525.Az

"Güney Azərbaycanın taleyi azərbaycanlıların özündən asılı olacaq"


 

POLİTOLOQ: "İRAN GƏNCLƏR ARTIQ RADİKAL REJİMİ RƏDD EDİRLƏR"

"Güney Azərbaycanın taleyi azərbaycanlıların özündən asılı olacaq"<b style="color:red"></b>

İranda xalqın rejimə qarşı etiraz aksiyaları davam edir. İnsanlar üç aydan çoxdur ki, etirazlara qalxıb və mollaların getməsini tələb edirlər. Ötən müddət ərzində Tehran rejimi xalqın hər hansı tələbini yerinə yetirmədi. Əvəzində dinc aksiya iştirakçılarına qarşı çox qəddar, amansız üsullara əl atdı. Belə ki, insanlar təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilir, həbs edilərək ağır işgəncələrə məruz qalır, edam olunur, oğurlanaraq öldürülür. Rejim qadın, uşaq, qoca, fərq qoymadan hər kəsə qarşı eyni qəddarlıqla davranır. İran adlı ölkə artıq xalqın həbsxanasına çevrilib. 44 il ərzində molla rejimi insanlara ancaq işgəncə verib, öldürüb, əzib, onları qorxu altında saxlayıb. Bununla belə, proseslərin inkişafı göstərir ki, rejim artıq ödürməklə, işgəncə ilə insanları qorxuda bilmir. Əksinə, xalq 44 ildir zülm gördüyü bu rejimin getməsi üçün ölümü belə gözə alıb. Ona görə də gözlərini qırpmadan mübarizəyə atılıb, öz həyatlarını qurban verməkdən çəkinmirlər. Bundan sonra İranda proseslər necə davam edəcək? Etirazların önündə gedən Güney azərbaycanlıları nə gözləyir?

Politoloq Fikrət Sadıqov mövzunu "525"ə şərh edib. Onun sözlərinə görə,  İranda baş verən hadisələr göstərir ki, xalq, xüsusən də gənc nəslin nümayəndələri artıq bu rejimi qəbul etmək fikrində deyillər. İnsanların küçələrdə, meydanlarda rejimə qarşı belə genişmiqyaslı etirazları, addımları onu göstərir ki, radikal rejimin xalqa qarşı, xüsusilə də qadınlara yönəlik addımlarını rədd edirlər.

Politoloq əlavə edib ki, İranda xalqın etirazı səngimir: "Düşünürəm ki, yaxın gələcəkdə biz etirazların səngiyəcəyini müşahidə etməyəcəyik. Çünki etirazlar genişmiqyaslı xarakter alıb".

Lakin F.Sadıqov hesab edir ki, burda bir sıra məqamlar hərəkatın gedişinə müəyyən dərəcədə öz mənfi təsirini göstərir: "Əvvəla, bu etirazın xarizmatik lideri gözə görünmür. Yəni ortada etiraz aksiyalarını idarə edən hansısa bir siyasi qüvvə olmalıdır. Həmin qüvvə xalqı arxasınca aparıb, konkret proqram çərçivəsində insanları rejimə qarşı yönəltməlidir. Biz bunların heç birini müşahidə etmirik. Belə görünür ki, hələ bu lider yetişməyib və ona görə də insanlar hələlik etirazları kortəbii şəkildə davam etdirəcəklər. Digər reallıq da bundan ibarətdir ki, İran rejimi artıq etirazçıların bir sıra tələbləri ilə hesablaşmalıdır. Əks halda etirazlar səngiməyəcək".

Güney Azərbaycan mövzusuna toxunan politoloq deyib ki, etirazçılar arasında Güney azərbaycanlılar kifayət qədər çoxdur: "Əminəm ki, onların arasında xalqı irəli aparan, xalqın yeni bir formatda inkişaf etmək yolunda addımlar atmasına kömək edəcək insanlar çoxdur. Mən buna şübhə etmirəm. Lakin düşünmürəm ki, əgər rejim devrilərsə, dərhal Güney Azərbaycan müstəqil dövlətə çevriləcək. Çünki burada bir sıra məsələlər var. Zaman və tarix göstərir ki, nə şah rejimi, nə molla rejimi Azərbaycana qarşı mülayim münasibət nümayiş etdirib. Bunu biz görürük və bir sıra ekspertlərin rəyi də bunu göstərir. Yəni əgər azərbaycanlılar geniş şəkildə muxtariyyət almaq istəyirlərsə, öz dillərində oxumaq, mətbuat yaratmaq, daha geniş şəkildə öz tarixlərini öyrənmək, dili inkişaf etdirmək istəyirlərsə, bunun üçün özləri mübarizə aparmalıdır. Hesab edirəm ki, Güney Azərbaycanın taleyi azərbaycanlıların özündən asılı olacaq. Onlar bu yolda mütəmadi şəkildə və ardıcıl formada mübarizə aparmalıdırlar. Çünki onların əvəzinə bunu heç kəs edə bilməz. Belə olan halda nələrəsə nail ola bilərlər".

 

 





21.12.2022    çap et  çap et