525.Az

Xalidə Hicranın "Hikmət xəzinəsi" - Qəşəm Nəcəfzadə yazır


 

Xalidə Hicranın "Hikmət xəzinəsi" - <b style="color:red"> Qəşəm Nəcəfzadə yazır</b>

Xalidə Hicran ixtisasca rəssamdır. İlk rəssamlıq təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, sonra Rəssamlıq Akademiyasını əla qiymətlərlə bitirib, rəsm əsərləri ilə bərabər maraqlı şeirlər də yazır. Şair sayca ikinci olan "Hikmət xəzinəsi" kitabını atası Məhəmmədə və anası Xanıma həsr eləyib, şeirlərin redaktoru tanınmış qəzəlxan şair Mahirə Abdullayevadır. Kitabda hikmətli beytlər, təmsillər, hekayələr toplanıb.

Xalidə Hicran iç dünyasının pıçıltılarını rənglərlə də yaradır, sözlərlə də. Fərqi yoxdur, hansı janr olursa olsun, onun əsərlərinin mərkəzində böyük Səməd Vurğun demiş; "dünyanın əşrəfi" insan dayanır. O insan ki, şair bütün əsərlərini onun filoloji təhlilinə həsr edib, onu həmişə xoşbəxt görmək istəyib, həmin insanın duyğularını qanadlandırıb.

Həyatın bütün dolanbaclarında müəllif sevdiyi insanı (dünyanın əşrəfini) qoruyub saxlayıb, mükəmməl düşüncə, istər kədər olsun, istərsə sevinc, fərq yoxdur, bütün çətinliklərin və sualların ən tutarlı cavabıdır. Böyük şair Rəsul Rza demiş:

Həyat belədir,

İstəsən gül, istəsən ağla,

Amma insan olduğunu

Yadında saxla!

Xalidə Hicran insana, onun yaradılışına, dünyadakı missiyasına ümidlə baxır. Olacaqların daha da gözəl olacağına inanır. Qarada işıq axtarır və həmişə o işığa doğru yol gedir.

Bir damcı qaraltısan, durmusan sən uzaqda,

Bəlkə nur çiləyəsən, qurtulaq qaranlıqdan.

Bəlkə də qaraltının əsl adı işıqdır, şair birbaşa predmetə "işıq" desəydi, nəzərdə tutduğu alınmayacaqdı. Demək, bütün işıqlar qaranlıqlardan doğulur. Yuxarıdakı iki misranın əsl mahiyyəti budur. Mətləblər birbaşa deyiləndə poeziya yox, publisistika yaranır. Əsl şeir gözə görünən deyil, predmetin arxasında gizlənəndir. Gərək yuxunu yozduqları kimi, sən də mənanı yoza biləsən, şairin nəzərdə tutduqlarını ortaya qoyasan, yəni oxucuya təqdim edəsən.

Xalidə Hicranın misralarının, beytlərinin arxasında yaşanmış ömür dayanır, o ömrün anlarını sənə göstərir, sənin zövqünlə tanış edir, gizlinlərin yerini oxucuya nişan verir.

Aşağıdakı misraya baxaq:

Zaman bir dairədir, sən də onun içində...

Yer kürəsinin, səmanın dairəviliyini, zamanın sonsuzluğunu daim dərk etməyə çalışırsan, yollar arayırsan və axırda dərk edirsən ki, dairəvi olan şeylərin sonu yoxdur. Və sən - yəni insan, onun içindəsən. Bu gün son olan, sabah başlanğıcdır və ya əksinə. Keçmiş gələcəkdir, gələcək də keçmiş. Sən heç vaxt bu dairədən çıxa bilmirsən. Necə ki, bir gün göz yaşı buxarlanıb qalxır havaya, min illərdən sonra kiminsə gözünə dolur və sonra ordan da çıxır, buxarlanır.

Şairin "dairə" düşüncəsi onun şair məninin təsdiqidir.

Başa baş, başda dura baş,

Başın yeri başda deyilsə, nə baş?

Yuxarıdakı şeirdə "ş" səslərinin alletrasiyası fikrin ifadə tərzinə gözəllik qatır, onu şirinləşdirir, poetik ovqatı gücləndirir. Şair haqlıdır ki, başın yeri başda olmalıdır.

Yeriyirik kor kimi, kor kimi də baxırıq,

Bir az şirə görürük, su tək ora axırıq.

Bilmədiklərimizin və görmədiklərimizin yanında biz kor deyilikmi? Əlbəttə, koruq. Allah-təala buyurur ki, mən indiyə kimi min beş yüz əlli qalaktika yaratmışam, hələ yaratmaqda da davam edirəm. Biz bunları görürükmü və yaxud görə biləcəyikmi? Biz Allahın yanında koruq. Allahın həqiqəti dərkedilməzdir. Allahın nişanı nişansızlıqdır.

Xalidə Hicranın bütün şeirlərində Allaha böyük sevgi özünü göstərir. Bu söz xatirinə deyil, daxili inamın, dərketmənin məhsuludur. Və şair tərifi sevir, özü də çox sevir:

Bacardığım bax budur, onu təsvir edirəm,

Tanrı özü tərifdir, o tərifi sevirəm.

Şeirlərinin quruluşundən və üslub tərzindən bilmək olur ki, Xalidə Hicran klassik irsə, xüsusən əruza, qəzəl yaradıcılığına bağlı şairdir. O, bu yolda, geniş yaradıcılıq axtarışları aparıb, təcrübə qazanıb, əruzu, qəzəli kor-koranə sevməyib, öyrənib, onun fəlsəfəsinə vaqif olub. Düzdür onun məsnəfi formasında yazdığı "ikilik"lər əruzda deyil, amma materal, məna əruzu xatırladır.

Dərdinin pünhan desən, onu bilər tək biri,

Aşkar desən, el bilər, bilməz o dərdi biri.

Qəribə parodksdur, dərdini deməsən bir adam biləcək, amma el xəbərsiz olacaq. Elə desən, o bir nəfər (ismi pünhan) bilməmiş, eşitməmiş olacaq. Çünki hamıya deyiləsi dərd onun deyil, dərd ona pünhan deyilməlidir. Məncə, bu iki fikirdə maraqlı, bir sujet xətti var. Heç kimə və heç nəyə bənzəməyən, orijinal və səmimi bir bir sujet xətti. Bu şeir yadıma qəzəlxan şairimiz Əliağa Vahidin aşağıdakı beytini saldı.

Bir qəmim vardır,

birin mində bir aləm bilməyir,

Həm də bu, bir qəm ki,

min adəmdən biri qəm bilməyir.

Şübhəsiz ki, bunlar ayrı-ayrı şeirlərdi, sadəcə quruluş və səsləniş Əliağa Vahid şeirini yadıma saldı. Bu da onu göstərir ki, Xalidə Hicranın şeirlərində bugünkü poeziyamız üçün vacib hesab etdiyim mətnlərarası əlaqələr var. Belə əlaqələr geniş əraziyə malik olmağı və inkişafı özündə ehtiva edir.

Fikrimcə, Xalidə Hicranın "Hikmət xəzinəsi" kitabı müasir ədəbi prosesimiz üçün çox dəyərlidir. Müəllifə yeni yaradıcılıq uğurları arzu edirəm!

 





20.12.2022    çap et  çap et