525.Az

Aktyorlarımız hansı tamaşalara baxırlar? - Şahanə Müşfiq yazır


 

SƏHNƏ XADİMLƏRİMİZİN DİGƏR TEATR KOLLEKTİVLƏRİNİN YARADICILIĞINA MÜNASİBƏTLƏRİ FƏRQLİDİR

Aktyorlarımız hansı tamaşalara baxırlar? - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Bu zamana kimi teatr haqqında fərqli və cürbəcür təriflər deyilib. Onlardan ən məşhuru isə Şekspirin "teatr insanı insana bağlamaq, insanla insanca danışmaq sənətidir" ifadəsidir.

Teatr mənəvi aləmin saflaşdığı, ruhun yeniləndiyi, dünyaya, həyata, insanlara kənardan baxmaq şansı əldə etdiyimiz möcüzəvi bir məkandır. Mədəni istirahətin ən gözəl növlərindən biridir.

Bəs işi teatr olanlar mədəni istirahətin bu növündən yararlana bilirlərmi? Görəsən, aktyorlarımız öz teatrlarından başqa, digər teatrların tamaşaları, premyeralarıyla maraqlanır, baxmağa gedirlərmi?

Bu, həm də həmkarın həmkarına dəstəyidir, fikrimcə. Aktyorlarımız bu dəstəyi nə qədər gerçəkləşdirirlər?

Məhz bu mövzudan çıxış edərək müxtəlif teatrlarımızın aktyorlarına bu sualla müraciət etdik: "İşlədiyiniz teatrdan başqa, digər teatrların tamaşalarına gedirsinizmi? Ən son hansı teatrda olmusunuz?"

lll

Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Şövqi Hüseynov vaxt azlığından gileyləndi: "Əlbəttə, vaxtaşırı gedirik. Ancaq bildiyiniz kimi, demək olar ki, bütün teatrlarda tamaşalar şənbə və bazar günləri olur. Mən də həm Gənc Tamaşaçılar, həm də Akademik Musiqili Teatrda oynadığım üçün az qala hər şənbə və bazar tamaşalarım olur. Ona görə də çox tez-tez gedə bilmirik. Amma vaxt tapdıqca digər teatrların tamaşalarına getməyə çalışıram. Düzünü deyim ki, axır vaxtlar heç imkan olmayıb hansısa tamaşaya gedib baxmağa".

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova isə son dəfə may ayında tamaşada olduğunu dedi: "Bildiyiniz kimi, mən həm teatrda, həm də dublyajda çalışıram. Ona görə çox vaxt tapa bilmirəm tamaşalara getməyə. Ancaq hər fürsətdə mütləq gedirəm. Axırıncı dəfə mayın 16-da Xəzər Media Mərkəzində səhnələşdirilən "Venesiyada qürub çağı" tamaşasına baxmışam. Tamaşa Əməkdar artist Nəcibə Hüseynova üçün xüsusi olaraq yazılmışdı və həmin gün onun 70 illik yubiley gecəsi idi. Müəllif və tamaşanın rejissoru Cilqamlı Rəmziyədir. Tamaşada, həmçinin, sevilən aktyor, Xalq artisti Sabir Məmmədov da rol almışdı. Çox bəyəndiyim və hələ də sevərək xatırladığım bir gecə olmuşdu".

Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev də mədəni istirahətə vaxt tapa bilməyən sənətçilərdəndir: "Düzünü deyim ki, son zamanlar digər teatrların tamaşalarına gedə bilmirəm. Birincisi ona görə ki, öz teatrımızda məşqlərimiz, tamaşalarımız kifayət qədərdir. Zamanımızın daha çoxunu teatrın işləriylə məşğul oluruq. Vaxt qaldıqda isə əlavə qazanc dalıyca gedirik".

Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Nofəl Vəliyev isə ən son Akademik Milli Dram Teatrının tamaşasına getdiyini deyir: "Eyni vaxtda tamaşalarımız olduğundan təəssüf ki, tez-tez getmək imkanı tapmırıq. Ancaq fürsət olduqca Akademik Milli Dram Teatrına, Musiqili Teatra, Pantomima teatrına gedirəm. Sonuncu dəfə Akademik Milli Dram Teatrında "Filumena Marturano", Pantomima Teatrında "Şinel" və "İblis" tamaşalarına baxmışam".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynova zaman olduqca digər teatrların premyeralarına getdiyini bildirdi: "Tamaşalar, adətən, şənbə və bazar günləri olur. Öz teatrımızda tamaşamız olduğu günlərdə digər teatrlarımıza tamaşaçı qismində qatıla bilmirik. Lakin buna baxmayaraq, mən mütəmadi olaraq Akademik Milli Dram Teatrının, Akademik Musiqili Teatrının və Opera və Balet Teatrının tamaşalarına qatılıram. Son getdiyimi tamaşa Akademik Musiqili Teatrının "Bəxtiyar" tamaşası olub. Hətta bəzən bir tamaşanı bir neçə dəfə izlədiyim də olub. Sevdiyim tamaşadırsa, zamanım olduqca dəfələrlə izləyirəm. Həmkarlarımızın yaradıcılıqları ilə tanış olmaqdan çox məmnun oluruq".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Anar Səfiyev isə daha çox YUĞ Teatrının yolunu tutan sənətçilərdəndir: "Bəli, imkan düşdükcə digər teatrların tamaşalarına, dostlarımızın oynadığı səhnə əsərlərinə baxmağa gedirəm. Ən çox getdiyim isə YUĞ Teatrıdır. Ondan başqa, Akademik Milli Dram Teatrının, M-Teatrın tamaşalarına gedirəm. Sonuncu dəfə M-Teatrın "Yad qadının məktubu" və "İnstinkt" tamaşalarına baxmışam".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası Səbinə Məmmədova da həmkarlarının yaradıcılığını yaxından izləyən sənətçilərdəndir: "Əlbəttə ki, imkan tapdıqca bütün yeni tamaşalara gedib izləyirəm. Bəzən həftə sonları tamaşalarımız olduğu üçün özüm də bu tamaşalarda iştirak etdiyimdən gedə bilmirəm. Amma imkan varsa, mütləq həmkarlarımın tamaşalarına, premyeralarına qatılıram. Yaşasın teatr".

Bakı Bələdiyyə teatrının aktrisası Zülfiyyə Qurbanova da bir çox teatrların tamaşaçısıdır: "Vaxt olduqca mütləq digər teatrların tamaşalarını, premyeralarını izləməyə gedirəm. Daha çox Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı və başqa teatrlarda oluram. Ən son Akademik Milli Dram Teatrının tamaşasını izləmişəm".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası Zümrüd Quliyeva da mədəni istirahətini teatrda keçirən sənətçilərdəndir: "Bəli, imkan olduqca mütləq digər teatrların tamaşalarına gedirəm. Son aylarda Pantomima, YUĞ və Şahmat teatrlarının tamaşalarında olmuşam. Ən son YUĞ teatrında Gümrah Ömərin quruluşunda Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" əsəri əsasında hazırlanmış "Şəbədə" tamaşasına baxmışam".

Təəssüf ki, biz tamaşalarda olarkən digər teatrların aktyorlarını heç də çox görmürük. Əlbəttə, bunun əsas səbəbi onların özlərinin də dediyi kimi, tamaşaların, demək olar ki, bütün böyük teatrlarda eyni vaxtda olmasıdır. Ancaq fikrimcə, necə ki, şairlər, yazıçılar bir-birinin kitab təqdimatına, şeir gecəsinə, yubiley tədbirlərinə gedirlər, aktyorlar da bir-birinin tamaşalarına, premyeralarına getməli, həmkarlarına və teatrımıza dəstək olmalıdırlar. Bu, sənət adamının teatra iş kimi deyil, sənət növü, mədəni istirahət kimi yaşandığının ən gözəl sübutu olardı.

Bütün hallarda teatr sənətin ən uca zirvəsi, xalqın mədəniyyətinin ən yaxşı nümunəsidir. Başda, bu sənətin daşıyıcıları olmaqla, hər birimiz teatrın tənəzzülünü imkan verməməli, onun inkişafı üçün var gücümüzlə çalışmalıyıq.

Teatrlarda görüşək...

 





21.12.2022    çap et  çap et