525.Az

Bir də o günlərə qayıda bilək - Tural Adişirindən poetik nümunələr


 

Bir də o günlərə qayıda bilək - <b style="color:red"> Tural Adişirindən poetik nümunələr</b>

Biz necə qayıdaq ötən illərə,

Bu ağır günahda kim kimə şərik.

Xoşbəxtlik içində keçən günləri

Yüz il axtarsaq da, tapa bilmərik.

 

Bir də o günlərə qayıda bilək,

Bir də əllərinə əllərim dəyə.

Bəlkə, günahları yarıya bölək,

Bəlkə, xatirələr gəldi köməyə.

 

Doğmadır, tanışdır - eh, kimə nə var,

Tüstüsü göz tökən bir ocaq üçün.

Arxamca minnətçi düşübdür yollar,

Məni qucağına qaytarmaq üçün.

 

Biz necə qayıdaq ötən illərə,

Bu ağır günahda kim kimə şərik.

Xoşbəxtlik içində keçən günləri

Yüz il axtarsaq da, tapa bilmərik.

lll

Söhbətlər soğulub, sevinclər solub,

Kəsilib arası görüşlərin də.

Həsrətim tək qalmış bir quzu olub,

Mələyir qəlbinin örüşlərində.

 

Yollar gözlərimə sancılan bir ox,

Uzanan günləri qəmə bükürəm.

Gecələr üstümə yorğan deyil, yox,

Mən alov örtürəm, atəş çəkirəm.

 

Sayrışır xatirən bir ocaq kimi,

Görən düşürəmmi yadına mən də?

Sənsizəm... Yoxluğun yanacaq kimi,

Tökülür eşqimin oduna gündə.

lll

Sırsıra bağlasa saçlarımda qar,

Buludlar beləcə dayana bilsə.

Yüz il bundan əvvəl yatmış arzular,

Bir səhər yuxudan oyana bilsə.

Bilsən ki, kürəyin söykənib dağa,

Bilsən ki, sənin də söz deyənin var,

Bilsən ki, arxanca boylanan, baxan,

Bilsən ki, sənin də gözləyənin var

Dözdüksə, yenə də günləri saydıq,

Şam kimi əridik hələ bir az da.

Desəm, ana vətən, gözlərin aydın,

Daha sərhəd boyu axmır Araz da.

Açılmır nə vaxtdır qaşı-qabağı,

Bu göydə işvə var, bu yerdə naz var.

Sənə qurban olum, vətən torpağı,

Necə ki dünyada Araz, Araz var...

lll

Boğa bilməyirəm acı qəhəri,

Solmuş ümidimi biçib gedirsən.

Mənə söz vermişdin bir yaz səhəri,

İndi başqa evə köçüb gedirsən.

 

Kövrək duyğulardı qəlbimə dolan,

Könlümü sirdaş da ala bilməyir.

Niyə ürəyimin sahibi olan,

Evimin sahibi ola bilməyir?

 

Bir uşaq kimiydim, gücsüzdüm bayaq,

Bu necə qəzəbdi sinəmdə dindi.

Gözünü qan tutmuş bir dəli sayaq,

Toyun qabağını kəsimmi indi?

 

Kaş bütün sevənlər mənimtək sevə,

Nisgil var ürəkdən çox çətin köçür.

Sən gəlin köçürsən başqa bir evə,

Mənimsə ömrümə həsrətin köçür.

 





22.12.2022    çap et  çap et