Dünyanın geosiyasi ağırlıq mərkəzinin Asiyaya keçəcəyi ilə bağlı proqnozu hər kəs xatırlayır. Bu prosesin asan olmayacağı haqqında da fikirlər söylənib. Real gedişat bunu təsdiq edir. Hazırda mütəxəssislər ABŞ-la Çin arasında strateji əməkdaşlığı nəzərdə tutan "G2" formatından danışırlar. Lakin bu, nəzəri yanaşmadır. Həmin regionda çoxlu sayda ziddiyyətlər vardır ki, onların necə aradan qaldırılması məsələsi aydın deyil. Onlar qlobal və regional miqyasda özünü göstərən amillərlə əlaqəlidirlər. Bütün bunlar Asiyada geosiyasi dinamikanın taleyi üzərində düşünməyə vadar edir. Proseslərin hansı ssenari üzrə inkişaf edə biləcəyi məsələsi aktuallaşır.
"Böyük ikilik": yeni əməkdaşlıq modeli?
Asiya tədricən qlobal geosiyasətin gərginlik mərkəzinə çevrilir. İndi analitiklər "Asiyanın gələcəyi necə ola bilər?" sualını tez-tez verirlər. Problem dünyanın böyük dövlətlərinin nüfuz uğrunda mübarizəsinin yeni səviyyəyə yüksəlməsi ilə bağlıdır. ABŞ, Çin, Rusiya, Yaponiya və Hindistanın Asiyada münasibətlərini necə inkişaf etdirəcəkləri məsələsi daha da aktuallaşıb.
Mütəxəssislər həmin kontekstdə bir sıra faktorlara diqqət çəkirlər. Sinqapur Universitetinin Şərqi Asiya ölkələrini öyrənən institutunun direktoru Ç.Yunnyan yeni əməkdaşlıq modeli haqqında yazır. Onun fikrincə, ABŞ-Çin əlaqələri "G2" adlanan bir formatın meydana gəlməsi istiqamətində inkişaf edə bilər. Ümumiyyətlə, bu, maraqlı formatdır. Hətta bəzi mütəxəssislər "Chimerica" (Çin üstəgəl Amerika) terminini təklif ediblər. Burada əsas olaraq iki dövlətin iqtisadiyyatının qarşılıqlı asılılığı nəzərdə tutulurdu. Siyasi əməkdaşlıq bunun üzərində qurulmalı idi (bax: Чжэн Юннянь. Будущее Азии: отношения в формате G2 или новая холодная война? / "İnoSMİ.ru", 2 iyun 2014).
Lakin reallıqda bunun əksi müşahidə edilir. İki böyük dövlət arasında münasibətlər getdikcə daha gərgin xarakter alır. Artıq qlobal səviyyədə geosiyasi toqquşma ehtimalı yüksəlmiş kimi görünür. Maraqlıdır ki, bunun kökünü mütəxəssislər bütövlükdə Asiyada geosiyasi mənzərənin formalaşması tarixində görürlər. Konkret desək, Qərb ölkələrinin Asiyaya nüfuz etməsinə qədər həmin regionda "bac-xərac sistemi" adlanan geosiyasi münasibətlər sistemi mövcud olub. Bunun mərkəzində isə Çin imperializmi dururdu. Xərac verməli olan ölkələr Pekinə baş əyməli, onun təbəəsi kimi davranmalı idilər.
Bu vəziyyət Qərbin Uzaq Şərqə gəlişi ilə dəyişməyə başladı. Asiyanın müasir geosiyasi mənzərəsi Qərb tərəfindən formalaşdırılıb (bax: əvvəlki mənbəyə). Burada ənənə ilə müasirlik arasında gizli ziddiyyət mövcuddur. Ancaq Çin yaranmış bu vəziyyəti ciddi dəyişmək iqtidarında deyil. Pekin, Qərb meyarları üzrə mövcud olan geosiyasi dinamikaya tabe olmağa məcburdur.
Məsələ indi bununla da məhdudlaşmır. Asiya çoxqütblü geosiyasi nizamlılığa keçid etməkdədir. Böyük dövlətlərin regiondakı mübarizəsi də məhz bu məqam üzərində qurulub. Hazırda ABŞ, Çin, Yaponiya, Rusiya və Hindistan arasında özünəməxsus geosiyasi münasibətlər formalaşır ki, onu birmənalı xarakterizə etmək çətindir. Mütəxəssislər bir neçə variantdan bəhs edirlər.
Birincisi, dünya miqyasında "soyuq müharibə". İkincisi, lokal "soyuq müharibə" (Çin və Yaponiya arasında). Üçüncüsü, ABŞ tədricən Asiyada geosiyasi fəallığını zəiflədir. Dördüncüsü, "Böyük ikilik" (G2) formatını nəzərdə tutan regional strukturun yaranması (bax: əvvəlki mənbəyə). Şübhəsiz, başqa ssenarilər də ola bilər. Lakin burada maraqlı olanı iki tezisin yer almasıdır. Onlardan biri Asiyada geosiyasi ziddiyyətlərin kəskinləşməsinin birmənalı etiraf edilməsindən ibarətdir. Bu zaman Yaponiya, Çin, Vyetnam, Koreya, Tayvan və digər region ölkələri arasında bir sıra ixtilafların yaranması nəzərdə tutulur. Digər məqam kimi ABŞ-ın bu proseslərə ciddi təsir etməsi qəbul olunur.
Vəziyyətin bu cür məzmun kəsb etməsi Asiyada Amerikanın mürəkkəb geosiyasi oyun apardığı haqqında nəticə çıxarmağa vadar edir. Həmin kontekstdə ABŞ-Avropa, ABŞ-Rusiya və ABŞ-Hindistan münasibətləri yeni aspektdə gündəmə gəlir. Digər yandan, bunların fonunda Çinin atdığı addımlar maraq doğurur. Son zamanlar isə Hindistanın siyasi mühitində cərəyan edən hadisələr regionda geosiyasi konfiqurasiyanın mürəkkəb xarakter daşımağa başladığını göstərir.
Qlobal və regional ziddiyyətlər: təhdidlər artır
Bu kontekstdə iki məqam maraq doğurur. Birincisi, Çinin Avropa ilə əlaqələrinin məzmunu. Ekspertlər vurğulayırlar ki, son üç ayda Çin rəhbərliyi Avropaya səfərlərini intensivləşdirib. Əvvəlcə, ÇXR-in rəhbəri S.Szinpin Hollandiya, Fransa, Almaniya və Belçikaya baş çəkib. Onda Çin 4 Avropa ölkəsi ilə 120 saziş imzalayıb. İyun ayının 16-dan isə baş nazir Li Kesyanın Böyük Britaniya və Yunanıstana səfəri başlayıb.
Mütəxəssislərin rəyinə görə, Aİ ilə Çinin qarşılıqlı asılılığı güclənib. Avropa İttifaqı stratejidə Pekinlə əlaqələri genişləndirmək istəyir. Bunu üç istiqamətdə - iqtisadiyyat, siyasət və mədəniyyət üzrə həyata keçirmək imkanlarının yarandığını yazırlar (bax: Су Сяохуэй. Визиты Си Цзиньпина и Ли Кэцяна в Европу дают три сигнала / "Jenmin Jibao", 17 iyun 2014). Həmin səbəbdən Rusiya ilə münasibətlərinin pozulmasını istəmir. Çünki Moskva Brüssellə Pekin arasında əlaqələndirici rol oynaya bilər.
Diqqət etsək, görərik ki, Ukrayna hadisələri digər məqamlarla yanaşı, həm də Aİ ilə Çin arasında uçurum yarada bilər. Rusiya ilə Avropanın münasibətlərinin pozulması belə bir ehtimalı irəli sürməyə əsas verir. Eyni zamanda, Qafqaz və Mərkəzi Asiya istiqamətindən Aİ-nin Çinlə əlaqələri inkişaf etdirməsi ehtiyacının artdığını demək olar.
İkincisi, ABŞ-Çin münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi məsələsi xeyli aktuallaşıb. "G2" nəzəri cəhətdən maraqlı model olsa da, praktiki aspektdə ciddi maneələrin mövcudluğunu inkar etmək olmur. Vaşinqton bir tərəfdən, region miqyasında müşahidə edilən ziddiyyətlərdən yararlanmağa çalışır, digər tərəfdən isə, Pekinin Avropa və Rusiya ilə münasibətlərində qeyri-müəyyənliklər yaratmağa cəhd edir. Yuxarıda Aİ-Çin əlaqələrinin bir fraqmentinə diqqət yetirdik. Moskvanın Pekinlə enerji sahəsində əməkdaşlığının qarşısını almaq üçün isə daha qlobal proqramların həyata keçirilməsi gözlənilir. Onların sırasında Uzaq Şərqdə regional münaqişələrin yaradılması ayrıca yer tutur.
Bu aspektdə Asiyanın böyük dövlətləri arasındakı münasibətlərin məzmunu maraq doğurur. Hətta bəzi müəlliflər bu məsələni qlobal geosiyasət üçün ən ciddi təhlükə hesab edirlər (bax: məs., Nouriel Roubini. Global Ground Zero in Asia / "Project Syndicate", 30 aprel 2014). Burada bir neçə amilin təsiri vurğulanır. Hər şeydən əvvəl, Asiyanın böyük dövlətlərində milliyyətçi qüvvələrin hakimiyyətə gəlişi prosesi müşahidə edilir. Yaponiyanın baş naziri Şinzo Abe, Çin prezidenti Si Szinpin, Cənubi Koreya prezidenti Pak Kın He və Hindistanın yeni baş naziri Narendra Modi bu kateqoriyaya aiddirlər.
Başqa amil bu liderlərin köhnə modeli inkar edən kompleks islahatları ciddi rəqabət şəraitində həyata keçirməli olduqları və bunun da kəskin problemlər yaratması ilə əlaqəlidir. Növbəti məqam ABŞ-ın regiondakı müttəfiqlərinin vədlərinə nə dərəcədə sadiq ola biləcəyi məsələsi ilə bağlıdır. Nəhayət, Asiyada ehtimali müharibənin məsuliyyətini üzərinə götürməyi bacaran dövlət yoxdur (bax: əvvəlki mənbəyə).
Bütün bunlara region ölkələri arasında ixtilafların dərinləşməsini və Hindistana milliyyətçi əhval-ruhiyyənin güclənməsini əlavə etmək olar. Bir-birinə ərazi iddialarında bulunan Yaponiya, Çin, Koreya, Vyetnam, Tayvan, Filippin öz mövqelərindən çəkilmirlər. Bu da regionda hərbi gərginliyi yüksəldir. N.Modinin Hindistanda parlament seçkisində qalib gəlməsini və baş nazir postuna yiyələnməsini ekspertlər Asiyada yeni hadisə adlandırırlar.
Məsələ ondan ibarətdir ki, bu siyasətçi hindusların maraqlarını daha çox müdafiə edir ("Hindistan hinduslar üçündür" şüarının müəllifidir) və müsəlmanlara qarşı sərt davranışı ilə fərqlənir (bunu N.Modi Qucarat ştatında qubernator işləyəndə nümayiş etdirib). Xarici siyasətdə isə daha hiyləgər mövqe tutmağa başlayıb. O, həm Yaponiya, həm də Çinlə strateji tərəfdaşlıq haqqında danışır. Ancaq arxa planda Hindistanın regional liderliyi üçün fəaliyyət göstərir (bax: Алексей Коваль. Индия меняет курс / "Зеркало недели. Украина", 13 iyun 2014).
Bunlar Asiyada geosiyasi qeyri-müəyyənlikdən xəbər verir. Eyni zamanda, böyük dövlətlərin ciddi qarşıdurması ehtimalının az olmadığını göstərir. Qlobal geosiyasətin ağırlıq mərkəzinin Asiyaya keçməkdə olduğunu nəzərə alsaq, bu cür gedişatın böyük təhlükələr yarada biləcəyini qəbul etməli oluruq.
Newtimes.az
çap et