İranda üç aydan artıqdır davam edən etiraz aksiyaları artıq molla rejimini çıxılmaz duruma salıb. Rejimin dinc aksiyaçıları qətlə yetirməsi, ağır işgəncələrə məruz qoyması, həbslər, edam qərarları insanları qorxutmur. Əksinə, 44 ildir molla rejiminin basqısı, zülmü, işgəncəsi altında olan xalq daha əzmlə mübarizə aparır, bununla da rejimdən artıq qorxmadıqlarını cəsarətlə nümayiş etdirirlər. Bu gün İran adlı dövlət öz vətəndaşları üçün həbsxanaya, işgəncə meydanına çevrilib. Dövlət öz vətəndaşına sahib çıxmaqdan, onu qorumaqdansa, vətəndaşını öldürür, oğurlayaraq naməlum şəraitdə qətlə yetirir.
Molla rejimi anlayır ki, artıq etirazları güc yolu ilə yatırda bilməyəcək, ona görə də daxili gərginlikdən xilas olmaq üçün digər ölkələri günahlandırır. Bununla da qonşularla onsuz da pis vəziyyətə gətirdiyi münasibətləri daha da pisləşdirir. Məlumdur ki, İrandakı sosial-iqtisadi böhranın, o cümlədən, yoxsulluğun, işsizliyin, insanların bütün hüquqlarının əlindən alınmasının səbəbkarı digər dövlətlər deyil. Bu, birbaşa fars-molla rejiminin apardığı siyasətin nəticəsidir. Və artıq rejimin daxili siyasəti kimi xarici siyasəti də iflasa uğrayıb. Özünü islam dövləti adlandıran İran islam dünyasına düşmən kəsilib. Onun şərq qonşuları, körfəz ölkələri, həmçinin, Türkiyə və Azərbaycanla münasibətlərinə nəzər saldıqda, bu, aydın şəkildə özünü göstərir. Fars-molla rejimi Azərbaycan müstəqillik qazanandan ölkəmizə qarşı gizli və açıq şəkildə düşmənçilik siyasəti aparmağa başlayıb. Zaman-zaman bu özünü müxtəlif formalarda göstərib. Qarabağın işğalı müddətində İran Ermənistana hər cür dəstək verib, ərazilərimizi Ermənistanla birlikdə talan edib. Eyni zamanda, 30 il ərzində dini abidələrimizin dağıdılmasına, məscidlərimizin təhqir edilməsinə göz yumub. Bir dəfə də olsun özünü "İslam təəssübkeşi" adlandıran molla rejimi səsini çıxarmayıb. Əksinə, Ermənistana yardımı davam etdirib. 44 günlük müharibədə işğalçının yanında olub, onu silah-sursatla təmin edib. Molla rejiminin daha bir xəyanətkar addımı isə müharibə günlərində Azərbaycan Ordusunun Araz boyu apardığı hərbi əməliyyatlar zamanı özünü göstərdi. Belə ki, Xudafərin körpüsünün yaxınlığında Ordumuzun qarşısına çıxan İran hərbçiləri ordumuzun Zəngilan istiqamətində irəliləməsini bir neçə gün ləngidib.
Müharibədən sonra Azərbaycanın qələbəsini heç cür həzm edə bilməyən fars rejimi artıq açıq təhdidlərə əl atdı. Belə ki, Araz boyunca hərbi təlimlər keçirdi, Zəngəzur dəhlizinin əleyhinə bəyanatlar verdi, özü üçün "qırmızı xətlər" elan etdi, ölkəmizə casus şəbəkələri göndərdi. İranı narahat edən başqa bir məqam isə Güney Azərbaycandır. Güneylilər bu gün etirazların önündə gedir və müstəqilliklərini tələb edir. İran illərdir ki, güneyli soydaşlarımızı bütün hüquqlardan məhrum edib, bu gün edam cəzası verilən, həbs olunanlar arasında güneyli soydaşlarımız çoxluq təşkil edir.
Görünən odur ki, rejim ölkəmizə qarşı pis niyyətindən, təxribatlarından əl çəkmək fikrində deyil. Belə ki, indi də Laçın yolunda keçirilən ekoloji aksiyaya burnunu soxmağa başlayıb. Bu ölkənin rejimə yaxın mətbuatında - "İran diplomatiyası" (www.irdiplomacy.ir) saytında dərc olunan "İranın ərazi bütövlüyünün qırmızı xətti olan bölgə: Tehran Qarabağda passiv yanaşmadan əl çəkməlidir" başlıqlı məqalə bunu bir daha sübut edir. Məqalədə İran növbəti dəfə həddini aşaraq düşmənçiliyini ortaya qoyub. Məqalədə "Dağlıq Qarabağ Muxtar bölgəsi", "Stepanakert", "qırmızı xətt" ifadələri işlədilib ki, bu da rejimin mahiyyətindən irəli gəlir. Mollaları narahat edən Laçın yolundan istifadə edərək qanunsuz əməllərini həyata keçirə bilməmələridir. Bir müddət əvvəl məhz bu yolla iki qrupda 27 İran vətəndaşı qanunsuz olaraq Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə keçmişdilər. Eyni zamanda, Tehranın ərazilərimizə silah-sursat daşıması barədə də faktlar var. İran tərəfinə bununla bağlı Azərbaycan XİN tərəfindən rəsmi nota təqdim edilsə də, jurnalistlər sorğu ünvanlasalar da, hələ də heç bir aydınlıq gətirilməyib.
İranın xəyanətləri, təxribatları sadalamaqla bitib-tükənmir. Molla rejimi öz qonşuluğunda ərazisi işğal altında olan, zəif, gücsüz Azərbaycan görmək istəyirdi. Bu gün gördüyü - torpaqlarını azad edən, güneyli soydaşlarının müdafiəsinə qalxan, dünyada nüfuz söz sahibi olan, öz haqqı uğrunda təkbaşına mübarizə aparan, güclü orduya malik olan Azərbaycan isə onun yuxularını ərşə çəkib. Mollaların nə istəməyindən asılı olmayaraq, Azərbaycan öz yolunda davam edəcək və daha da güclənəcək. Fars rejimi isə digər ölkələrin daxili işlərinə burun soxmağı, təxribatçı, xain planlar hazırlamağı bir kənara qoyub, özünün və ölkəni saldığı bataqlıqdan xilas yolunu axtarmalıdır.
çap et