Azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyasının məqsədi və məramı bəllidir. Aksiyada Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın təbii sərvətlərin qanunsuz istismarına, talanmasına, ekoloji terrora etiraz edilir və ölkəmizdən olan qrupun monitorinq aparmasına şərait yaradılması tələb olunur. Lakin 30 il davam edən işğal müddətində olduğu kimi, indi də bəzi ölkələrin ədalətsiz, qərəzli münasibəti ortadadır. BMT Təhlükəsizlik Şurasının iclasında bir sıra ölkələr Laçın yolunun bağlandığı, ermənilərin humanitar blokadası kimi yalan iddialar irəli sürür. Fakt budur ki, Rusiya sülhməramlıların xeyli sayda humanitar yükləri daşıyan avtomobilləri, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını Laçın yolundan maneəsiz şəkildə hərəkət edir. Həmçinin, bütün mülki ermənilərin keçidi üçün heç bir maneə yoxdur. Sadəcə olaraq terrorçu Ruben Vardanyan cinayətkar əməllərini həyata keçirə, Laçın yolundan istifadə edərək silah daşıya, talan etdiyi Azərbaycan sərvətlərini kənara çıxara bilmir. Ona görə də yalandan mülki ermənilərə guya problem yarandığını deyir.
Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, bu gün bir sıra beynəlxalq hüquq normaları Ermənistan tərəfindən kobud şəkildə pozulur. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən erməni silahlı qüvvələri Azərbaycanın ərazisindən çıxmalı idi. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin səbəbi məhz Ermənistanın öz silahlılarını çıxarması idi: "10 noyabr razılaşmasının 4-cü bəndində "sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir", deyə qeyd olunub. Bu baş verməyib".
Deputat deyib ki, gələcəkdə Ermənistanda hakimiyyəti ələ almaq üçün Rusiyadan oliqarx Ruben Vardanyan Qarabağa göndərilib: "Rusiya dəfələrlə bu oyunları oynayıb. Vardanyanın adı siyasi korrupsiya ilə bağlıdır. Bilirsiniz ki, bir sıra ölkələrdə erməni şəbəkələrini maliyyələşdirib. Bəzi Avropa ölkələrində, ABŞ-da öz milyardlarını xərcləyib. Çox ciddi şübhələr yaranır ki, niyə görə bütün rus oliqarxlarına qarşı sanksiyalar var, amma erməni əsilli oliqarxlar bu sanksiyalardan yayınıblar. Təəssüflə qeyd edirəm ki, bir sıra ölkələrdə siyasi qərarların qəbul edilməsinə erməni icmasının, onun oliqarxlarının təsir imkanları var, biz də bu gün bununla üzləşirik".
A.Mollazadə hesab edir ki, Ermənistan üçün yeganə çıxış yolu sülh istiqamətində ciddi addımlar atmaq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq, hər bir istiqamətdə danışıqlar yolu ilə problemlərin həllinə nail olmaqdır: "Bu prosesləri pozan əsas xaricdən olan təsirlərdir. İrandan, Rusiyadan, bir çox erməni diasporu və lobbisinin güclü olduğu ölkələr tərəfindən bu prosesi pozurlar. Çünki erməni diasporunun məqsədi məhz müharibəni davam etdirmək, münaqişə, problemlər yaratmaqdan ibarətdir".
Deputat əlavə edib ki, Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquq normaları çərçivəsindədir. Azərbaycan vətəndaşları bu gün öz ölkələrinin ətraf mühitini qorumaqla məşğuldurlar: "Bunun hamısı beynəlxalq hüquq normaları ilə bilavasitə bağlıdır. Azərbaycan erməni icmasının yolunu kəsməyib, yolu bağlayan Rusiya sülhməramlı qüvvələridir. Bəlkə də onlar da münaqişədə, hansısa gərginliyin yaradılmasında maraqlıdırlar. Tarixən təxribatların davamlı olduğunu görmüşəm, istisna etmirəm ki, Vardanyan və onun arxasında dayananlar, - kimlər olduğu hamıya bəllidir - hansısa oyunlar oynamağa cəhd etsinlər".
çap et