Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında saziş enerji sektorunda yeni, eyni zamanda, mühüm bir mərhələ açdı. Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya, Gürcüstan və Macarıstanın baş nazirləri Nikolae Çuke, İrakli Qaribaşvili, Viktor Orban imzalayıblar. Mərasimdə Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
Hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında "yaşıl enerji"nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək. Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi daha əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əldə edilmiş razılaşmanın tərkib hissəsidir. Prezident İlham Əliyev sənədi yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm saziş, Azərbaycanla Avropa arasında yeni enerji körpüsü adlandırıb.
Bu saziş regionda yaşıl enerjinin inkişafı və ixracı ilə bağlı yeni bir imkandır. Çünki ekoloji cəhətdən təmiz, bərpa olunan mənbələrdən enerji istehsalı inkişaf etmiş ölkələrin enerji siyasətində getdikcə daha çox yer tutur. "Goldman Sachs" İnvestisiya Bankının proqnozlarına görə, 2040-cı ilə qədər yaşıl enerji istehsalına yönəldiləcək investisiyaların həcmi 30 trilyon dollar təşkil edəcək. Digər tərəfdən, Rusiyanın Ukraynada apardığı müharibə Avropanın enerji təminatında çətinliklər yaradıb. Bu gün Avropada ciddi enerji böhranı yaşanır. Ona görə də yaşıl mənbələrə keçid indi daha çox aktuallıq kəsb edir. Avropa Kommisiyasının açıqlamasında sazişin Aİ-nin Cənubi Qafqazdakı tərəfdaşlığını inkişaf etdirəcəyini və hər iki regiona təmiz enerji keçidində kömək edəcəyini, eyni zamanda, təchizat təhlükəsizliyini artıracağı vurğulanıb. Qeyd olunub ki, Brüsselin etibarlı tərəfdaşlarla əməkdaşlığı getdikcə daha çox əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Azərbaycanın Avropa İttifaqının tərəfdaşı kimi əhəmiyyəti keçdikcə artmaqdadır. Bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanması da Aİ-nin enerji sektorunda tərəfdaş kimi Azərbaycana verdiyi önəmi göstərdi. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdirsə, bu il ixracat rəqəmi 11,3 milyard kubmetrdir. Növbəti il həmin həcm ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il isə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr təşkil edəcək. Rəqəmlər də tərəfdaşlığın səviyyəsini aydın göstərir.
Deputat Vüqar Bayramov hesab edir bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq: "Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur".
Deputat Hikmət Babaoğlu Buxarestdə imzalanan saziş 21-ci əsrin yeni yaşıl enerji dəhlizi sazişi adlandırıb. Onun sözlərinə görə, bu dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sazişdir: "20-ci yüzilliyin sonunda əsrin müqaviləsi möcüzəsini yaradan Azərbaycan 21-ci yüzilin əvvəlində yaşıl enerji sahəsində belə bir möcüzəni yarada bildi. Şübhəsiz ki, 4-cü sənaye inqilabı çağırışları kontekstində dünya tamamilə yeni enerji təchizatı mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələ tükənən deyil, bərpa olunan enerji təhcizatı zərurətinə söykənir. Azərbycanın isə bərpa edilən enerji ehtiyatları quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpa edilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerji istehsal edərək, ixrac edə biləcəyini göstərir. Ona görə də görüşdə iştirak edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bildirdi ki, bərpa olunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir və çox iddialı bir layihədir. Göründüyü kimi yeni yaşıl enerji dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır. Belə starteji problemin həlli isə etibarlı tərəfdaş olmadan mümkün deyil. Azərbaycan isə bu missiyanı layiqincə yerinə yetirə bilir. Təsadüfi deyil ki, avropalıların yaşıl enerji kimi səciyyələndirdikləri qaz təchizatı məsələsində də Azərbaycan etibarlı və güvənilir bir tərəfdaş kimi çıxış edir".
çap et