525.Az

General Mehmandarovdan bir hədiyyə - Etibar Əhədov yazır


 

VƏ YA LƏNKƏRANDA QARABAĞLILAR MƏHƏLLƏSİ

General Mehmandarovdan bir hədiyyə - <b style="color:red"> Etibar Əhədov yazır</b>

1978-ci ilin söhbətidir. Lənkəranda çıxan "Leninçi" (indiki "Lənkəran") qəzetinin redaktor müavini işlədiyim vaxtlar idi. Yolum M.A.Əliyev adına Lənkəran tarix-diyarşünaslıq muzeyinə düşmüşdü. General Səmədbəy Mehmandarova həsr edilmiş guşədə rəngbərəng naxışlarla haşiyələnmiş və üstündə "S.M." sözləri həkk edilmiş bir boşqab diqqətimi cəlb etdi. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Hüriyyət Ağayeva bildirdi ki, boşqab general Səmədbəy Mehmandarovun el ağsaqqalı olan qonşuları Mirtağı Miriyevə hədiyyəsidir. Hüriyyət xanım azacıq sükutdan sonra dedi:

- Yaxşı olar ki, İbrahimxəlil Mahmudovla görüşəsiniz. 95 yaşındadır, generalla bağlı yaxşı xatirələri var.

Şair təbiətli İbrahimxəlil Mahmudov məqsədimizi biləndə sifətinə xoş bir təbəssüm gəldi. Xatirələrini araşdırırmış kimi azacıq fikrə getdi:

- Mehmandarovların malikanəsi evimizdən bir az aralıda - indiki şəhər 5 nömrəli məktəbin yaxınlığında yerləşirdi, - dedi. - İli dəqiq yadımda deyil. Cümhuriyyət dövrü idi. Şəhərə hay düşdü ki, general Səmədbəy gəlir. Böyük bazar məscidinə qaçdıq. İnsan əlindən tərpənməyə yer yox idi. Səmədbəy camaat qarşısında çıxış etdi. O, çıxışında adamları sülhə, sakitliyə çağırırdı. "Hərc-mərcliyin axırı yoxdur", - deyirdi. Qohumlarından kimsə Səmədbəyin gəlişi ilə əlaqədar qara bir qoçu qurbanlıq etmək istədi. General razılıq vermədi. Dedi ki, müharibələrdə çox qan görmüşəm, istəmirəm ki, yenidən qan tökülsün.

İbrahimxəlil kişi armudu stəkandan bir qurtum aldıqdan sonra sözünə davam edərək dedi:

- General Lənkəranda baş verən hadisələrə heç qarışmazdı. Onu tez-tez Böyük bazarda, Qalada, dəniz kənarında sadə adamlarla, uşaqlarla söhbət etdiyini görərdik. Bəzən olurdu ki, qoca general əlindəki əsaya söykənərək Lənkəranın "Naçalnik bağı" adlanan hissəsinə qalxar, çay qırağında gəzərdi. Bir gün şəhəri Sütəmurdov kəndindən ayıran Lənkərançayın sahilində bir dəstə uşaq diqqətini cəlb edir. Onlara yaxınlaşır, uşaqlardan böyüyəndə hansı sənəti seçəcəklərini soruşur. Hərə öz arzusundan danışır. Qaragöz, çəlimsiz bir uşaq isə:

- Zabit olacağam, - deyir.

Oğlanın inam və qətiyyətlə dediyi sözlər Səmədbəyin xoşuna gəlir. Əlini uşağın çiyninə qoyur və deyir:

- Zabit olmaq istəyən gərək atı yəhərsiz idarə etsin.

Uşaq bir söz demir. Yaxınlıqda otlayan kəhərə yaxınlaşır və göz qırpımında üstünə sıçrayır. Dördnala çapan at az sonra generalın yanında dayanır. Oğlan atdan düşən kimi:

- Hə, necədir? - soruşur.

- Əla çapırsan, səndən yaxşı zabit çıxacaq, - general onu tərifləyir.

Səmədbəy Mehmandarov yanılmamışdı. Həmin qaragöz, çəlimsiz oğlan sonralar cəsur sərkərdə kimi tanınmış, gələcəyin tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov idi.

Bu hadisə Həzi Aslanova həsr edilmiş kinofilmdə də öz əksini tapıb.

Söhbət generalın hədiyyəsindən - boşqabdan söz düşəndə İbrahimxəlil kişi yenə gülümsündü:

- Onu muzeyə taksi sürücüsü Yaqub Miriyev bağışlayıb.

Miriyevlər ailəsində olduq. Mərhumun bacısı, şəhər 2 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Səmayə Miriyeva söhbət zamanı dedi:

- Atam Mirtağı, Mehmandarovların ailəsi ilə yaxın idi. Bacısı Mapi xanım qonşuluğumuzda - ikimərtəbəli aynabəndli evdə yaşayırdı. Bir gün Səmədbəy bacısına dəyməyə gəlir. Atamı da qonaq çağırırlar. General Səmədbəy Mehmandarov muzeydə gördüyünüz həmin boşqabı atama hədiyyə edir.

 

Mehmandarovların Lənkərana gəlişi

 

Həkim-stomatoloq Qasım Zeynalov danışır ki, Mehmandarovların yaşadığı məhəllə bu gün də Qarabağlılar məhəlləsi adlanır. Sonralar məhəlləyə uzanan küçəyə Səmədbəy Mehmandarovun adı verilib.

"Azərbaycan" qəzetinin 2021-ci il may nömrələrindən birində imzasına yaxşı bələd olduğum istedadlı jurnalist Yasəmən Musayevanın "Qarabağın Mehmandarları" araşdırma yazısını oxuyandan sonra qərara gəldim ki, mən də Lənkəranda bu soyadı daşıyan Mehmandarovlardan bir yazı hazırlayım. Axı Memandarovların bir qolu Lənkəranla bağlıdır. Mehmandarov soyadını daşıyan əfsanəvi general Səmədbəy Mehmandarov 1856-cı il oktyabrın 16-da Lənkəranda doğulub. 1931-ci il fevralın 12-də Bakıda vəfat edib, "Çəmbərəkənd" qəbiristanlığında dəfn olunub. Sonralar qəbri Yasamal qəbiristanlığına köçürülüb.

Səmədbəyin atası Mirzə Sadıq bəy Mehmandarov əslən şuşalı idi. Peterburqda oxuduğu illərdə lənkəranlı Mirabbas bəylə tanış olmuşdu. Çox keçməmiş bu tanışlıq əsl dostluğa, sonradan qohumluğa çevrilmişdi. Mirzə Sadıq bəy Peterburqda hüquq fakültəsini bitirən ili Mirabbas bəy onu Lənkərana hüquqşünas işləməyə dəvət etmişdi. O, XIX əsrin 50-ci illərində Lənkərana köçərək Mirmustafa Talışinskinin nəvəsi ilə ailə qurmuşdu. Mirzə Sadıq bəyin evi Hacı Mirabbas bəyin 20 otaqdan ibarət Şahnişin sarayının yaxınlığında, şəhərin Böyük bazar hissəsində, indiki Füzuli küçəsində yerləşirdi. Şahnişini Qarabağ xanlığının sarayları ilə müqayisə edirdilər. Təəssüf ki, bu əzəmətli bina Sovet hakimiyyətinin ilk illərində dağıdılıb. Bünövrəsi son illərədək qalırdı. Bina sökülən vaxtı məmurlardan biri deyibmiş ki, əvəzində təzəsini tikərik. Əslində nəinki yeni bina tikildi, hətta Səmədbəyin ata mülkü də söküntüyə məruz qaldı.

Lənkəran Ağsaqqallar Şurasının fəxri sədri 101 yaşlı Kamal Kələntərli ilə söhbətdə o dedi ki, babam Əhəd kişinin dilindən eşitmişəm, İnqilabdan qabaq Qarabağdan İrana ticarətə gedənlər yollarını Lənkərandan salarmışlar. Belə vaxtlarda Qarabağ tacirləri ya Mirzə Sadıq bəy Mehmandarovun evində, ya da Şahnişin sarayında qalırmışlar.

 

Mirzə Sadıq bəy Mehmandarovun övladları

 

Mirzə Sadıq bəyin birinci həyat yoldaşından Səmədbəy, İbrahim bəy və Ağabacı xanım dünyaya gəliblər. Ağabacı xanıma Mapi xanım da deyərmişlər.

Səmədbəy Mehmandarov ilk təhsilini şair Mirzə İsmayıl Qasirin "Üsuli-cədid" məktəbində almış, sonra Bakı Realnı Məktəbində oxumuş, 16 yaşında Peterburqda II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdu.

Səmədbəy Mehmandarov 1903-cü ildə Jitomir şəhərindən olan Yelizaveta Nikolayevna Teslavinlə ailə qurur. Yelizaveta rus-yapon və Birinci Dünya müharibələrində ərinin döyüşdüyü cəbhələrdə şəfqət bacısı kimi çalışır. 1908-ci ildə onların bir oğlu olur. Səmədbəyin atası Mirzə Sadıqbəy Mehmandarov nəvəsinin adını Pir qoyur. Tanınmış tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin məlumatına görə, Yelizaveta Nikolayevna sonralar oğlunun adını dəyişərək İqor qoyub. Ş.Nəzirli 1985-ci ildə Səmədbəyin yeganə oğlu ilə görüşüb.

Pir (İqor) Leninqradda təhsil almış, mühəndis olmuşdu. O, general İ.Kulakinin qızı İza İvanovna ilə ailə qurub. Bildiyimizə görə, İqor bir vaxt Azərbaycanda olarkən Ümummilli lider Heydər Əliyev onu qəbul etmiş, yaşamaq üçün evlə təmin olunması barədə göstəriş vermişdi.

İqor 1989-cu ildə Bakıda vəfat edib. Qəbri Yasamal qəbiristanlığındadır.

Səmədbəyin qardaşı İbrahim bəy Mehmandarov 1879-cu ildə Peterburq Tibbi-Cərrahlıq Akademiyasını bitirib. Qonşuları 95 yaşlı İbrahimxəlil Mahmudov danışardı ki, İbrahim bəy akademik İ.Pavlovla oxumuşdu. 1929-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) İ.Pavlovun 70 illik yubileyində iştirak etmişdi.

İbrahim bəy Peterburqda ailə qurur. Bir dəfə arvadı ona deyir ki, İbrahim, nə qədər özünü mədəni hesab etsən də, qafqazlısan, mədəniyyətə çatmağına çox vaxt lazımdır. 92 yaşlı sərhədçi-veteran Aslan Kələntərli deyərdi ki, İbrahim bəy təhqirə dözməyərək arvadını boşayıb Lənkərana qayıtmışdı.

İbrahim bəyin qəbri Lənkəranın Böyük bazar qəbiristanlığında - Sardaxıl deyilən ərazidə, bacısının gəlini Səbi xanımın məzarının yanındadır.

İshaq Axundov və Yasəmən Musayevanın məlumatına görə, birinci həyat yoldaşı dünyasını dəyişəndən sonra Mirzə Sadıq bəy daha iki dəfə ailə qurmuş, həmin xanımlardan Tağı bəy, Ələsgər bəy, Nağı bəy, Məmmədcavad bəy, Vəliməmməd bəy, Baba bəy, İsa bəy, Yusif bəy adında oğlanları, Balaxanım xanım, Məryəm xanım, Rüxsarə xanım, Mehparə xanım, Qönçə xanım adında qızları olmuşdu.

Lənkəran Dövlət Universitetinin tarix müəllimi, Şuşadan olan Şamil Sadıqovun kürəkəni Hüseyn Hüseynov danışır ki, Nağı bəy Mehmandarov Lənkəran şəhərinin komendantı olmuşdu, arvadı Bakının Keşlə tərəfindən idi. Üç övladı vardı. Qızı Sona xanım Mehmandarova ev təhsili alıbmış, fransız və rus dillərində sərbəst danışırmış.

Qonşuları İshaq Axundzadənin məlumatına görə, Sona xanım Mehmandarova Bakı Filarmoniyasında gözəllik müsabiqəsində qalib gəldikdən sonra Tiflis müsabiqəsində iştirak edərək, birinci mükafata - "Qafqaz gözəli" adına layiq görülmüşdü. O, Peterburqda Üümumrusiya gözəllik müsabiqəsində də qalib gəlmiş, Parisdə keçirilən ümumdünya gözəllik müsabiqəsində iştirak etmişdi. Burada da birinci mükafata layiq görülmüş, ona "Qran-Pri" mükafatı təqdim olunmaqla Dünya Gözəli adı verilmişdi.

Sona xanım 1966-cı ildə Bakıya köçüb, bacısı Sürəyya xanımın yanında yaşayıb. Bacısı ictimai-siyasi xadim, 1937-ci ildə repressiya qurbanı olmuş Əli Məmmədovun həyat yoldaşı idi. Bunu da İshaq Axundzadənin "Qəlbim hər zaman Lənkərandadır" kitabından öyrənirik.

 

Həm Şuşa, həm Lənkəran...

 

Şuşadan, daha sonra isə Lənkərandan boy ataraq böyük həyat yolu keçən Mehmandarovların səs-sorağı dünyanın çox yerinə yayılıb.

Əslən Şuşadan olsalar da, ömür və fəaliyyətlərini Lənkəranın sosial-iqtisadi, mədəni həyatı ilə bağlayan qarabağlılar az deyil. Əksəriyyəti dünyasını çoxdan dəyişib. Amma yadda qalası işləri çox olub. Xatirələri bu gün də yaşayır.

Cavadbəy Rzabəy oğlu Məlikyeganov Şuşa qəzasının Tuğ kəndindən idi. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin Lənkəran qəzasında səlahiyyətli müvəkkili və general-qubernatoru olmuşdu. Cavadbəy Məlikyeganov 1933-cü ildə repressiya olunaraq, uzaq Sibirə sürgün edilmiş və 1937-ci ildə Kolımada vəfat etmişdi.

Ömür yoldaşı Lənkərandakı "Ünas" qızlar məktəbinin müdiri Məryəm xanım Bayraməlibəyova ərinə görə haqsız ittihamlara məruz qalmış, 11 il sürgündə olmuşdu.

"Məclisi-fəramüşan" ədəbi məclisinin rəhbəri, şair, filoloq, rəssam, xəttat və musiqişünas Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvab da Lənkəranla bağlı olmuş, XIX əsrdə Lənkəranda fəaliyyət göstərən "Fövcül-füsəha" ədəbi məclisinin üzvlərilə məktublaşmışdı. Nəvəsi Şamil Sadıqov uzun illər Lənkəranda yaşamış, şəhər 1 saylı orta məktəbində və Lənkəran Pedaqoji Texnikumunda fizikadan dərs demişdi. Mən özüm də Lənkəran şəhər 1 saylı orta məktəbində Şamil müəllimin sinfində oxumuşam.

Şamil müəllimin yeganə oğlu babası Nəvvabın adını daşıyır.

lll

Səmədbəy Mehmandarovun, Şuşada və Lənkəranda, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan bu nəslin davamçılarının vətən üçün gördükləri nəcib və xeyirxah işlər həmişəlik yaddaşlara köçüb.

 





21.12.2022    çap et  çap et