525.Az

Xalq yazıçısı Anar oxucularla görüşüb


 

Xalq yazıçısı Anar oxucularla görüşüb<b style="color:red"></b>

21 dekabrda Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Birliyin sədri, Xalq yazıçısı Anarın oxucuları ilə görüşü baş tutub. Tədbiri giriş sözü ilə açan "Qobustan" Sənət Toplusunun baş redaktoru Pərvin bildirib ki, bu görüş əsasən, gənclərin  arzusu ilə reallaşıb: "Həm Pedaqoji  Universitetdə dərs dediyim tələbələrim, həm də dərgimizin oxucuları son bir neçə ayda Anar müəllimlə görüşmək istədiklərini bildirirdilər. Ona görə Anar müəllimdən xahiş etdik ki, bizə zaman ayırsın. Bu, həm də yeni-yeni yazmağa başlayan gənclər üçün master-klass olar. Təkcə bu il onlarla yeni imzaya, yəni yazıları ilk dəfə mətbuata çıxan gənclərə dərgimizin səhifələrində yer vermişik. Bu gəncləri də görüşə dəvət etdik və düşünürəm ki, belə görüşün onların gələcək fəaliyyətinə də müsbət təsiri olacaq".

Sonra oxucular Xalq yazıçısına suallarını ünvanlayıblar, onun maraqlı söhbətləri,  tövsiyələri ilə tanış olublar. Anarın özünəməxsus yumorla verdiyi cavablar, səmimi söhbətləri tədbirdə xüsusi əhval-ruhiyyə, görüş iştirakçılarında xoş ovqat yaradıb.

100 yaşını qeyd edən "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə gənclərlə ədəbiyyatla, sənətlə bağlı fikirlərini bölüşüb. Həmçinin, dərginin Şuşaya həsr olunmuş sayını oxuculara hədiyyə edib: "Bəzən dərgilərin çap variantlarının aktuallığını itirdiyini deyirlər. Amma mən düşünürəm ki, ən çətin illərdə dərgiləri qoruya bildiksə, zamanın tələbindən asılı olmayaraq, bunlar dəyər kimi, millətin sərvəti kimi qorunmalıdır. Bu işdə Anarın xidmətini qeyd etməliyəm, onun həm ziyalı, həm də bir yazıçı kimi Azərbaycan ədəbiyyatında çox mühüm yeri var".

Yazıçı Elçin Hüseynbəyli tələbələrə Anarın yaradıcılığını öyrənməyin vacibliyini vurğulayıb. O bildirib ki, ədəbiyyatla məşğul olmaq istəyən insan mütaliə etdiyi əsərlər arasında seçməyi, öz qənaətlərini ortaya qoymağı bacarmalıdır. Yazıçılıq həm də ədəbi zövqə malik olmaq deməkdir.

"Qobustan" jurnalının ilk işçilərindən olan publisist Esmira Nəzərli çıxış edərək öz xatirələrini danışıb, bir zamanlar Anarla birlikdə jurnalda çalışdığına görə fəxr etdiyini dilə gətirib.

Jurnalın əməkdaşı Narıngül Nadir çıxışında tələbələrin "Qobustan"ın son sayında gedən yazılarından söz açıb, onlara  öz məsləhətlərini verib.

"Siz mənim əsərlərimdəki obrazlar  haqqında məndən də çox  bilirsiniz" deyən yazıçı Anar maraqlı diskussiyaya görə tələbələrə və tədbir iştirakçılarına öz təşəkkürünü çatdırıb. 

Görüşün sonunda Xalq yazıçısı Anar tələbələrlə xatirə şəkli çəkdirib və onlara imzalı kitablarını hədiyyə edib. 

Narıngül NADİR

 





23.12.2022    çap et  çap et