525.Az

Qazi şairlər: ruhumuzun yaylım atəşləri - Barat Vüsal yazır


 

Qazi şairlər: ruhumuzun yaylım atəşləri - <b style="color:red"> Barat Vüsal yazır</b>

Haqqında danışacağım bu şeirlərin çoxu səngərlərdə yazılıb. Bu şeirləri yazanlar (qazilər) hələ də səngərdədirlər. Və necə ki, Vətən var, torpaq var, bayraq var, həmişə də səngərdə olacaqlar.

Bu qazi şairlərin çoxu cəbhəyə əsgər kimi gedib, şair kimi qayıdıblar. Ancaq onlardan biri, kifayət qədər imzası tanınmış və istedadı yüksək qiymətləndirilmiş Emin Piri  Qarabağ müharibəsinə şair kimi gedib qazi kimi qayıtdı. Həm də yol boyu gedə-gedə və gələ-gələ dediyi (yazdığı) şahanə misralarla - "Formamda şair qardaşlarımın qanı, gözlərimdə 44 günlük gecənin yuxusuzluğu"yla birgə!

Qələmləri güllə gilizləri olub, bu qazilərin. Və qələmlərini öz qanlarına batırıb yazıblar bu şeirləri onlar!

Varaqları olmadığı üçün ürəklərinə, yaddaşlarına yazıblar. Sonradan vaxt tapıb "köçürə" biliblər, biz də xəbər tutaq, oxuyaq, bilək deyə!

Və bu şeirləri oxumaq imkanı yaratdığı üçün "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadəyə və jurnalın əməkdaşlarına təşəkkürlər!

Mən bu qazilərlə (və şairlərlə) ilk dəfə bu ilin yayında Şuşada Vaqif Poeziya Günlərində rastlaşmışam. Sonra "Mədəniyyət" kanalında  onların yaradıcılığına həsr edilmiş verilişə mən də baxmışam.

Üçüncü görüşümüz, dediyim kimi, "Azərbaycan" jurnalının 2022-ci ilə aid 11-ci sayında baş tutdu. Bu görüşdən sonra bu qazi şairlərin yaradıcılığı haqda təsəvvürüm yetərincə genişləndi. Bu şeirlərdən aldığım təəssüratımı geniş oxucu auditoriyası ilə bölüşmək istədim. Bunu özümə mənəvi borc bildim, susa bilmədim. Onların yazdıqları  çox təsirli, gözəl və orijinal şeirlər açdı dilimi...

lll

Belə deyirlər ki, əsl şair olmaq üçün gərək anadan şair doğulasan. Mənə elə gəlir ki, elə qazi  olmaq üçün də anadan şəhid yaxud qazi olmaq üçün doğulmaq gərəkmiş! Qazi olanda da şair- qazi, şair olanda da qazi- şair olmaq gərəkmiş.

Özü də şeir yazmaq yox, şeir yaratmaq lazımmış. Bax, belə:

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin!

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım! Həsən Kür adlı qazinin (gənc şairin!) bu misralarını oxuyuram və özümdən asılı olmadan ayağa dururam, "Azərbaycan əsgərinə (şəhidinə, qazisinə, şairinə) eşq olsun!" deyirəm.

Və hesab edirəm ki, jurnalın bu sayında dərc olunmuş qazi şeirlərinin hər birini oxuduqca ayağa durmaq lazımdır. Şəhid önündə ayaq üstə dururmuş kimi!

Qazi önündə ayaq üstə dururmuş kimi! Şair önündə ayağa qalxırmış kimi!

Vətən müharibəsi qazilərinin şeirləri olsa da, əslində bu şeirlərin bircə müəllifi var: Qazi! Bu şeirlər qazi-şairin, şair-qazinin şeirləridir!

lll

Etiraf etməyə dəyər: Vallah, bu qazilərin bir çoxu biz şairlərdən daha gözəl yazırlar  Vətən müharibəsi haqqında şeirləri… Qalib əsgər və zabitlərimizin ağrı-acılarını bizdən daha inandırıcı şəkildə ifadə edə bilirlər.

Biri (Eyvaz Əyyub) yazır: "Salam Vətən, biz gəldik". Hesab edirəm bu həm də həm qazinin, həm də şairin kimi gəldim Vətən deməkdir.

Biri (Səbuhi Qurbanov) yazır ki:

Üç rəngli bayrağı sanc köksümə, övlad,

Fərz eylə, ağır xəstəyə imdad eyləyirsən.

Necə ayağa qalxmayasan, necə deməyəsən ki. Əhsən, qazi əsgərim, əsgər şairim, sənə!

Başqa birisinin (Oğuz Alparslanın) şeirini isə sanki oxumursan, elə şeiri (yox, belə şeiri!) özün yazırsan və deyirsən:

Qurban bu can hər daşına,

Hər zərrənə, qarışına!

Bir gün ölsəm, başdaşıma

Yazılsın tarix daşıma:

"Canım qurban, Azərbaycan!"

Bu misraları oxuyarkən yadıma Şuşanın uçmuş binalarının divarlarına döyüşçülərimizin yazdığı "Veni, Vidi, Vici" sözləri düşdü.

Roma sərkərdəsi və hökmdarı Yuli Sezar bu fikri Qalliyanı alanda demişdi. "Gəldim, gördüm, qalib oldum".

Şəhid və qazilərimiz sən demə, təkcə döyüşçü, şair deyilmişlər, həm də tarixçiymişlər, tarixi yaxşı bilirmişlər. Ermənilərə belə dağ çəkərlər - qıjıt  verərlər, bax!

Xatirimdədir, Vaqifin bərpa olunmuş Məqbərəsinin qarşısında Vaqif Poeziya günlərində mən də iştirak edirdim. Cıdır düzündə seyrə çıxmışdıq. Birdən şair dostlarıma dedim ki, deyirlər, Vaqifi və oğlunu "Xəzinə qayası"ndan atıb öldürüblər, yalandı, məncə, bu! Təəccüblə mənə dikilmiş baxışlara baxa-baxa bədahətən dedim:

Nədən ötrü ağlayam,

Gərək coşam, çağlayam.

Mən Vaqifin oğluyam,

Ölməmişəm, burdayam!

Əlavə etdim ki, əslində çoxumuz Vaqifin nəvəsi,nəticəsi, oğlu deyilikmi?!

 Qazi  Səbuhi Qurbanovun  daha bir  şeirini oxuyuram və düşünürəm. Bu qazi də elə Vaqifin oğlu (nəvəsi, yaxud nəticəsi) deyilmi?

Yoxsa belə yaza bilərdimi:

Verib sənə söz, gəlmişik,

Polad, Mübariz gəlmişik.

Qarabağım, biz gəlmişik,

Salam verir daşım, dağım,

Gözün aydın, Qarabağım!

 

Gözü qanlı qurdu gördüm,

Dəmir yumruq ordu gördüm.

Xalq ayağa durdu, gördüm,

Cəngi eşitdi qulağım,

Gözün aydın, Qarabağım!

Bəli, gözün aydın olsun, Qarabağ! Gözün aydın, Şuşa! Sən azadsan! Azadsan, ona görə ki, Vaqifin oğlu da, xalqımızın igid oğulları da sənin dadına yetdi, vaxtında hayına-harayına gəldi.

Ayın üçündə gəldi,                              

Bayraq içində gəldi.

(Elvin İntiqamoğlu)

Gəldi, nə gəldi! Qazi şair Nicat Ağayev kimi yalnız " Mən də Vaqifin oğluyam" deməyə yox, "Mən Vətənəm" deməyə gəldi. Və dedi:

Adım bəlli, soyum bəlli, köküm bəlli,

Bir gün gedib Göyçə göldə

Qarmağımı atacağam,

Orda balıq tutacağam,

Bişirəcəm Ərdəbildə.

Mən Vətənəm!

Qapınızı  döydüyümdə

Düşünmədən açın, mənəm.

Zəncan, Xoyam, Borçalıyam,

Şuşa mənəm, Laçın mənəm!

Nicat düz deyir. İndi Vətənimizin hər yeri  Şuşadı, Laçındı, Xoydu, Zəncandı, Göyçədi, Beyləqandı, Sənsən, Mənəm, Odur! Qururlanmağa haqqımız var. Çünki Azərbaycan Prezidenti, Müzəffər Sərkərdəmiz İlham Əliyev dedi: "Biz artıq qalib xalqıq! Bu yerlərdə əbədi yaşayacağıq!"

Qazi şair Cavid Əlioğlu da məhz bunu demək istəyir:

Olma bundan narahat ki, silahın qaldı yetim,

Bura bir yerdi ki, burda nə ölüm var, nə itim.

Ayrılıq məktubunu, yoxdu savadım, oxuyam,

Dəfələrlə qoyulub nöqtəsi düz, vergülü səhv...

Haqqımız var ölümü də ölüm saymamağa! Və daha bir qazi yazarımız Orxan Səmədov kimi deməyə:

Şamaxıdan çıxdıq yola,

Baxmadıq heç sağa, sola.

Ermənidə niyə qalsın

Torpaq bizim ola-ola!

44 günlük Vətən müharibəsinə dönüb  nəzər salanda Allaha şükürlər oxuyur, başqa bir qazi şair Eyvaz Əyyubun diliylə deyirik: Zəfərin mübarək, Vətən, ən gözəl guşələrindən olan Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Şuşayla birlikdə!

Bizim dönüşümüz təsadüfi deyildi.    

Səni yazda tərk edib,

Qayıdıb payızda gəldik.

Bir daha deyirəm, biz işğaldan azad etdiyimiz Qarabağ torpaqlarına Vətənin oğlu kimi gəldik. Vaqifin oğlu kimi gəldik. Yurdun əsl sahibi kimi gəldik. Bir-birimizin əzizi, doğması kimi gəldik!

Haqqında söhbət açdığım qazi şairlərin hər birinə ayrı-ayrılıqda üz tutub deyirəm: Eşq olsun hər birinizə! Halal olsun hamınıza!

Həm əsl Vətən övladı, Vətən əsgəri olduğunuz üçün, həm də belə gözəl, mənalı, məzmunlu şeirlər yazdığınıza görə! Özünüzlə qürur duyurduq. Sözünüzlə də qürur duyuruq! O sözlə, o şeirlərlə ki, nəinki səngər qoxuludur, həmçinin döyüşümüzə, qələbəmizə yaraşan şeirlərdir, böyük qələbəmizin, böyük ruhumuzun yaylım atəşləridir!

P.S Qazi, ərəbcə, din uğrunda savaşan, düşmənə həmlə edən, islam düşməni ilə döyüşən müsəlman deməkdir.              

"Azərbaycan" jurnalının 2022-ci ilin noyabrına aid  11-ci  sayında Vətən müharibəsi döyüşçülərinin şeirlərini oxuduqdan sonra mənə elə gəldi ki, qazi həm də şair deməkmiş!

 

 





20.12.2022    çap et  çap et