525.Az

Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu - Esmira Fuaddan 3-cü yazı


 

Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu - <b style="color:red"> Esmira Fuaddan 3-cü yazı</b>

Əlirza Nabdil Oxtay "Səttarxan atlıları" şeirində "Gələcək günlərin qızıl qapısın"ı kimlərin açacağını, dan yerinin sökülməsinə, günəşin də doğmasına bənzətdiyi azadlığı kimlərin əldə edib qazanacağını, xalqı əsarətdən kimlərin qurtaracağını da bəyan edir. Göstərir ki, həmin xilaskarlar bu gün "Səttarxan atlıları"dırsa, sabah Zeynəb Paşa, Səriyyə Şahsevənqızı, Firudin İbrahimi, Əlirza Nabdil Oxtay, Mərziyyə Üskülü, Səməd Behrəngi, Bulud Qərəçurlu Səhənd, İbrahim Savalan, Mübariz İbrahimov, Çingiz Mustafayev və başqalarıdır. Adından da göründüyü kimi, şeir İranda və Güney Azərbaycanda  dalğalanan Məşrutə inqilabına, hərəkatın lideri Səttarxana və onun silahdaşlarına-atlılarına ünvanlanaraq qələmə alınsa da, aktuallığı baxımından Güney xalqının bu gününə də tamamilə uyğun gəlir. Məşrutə inqilabı faktını-tarixi hadisəni böyük bir ədəbi mövzuya çevirən Ə.N.Oxtay heç nəyin dəyişmədiyini, yurdunun yenə də yağıların əlində olduğunu, zülmün ərşə dirəndiyini oxucularına anladır, onları ölkəni yadların əlindən almağa çağırır. Döyüşkən şair içindəki sızıltı ilə bildirir ki, əgər bu qurtuluşu mənsub olduğu nəsil gerçəkləşdirməzsə, gələcək nəsil-indiki balalar həyata keçirəcək, "gədiklərin qurdların tutub boğacaqdır".

Balaca oxuculara böyük mətləbləri onların öz dilində anladan Ə.N.Oxtay "Qurd və şəhər" şeirində Güney Azərbaycanda yaşayan uşaqlara konkret olaraq anladır ki, bölük-bölük, para-para, tikə-tikə olan və gedər-gəlməz yollara sürüklənən yurdumuz, şəhərlər şəhəri Təbriz azğınlaşmış, şairin dili ilə desək, "adamcıl" qurdun ağzındadı. "Qurd və şəhər" şeiri Güney xalqının başına gətirilən faciələrin üç mərhələsinin qısa kinofilmdə olduğu kimi canlandırılır, mesajlar ötürülür.

Üsyankar ruhlu əksər şeirlərində silahdaşı Ə.N.Oxtayın ideallarını onaylayan Mərziyə Üskülünün "İftixar" adlı əsərində isə gənc şairin həyata, dünyaya baxışını, qadına, anaya, adi əmək adamına yanaşması müşahidə olunur. Fars dilindən tərcümə etdikdə "Mən anayam, mən bacıyam, mən sədaqətli həyat yoldaşıyam, mən qadınam... Mən şimalın kiçik kəndindənəm. Düyü plantasiyalarında, çay tarlalarında gücüm çatana qədər əmək sərf etmişəm... Mən fəhləyəm, mən kəndliyəm. Mənim bütün varlığım əməklə yoğrulmuşdur. Aclığımın qondarma, lütlüyümün əfsanə olduğunu iddia edənlər nə qədər şərəfsizdir. Mən bir qadınam ki, onun varlığını ifadə edən heç bir məfhum sizin bədnam mədəniyyətinizdə öz əksini tapmamışdır... Mən bir qadınam ki, zəhmət, əmək ona silah tutmaq qabiliyyəti də bəxş edib" mənasını verən şeir uşaqlar, özəlliklə də qız cocuqları üçün necə yaşamağın manifesti siqlətindədir.

"Vətən", "Sərçələr", "Durnalar", "Qaranquş", "Fil", "Xoruz", "Dovşanın nağılı", "Günəş", "Buludlar", "Əsin, küləklər", "Bizim dağlar", "Sarmaşıq", "Bənövşə", "Mən bir qızam", "Ceyran bala", "Uşaqların dünyası" kimi maraqlı şeirlər yazan və bu poetik mətnlər vasitəsi ilə uşaqlara təbiəti, doğma Azərbaycanın zəngin flora və faunasını onların öz dili ilə öyrədən Haşım Tərlan da həmin xələflərdən biridir. Şairin yaradıcılığında balaca oxucular al-əlvan rənglərin və parlaq günəş işığının oluşdurduğu əsrarəngiz bir uşaq dünyasının ağuşuna düşürlər.

Əli Daşqının uşaqlıq mövzusunda qələmə aldığı əsərlər içərisində "Əlifba" şeiri öyrədicilik, maaarifləndiricilik funksiyasına görə xüsusilə maraq doğurur. Şairin 32 hərfdən oluşan latın əlifbasının hər hərfinə aid qoşduğu beyt və misralar körpə oxuculara əlifbanın uğurla, həm də böyük maraqla öyrədilməsinin ən parlaq örnəyidir:

 

"A" ananı göstərər,

O da mənəm səsliklər!

"U" ulduza baxırdı,

Əriyirdi, axırdı.

"Ü" üzümdən danışdı

Gördü hamı tanışdı.

"V" vurdu, qab calandı

Dedi: Bunlar yalandı!

"Y" yalanı sevmədi

Səssiz, səsliklər! - dedi.

"Z" züydü ağır-ağır

Göyə qalxdı çal-çağır.

Səsliklər əyləndilər,

Uşaqlar öyrəndilər...

 

Gənc yazar Ramin Cahangirzadə bu tendensiyanı "Əlifba" və "Rəqəmlər" (Tehran-2017) adlı silsilə şeirlərində davam etdirir. Türk kökənli öyrəncilərə rəqəmlərin fars dilində öyrədilməsinə göz yuma bilməyən təəssübkeş şair onların adlarını şeir dili ilə Azərbaycan türkcəsində kiçikyaşlı oxucularının yaddaşına hopdurur. Raminin rəqəmlərə poetik yanaşması həm maraqlı, həm də çox düşündürücüdür. Rəqəmlərlə bağlı şairin vəsfləndirmələri kiçikyaşlı oxucunu onları sevməyə və möhkəm yadda saxlamağa yönləndirir, eyni zamanda da maarifləndirir. "Beş" rəqəmi ilə bağlı yazdıqlarında olduğu kimi:

 

Bədənlərin forması

bir cüt əl, bir cüt ayaq

bunların başında baş

gəl yeni forma quraq

 

işıqlığın ünsürü

torpaq, yel, su və işıq

alovu qat bunlara

bu ünsürə yaraşıq

 

beş daşımız var bizim

bir az beşdaş oynayaq

saat beşi işləyir

bu oyuna son qoyaq.

 

Bu gün Güney Azərbaycanda Uşaq ədəbiyyatının durumu könülaçandır. Bu yöndə araya-ərsəyə gəlmiş əsərlərin çapı sahəsindəki gəlişmə isə gələcəyə ümidlə baxmağa imkan verir. Çap məhsullarını incələyərkən bu sonuca vardıq ki, uşaq ədəbiyyatı mövzusu Güney yazarları üçün çox aktual, həm də prioritetdir. Ramin Cahangirzadə, Xosrov Barışan, Məhəmməd Abidinpur, Səhər Xiyavi, Leyla Kəhalı, Məlihə Əzizpur, Murtuza Məcidfər, Ruqiyyə Əbdili Sazaq, Ruqiyyə Əliquliyan, Süsən Nəvadərəzi, Rəsul Qədiri və başqa yazarlar uşaqların qəlbinə yol tapan, ruhunu oxşayan əsərlər qələmə alırlar. Fərəh hissi ilə deyə bilərəm ki, Ramin Cahangirzadə, Rəsul Qədiri, Xosrov Barışan, Ruqiyyə Əliquliyan, Məhəmməd Abidinpur və Səhər Xiyavinin çap olunmuş və son dönəmlərdə çapa hazırladıqları kitablar uşaqlara böyük sevinc hissi yaşadacaqdır.

Fikrimi bu sahədə çox məhsuldar işləyən Çağdaş Güney Azərbaycan ədəbiyyatının zəngin  yaradıcılığa malik nümayəndələrindən olan Ramin Cahangirzadənin timsalında əyaniləşdirmək istəyirəm. Vurğulamaq istərdim ki, Ramin Cahangirzadə artıq uşaq yazarı kimi püxtələşib. Onun özəlliklə uşaqlar üçün yazdığı və çap etdirdiyi "Ulduz", "Nar", "Dörd fəsil", "Xallı və Allı", "Peşələr", "Aylə və Qohumlar", "Tıraxtur basdı qaza", "Rəqəmlər", "Əlifba" və digər kitabları ona çox sayda oxucu qazandırıb.

Çağdaş dövrün ən məhsuldar şairlərindən biri olan Rəsul Qədirinin də son illərdə Güneydə "uşaqların böyümə və inkişaf, xəyal, duyğu, düşüncə və duyarlılıqlarına, zövqlərinə əyilərkən əylənmələrində iştirak etmək məqsədilə reallaşdırılan çocuksu bir ədəbiyyat"a son dönəmlərdə marağın bu dərəcədə artması və inkişafının təmini ilə bağlı çalışmalar üzərinə Nadir Əzhərinin yazdığı fikirlər tam bir gerçəkdir: "İndiki vaxtda, gözəl bir kitabçı dükanına girən bir uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsmsiz macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, özyaşam əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer üzündə var olan hər şeylə əlaqədar düzinlərlə kitab rəfləri doldurar. Bu gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı". Kitab satın almağa gücü çatmayan uşaqlar üçün Xalq kitabxanalarının uşaq kitabları hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin də öz xüsusi kitabxanası vardır. İndiki vaxtda uşaq kitablarının həm təlimçi, həm də əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə deyildi, üstəlik uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. XVIII əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda konuşa bilsəydiniz, oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvəlinə qədər kitab deyilincə, uşaqların ağlına, başdan sona yaxşı davranış qaydaları ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı..."

Xosrov Barışanın uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı "Gözəl quşum" kitabından "Ulduz" adlı şeiri fikirlərimə söykək ola bilər. Səma cismi ulduzla bu adı daşıyan qızın mükaliməsi əsasında yaranan şeirdə Xosrov çox maraqlı bədii müqayisə yaradıb. Ulduz adlı qızcığaz səmadan ona baxıb göz vuran, yanıb sönən, dağın başındaymış kimi görünən ulduzu nərdivanla dağa çıxıb dərmək və anasına hədiyyə vermək istəyir. Kiçikyaşlı oxucular bu istəyin mümkünlüyünə inanır, onların bapbalaca ürəyindən bu arzu keçir:

 

Çıxsam əyər dağa mən;

Əlim çatarmı sənə?!

Nərdivan qoyub dağa,

Mən səni dərəcəyəm.

Anama sonra səni

Hədiyyə verəcəyəm.

 

Beləliklə, bir cəhəti vurğulamaq gərəkir ki, uşaqlar üçün nəzərdə tutulan bədii əsərlər ana dilində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, milli xüsusiyyətləri və anlama qabiliyyətləri nəzərə alınmalı, süjet xətti sadə, dili aydın və xəlqi olmalıdır ki, bağça və məktəb yaşlı uşaqların nitqlərinin, bədii zövq və dünyagörüşlərinin inkişafına kömək etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





20.12.2022    çap et  çap et