525.Az

Buludlar qaralıb, yaman dolubdur - Humay Musayevadan poetik nümunələr


 

Buludlar qaralıb, yaman dolubdur - <b style="color:red"> Humay Musayevadan poetik nümunələr</b>

Humay MUSAYEVA

 

Yoxluğun ölümdən betər olubdur,

Buludlar qaralıb, yaman dolubdur.

Əkdiyin gül-çiçək, yanıb, solubdur

Ay məni tək qoyub, gedən qardaşım.

 

Barışa bilmirəm, özüm-özümlə,

Mən sənin ruhunu gördüm gözümlə.

Sən axı dönərdin mənim sözümlə,

Ay məni tək qoyub, gedən qardaşım.

 

Adını qəlbimə yazmışam sənin,

Taleyim tərsinə, yazılıb mənim.

Sən idin can deyib, məni sevənim,

Ay məni tək qoyub, gedən qardaşım.

 

Mənası yoxdur heç sənsiz dünyanın,

Əgər yuxudursa, söylə oyanım.

Demə ki, siz mənsiz dözün, dayanın,

Ay məni tək qoyub, gedən qardaşım.

Şəhid anaları

 

Diz çökürəm qarşınızda sizlərin,

Yalvarıram, ağlamayın, analar.

Haqqınız çox, boynumuzda bizlərin

Haqqınızı halal edin analar.

 

O ağaran saçlarına qurbanam,

Şəhidimin qəlbi yanan anası.

Şəhidlərin qeyrətinə heyranam,

Ağlatmasın heç ananı balası.

 

44 gündə nə yaman qocalmısan,

Lay-lay deyən şəhidimin anası.

Dedi, oğul, zirvəyə ucalmısan,

Yoxdur sənsiz yaşamağın mənası.

 

Bir gecədə saçlar oldu bəmbəyaz,

Baxammıram gözlərinə ananın.

Dedi Allah, şəhidlərə tarix yaz,

Zirvəsinə qurban olum balanın.

 

 

 

 

 

 

 

 

 

 

 

 





22.12.2022    çap et  çap et