Azərbaycan mədəniyyətinə, xalq musiqisi ifaçılığına böyük töhfələr vermiş, xüsusən Gəncədə 20-ci əsrin ikinci yarısından etibarən muğam və instrumental sənətin inkişafında xüsusi rolu olan Xalq artisti, Prezident təqaüdçüsü Fikrət Verdiyev uzun sürən, amma heç vaxt bir qürurlu insan kimi, şikayətlənmədiyi ağır xəstəlikdən 75 yaşında vəfat edib.
1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olan Fikrət Süleyman oğlu Verdiyev 1957-ci ildən şəhərdəki 1 nömrəli musiqi məktəbində oxuyub. 1960-cı ildən müxtəlif məktəbli tədbirlərində solo və ansambllar ilə çıxış etməyə başlayıb. Həmin ildə onun rəhbərlik etdiyi uşaq kollektivi Bakıdakı müsabiqənin qalibi olur.
Gənc Fikrət 1962-ci ildə məktəbi bitirərək, Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Hələ orada musiqi təhsili alarkən, Gəncənin Pioner və Məktəblilər Sarayında, eləcə də Mərkəzi Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir. Tələbə Fikrət Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində pedaqoji fəaliyyət də göstərir.
F.Verdiyev 1966-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor və xalq alətləri ifaçısı fakültəsinə, Adil Gərayın sinfinə daxil olur.
Gəncəyə qayıtdıqdan sonra, Fikrət Verdiyev vaxtilə musiqi təhsili aldığı Qəmbər Hüseynli adına məktəbdə pedaqoji fəaliyyət göstərir, 1969-cu ildə isə ictimai əsaslarla çalışan "Göy göl" xalq çalğı alətləri ansamblını yaradır. Az bir zamanda kollektiv müxtəlif tədbirlərdə və qastrollarda parlaq uğurlar əldə edir, mükafatlar qazanır.
1977-ci ildə Respublika rəhbəri, Ulu öndər Heydər Əliyev bu kollektivin ifasını yüksək qiymətləndirərək, ona Dövlət mahnı və rəqs ansamblı statusu verilməsinə göstəriş verir.
Müxtəlif dövrlərdə "Göy göl" Dövlət Mahnı və Rəqs ansamblı ilə respublikamızın ən ustad müğənniləri uğurla çıxış edirlər.
Bu kollektiv, eləcə də Zeynəb Xanlarovanın 1982-ci ildə yaratdığı, konsertmeysteri olduğu ansamblla Fikrət Verdiyev 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini tanıdılmasına bu böyük müğənnimizlə birgə töhfələr verir.
Fikrət müəllim 1990-cı ildə "Göy göl"ün bazasında Gəncə Dövlət Filarmoniyasını yaradır və ona rəhbərlik edir. Filarmoniyanın nəzdində həmçinin, digər kollektivlər - notlu xalq çalğı alətləri və kamera orkestrləri formalaşdırılır.
Fikrət Verdiyev 2000-ci illərin əvvəllərində Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində yaradılmış "Neftçi" mahnı və rəqs ansamblına da rəhbərlik edib.
Ən əsası isə o, Azərbaycan xalq musiqisi ifasının inkişafı üçün böyük əzmlə çalışıb, bu yöndə yeni-yeni usta sənətkarların yetişməsi üçün öz məktəbini yaradıb. Fikrət Verdiyev yarım əsrdən çoxdur ki, qədim Gəncənin musiqi aləminin siması sayılıb. O, həmçinin sadə, mədəniyyətimizin inkişafı üçün təmənnasız çalışan bir insan kimi yadda qalacaq.
Zakir MURADOV
Gəncə
çap et