525.Az

"İran rejimi türkləri ən böyük düşməni kimi görür"


 

MİLAD TƏLƏBİ: "QARABAĞ ZƏFƏRİNDƏN SONRA İRANIN AZƏRBAYCANA DÜŞMƏNÇİLİYİ, NİFRƏTİ DAHA DA ARTDI"

"İran rejimi türkləri ən böyük düşməni kimi görür"<b style="color:red"></b>

İrandakı molla rejimi çətin durumdadır. Ölkəni bürüyən etirazları zor gücü ilə belə yatırda bilməyəcəyini anlayan rejim baş verənlərdə kənar qüvvələri ittiham edir. Baxmayaraq ki, İran adlanan ölkə məhz mollaların siyasəti nəticəsində 44 ildir ki, xalq üçün həbsxanaya çevrilib. Bu gün öz hüquqlarını tələb edən, insan kimi yaşamaq üçün mübarizə aparan insanları rejim edama, həbsə, işgəncələrə məhkum edir. Amma görünən budur ki, insanları qorxudub geri çəkilməyə məcbur etmək mümkün olmayacaq. Rejim xalqın tələblərini yerinə yetirmək əvəzinə Azərbaycana dil uzadır, daxili işlərinə qarışmağa cəhd göstərir. Özü üçün qırmızı xətlər müəyyən edir, mətbuatında Azərbaycan əleyhinə yazılar yer alır. Başqa sözlə, ölkəni idarə edə bilməyən, öz xalqının cəlladına çevrilən rejim başqa ölkələrin daxili işlərinə burnun soxur. Açıqlanan rəqəmlərə görə, dekabrın 20-nə olan məlumata əsasən, İranda 69-u uşaq olmaqla 506 nəfər öldürülüb, 652-si tələbə olmaqla 18457 nəfər saxlanılıb. Etirazlarda 161 şəhər və 144 universitet iştirak edib. Ümumilikdə 1194 etiraz nümayişi təşkil edilib. Bu rəqəmlər reallığı tam əks etdirməyə bilər. Yəni qətlə yetirilənlərin, həbs olunanların sayının daha çox olduğu heç kimə sirr deyil. İstənilən halda rəqəmlər onu deyir ki, xalqının qatilinə çevrilmiş rejim getməlidir.

Güney azərbaycanlı siyasi fəal Milad Tələbi mövzu ilə bağlı "525"ə açıqlamasında İranda cərəyan edən hadisələri şərh edib. Onun sözlərinə görə, İranda etirazlar davam etsə də, bunun inqilaba getdiyini hələ söyləmək mümkün deyil. Çünki İran adlanan ölkədə yaşayan bütün xalqlar var gücüylə etirazları dəstəkləmir: "Bunun da fərqli səbəbləri var. Amma görünən budur ki, xalq öz istəyindən vaz keçməyəcək. O da məlumdur ki, İran artıq bu etirazlardan əvvəlki İran olmayacaq. İnsanlar öldürülənləri, haqsız yerə həbs edilənləri, rejimin işgəncələrinə görə öz sağlamlığını itirib əlil olanların məruz qaldıqları zülmü heç vaxt unutmayacaq".

M.Tələbi İran rejiminin Azərbaycana yönəlik təhdidləri və təxribatları barədə də danışıb. Onun sözlərinə görə, İran rejiminin əsas ideologiyalarından biri fars, digəri isə şiə kimliyidir: "Təbii ki, fars kimliyinə qarşı da ən böyük düşmən olaraq hər zaman türkləri görüblər. Bu, İran İslam İnqilabından öncə də belə olub, inqilabdan sonra da belədir. İranda yaşayan türklər arasında say baxımından Güney Azərbaycan türkləri çoxluq təşkil etdiyi üçün İran rejimi Azərbaycana hər zaman daha çox düşmən münasibəti bəsləyib. Yəni bu, yeni bir durum deyil. Amma Qarabağ zəfərindən sonra Azərbaycan düşmənçiliyi və Azərbaycana qarşı olan nifrət İran rəsmiləri, bu ölkənin dövlət radio, televiziya, qəzetlərində daha çox özünü göstərməyə başladı. İranın Qarabağ mövzusunda Ermənistanı açıq və gizli dəstəklədiyi hər kəsə məlumdur".

Həmsöhbətim Güney Azərbaycanın gələcəyi, onun müstəqil olacağı, yaxud bütöv Azərbaycan ideyasını gerçəkləşdirməyin mümkünlüyünə də toxunub: "Buna indidən cavab vermək çox çətindir. Mən şəxsən Güney Azərbaycanda olan milli hərəkatın gücünə güvənirəm, inanıram. Güney Azərbaycan tarix boyu dəfələrlə müstəqillik üçün mücadilə aparıb. Hazırkı mücadilə də istiqlaliyyət qazanmadan dayanmayacaq. Amma təbii ki, bunun bir də beynəxalq hüquq və münasibətlərə bağlı bir istiqaməti vardır ki, bu da Azərbaycan və Türkiyə cümhuriyyətləri kimi bölgə güclərinin dəstəyi ilə mümkündür".

Bu gün İran rejimi insanları, hətta uşaqları öldürür. Ukrayna müharibəsində Rusiyanı silahlandırır. Dünya birliyinin niyə lazımi reaksiya vermədiyinə münasibət bildirən güneyli fəal deyib ki, bu vəziyyəti fərqli yollarla ələ almaq olar: "Avropa İttifaqı ilə İran arasında ticarət həcmi bu gün 2,05 milyard avrodur. Rusiya ilə İran tərəfdaşdır. Çin isə İranın ən böyük ticarət ortağıdır. ABŞ İran ilə düşmən olduğunu bəyan etsə də, silah almaq üçün İrana vəsait ayırır. Bu halda İrana kim müdaxilə etsin? Başqa bucaqdan baxanda, İrandakı mövcud durumun böyük dövlətlərin istədiyi kimi davam etdiyini görürük. Yəni bəlkə də böyük dövlətlər İranın parçalanmasını və ya rejimin dəyişməsini istədikləri üçün müdaxilə etmirlər".

Azərbaycan Prezidentinin Güney azərbaycanlıların hüquqlarının pozulması, onların müdafiəsi barədə bəyanatlarına toxunan M.Tələbi bunu böyük sevinclə qarşıladıqlarını vurğulayıb: "Mən bir Güney azərbaycanlı olaraq bu bəyanatlara çox sevindim. Azərbaycan Prezidenti daha öncə də çıxışlarında Arazın güneyində yaşayan azərbaycanlılara işarə etmişdi, amma daha sonra birbaşa biz güneylilərın məruz qaldığı zülmü açıq bəyan etməsi Güneydə yaşayan azərbaycanlıları daha çox sevindirdi. Yuxarıda da qeyd etdiyim kimi, İran rejimi illərdir Azərbaycana qarşı düşmənçilik edir və nifrət yayır. Azərbaycan Respublikasının Prezidenti bu nifrət və düşmənçiliyə qarşı çox uygun bir şəkildə beynəlxalq hüquq və insan haqları çərçivəsində güneylilərin məruz qaldığı mədəni qadağaları vurğulayaraq nə qədər təmkinlə, eyni zamanda, huquqi baxımdan hərəkət edəcəyini, zamanı gələndə bütün gücü ilə Güneydə yaşayan xalqın arxasında duracağını məncə ifadə etdi".

 

 





22.12.2022    çap et  çap et