525.Az

Gizli imzanın aşkar tərəfləri... - Bilal Alarlı (Hüseynov) yazır


 

Gizli imzanın aşkar tərəfləri... - <b style="color:red"> Bilal Alarlı (Hüseynov) yazır</b>

Bir müddət idi ki, "M.Sadiq" imzasıyla çap olunan satirik şeirlər cəlilabadlıların diqqətini çəkirdi. Çoxları bu imza altında kimin şeir yazdığını bilmirdi. "Sadiq" təxəllüslü Əzimov Mirhəbib Əzim oğlu 1954-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub, sonralar Cəlilabad şəhərinə köçüb və burada yaşayır. Müxtəlif vəzifələrdə çalışdığına görə müəyyən dövrlərdə cəmiyyətdəki eybəcərliklərə etiraz edən şeirlərini aşkarlamamışdı. Bu mənada Mirhəbib Əzimovu başa düşmək mümkündür. Bölgədə kəskin söz demək o qədər də asan deyil.

Satira Azərbaycan ədəbiyyatında XIX yüzillikdən başlayaraq bir janr kimi inkişaf edib, XX yüzillikdə Sabirin timsalında özünün ən yüksək zirvəsinə yüksəlib. Sabirdən sonra satirada uğur qazanmaq üçün bu janrı təkcə zamanın tələb etməsi azdır, fərdin müstəsna istedadı da gərəkir. Rüfət Əhmədzadənin satiraları sovet dönəminin "antipodlarına" qarşı mübarizədə əvəzedilməz təsir bağışlayırdı. Müstəqilliyimizin ilkin illəri Baba Pünhanın şeirləri ilə yadda qaldı.

Satira elə bir janrdır ki, burada improvizasiya, novatorluq nümayiş etdirmək yalnız və yalnız tematik ola bilər. Şübhəsiz, sərbəst vəzndə yazılmış satira əruzda və hecada yazılmış şeirin yerini verməyəcək. Buna görə də satiraya müraciət edib uğur qazanmaq çətindir. Mirhəbib Sadiq də dərin yerlərdə üzməyi xoşlayan dalğıclar kimi bu çətinliyə baş vurur və insafla desəm, uğur da qazana bilir:

Cümləsinin sözü ədəbdən kənar,

Qiyafəmiz min cürə dəbdən kənar,

Söz düzürük hər biri təbdən kənar,

Bilməyirik hansı səbəbdən kənar,

Qaldı gözəl çal-çağırından cahan?!

Əl-aman Allah, aman Allah, aman!

 

Bilməyirik indi günah kimdədi,

Səndə olan, söylə, sabah kimdədi?

Var ümid aşkara pənah kimdədi,

Dərdimizin, eylə agah, kimdədi

Məlhəmi, şəfası, ya Sahib Zaman?

Əl-aman Allah, aman Allah, aman!

Keçmişə təzədən tarix yazanları, eşqi-məhəbbəti əndazədən çıxanları satira atəşinə tutan, namusu, qeyrəti pula satanları, halalı-haramı bir-birinə qatanları sözün gücüylə islah edən Mirhəbib Sadiq janrın tələblərinə uyğun yazır. Adətən, müəllifin mətbuatda çap edilən ilk şeirlərini yeni səs, yeni nəfəs adlandırırlar. Mirhəbib Sadiq ədəbiyyat haqqında bilgisi ilə də oxucularını təəccübləndirir. Klassik ədəbiyyatı, xüsusən Nəsimi yaradıcılığını yaxşı bildiyindən gözəl qəzəllər, qəsidələr yazır:

Dərkə idrakımızın sanma ki,

imkanı yetər,

Hər nə idrakə yetər,

imkan onun imkanıdır...

 

Hər nə etsə, razı qalmaz

çox fəzilət sahibi,

Eyləyər haqqa ibadət,

şükr onun imanıdır,

Şairin narahatlığına səbəb olanlar "simuzərlər içində nəfsini dustaq edənlər və bəsirət gözləri haqqı görməyənlər"dir.

Onun Kərbəla vaqiəsinə öz baxışları vardır. Klassik ədəbiyyatda, xüsusən Füzuli, Qumru və Racidə tez-tez təkrarlanan fikirlər Mirhəbib Sadiqin təqdimatında da öz ifadəsini tapıb.

Mirhəbib Sadiq çağdaş ədəbi prosesi müntəzəm izləyir, ən başlıcası, Cəlilabad yazarlarını yaxşı tanıyır, həmyerlilərinin qələmindən çıxanları həvəslə oxuyur. Satirik yazıçı və şairlərin yaradıcılığına marağının güclü olması onun özünün satirik olmasından irəli gəlir. Ədəbi məclislərə gedir, kitab təqdimatlarında olur, öz fikrini söyləyir, hətta gənclərə məsləhətlər də verir. Bu görüşlərdə bölgə yazarlarının şeir və hekayələrinə tənqidi münasibət göstərməsi ədəbi müzakirələrə meylinin olması ilə bağlıdır. Bəlkə də buna görə Mirhəbib Sadiqin ədəbi prosesə münasibəti fərqlidir, fikirləri sərt olsa da, maraqlıdır: "Son dövrdə təbiətimiz kimi ədəbiyyat aləmi də o qədər lüzumsuz yazılarla zibillənmiş ki, oxuyanda adam müəllifin yerinə xəcalət çəkir. Kimin bir az imkanı var, hərarəti qalxır, kitab yazmaq eşqinə düşür. Birinci misrası ilə ikinci misrası həcminə və mənasına görə uyğun gəlməyən qəzəl yazan kim, divan ədəbiyyatından bixəbər "Divan" yazan kim!.. Bu kitablara elə şəxslər ön söz yazır və kitab müəlliflərinə elə təriflər vurulur ki, daha dahi Nizamiyə, Füzuliyə tərif qalmır. İnanıram ki, həmin şəxsiyyətlərin o yazılardan xəbəri yoxdur. Yaxşı ki, bu üzdəniraq kitablar həmin dırnaqarası şairlərin yaşadıqları məntəqələrdən kənara çıxa bilmir".

Təəssüf ki, poeziyaya yüksək tələbkarlıqla yanaşan belə bir dəyərli satirikin indəyədək bircə poetik toplusu çap olunub. "Əhli irfan dərk edər" şeirlər toplusu Mirhəbib Sadiqin nəşr olunan ilk kitabıdır. Onun gənclik illərində yazdığı yazılar bu kitaba əlavə edilməyib. Öz yaradıcılığına tənqidi yanaşmağı bacaran şair bu poetik toplusunun oxucuların rəğbətini qazanacağına inanır.

 

 

 





20.12.2022    çap et  çap et