525.Az

İçindəki fırtınanı ram et - Şahnaz Şahindən yeni esse


 

İçindəki fırtınanı ram et - <b style="color:red"> Şahnaz Şahindən yeni esse</b>

Sükut, haray, səs, səs-küy... Budur, televizorun da yüksək səsi otağın bütün künc-bucağını basıb bağrına, bir-birindən acılı xəbərlər də ovqatımı təlx eləməyində... Aparıcı sıradan söz kimi hardasa baş verən müxtəlif çaplı qətl xəbərlərini üfürür mənim evim kimi milyonlarla evə. Sərhəddin o tayından gələn xəbərlər də bir başqa əhval gətirir. Azadlığa təşnə soydaşlarımız illərlə ürəklərində həbs etdikləri o vulkanın, fırtınanın qapısını açıb buraxıblar. İranda Məhsa Əminin ölümüylə başlanan etirazlar əslində azadlıq istəyi, milli özünü dərk hissi ilə yaşayan insanların səbr kasasını daşdıran son damla olub... İndi də qoruq-qaytaq tanımır, qorxu bilmir, etiraz dalğası şəhər-şəhər, kənd-kənd dolaşır. Mövcud molla rejimi öz üfunətli məqsədləri üçün illər boyu milyonlarla azərbaycanlının azadlığını boğmuş, onları öz ana dilində təhsildən belə məhrum etmişdir. İndi öz soy-kökünə, milli kimliyinə sadiq, qəlbi Böyük Azərbaycan eşqiylə vuran xalq üsyan edir. Zaman, rejimin din pərdəsi altında yeritdiyi siyasət maskasının yırtıldığı zamandır...

Filologiya üzrə fəlsəfə doktoru, alim, aşıq, sufi şair Fəxrəddin Salim yazır ki, "...EŞQ-də küfr və cəhalət, iman və elm olmaz.  Peyğəmbərimiz mağarada olarkən din haqqında düşünmürdü. Elə ki, mağaradan çıxdı, xalqın içinə gəldi, din o zaman peyda oldu. Çünki mağarada Xaliqin yanında idi, burada isə xalqın... Əbədiyyətin sirri açıldığı zaman ilk ortadan gedən şey elə din olacaq..." Yaradanın faili-muxtar yaratdığı insanı bəndə zorla zülmə itaətdə saxlaya bilməz. Zatən öz-özünü içindən yeyib tükətən fani rejim bir gün dağılmağa məhkum idi...

...Onun çəkisi orta hesabla vur-tut 1350 qram təşkil edir. Allahın möcüzələrindən biri olan insan beynindən danışıram. Ağıla gəlməz finksiyalara malik olmaqla, həm çətin, həm də elm tərəfindən sonadək öyrənilməmiş ən vacib orqanlardan biridir insan beyni. Onu fantastik yaddaşı olan canlı  "super kompüter" hesab etsək belə, yenə azdır. O, dünyanın ən super kompüterindən yüz minlərlə dəfə böyük yaddaşa və sürətə malikdir. Beyin yeganə orqandır ki, ağrı hiss etmir, 4-6 dəqiqə oksigensiz də fəaliyyət göstərə bilir, lakin bu vaxtdan sonra beyində geri dönməyən və bərpası mümkünsüz proseslər başlayır...

İki yarımkürədən, dörd paydan ibarət olan beyin sonsuz imkanlara malikdir. Olduqca mükəmməl quruluşu olan bu orqanın sağ və sol hissəsi eyni vaxtda işləmir. Düşünmək, anlamaq, qavrayıb başa düşmək, analiz etmək və s. kimi funksiyaları olan sol yarımkürə və görmək, eşitmək, hiss etmək, danışmaq və s. xüsusiyyətləri özündə cəmləşdirən sağ yarımkürə... Yəni beyin yarımkürələri həm yaxşı qonşu, həm də yaxşı yoldaş və dostdur. Özündə saysız-hesabsız əhəmiyyətli və müxtəlif xüsusiyyətləri birləşdirən beynin necə dəqiqliklə, nizam-intizamla çalışması möcüzə deyil bəs nədir...

Amma bəzən güc və enerjisini sərhədsiz hesab edərək artıq yüklədiyimiz vaxtları olur beynimizin. Hətta insan yuxuda olarkən belə öz işini daha sürətlə davam etdirən beyinə biz insanlar bəzən yanlış komandalar verir, onu incidirik. O da, necə deyərlər, gərəkli işini buraxıb gərəksizin ardınca gedir. Nəticə isə heç də xoş olmur, xroniki yorğunluq, əsəb gərginliyi, stress və hətta depressiya əlamətləri çıxır meydana...

İndi belə hallar daha çoxdur, məsələn, eyni vaxtda yemək və oxumaq. Telefonların kitabları üstələdiyi müasir zamanda isə bir gözü telefonda yemək yedizdirilən uşaqlar azdırmı?.. Bəli, valideynlər özü uşaqların sağlamlığına bilərək, ya bilmədən ziyan vurur. Bunu çox vaxt öz rahatlığı üçün edənlər də az deyil. Ağlayan uşağı sakitləşdirməyin yeganə yolunu telefonda görən, telefonu oyuncaq əvəzi istifadə edən valideynləri necə başa düşək?..

Fasiləsiz və istirahətsiz iş qrafiki, daimi zehni gərginlik, zehni və fiziki əməyin tənzimlənməməsi və s. insanın əmək qabiyyətini azaltmaqla yorğunluq yaradır. Belə halda isə tək beyin deyil, digər orqanlar da əziyyət çəkir. Sanki illərlə yığılmış vulkana, hər an partlamağa hazır minaya çevrilir adam...

İnsanların birliyi olmaqla özündə siyasi, mədəni, sosial və iqtisadi tərəfləri birləşdirən cəmiyyətdə tək və tənha yaşamaq, heç bir ünsiyyət saxlamamaq mümkünsüzdür. Hər 18 yaşına çatmış bir nəfərin çevrəsində azı əlli, altmış adam olur. Və getdikcə bu yüksələn xətlə davam edir. Bir şəxsiyyət olaraq hər kəs əsasən özünə, xasiyyətinə, cəmiyyətdəki mövqeyinə uyğun gələn adamlarla ünsiyyət qurmağa üstünlük verir. Amma mental dalğalar uyğun olmadısa, vaz keç...

Bundan başqa, tanıdığı, tanımadığı, heç vaxt görmədiyi insanlarla yolu kəsişməli olur. Belə görüşlər bir neçə dəqiqəlik olsa belə, nəsə bir iz buraxıb keçir. Bəzən tanıdığına peşman da olur... Hər adam müxtəlif enerji daşıyıcısı olmaqla, arasında çılğını da olur, səbirlisi də, xoş xasiyyətlisi də, bəd niyyətlisi də. Ani rastlaşıb ayrıldığı insan da nə iləsə yadda qala bilər. Deməli, gün, həftə, ay ərzində müsbət enerjiylə yanaşı, müxtəlif dərəcələrdə mənfi enerji yığılmaları da baş verir. Və əgər yığılma varsa, partlaması da qaçılmazdır... İnsanın əhval-ruhiyyəsi bir çox faktorlardan - başqa insanlar tərəfindən gördüyü hörmət, sevgi, qayğı ilə yanaşı, öz əmək və iş fəaliyyəti, ruhi və sağlamlıq vəziyyətindən birbaşa asılıdır. Onore De Balzak deyirdi ki, insan haqqında fikir söyləmək üçün ən azı onun düşüncə, uğursuzluq və həyəcan dünyasına daxil olmaq lazımdır...

Nyuton isə "Təsir, əks-təsirə bərabərdir" söylədi, bu fikri tək fiziki hadisələrə deyil, elə insan münasibətlərinə də aid etmək olar. Hər kəs verdiyini alar və ya hər kəs sərdiyi xalının üstə oturar... Bəlkə yüzlərlə belə nümunə gətirə bilərik, amma enerji partlaması olmayan münasibət tapmaq bəlkə də mümkün deyil. Elə evliliyin ilk ayı da sadəcə şirinliyinə görə "bal ayı" adlanmır ki, bu, qarşılıqlı münasibətlərin qurulduğu zamandır, uzun bir yola çıxan iki nəfərin bərabər yolçuluğunun imtahanıdır... Bir-birini sevən iki insan arasında da həyatı boyu bir dəfə də olsa çarpışma mütləq baş verir ki, bu da ailənin təməlini laxlatmaq deyil, əksinə, onu möhkəmlətməyə xidmət etməlidir... Onlar bir-birinin bu vaxtacan gizli tərəflərini də kəşf edir, tanıyırlar. Və nədənsə adam dostuna, yarına, yoldaşına xoş günlərində deməli olduğu ən yaxşı sözlərindən bəzən yan keçir. Amma əsəbi və çılğın vaxtında dilini saxlaya bilmir və sonra özünü də utandıracaq söz və ifadələrlə çalır, incidir, yaralayır...

Təşəkkür, mərhəmət və minnətdarlıq hissi, şükranlıq duyğusu necə dəyərli xüsusiyyətlərdir, İlahi... Təmənnasız sevgi, minnətsiz qayğı elə insanlığın göstəricilərindən deyilmi... Hər sabah oyandığın günə sevinmək, Günəşi, suyu, havanı, küləyi salamlamaq və bütün verdikləri üçün yaradana təşəkkür etmək nə gözəldir...

...Sökülən dan, düşən axşam, təşəkkür,

İsti ocaq, dolu təknə, təşəkkür...

Təşəkkür həm də içdən gəlməlidir, qəlbdən gələn təşəkkür insanlar arasında münasibətləri də möhkəmləndirir, sevgini də artırır. Mark Avreli "İnsanlar bir-biri üçündür" deyirdi, məncə, elə belədir ki var. Ona görə içimizdə şər yetişdirməyək, xeyir və sevgi toxumları əkib bəsləyək ki, barını yığarkən peşman olmayaq...

 

 

 





22.12.2022    çap et  çap et