525.Az

Ədəbiyyat Muzeyində konfrans: Dünyadan keçən Nazim və Nazimdən keçən dünya


 

Ədəbiyyat Muzeyində konfrans: Dünyadan keçən Nazim və Nazimdən keçən dünya<b style="color:red"></b>

Dekabrın 20-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Dünyadan keçən Nazim və Nazimdən keçən dünya” mövzusunda respublika elmi konfransı keçirilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə muzeyin baş direktoru akademik Rafael Hüseynov “Azərbaycanın, türklüyün və dünyanın Nazim Hikməti” mövzusunda məruzə ilə çıxış edib. Rafael Hüseynov konfransın XX əsrin görkəmli türk şairi Nazim Hikmətin anadan olmasının 120 illik yubileyinə həsr olunduğunu söyləyib. Nazim Hikmətin təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərdiyini bildirib, şairin həyat və yaradıcılıq yolunun Azərbaycanla bağlı məqamlarına diqqət yetirib. Qeyd edib ki, söz dünyasının nəhəng simalarından olan Nazim Hikmət Azərbaycan, Türkiyə və dünya ədəbiyyatının tarixində silinməz iz qoyub.

“Nazim Hikmət ölkəmizdə hər zaman daha artıq anılacaq. Çünki Azərbaycan onun üçün Vətən olmuşdur. Nazim gənc yaşlarında 1927-ci ildə ilk dəfə Bakıya qədəm qoydu. O, yaradıcılığa Türkiyədə başlasa da ilk şeirlər kitabı “Günəşi içənlərin türküsü” 1928-ci ildə Bakıda işıq üzü görüb”, - deyən akademik görkəmli şairin görünməz, dərin bağlarla Azərbaycana bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Nazim Hikməti tanıyanlar onun sıradan bir insan deyil, dahi olduğuna heç zaman şübhə etmirdilər. Həyatının böyük hissəsini qürbətdə yaşamış böyük şair bütün varlığı ilə hər zaman Türkiyəni sevib və doğma vətəninin həsrətini çəkib. Türkiyədə doğulan və əsilzadə nəslin nümayəndəsi olan Nazim gənc yaşlarından siyasətə, kommunizm və inqilabi ideyalara bağlanmışdı. 1950-ci ildə həbsxanadan azad edilən şair qısa ömür yaşamasına baxmayaraq, bu qısa ömrünə “şeir” adlı böyük bir dünya sığdırıb. Şairin qələmi, sözü, duyğuları, düşüncələri hər zaman ona sadiq olub və o, həmişə sözün doğrusunu deməyə yönəlmiş bir insan olub. O, ədəbiyyata gerçək düşüncə, gerçək bir ifadə tərzini gətirdi.

Akademik türk ədəbiyyatında sərbəst şeirin banisi olan şairin əsərlərinin bədii-estetik xüsusiyyətlərinə görə seçildiyini vurğulayıb: “Nazim Hikmətin şeirləri türkcə səslənəndə, rus dilinə tərcümə olunanda və digər dillərdə oxunanda da onun içərisindəki fikir oxucunu təsir altına salmağı bacarırdı. Rusiyanın neçə böyük şairi Nazim Hikmətdən bəhrələndiyini etiraf edib”.

Rafael Hüseynov N.Hikmətin 100 və 110 illik yubileylərinin də Ədəbiyyat Muzeyində qeyd olunduğunu deyərək, dahi şairin təkcə yubileylərində deyil, Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı tarixində hər zaman xatırlanacağını bildirib.

Konfransın plenar iclasında “Nazim Hikmət şeirlərində “su” konseptinin ifadə vasitələri”, “Xalq yazıçısı Anarın böyük Nazim Hikmət sevgisi”, “Azadlıq və bərabərlik carçısı – Nazim Hikmət”, “Nazim Hikmət poeziyasında vətənpərvərlik motivləri” mövzularda məruzələr dinlənilib.

Tədbirdə görkəmli şairin həyat və fəaliyyətini, onun Azərbaycan səfərlərini özündə əks etdirən fotoslayd nümayiş olunub.

Konfrans işini “Nazim Hikmət yaradıcılığı və incəsənət”, “Nazim Hikmət və Azərbaycan ədəbiyyatı”, “Nazim Hikmətşünaslıq: Türkiyədə, Azərbaycanda, dünyada” və “Nazim Hikmət şeiri və poetika məsələləri” üzrə bölmə iclasları ilə davam etdirib.

 





20.12.2022    çap et  çap et