Rusiyanın Kosmik Agentliyi Roskosmos Soyuz kapsullarında soyuducu maye sızmasının başlamasından sonra üç ekipaj üzvünü vaxtından əvvəl evə gətirmək üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) boş kosmik gəmi göndərməyi nəzərdən keçirdiyini bildirib.
525.az xəbər verir ki, Roskosmos və NASA kosmik gəminin xarici radiatorunun deşilməsinə nəyin səbəb olduğunun aydın olmadığını bildiriblər. Bunun bir meteorla toqquşma nəticəsində olduğu düşünülsə də araşdırmalar bu ehtimalı rədd edib.
Sızma iki kosmonavtın adi bir kosmos gəzintisinə hazırlaşırdğı zaman başlayıb. NASA-nın keçmiş astronavtlarından biri olan Skott Kelli BKS-də sızma ilə bağlı görüntülərə istinad edərək: "Rusiyanın Soyuz gəmisində soyuducu sızıntısı BKS-ə yaxınlaşıb. Bu ciddi vəziyyətdir", - deyə bildirib.
Məhəmməd Tağıyev