdırıcısı A.Knış "Musulmanskiy mistizm" adlı fundamental monoqrafiyasında yazır ki, "orta əsrlərdə sufi olmayan şair olmayıb".

Sufizmin ədəbiyyat və fəlsəfə sahəsində çox böyük uğurları ilə bərabər müəyyən qüsurları da olub: Sufizm bədii ədəbiyyatı (və sənəti!) simvolikanın (rəmzin!) cazibədar aləminə çəkib apardı. Bununla da bədii düşüncənin müəyyən qədər real həyatdan - tarixi gerçəklikdən uzaqlaşdırdı. Sufizm kimi mükəmməl və möhtəşəm nəzəriyyə olan Əruz (VIII əsrdə ərəb musiqişünası və filoloqu Xəlil ibn Əhməd tərəfindən yaranıb!) xüsusilə orta əsrlər Şərq, türk-islam ədəbiyyatının əsas janrları olan Qəzəl və Qəsidə yaradıcılığına, onların inkişafına güclü təkan versə də, eyni zamanda güclü ehkam yaradaraq, bədii düşüncənin demokratizminə (bu əsasdır!) müəyyən mənada xələl gətirdi, onu azadlıqdan məhrum edib çərçivəyə saldı.

Türklər ilk olaraq (bulqarlar!) X əsrdə islam dinini qəbul etdi. Bundan sonra bütün böyük türk yürüşləri islam bayrağı altında keçdi. Bir qədər sonra İslam öz qanunları ilə türk dövlətçiliyinin təməlinə oturdu. İslam türk mədəniyyətinə böyük mövzu və ideyalar verdi. Hər sahədə türk mədəniyyətini yenidən yaratdı, inkişaf etdirdi. Əslində sufizmin - təsəvvüfün təməlində İslam dini dayanırdı. Lakin:

1. İslam dini qədim türk ədəbiyyatında demokratizmi məhdudlaşdırırdı;

2. Ədəbiyyatı və sənəti həyatdan  - real tarixi gerçəklikdən uzaqlaşdırırdı;

3. İslam ehkamları türk cəmiyyətində kişilərlə bərabər hüquqa malik olan, onlarla bir döyüşən qəhrəman türk qadınının hüquqlarını əlindən aldı, başına çadra - hicab saldı;

4. Məhz bunun sayəsində türk cəmiyyəti xeyli zəifləyərək, tarixi gücdən məhrum qaldı;

5. İslam dinini - "Quran"ı bir tərəfə qoyan üləmalar - mollalar müxtəlif hədislər uyduraraq din əvəzinə fanatizm,  mövhumat, xurafat ortaya qoydular...

Möminlərdə Allah qorxusu, Sufilərdə Allah sevgisi əsasdır. Qorxu insanı müti edir, qula çevirir, sevgi insanı ucaldır, ona Tanrı qüdrəti bəxş edir. 

 





20.12.2022    çap et  çap et