525.Az

Müşfiqin "Necə əl çəkim?!" harayı - Aydın Tağıyev yazır


 

VƏ YA AMANSIZ ZÜLMÜN QURBANI OLAN HƏYAT SEVGİSİ

Müşfiqin "Necə əl çəkim?!" harayı - <b style="color:red"> Aydın Tağıyev yazır</b>

(Bir tədbirdə deyə bilmədiklərim)

 

Qarşımda dalğalı dərin bir ümman

Ümmanı sarsıdır bir acı tufan,

Bəyaz köpükləri bir çiçək yapan

Şeirdən, xülyadan necə əl çəkim?

 

Mikayıl Müşfiqin həyat, ömür, yaşamaq eşqi, yazıb-yaratmaq arzu-istəyi, yanğısı ilə dolu məşhur şeirinin bir bəndidir bu. "Həyat sevgisi" şeirindəndir. Şairi həyat sevgisindən tez əl "çəkdirdilər".

Müşfiqin "necə əl çəkim?" hayı-harayı hər dəfə bu şeiri dönə-dönə oxuduqca və ya əzbərdən öz-özünə pıçıldadıqca az qala cızdağın çıxır. "Necə əl çəkim?"

Ancaq Müşfiqə uzanan namərd əllər onu bütün bunlardan, "şeirdən" də, "xülyadan" da, bir sözlə, işıqlı dünyadan da "əl çəkdirdilər..."

 

"Oxu, tar, oxu, tar!

Səni kim unudar!"

İndi bu sözləri

Ona desək yeri var:

"Səni kim unudar" -

bu misralar - özü də unudulmaz olan - Xalq şairimiz ulu Rəsul Rzanındır.

lll

Bu el dolu könlüm ki, var,

şeir yazmaq istəyirəm.

Həyat ki, var,

ölüm ki, var -

şeir yazmaq istəyirəm,

şeir yazmaq istəyirəm!..

- bu misralar isə yaradıcılığı boyu Müşfiqə şeirlər, poema, mərsiyələr qədər ələmli esselər yazan, bütün bunları ağrı-acıyla qələmə alan, "Əhmədli"dəki evinin eyvanından Xəzərdə görünən Nargin adası tərəfə baxa-baxa qəfil dünyasını dəyişən əziz dostum, gözəl şairimiz Ələkbər Salahzadənindir.

Müşfiqin unudulmadığının təsdiqi kimi, bu ilin yayında, iyul ayının isti günlərinin birində bizim Siyəzən şəhərində, Mikayıl Müşfiqin adını daşıyan orta ümumtəhsil məktəbində (yeri gəlmişkən, deyim ki, paytaxt Bakıdan sonra Müşfiqin adını daşıyan təhsil ocağıdır bu məktəb) şairin doğum günü ilə bağlı növbəti təntənəli bir tədbir keçirilirdi.

O tədbirdə iştirak edən qonaqlar arasında mən də var idim və çıxış üçün mənə də söz verildi. Yetmiş illiyimi tamamlayacağım o ərəfədə zaldan, əyləşdiyim yerdən durub səhnəyə, səhnədəki tribunaya qalxanacan Müşfiq haqqında deyəcəyim sözlər haqqında qəfil düşündüm. Vur-tut 29 il ömür yaşamış, sözləri-nəğmələri dillər əzbəri bir nakam şair haqqında 70 yaşlı adi "bir qələm əhli" indi nə deyə bilərdi ki?..

Səhnəyə qalxanacan, necə deyərlər, bir-iki dəqiqəlik məsafə yolundakı zaman kəsiyində ilk əvvəl yadıma birdən-birə dünyaya gələndə ata-anasının, doğmalarının çağaya verdikləri adı öz-özümə pıçıldadım: Mikayıl... Sonra da illər keçəndən sonra Mikayılın özünə götürdüyü təxəllüsü: Müşfiq...

lll

Bəli, o, dünyaya gələndə doğmaları adını Mikayıl qoydular. Mikayıl da Allahın dörd mələyindən biri! Dini yozumlara görə Mikayıl Tanrının o dörd mələyinin - cənab Əzrayıl, Cəbrayıl, İsrafilin arasında ən xeyirxahıdır. Allahın hökmüylə o insanlara ruzi yetirir, pay verir. Qədim ivrit dilində tərcümədə bu adın mənası "Allah kimi olan, Allaha bənzər" anlamı verir. Adı Mikayıl olan şairin dədə-baba soyadı İsmayılzadə idi. Təxəllüsü isə Müşfiq! Və bu söz də ərəbcədən tərcümədə "şəfqətli, rəhmdil, ürəyiyumşaq" deməkdir.

... Mələk Mikayıl, şəfqətli Müşfiq!

lll

Keçmiş sovet rejiminin ötən əsrin 1937-1938-ci illərdə həbs edilən məhbusları, işgəncələrə məruz qalanları haqqında, əsasən türkün düşməni olan erməni əsilli məhkəmə "üçlüyünün" vur-tut 10-15 dəqiqəlik iclas qərarı ilə, ən ağır hökm çıxarılırdı.

İndi 37-ci ilin repressiya qurbanları deyirik: Onlar - Hüseyn Cavid də, Əhməd Cavad da, Mikayıl Müşfiq də... repressiya qurbanları yox, haqq, halal-müqəddəs söz uğrunda canlarından keçənlərdirlər...

Şəhid Müşfiqim mənim!

lll

Paytaxt Bakıdan sonra ötən əsrin 70-ci illərinin sonlarında Siyəzən şəhərində də Müşfiqin büstü ucaldıldı. Yəqin ki, bu da təsadüfi deyildi. Axı, Siyəzən şairin doğulub dünyaya göz açdığı qonşu Xızının Sayadlı kəndindən "əl uzatsan çatan" qədər məsafədə bir məkandır.

İndi adı Müşfiqlə bağlı yada düşən o kənddən, yalnız adı qalan Sayadlıdan (işə bax, bəzən coğrafi adları, yeri-yurdu əbədi yaşadanlar bir vaxt o torpaqda dünyaya göz açan oğulları-qızları olub, Müşfiq adı çəkildikcə Sayadlı adlı bir kənd də xatırlanacaq. Bu yaddaşın isə ömrü əbədidir...), Xızı dağlarından əsən, bəzən aram, bəzən dəli-dolu küləklər yeri-yurdu dolaşa-dolaşa ən tez bu yaxın yerə çatır. Doğma yurdun, torpağın, o torpaqda cücərib pardaqlanan, sonra da vaxt keçdikcə solan güllərin-çiçəklərin, otların xoş ətrini, rayihəsini Siyəzəndə şairə daha tez çatdırır. Ancaq nə yazıqlar ki, bir vaxtlar Müşfiqin ruhu dolaşıb gəzən yerlərdən xəfif-xəfif əsib gələn, bəzən az qala dünyanı qabağına qatıb yerlə-yeksan edərək aparmağa qadir olan küləklər də şairin büstündən bizlərə tanış qıvrım qara tellərini ustufca da olsun yerindən tərpədib qarışdırmağa gücü çatmır. Yaz-yay, payız-qış olsun, sığal çəkib heç yüngülcə belə tərpədə bilmir.

Küləklərin nə günahı?..

Müşfiqin Siyəzən şəhərindəki büstü paytaxt Bakıdakının oxşarıdır. Baxanın ürəyini param-parça edən daşlaşmış qəmli bir çöhrə, dünyanın kədər yüklü buludları dolmuş alacalanmış gözlər... Müşfiqin hər iki heykəlini yonan o sənətkarların adlarını da bilmirəm...

Heykəltaraşlar neyləsin?..

lll

Tanış bir şeirdən, o şeirə bəstələnən bir mahnıdan, bir sözlə, bir şair misralarından "lalələrin bağırlarının qan" olduqlarından agah idik. 1990-cı ildə xalqımıza qarşı törədilən qanlı 20 Yanvar soyqırımından sonra qıpqırmızı qərənfillər lalələrdən daha çox bağrıları yanıq - "qanlı" qaldılar. Ana torpaqdan boy verib qalxan, təbiətin qismətlərinə yazdığı o qırmızı donlarının rəngini dəyişməyə sonralar gücləri çatmadı. Rəngləri eləcə qırmızı olsa da, qəlbən bağırları qanlı qaldılar. Bir vaxt dimdik qərənfillərin də boyunları büküldü...

Gərək ki, "525-ci qəzet"dən oxumuşdum. Müşfiqin növbəti anım günündə şairin xatirəsini yad etmək üçün AYB rəhbərliyinin də iştirakı ilə Dənizkənarı Bulvarda Xəzərin sularına rəmzi olaraq yenə də ənənəvi olaraq qərənfillər səpilirmiş. Sən demə, çiçəklərin də döyünən qəlbi, həm də fəhmi varmış... Həmin gün Xəzərin köpüklü,  dalğalı, coşqun sularında gül-çiçəklər, qərənfillər düz Nargin adasına - Müşfiqin "işıqlı dünyadan" doymayan, yaşamaq eşqi ilə döyünən, ürək çırpıntılarının son kərə vura-vura ölümün gözünə dik baxıb məğrur-məğrur ayaq üstdə durduğu torpağa, o yerlərə tərəf - Nargin adasına sarı yol alıbmış...

Anar müəllim köks ötürübmüş: "Qərənfillər mənzili, ünvanı yaxşı tanıyır..."

lll

Ah, mən gündən-günə bu gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?  

Müşfiqin ürək dağlayan bu misralarında, adamı odsuz-ocaqsız yandıran hay-harayında, məncə, "işıqlı dünyadan" - bu gəlimli-gedimli, fani dünyamızdan yox, şairin "dostdan, aşinadan necə əl çəkim" nisgili, fəryadı, ağrısı-acısı durur.

Müşfiqin o "dostlarının, aşinalarının" kimliyi haqqında düşünəndə isə yadımda ən əvvəl Rəsul Rza düşür, onun ötən əsrin 37-ci il repressiyasının günahsız qurbanlarının, söz uğrunda şəhidlərin bəraətindən sonra Müşfiq haqqında yazıb çap etdirdiyi ağısı, elegiyası, rekviyemi: "Qızılgül olmayaydı..." poeması.

Qurğuşun kimi ağır, dolu buludların axır ki, boşalıb, damla-damla yağışa çevrilib. Adamı odsuz-ocaqsız yandırıb yaxan misralara çevrilən o yağışlı, damcılı misralar:

 

Doğrudur,

Müşfiqi apardılar, - deyib

kitablarını

ev-ev qaçırmadım.

Şəklini, məktubunu atmadım.

Ancaq götürdüm onları

ilk baxışda

gözə görünə bilən

qəfəsindən kitabxanamın.

Gizlətdim

göz yaşından

möhürü çaylaq daşı kimi hamarlanmış

köhnə canamazında anamın.

Yadıma bir də ustad Rəsul Rza məktəbinin "ən əlaçı bir şagirdi", davamçısı, şəxsiyyətində də elə ona bənzər, "kənək qoz kimi möhkəm" gözəl şairimiz, unudulmaz dostum Ələkbər Salahzadə... (Rəfiq Zəka Xəndanın ruhu qoy məni bağışlasın...)

Mən

hardayam - bilən varmı?

Bilənmi var - hardayam mən...

Göydəyəm mən,

Yerdəyəm mən?!

Soruşuram,

Susmusunuz, susursunuz, bəlkə yoxam?

Danışdıqca soruşuram, demək, varam!

Gözləmirdiz gəlib çıxam!..

 

Müşfiqi həyatda görməyən, onun ölümündən neçə il sonra dünyaya gələn Ələkbər Salahzadəni Mikayıl Müşfiq sağ olsaydı, ömrünün istər orta, istərsə də ahıl, qoca illərində, aralarında xeyli yaş fərqi olmasına baxmayaraq, ustad məhəbbəti, ustad qayğısı ilə yəqin ki, özünə yaxın dost bilərdi... Rəsul Rza kimi...

lll

Mikayıl Müşfiqin namərd gülləsindən sonra nəşinin torpağa tapşırılıb gömüldüyü, dəfn olunduğu məlum deyil. Bir neçə il bundan qabaq nakam şairimizin naməlum qəbri ilə bağlı sosial şəbəkələrdə söz-söhbətlər çıxdı. Hətta DNK testləri xəbərləri də yayıldı. Müşfiqsevərlər, kimlər-kimlər sevinib təsəlli tapdılar; axır ki, gec də olsa şairin qəbri üstünə "elin qəmli gəlinləri olan qızılgülləri" düzə biləcəklər...

Xəbər çıxandan indiyəcən daha heç bir səs-soraq yoxdur...

lll

Fikrim fikrə calanır. Və min bir fikrə düşürəm. Yenə də Rəsul Rzanın misraları gəlir yadıma:

 

Qəlbin böyük ağrısına

Şəfa deyil söz məlhəmi.

Min bir ümumi sevinc

Dağıdarmı bir həsrətdən.

Bir ölümdən doğan qəmi?!

 

Ancaq öz-özümü toxtadıram. Necə ki, Müşfiqin özünün dediyi kimi, "kainat durduqca şeir olacaq" - və O da əbədi yaşayacaq...

Noyabr, 2022.

 

 

 





23.12.2022    çap et  çap et