525.Az

Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu - Esmira Fuaddan 4-cü yazı


 

Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu - <b style="color:red"> Esmira Fuaddan 4-cü yazı</b>

Ana təbiətin flora və faunası, ilin fəsilləri Güney şairlərinin yaradıcılığında, çağdaş dövr uşaq ədəbiyyatında əsas mövzulardan biridir. Həbib Fərşbaf, İsmayıl Əfxəmi, Ramin Cahangirzadə, Xosrov Barışan və Bəhram Əsədi ilin dörd fəslinin özəlliklərini vəsf etdikləri silsilə şeirlərini uşaqların anlaya biləcəyi sadə türkcədə qələmə almışlar. İsmayıl Əfxəminin "Yaz", "Yay", "Payız", "Qış" adlı şeirləri bu baxımdan özəlliklə diqqətəlayiqdir.

İstedadlı yazar Əziz Səlami "Uçanlar" silsiləsindən yazdığı şeirlərlə balaca oxuculara, eyni zamanda, böyüklərə quşların, təbiətin möcüzəli aləminin sirli dünyasının qapısını açır. Şair kiçik və böyükyaşlı oxucularını müxtəlif quşların özəlliklərini nəzmə çəkməklə həmin o hasarsız, divarsız sonsuzluğun içində nəfəs ala bilməyin mümkün olduğu dünyaya aparır və onlara o zövqü yaşadır.

"Uşaqların dərk gücü sandığımızdan daha yüksək dərəcədədir. Bunu anlamaq üçün, onların hərdənbir böyüklərə hazırcavablıq etməsinə fikir versək, yetər. Körpələrin beyni ağ kağıza, tarlaya, özləri isə fidana bənzəyirlər. Onların çox həssas ruhları var. Gözləmədiyimiz şeylərdən və çevrələrindəki bütün olaylardan etkilənə bilərlər. Bütün bunlara görə, uşaq ədəbiyyatı sahəsində çalışmaq, çoxlarının düşüncəsinin əksinə olaraq, heç də asan deyil. Hətta ən çətin və dəqiqlik istəyən ədəbiyyat alanı əslində, uşaq ədəbiyyatı meydanıdır... Əsərlərdə uşağın beyninə sevgi, soruşqanlıq, yoldaşlıq, ümid, fədakarlıq, düzlük, heyvan, bitki və çevrəsevərlik, başqalarına yardım etmək, təmizlik, nəzm və zəifin əlindən tutmaq kimi insani dəyərlər, dolayısı ilə aşılanmalıdır; məncə, bu qavramları birbaşa reklam etməkdən cavab alınmaz" - Rəsul Qədiri belə düşünür.

Azəryar Danişvərsə uşaqları onlar üçün qurduğu şeir dünyasında nəinki heyvanlar və quşlar, bitkilər aləminə aparmaqla kifayətlənir, hətta onları şəhər nəğmələrinin qanadları üstünə də ala bilir. "Təbriz bazarı" şeirində Təbriz şəhərinin ən böyük xiyabanında yerləşən böyük taxta qapıları olan qədim örtülü bazarını gəzdirdiyi kimi:

 

Çox böyükdür bizim bazar,

Kitabların çoxu yazar:

- Böylə böyük bazar indi

Dünyada bir Təbrizindi!

 

Uşaq ədəbiyyatı örnəklərinin çapı və oxuculara çatdırılması işində "Urmu Turuz" saytı böyük rol oynayır. Bu sahədə yaradılmış çox sayda qiymətli əsərlər məhz həmin saytda yayımlanaraq balacaların mühakiməsinə verilib.

Son çağlarda uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazan şair və yazıçılar sırasında Ramin Cahangirzadə, Məsumə Əjdəri, Əkbər Azad, Məhəmməd Abidinpur, Fatimə Mir Həsənpur, Rəsul Qədiri, Əli Daşqın, Aqşin Ağkəmərli, Süsən Nəvadeye Rəzi, Murtuza Məcidfər, Həbib Fərşbaf, Fəridə Dadxah, Zöhrə Vəfayi və başqalarının çap məhsulları maraqla qarşılanıb. Bu müəlliflər arasında uşaqlar üçün təkcə şeir deyil, həm də düz yazı-nəsr nümunələri, bir-birindən maraqlı öykülər yazanlar da vardır. Əli Daşqın "Kənd gəlini", "Sarışın", "Çəkmə yarası", "Bayraq kölgəsi", Aqşin Ağkəmərli "Dondurmaçı", "Quru göl", Səhər Xiyavi "İki yalqız ayı balası, Rübabə Quluzadə "Dairə", "Cüccüldəyən qarğa balası", Vida Həşməti "Ucuz olmayan dadlı özgürlük", "Kiçik Yasəmənin böyük sevinci" və digər öykülər kiçikyaşlı oxucuların diqqət mərkəzində öz yerini tutub. Uşaq ədəbiyyatı örnəklərinin yayını və yayımı sahəsində vaxtilə "Dədə Qorqud" və "Birlik" dərgilərinin gördüyü gərəkli işi Süsən Nəvadeye Rəzi və "Sancaq" dərgisinin ayrıca "Muncuq" əlavəsinin yaradıcı kollektivi bu gün Güneydə ən layiqli şəkildə davam etdirir. "Kəpənək" dərgisinin fəaliyyəti də ürəkaçandır.

Maraqlı cəhət budur ki, məktəb müəllimi işləyən yazar Məhəmməd Abidinpur çox ilginc və yeni-yeni uşaq ədəbiyyatı örnəklərinin yaranması üçün maraqlı bir eksperiment həyata keçirmişdi. Gənc pedaqoq şagirdlərin bədii təfəkkür gücünü yoxlamaq, eyni zamanda da inkişaf etdirmək üçün onlara görüb müşahidə etdiklərini qələmə almağı tövsiyə etmişdi. Eksperimentin sonucunda isə o, uşaq ədəbiyyatı dünyasına Sədra Əhmədi (13 yaşında, Mərənd), Məhəmmədrza Təvəkülipur (13 yaşında, Mərənd), Sədra Əhmədi (13 yaşında, Mərənd), Aytək Arvini, Dəniz Əmani, Araz Əmani (11 yaşında), Əmirrza Purxəlil (13 yaşında, Mərənd), Məhəmməd Rismani (11 yaşında, Mərənd), Məhəmmədmoin Rəcəbi Kəndələci (14 yaşında, Mərənd), Əmirrza Purhəsən (13 yaşında, Mərənddən), Ümid Abdullahzadə (11 yaşında, Mərənd) kimi kiçikyaşlı yeni müəlliflər qazandırdı. Eksperimenti gerçəkləşdirən gənc müəllimin bununla bağlı ilk addımı necə atması ilə bağlı düşüncələri digər öyrətmən və öyrəncilər üçün də maraqlı olduğu qənaətindəyəm: "Dörd yaş yarımda olan Sonay çəkdiyi rəsmi mənə görsədib belə dedi: "Ata! Az qaldım pis adam çəkəm!" Pis adamdan təkcə iki barmağını çəkmişdi mənim dınqılı Sonayım! Sonayın sözündən fikrimdə bu soru yarandı: - Uşaqların baxışında pis adam necə olur? Və ya uşaqlara görə pis necə bir şeydir? Mən bu fikri bir projə sürəcində işləmək üçün 5 yaşdan 14 yaşadək uşaqların sorağına gedərək onlardan istədim: Pisi və ya pis adamı mənə çəksinlər və ya onlara görə bir inşa və öykü yazsınlar. Sonuc məncə ilginc idi. Bunların bir neçəsini sizinlə paylaşıram; ardıcıl olaraq yenə də paylaşacağam. Məhəmməd Abedinpur..." Eksperimentə Mərənd şəhərindən qatılan 13 yaşlı Əmirrza Purxəlilin öyküsündə "pis adam" anlayışına çox məntiqli yanaşma, həm də sonucavarma özünü göstərir: "Yaxşı dostum Əmirrza! Səni düzgün alqışlayıb afərin demək istəyirəm; çünki pisi görsətməkdə başarılısan. Qorxunc filmlərə meydan oxuyaraq nəfəs daldıran, bağrımı çatladan təsvirlərlə məni oturduğum yerdə qurudaraq addım-addım qorxu ilə dəhşətin lap içinə atmağı başarmısan. Oysa yazıvın tənzi sonunda idi; onda ki, bildim o bağrımı yaran yaratıq öz batinimdir!

Bizi əxlaqsız və insandışı işlərin görülməsinə yönləndirən biz insanların pis və qorxunc batinlərimizdir. Belə bir batinlə çox rahat, çəkinmədən acımasızcasına uşaqları incidib əziyyət edərək, onların göz yaşlarına baxmadan gəlinciklərini, qolçaqlarını paramparça edirik! Və... bəllidir ki, həm kitab oxuyursan, həm də təxəyyül və yazmağa marağın var. Sənə verilən azacıq fürsətdə yaxşı bir dənəmə yazmısan. Bunların hamısının yanında "Muncuq" üçün dəyərli və önəmli olan budur ki, həm sən, həm isə Məhəmmədlə Ümidin yazdığı, habelə Şayanın nəqqaşisi yalnız və yalnız özünüzə aiddir. Onlar öz zehnizin meyvəsi, barıdır. Müncüq üçün bu, çox gözəldir". 

Körpə fidanların hərtərəfli böyüyüb yetişmələri üçün bədii ədəbiyyatın nə qədər önəmli olduğunu gözəl anlayan uşaq yazarı onların anlayacağı bir dildə dram əsərləri-pyeslər də qələmə alıb və  iki pyesi - "Torpaqdan bitən gülüş" (Ərdəbil-2018) və "Elay durur ayağa" (Ərdəbil-2018) artıq çapdan çıxıb. Son çağlarda istər Quzey Azərbaycanda, istərsə də Güneydə uşaqlar üçün dram əsərlərinin, demək olar ki, yazılmadığı, uşaq dramaturgiyasında durğunluğun hökm sürdüyü bir dönəmdə bir müəllifin üç pyesinin səhnələşdirilərək teatr salonlarında nümayiş olunması böyük hadisədir. "Torpaqdan bitən gülüş" (Ərdəbil-2017), "Elay durur ayağa" (Ərdəbil-2017) və "Pinti" (Ərdəbil-2019) pyeslərinin kiçik qəhrəmanlarının sərgüzəştlərini səhnədən tamaşa edən kiçikyaşlı tamaşaçıların duyduğu sevinc hissini təsəvvür etmək çətin deyil.

Çağdaş dövrdə istedadlı şair və tərcüməçi Nigar Xiyavinin çevrəsində oxuduğum ən mükəmməl dram əsəri ünlü yazar Qulamhüseyn Səidinin "Dünyanın ən yaxşı atası"dır. Aqşin Ağkəmərlinin ata mövzusunda yazılmış "Dondurmaçı" hekayəsi də səhnələşdirilərsə, maraq doğuracağını əminliklə deyə bilərəm.

Uşaq dünyasının öz həqiqətləri, gerçəklikləri var. Qar kimi tərtəmiz olan bu dünyada ölümə, pisliyə, xəbisliyə yer yoxdu, həyat eşqi, yaşama sevgi hissləri bulaq təkin çağlayır. Uşaqlar həmişə əbədi yaşayacaqlarını düşünür, ölümü yaxına buraxmırlar. Hətta öz doğmalarının nə vaxtsa öləcəyi, dünyanı və onları tərk edəcəyi düşüncəsi belə, uşaqlar üçün yaşamın ən böyük faciəsidir. Güneyin ünlü yazarı Rəsul Qədirinin bu məsələ ilə ilgili fikirləri bu məqamda yerinə düşür: "Bəlli bir yaşa qədər uşağa ümidsizlik aşılamasın deyə, ölüm kimi gerçəklərdən söz açılmasa, daha yaxşıdır. Amma yeniyetmələrə yazılanlarda, o gerçəyi yumşaq şəkildə açmaq və arasız, ölməzlik və başqa şəkildə həyatı davam etdirə bilməyin aşılanmağı faydalı ola bilər. Yazılar uşaqları çalışqan, aktiv və topluma faydalı biri olmağa yönəltməlidir..."

İncələdiyimiz uşaq ədəbiyyatı örnəklərindən də bu tendensiyanı izlədik. Ona görə də uşaq yazarları diqqətli olmalı, azyaşlıların qarşısında ikiqat məsuliyyət daşımalı, doğal düşünməli, içdən gələn səmimiyyətlə onlar üçün yeni-yeni əsərlər qələmə almalıdırlar. "Biz uşaqların qarşısında özümüzü çəkməməliyik, biz onlardan daha kötüyük. Onlar bizə çox şeyi öyrədirlər və... sadəcə bir ünsiyyətlə bizə yaxşı təsir edirlər. Aramızda olmaqla ruhumuzu insaniləşdirirlər. Ona görə də onların mələkliyinə, məsumluğuna, hətta ən qüsurlu vərdişinə, məsuliyyətsizliyinə və mütəəssir edən müdafiəsizliyinə hörmət etməliyik..."

Ən nəhayət, uşaq ədəbiyyatı sahəsində ən önəmli məsələlərdən biri dil məsələsidir. Uşaqlar üçün yazarkən özünü onların yerində qoymaq, uşaq olmaq, onların dili ilə danışmaq gərəkir; çünki böyüklərin dili ilə uşaqla ilgi qurmaq mümkün deyil və belə olarsa, uğursuz bir əsər meydana gələr. Doğadakı bitkilərin və heyvanların dili ilə müəllif düşüncələrinini yansıdan sözləri uşaqlara çatdıra bilər; uşaqlar bunu sevərlər və gərəkən sonucu həmin yazılardan, əsərlərdən ala bilərlər.

Yaşamı gözəlləşdirdiklərinə, dünyanı yaxşılığa doğru dəyişdirdiklərinə, insan ruhunu paklaşdırdıqlarına görə uşaqlar daha çox sevgini, dəyəri və bütün bu dəyərləri içərisinə alan ədəbiyyatı haqq edirlər.

 

 

 

 





21.12.2022    çap et  çap et