525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

 

Raqub KƏRİMOV
Filologiya üzrə elmlər doktoru, professor

 

 İsmayıl bəy Daruğə

 

İsmayıl bəy Mirzə Allahqulu oğlu Axundov (Daruğə) təqribən 1837-ci ildə Şuşa şəhərində anadan olub. Onun Atası Mirzə Allahqulu Oruc oğlu Qarabağın sonuncu hakimi Mehdiqulu xanın şəxsi həkimi idi.

İsmayıl bəy ilk təhsilini Şuşada almış, fars, ərəb və rus dillərini mükəmməl öyrənmişdi. Buna görə də, o, hələ erkən yaşlarından dövlət qulluğunda çalışmış və tezliklə Şuşa şəhərinin darğası vəzifəsinə qədər ucalmışdı. O, inzibati-siyasi səlahiyyəti olan bu vəzifədə ömrünün axırına qədər çalışıb. Şair vəzifəsinə uyğun olaraq "Daruğə" təxəllüsü götürüb. "Məclisi-üns"ün fəal üzvlərindən olmuş, klassik üslubda şeirlər yazmışdı. Şairin az sayda şeirləri AMEA ƏYİ-nin arxivində saxlanılan M-237/2991, D-288/7670, B-867/13920, B-1767/5402, B-724/3285 şifrli əlyazmalarında gəlib bizə çatıb. Şeir nümunələri həmin mənbələrdən götürülüb.

 

 

Yüz dərdlər dəvasıdır ol qarə tellərin,

Etməz nədən bu dərdimə bir çarə tellərin.

 

Aşiqlərin edirdi pərişan halətin,

Hərdəm düşəndə arizi-gülnarə tellərin.

 

Badi-səba əsəndə gülüstani-hüsnünə,

Sinəmdə yarə üzrə vurar yarə tellərin.

 

Uymuşdu könlümü o zaman bəndə zülfdə,

Rəhm etmədi o zarü giriftarə tellərin.

 

Miqrazi naz ilə onu islah etgilən,

Versin cəzayi-aşiqə kəffarə tellərin.

 

Rəhm eylədin o zalisə tədib etmədin,

Mənsur var çəkdi məni darə tellərin.

 

Daruqə çəkməz əl belə həblülmətindən,

Gər şanə tək edə onu sədparə tellərin.

lll

Müjgan oxu ilə sinəmi et parə-parə sən,

Etmə bu kari-xeyrdə heç istixarə sən.

 

Birəhm olma, aşiqinəm, rəhm qıl mana,

Qıl bir nəzarə, köksüm ara ahu-zarə sən.

 

Ta sübh olunca dərdü-qəmin pasibanıyam,

Rəhm etgilən bu dideyi-əncümşümarə sən.

 

Gəl alma canımı dedim oğrun nigahilə,

Çox şaiqəm ki, öldürəsən aşikarə sən.

 

Qurtar məni, o zülfə əsirəm, dedim, dedi:

Get, get ki, yoxdu çarə sənə, bəxtiqarəsən.

 

Daruğəni səgi-səri-kuyin hesab qıl,

Tanrı rizasına onu salma kənarə sən.

lll

Kuyi daşına vurub başımı əlvan etdim,

Canımı şövqilə cananıma qurban etdim.

 

Zülfünü badi-səba munca pərişan etmiş,

Ahilə cəmiyyəti-xəlqi pərişan etdim.

 

O, mənim eşqimi məşhur elədi aləmdə,

Mən onun dərdi-qəmin sinədə pünhan etdim.

 

Yetməsin daməninə kim dedim əğyarın əli,

Gözlərimi səri-rahində pigəvan etdim.

 

Aparıb könlümü bilməm hara pünhan etdi,

Tapmadım, şanəsifət zülfünü hər yan etdim.

 

Bulmadım dərdimə dərman ətibbadə dəxi,

Yoğurub dərdi-qəmin, dərdimə dərman etdim.

 

Yetmədi dərdimə ol dadrəsim kuyində,

Bunca Daruğəsifət naləvü əfqan etdim.

 

TEATRDA

 

Olmaz olasan həbsdə sən, mən teatrda,

Ey kaş, olam həbsdə mən, sən teatrda.

 

Bunlar məni təklif elədi, getmədim əsla,

Gördüm düşəsən yadıma birdən teatrda.

 

Bir "ah" çəkim, od tuta, aləm yan yeksər,

Qan ağlaya əhvalıma düşmən teatrda.

 

Əzbəski xəyalımda mücəssəmdi cəmalın,

Görməzdi gözüm gül ola xidmən teatrda.

 

Sənanə de kim Tiflisə gəl, bağlama zünnar,

Eşq elmini Daruğədən öyrən teatrda.

                                

Məşədi Mirzə Cəfər

 

Məşədi Cəfərin anadan olma tarixi haqqında əlimizdə məlumat olmasa da, onun XIX əsrin ikinci yarısında yaşayıb-yaratdığı faktlarla sübut olunub. Firidun bəy Köçərli onun barəsində məlumat verərək yazırdı ki, xasiyyətində qəribəlik var idi. Bəzən bu qəribəlik adamı heyrətə salırdı. Peşəsi paltar satmaq idi. "Moskvadan təzə və köhnə paltar alıb Şuşa qalasında xərid-füruşl edərdi. Ziyadə xoş söhbət və baməzə idi. Hər yerdən və hər elmdən ittilaatı var idi və ...bir kəs ilə meyli olsaydı, ondan canını və malını əsirgəməzdi". Bununla yanaşı, F.Köçərli onun öz xətti ilə yazdığı "böyük bir məcmuəsi" olması barədə də məlumat verir. O, şeirlərini klassik üslubda yazmışdı.

Mirzə Cəfər 1902-ci ilin dekabr ayında intihar edib. Aşağıdakı şeir örnəkləri Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı"(II c.B,1981) kitabından götürülüb. 

 

Ümmandan xövf eyləməz, bəhrində qərqi-abdır,

Təşnə demək olmaz ona, çün eşqdən sirabdır.

 

Qaşın təriqi-zahidə bir qiblədir Kəbə kimi,

Göstərməyə hacət yolun min məscidə mehrabdır.

 

Nuri-cəmalın sərbəsər olmuş ümumə rahbər.

Hər mücrimü hər müşrikə simalərin əhbabdır.

 

Yelda kimi zülfün siyəh, hüsni-cəmalın mehrü məh,

Yerdə özün insansan, göydə üzün məhtabdır.

 

Şəhdi-ləbin abi-səfa, mürdə dilə ruhi-bəqa,

Təlx gəlü bimar üçün çün kuzeyi-cüllabdır.

 

Qönçə ləbin ləli-Yəmən mövcud isə yoxdur dəhən,

Çox çüstücü etdim onu, Ənqa kimi nayabdır.

 

Məhbubi-yari-dilguşa canbəxşdir sübhü məsa,

Sirkəruxin bədmənzəri əhli-dilə mizrabdır.

 

Qəlbü dilim əhli-dilin hər zülmünə möhkəmdi çox,

Nazikdi pərrü pəşşədən, naəhlə çox bitabdır.

 

Çəşmi-xumari-dilbərə sübhü məsa qıldım nəzər,

Dəydi gözə kim, guyiya mən tək o da bixabdır.

 

Cəfər, qiyami-qamətin kim görməsə nadim olur,

Məhşər günü virdi onun "ya leytəni turab"dır.

 

Qövli-sərihi-Cəfərə mədhin decə, kazib demə,

Cəfər əgər kəzzab isə, sən söyləmə kəzzabdır.

lll

Saqi, mənə, Allaha bax, dur badeyi-əhmər gətir,

Canü dilə od salmağa bir şöleyi-azər gətir.

 

Şuri-sərim şurə düşüb, piri-təriqət axtarır,

Mən kümrəhi-eşq olmuşam, bir saliki-rəhbər gətir!

 

Bir cürə ver sərgərm olum, məxmurü həm dilnərm olum,

Çünki mənəm piri-köhən, meydən mənə kəmtər gətir!

 

İbriqi-mey al dəstinə, doldur onu, ləbriz elə,

Peymanəvü rətli-giran, həm camü həm sağər gətir!

 

Xum xumm ola yoxdur qəmim, sərşarlıq xoşdur mənə,

Mehrü məhi yığ başıma, həm xosrovi-xavər gətir!

 

Ver mey içim, dövr eyləyim nahəqqdən həqqə tərəf,

Yoxdur pərim dövr etməyə, balü pərü şöhpər gətir!

 

Mey ver mənə pakü həlal, məmzüc ola şadi, məlal,

Bu tinəti pak etməyə bir badeyi-əthər gətir.

 

Mən Kəbədən əl çəkmişəm, məbəd mənə meyxanədir,

Mən tək hanı həqqi tapan, bir pakdil kafər gətir.

 

Meyxanədə carub olam, sübhü məsa fəxr eylərəm,

Bu dərgəhə mən tək hanı bir müxlisi-cakər, gətir!

 

Çox sərddir təbü məzac, mey vergilən tapsın rəvac,

Gər istəsən sərgərm olum, həm udu həm məcmər gətir!

 

Mən cəfəriqövl olmuşam, dinimdi dini-cəfəri,

Ney Cəfəri kəzb etməyən, yüz kəzb edən Cəfər gətir!

lll

Necə mümkündü, ey vaiz, müsəlmanda nizam olsun,

Həmi əhli-kəlam olsun, həmi əhli-səlam olsun.

 

Necə insafdır şeytan gəlib görsün bizim əhli,

Atıb şənü cəlalini, müsəlmana qulam olsun?!

 

Əgər hacı yola gəlsə, əgər vaiz desə doğru,

Bəli, lazım tutar onda gərək dünya tamam olsun.

 

Bular hər bir müsəlmanı edər qarət ələ düşsə,

Belə felü belə tinət görüm, ya rəb, həram olsun!

 

Məni yar eyləmə, ya rəb, qiyamətdə bular ilə,

Mənə qismət cəhim olsun, ona cənnət məqam olsun!

 

Mənə, vaiz, qəmiş qoyma, yeri, rişə həna bağla,

Mənə meyxanə yer olsun, sənə mənzil həmam olsun!

 

Cəfər, ləğvin təvil etmə, gecə keçdi tamma oldu,

Gecə yoxdur bu Məskoda, hekayətin tamam olsun!

 

 

 





23.12.2022    çap et  çap et