525.Az

Ömər Faiq Nemanzadə - bizim müasirimizdir Solmaz Rüstəmova-Tohidi yazır


 

İŞIĞIMIZ NİYƏ SÖNMƏYƏCƏK

Ömər Faiq Nemanzadə - bizim müasirimizdir<b style="color:red"> Solmaz Rüstəmova-Tohidi yazır</b>

Ömər Faiq Nemanzadə - 150

 

Bu il ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 150 illiyi qeyd olunan böyük maarifçi-publisist Ömər Faiq Nemanzadə Azərbaycan ədəbi-ictimai fikir tarixində müstəsna yer tutur. Ömər Faiqin həyat və fəaliyyət yolu, məfkurəsi və yaradıcılığı zaman-zaman diqqət çəkib araşdırılsa da, bu istiqamətdə hələ də bir sıra bəlli boşluqlar qalmaqda, onun irsinin daha dərindən öyrənilib təbliğ edilməsinə ciddi ehtiyac duyulmaqdadır. Görkəmli alim, fədakar tədqiqatçı Solmaz Rüstəmova-Tohidinin təqdim etdiyimiz bu əsəri məhz həmin boşluğun layiqincə doldurulması, sözügedən ehtiyacın önəmli ölçüdə qarşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.  

 

Bu gün anadan olmasının 150 illiyi qeyd olunan Ömər Faiq Nemanzadənin adı geniş ictimaiyyətə əsasən məşhur “Molla Nəsrəddin” jurnalı ilə bağlı, bu jurnalın nəşrində Cəlil Məmmədquluzadənin yaxın həmkarı, məsləkdaşı kimi tanışdır. Daha geniş baxılarsa, bu Ad Azərbaycanda maarifçilik, ictimai-siyasi və inqilabi fikir, mətbuat və nəşriyyat işi tarixinin ən görkəmli nümayəndələrindən biri, siyasi türkçülük ideologiyasının daşıyıcısı və təbliğatçısı,  böyük, şərəfli, eyni zamanda keşməkeşli və faciəli ömür yaşamış bir Ziyalıya məxsusdur.   

Bugünkü Modern Azərbaycanın ictimai düşüncə bünövrəsini qoymuş M.F.Axundovdan sonra, H.b.Zərdabi, Ünsizadə qardaşları, M.Şahtaxtlı və d. ilə birlikdə Ömər Faiq Nemanzadə də birmənalı olaraq “zərurəti zamanı” duyub, millətə “istiqlal yolunu” göstərən Mirzə Fətəlinin davamçısı, Azərbaycan ziyalılığının “seçilmişlər” nəslinin ən parlaq fiqurlarından biridir və yalnız qələmi ilə deyil, əməlləri ilə də bu sırada öz yerini dəfələrlə təsdiq edib.       

Ömər Faiq Nemanzadənin fikir dünyasına və hadisələrlə zəngin həyat yoluna nəzər salaq.

 

Seçim və Əməl  

 

1872-ci ildə keçmiş Tiflis quberniyası Axalsıx qəzasının Azqur kəndində ortabab kəndli ailəsində anadan olan Faiqin kiçik yaşlarından molla məktəbində təhsilə maraq göstərmədiyini sezən atası onu yenicə açılmış rus məktəbinə qoyur və Qori seminariyasına göndərməyə hazırlaşır. Lakin ailədə oğlunu “kafirlər içərisinə buraxmaq istəməyən” dindar ananın hökmü üstün gəlir, 10 yaşlı Ömər Faiq “Mübarək İstanbulda” “Fateh” məktəbinə göndərilir. Burada, evdən çox uzaqlarda, hələ uşaqmı, ya artıq yeniyetməmi, 11 yaşlı Ömər Faiq həyatda öz ilk seçimini edir və əməlini atır: dinin əsaslarını öyrədən məktəbini ailəsindən xəbərsiz tərk edərək dünyəvi elmlər - tarix, coğrafiya, fizika, kimya tədris edilən “Darüş Şəfəq” məktəbinə keçir. Osmanlı hökumətinin yetim uşaqlar üçün açdığı bu məktəb dövlətə sadiq qulluqçular hazırlamaq məqsədi güdürdü. Lakin şagird Ömər Faiqin məktəbin müdriyyətinin haqsız tələblərinə qarşı yönəlmiş etiraz çıxışlarında iştirak etməsi, 30 gün həbs və aldığı şallaq cəzalarından sonra 2 ay xəstəxanada yatması bu gəncin heç də hər hansı hökumətin “sadiq qulluqçusu” olmayacağından xəbər verirdi. 19 yaşında bu məktəbi bitirən Ömər Faiq vətənə dönməyə tələsməyərək Qalata poçtxanasında işləməyə başlayır, fransız dilini bildiyindən Avropadan gələn poçt, teleqramlarla yanaşı, qəzet və jurnalları da “təsnif” edir, onları gizlicə evinə apararaq gecələr oxuyub səhərlər işə qaytarır və beləliklə, dünyagörüşünə güclü təsir qoyacaq Avropa demokratik, liberal fikir cərəyanları ilə tanış olur. Bu yeni, tam fərqli düşüncə tərzi ilə ilkin ünsiyyət, Tofiq Fikrət, Namik Kamal kimi Avropadakı türk mühacirətinin görkəmli xadimlərinin fikirləri və Əbdülhəmid hökumətinə mənfi münasibəti ilə tanışlıq onu ictimai-siyasi mövqeyinin seçimi qarşısında qoyur. Gənc Ömər Faiq rahatlıqla bu seçimini də edir, istibdada qarşı mübarizə aparan inqilabçı türk gənclərinə qoşulur, az sonra bu dəstənin gizli fəaliyyətinin üstü açılanda böyük çətinliklə həbsdən qaça bilir və 1892-ci ildə Vətənə qayıdır.

Beləliklə, Avropa mətbuatından qidalandığı demokratiya, azadlıq, liberal ideyalarla silahlanmış  20 yaşlı Ömər Faiq Nemanzadə azsaylı Azərbaycan vətənpərvər ziyalıları sırasına artıq ictimai nəzərləri formalaşmış və fəaliyyətə hazır bir gənc olaraq qatılır.

 

 Nədən başlamalı?

 

Bu məşhur klassik sual artıq mübarizə yolunu seçmiş hər bir inqilabçı qarşısında həmişə durub. Ömər Faiq də istisna deyil. Amma bu gəncin rus, türkiyəli və ya digər millətlərin istibdad əleyhinə çıxan mübarizlərdən bir fərqi var. Onun mənsub olduğu xalq - istər Axıska, istər Azərbaycan türk xalqı nəinki inqilaba, heç ictimai həyata hazır deyil. Demək onu ən əvvəl maarifləndirmək və ictimai fikrə açıq olmağa hazırlamaq lazımdır ki, burada mətbuatın müstəsna əhəmiyyətli var.

Lakin Ömər Faiqin Cənubi Qafqazda ictimai fəaliyyətə qədəm qoyduğu vaxt - XIX əsrin 90-cı illəri - bölgənin türk-müsəlman xalqları, ilk növbədə azərbaycanlılar üçün ən ağır onillikdir. Zərdabinin “Əkinçi”sindən sonra, Ünsizadə qardaşlarının da sonuncu mətbu nəşri - Azərbaycan ictimai fikrinə ilk dəfə “milli kimlik” sualını gətirən “Kəşkül” qəzeti artıq 1891-ci ildə bağlanıb və azərbaycanlıların hələ 12 il öz soydaşlarına doğma ana dilində müraciət etməyə kütləvi vasitəsi - mətbuatı olmayacaq, hərçənd bu 12 ildə Cənubi Qafqazda gürcü və erməni dillərində 19 adda qəzet-jurnal çıxacaq. 

Demək Ömər Faiqin də maarifçilik fəaliyyəti üçün hələ ki, yeganə sahə təhsildir.

Köhnə ənənələrdən törəmiş özülləri dağıtmaq və yeni yola düzəlmək üçün uzun illik ictimai, inqilabi və elmi hazırlığa ehtiyac var... Bu hazırlıq olmadan, mədəniyyət və təhsil sahələrində hər hansı dəyişikliklərə və istənilən uğurlara nail olmaq olduqca çətindir - deyən Ömər Faiq həmin “hazırlıq” mərhələsinin astanasını adlayaraq düz 10 il (1893-1903) Şəki, Şamaxı, Gəncə, Tiflis şəhərlərində müəllimlik edir, bu məkanlarda yeni üsullu məktəblərin təşkili, şagirdlərə yenilik ruhunun aşılanması ilə məşğul olur, xalqın problemləri ilə bilavasitə tanışlıqdan sonra, onların həlli yollarını axtarır. Bu baxımdan 1898-ci ildə Şəkidən Krıma göndərmiş və o dövr Rusiya müsəlmanlarının yeganə qəzeti “Tərcüman”da “müəllim Nemanzadə” imzası ilə dərc olunmuş bir yazı olduqca səciyyəvidir: “Biz şəhərlərdə üsuli-cədid məktəblərindəki şagurdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə girməyib, babalarıın əski sənəti ilə iktifa ediyorlar. Məlumati-elmiyyələr və fənniyyələri az olduğundan nə baba sənətlərini tərəqqi etdirə bilirlər, nə də yeni və müfid bir iş tuta bilirlər. Bu halda mükahizə olunub ki, qeyrilərə bir nümunə olmaq üzrə Şəki məktəbində bu ildən etibarən sənət şöbəsi təsis olunacaqdır. İbtidai halda şagirdlərə ipək qurdu... xüsusda elmi və nəzəri dərs veriləcəkdir”.

Beləliklə, hələ XIX əsrin sonlarında Müəllim Nemanzadə azərbaycanlı uşaqların təhsili sistemində savadla yanaşı sənət almasının və ibtidai-orta təhsildən sonra “peşə-sənət məktəblərinin” zəruriliyi məsələsini gündəmə gətirir və yazıdan da göründüyü kimi, bu sahədə artıq özü əməli addım atır.

Ömər Faiqin işlədiyi hər bölgədə maarifçilik və müəllim fəaliyyəti ayrıca mövzudur və təsadüfi deyil ki, onun bu dövr bəyanatları da əsasən təhsillə bağlı olub bir sıra mühüm tezisləri ilə seçilir. Onların arasında ən mühümü təhsil sahəsində əsas simanın - Müəllimin yerini göstərməkdir: «Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir”.

Bu böyük mövzu üzərində ətraflı dayanmadan onunla kifayətlənək ki, əgər Ömər Faiq Nemanzadənin sonrakı fəaliyyəti olmasaydı belə, onun adı Azərbaycanda yeni üsullu məktəb və tədrisin bünövrəsini qoyan və onun proqram əsaslarını hazırlayan Ziyalı və Müəllim kimi Azərbaycan maarifçilik tarixində qalacaqdı.

 

“Dəyişiklik” carçısı...

 

Təhsil və məktəb məsələləri Ömər Faiqin fəaliyyət dairəsində çox mühüm həlqə olsa da, istənilən halda yalnız “həlqə” idi, çünki düşüncə, məqsəd və bacarığına görə bu sahə Nemanzadənin şəxsiyyəti və miqyası üçün kifayət etmirdi. Nemanzadənin hələ Şəkidə çalışarkən şagirdlərindən ibarət teatr qrupu yaradıb M.F.Axundovun “Müsye Jordan və Dərviş Məstəli şah” pyesini tamaşaya qoyması və özünün də Müsye Jordan rolunda çıxış etməsi onun maarifçilik sahəsində digər üsul və vasitələrdən də faydalanmaq cəhdlərindən xəbər verirdi.   

Xatirələrindən də göründüyü kimi, Ömər Faiq öz ictimai mövqeyini açıqlamaq, daha geniş fəaliyyət göstərmək üçün meydan axtarır, şəhərləri gəzir, Bakıda, Tiflisdə işləyir. Nəhayət, XX əsrin başlanması ilə tarixdə yeni dövr, M.Şahtaxtlının “Şərqi-rus” qəzetinin nəşri ilə isə Azərbaycan milli mətbuatının inkişafında yeni mərhələ başlanır. Belə ki, bu qəzet sözün əsl mənasında boynuna böyük bir missiya götürmüş Azərbaycan ziyalılarına, xüsusilə Ömər Faiqə öz ictimai, daha sonra siyasi baxışlarını ifadə etmək üçün daha geniş imkanlar açır. Nemanzadənin bu qəzetin səhifələrində dərc edilmiş məqalələrinin adları artıq özlüyündə onların istiqamətini müəyyən edir: “Dərdimiz və dərmanımız”, “Dilimiz və imlamız”, “Nə üçün haqqımızı istəmiriz”, “Biz də vaxta görə çalışaq” və s.  Bu yazıların hər birində dövrün tələblərinə uyğun çağırışlar var. Məs., “Biz də vaxta görə çalışaq” məqaləsində: “Zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir, millət dəyişir, hər zərrə dəyişir” - deyə hayqıran Müəllif müsəlman cəmiyyəti qarşısında “Dəyişmək!”, həm də vaxta, zamana uyğun dəyişmək, yeniləşmək, müasirləşmək vəzifələri qoyur.        

Burada bir haşiyə cıxaq ki, dünyanın dəyişdiyini, o cümlədən, ətrafdakı dəyişiklikləri görmək və öz xalqının mövcud durumunu anlayıb onu bu dəyişikliklərə hazırlamaq, sövq etmək Anlamı ictimai düşüncəyə çevrilməklə M.F.Axundovdan başlayıb onun tək-tək adlarla ölçülən davamçılarının, Ömər Faiq Nemanzadə daxil olmaqla, öz qarşılarına qoyduqları bir vəzifə, əslində qaldırılması çox ağır olan bir yük idi. Fanatizm, cəhalət, nadanlıq, qaragüruhun baş alıb getdiyi bir mühitdə, hakim Çar rejiminin yerli toplumun feodal-patriarxal həyat tərzinin saxlanmasında maraqlı olduğu, müsəlman ali ruhaniliyinin istibdad rejiminə xidməti, aşağı, icraçı molla zümrəsinin isə dindar təbəqəyə birmənalı təsiri şəraitində bu vəzifə-yükün altına girmək həmin toplumun azsaylı savadlı insanlarından fərdi xüsusiyyətlər tələb edirdi. Və bu xüsusiyyətlər yalnız Anlam, Dərk ilə məhdudlaşmırdı. Bu yükün altına girməyə Cəsarət, İnad lazım idi. Böyük Zərdabinin təbirincə, “gələcəkdə heç bir sağola ümidi olmayan”, bununla belə bütün maneələrə davam gətirə biləcək bu İnadı və Cəsarəti verən isə mənsub olduğun toplum qarşısında Məsuliyyət hissi idi.

Məhz bu xüsusiyyətlər Ömər Faiqin də daxil olduğu Ziyalı nəslini dövrünün təhsilli, amma bütün bu proseslərdən kənarda durmuş digər müsəlman oxumuşlarından fərqləndirir. Nemanzadə artıq 1903-1904-cü illərdə banilərindən biri olduğu siyasi publisistikası ilə bu “Dəyişilmə” prosesinə rəvac verən və onu daha səngiməyə qoymayan ilklərdən olur.

“Dəyişmək”, fəqət nə yolla?

«Biz - müsəlman türkləri bu aləmdə yaşayıb, insan hüquqlarımızı müdafiə etmək və mübarizələrlə dolu bu dünyada müzəffər olmaq istəyiriksə, istənilən xalqın danılmaz qüdrəti olan mətbuata layiqli ehtiram bəsləməli, «Mətbuat» və «Kitabxana»  adlı məbədlər qurmalıyıq». 

«Bizim əqidə və məsləyimiz daha çox elmi, həmçinin tarix, ədəbiyyat, sənaye sahələri üzrə kitabların nəşrinə yönəldilməlidir. Bəlkə bu yolla hazırkı vəziyyətimizi yaxşılaşdırıb, gələcəyimizi dəyişdirməyə nail ola bilərik».

Beləliklə: Mətbuat və Kitab!

 

“Xülasə, bizə dua və söz bəsdir. İş görməliyik. İş, iş, iş...”

 

“Şərqi rus” qəzetinin Ömər Faiqin həyatında əhəmiyyəti onun yalnız publisist fəaliyyəti, həm də yazılarındakı hədsiz “sərt mövqeyinə görə” bu qəzetin sahibi M.Şahtaxtlı ilə soyuq, bəzən açıq münaqişəyə gətirən münasibətləri ilə məhdudlaşmır. Məhz bu qəzetin redaksiyasında Azərbaycan mətbuatının və fikir tarixinin iki ən böyük siması - Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadənin tanışlığı baş verir və ömürlərinin sonuna qədər davam edəcək bir dostluğun əsası qoyulur. İctimai mövqeyinə görə əsasən “barışdırıcı”, hökumətlə kompromisə getmək yoluna üstünlük verən “Şərqi-Rus” qəzeti 1905-ci ildə bir sıra səbəblərdən sahibi tərəfindən bağlanır və M.Şaxtaxtlı qəzetin mətbəəsini satmaq qərarına gəlir.

Ömər Faiqin xatirələrindən: “Çoxdan həsrətini çəkdiyim türk mətbəəsinin alverçilər əlinə düşüb dağılmasına heç bir sürətdə razı olmamağımı, nə yolla olursa olsun, onu saxlamaq gərəkliyini Mirzə Cəlilə dedim. Cəlil gülüb: “Çox əcəb, sözüm yox. Lakin Məhəmməd ağa söz yox ki, pul istəyəcək. O da ki, nə səndə, nədə ki məndə. Bir də, Faiq, Məhəmməd ağa bilsə ki, mətbəə sənin əlinə keçəcəkdir, qorxuram bizə heç verməyə. Dedim: “Mənim adımı çəkmə, sən Məhəmməd ağanı bir az vaxt dayandır, pul tapacağına söz ver, qorxma!”

C.Məmmədquluzadə isə həmin günləri belə xatırlayır: “...biz mətbəəni ələ keçirmək, gələcəkdə ondan istifadə etmək niyyəti ilə başladıq elə bir üçüncü yoldaş axtarmağa ki, o, bir qədər pula malik olsun”.

Belə bir adamı Ömər Faiq tapır. Naxçıvanlı Məşədi Ələsgər Bağırov mətbəəni almaq üçün onlara borc pul verir, sonra da həm mətbəənin, həm də “Molla Nəsrəddin” jurnalının xərclərini öz öhdəsinə götürür. Yeni mətbəə “Qeyrət” adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə başlayır və məhz Ömər Faiqin işgüzarlığı hesabına az sonra Cənubi Qafqazda gəlirlə işləyən ilk maarifçi-kommersiya kampaniyasına - “Qeyrət” nəşriyyatına çevrilir. Qısa müddət ərzində nəşr edilən kitabların siyahısı nəzərə alınarsa, bu müəssisənin Ömər Faiqin kitab nəşrinə verdiyi önəmi doğrultduğunu söyləmək olar. Cəlil Məmmədquluzadənin 4 məşhur  hekayəsi, "Rüstəm və Söhrab” dastanı, Ə.b.Cavanşir, M.S.Ordubadi, Namiq Kamal, Ə.Haqverdiyevin və d., eləcə də Ömər Faiqin özünün "Nəşri-asara-dəvət" və "Azadə danışmaq və yerə cəm olmaq nə üçün lazımdı” əsərləri kitab halında buraxılır və dərhal satılır. Bəzi kitablar camaata pulsuz paylanır.

Lakin aydındır ki, “Qeyrət” nəşriyyatının əsas nəşri 1906-cı ildə əsası qoyulan və şöhrəti tezliklə bütün müsəlman Şərqini bürüyən “Molla Nəsrəddin” jurnalı idi.   

Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin” ayrıca və çox böyük mövzudur. Onun bu jurnalın səhifələrindəki yazıları, publisistikası, istifadə etdiyi imzalar və d. məsələlər üzərində dayanmadan bu gün üçün mühüm olan bir neçə məqama diqqət yetirək.

Azərbaycan mətbuat tarixi, o cümlədən, “Molla Nəsrəddin” jurnalı və onun naşirləri haqda müasir, yəni müstəqillik dövründə aparılan tədqiqatlar belə deməyə əsas verir ki, Sovet dövründə bir sıra səbəblərdən Ömər Faiq Nemanzadənin bu jurnalın və “Qeyrət” nəşriyyatının tarixində rolu heç də tam açıqlanmamış, onun Cəlil Məmmədquluzadə ilə bərabər, bu jurnalın həmtəsisçisi, banisi və müəllifi kimi fəaliyyəti layiqincə qiymətləndirilməmişdir. Düşünmək olar ki, burada Ömər Faiqin “Molla Nəsrəddin” jurnalını sovet dövrü bərpa etmək kimi rəsmi təklifləri rədd etməsindən tutmuş, onun çar hökuməti tərəfindən “pantürkist”, Sovet ideologiyası baxımından isə yerli “azərbaycançı millətçi” kimi qəbul edilən Mirzə Cəlilə nisbətən, ümumi baxışlarına görə “türk millətçisi” kimi qəbul edilməsi, elə bu ittihamla da 1937-ci ildə Stalin repressiyalarına məruz qalaraq “xalq düşməni” kimi güllələnməsi mühüm rol oynamışdır. Hətta 1958-ci ildə bəraət aldıqdan sonra da, onun adının və Azərbaycan xalqı qarşısında həqiqi xidmətlərinin dəyərləndirilməsi, əsərlərinin nəşri və tədqiqi  “hələ vaxtı deyil”  bəhanələri ilə uzun müddət həyata keçirilməmişdir, bu işə əsaslı surətdə yalnız 1980-ci illərin sonlarından başlanmışdır. Belə münasibətin xüsusilə “Molla Nəsrəddin” jurnalı ilə tədqiqatlarda ortaya çıxması isə Ömər Faiqin adının bir çox hallarda ikinci, üçüncü planda, əsasən “köməkçi” kimi hallandırılması ilə nəticələnmişdir ki, təbii ki, bu da böyük ədalətsizlik idi.

Halbuki istər dövrün sənədlərində və müasirlərinin xatirələrində, o cümlədən, Cəlil Məmmədquluzadənin özü tərəfindən Ömər Faiqin bu jurnalın meydana gəlməsi və 1917-ci ilə qədər yaşamasında müstəsna xidmətləri dəfələrlə vurğulanır. Molla Nəsrəddin”in ilk sayı Ömər Faiq Nemanzadənin və rəssam Şmerlinqin birgə əməyinin məhsuludur”- deyən Cəlil Məmmədquluzadə, sonralar da 1911-ci ildə jurnalın işlərindən aralanıb müvəqqəti redaktorluğu tapşırdığı  Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazırdı: "Əzizim Məmmədəli!.. Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli".

Türkiyədə təhsil alması və sonrakı kəskin publisistik fəaliyyəti ilə Çar hökuməti qarşısında “etimad” doğurmayan şəxs kimi “nüfuzu” Ömər Faiq Nemanzadənin jurnalın rəsmi müdriyyətində təmsilçiliyinə maneə olsa da, onun bu jurnalın nəşrindəki həqiqi nüfuzu elə öz dövründə danılmaz idi. “Molla Nəsrəddin”i yaşatmaq üçün öz xanımının zinyət əşyalarını satması, borclara girməsi, çar hökuməti qarşısında cavabdeh olmaqdan, həbslərdən tutmuş, jurnalın məhz karikaturalı satirik istiqamətinin müəyyən edilməsi, bu karikaturaları çəkəcək rəssamları - O.Şmerlinq və D.Rotteri “Molla Nəsrəddin”ə gətirməsi, karikaturaların böyük əksəriyyətinin ideya və süjetlərini həyatdan alaraq rəssamları yönəltməsi, nəhayət, böyük Sabiri bu jurnal üçün “kəşf etməsi” bilavasitə Ömər Faiqin adı ilə bağlıdır.

Təsadüfi deyil ki, “Molla Nəsrəddin”  jurnalındakı sərt yazılarına və karikatura süjetlərinə görə Ömər Faiqin 1907-ci ildə həbs olunması cəmiyyətdə geniş əks səda doğurmuş, onun əlləri-ayaqları qandallanmış vəziyyətdə, tənqid etdiyi tiplərin -  ruhanilər, bəylər və mülkədarların əhatəsində şəkli jurnalın üz qabığında çap olunaraq Mirzə Ələkbər Sabirin bu tiplərin dili ilə yazdığı : “Noldu balam ədaların / O ucalan sədaların / Böyüklərə cəfaların / Sən deyən oldu, biz deyən!” - satirik şeiri ilə müşayiət edilmişdir.

1907-ci ilin iyununda "Molla Nəsrəddin"in Tiflis general-qubernatorunun əmri ilə bağlanması bütün müsəlman cəmiyyətində və mətbuatında böyük gərginlik yaratmış, Azərbaycan bölgələrindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar göndərilmiş, Ömər Faiq Nemanzadə “İrşad” qəzetində "Molla Nəsrəddin" sərlövhəli məqalə dərc etdirərək, jurnalın bağlanmasına səbəbkar olan mühafizəkar və cəhalətpərəst ruhaniləri kəskin tənqid etmişdir. Məhz bu tələblər qarşısında hökumət jurnalın bərpasına icazə verməyə məcbur olmuşdur. Bununla belə, jurnala və onun naşirlərinə hücumlar, təzyiqlər, onu bağlatdırmaq cəhdləri davam etmişdir. Arası kəsilməyən bu təhdidlərə “İrşad” qəzetinin cavabı isə olduqca səciyyəvidir: "Bir-iki nəfər Məmmədquluzadələrin, Nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, "Molla Nəsrəddin"i öldürəcəksiniz?.. Bunu biliniz ki, "Molla Nəsrəddin"i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz”.

 

Öz taleyimizi xalqın, millətin taleyinə bağlamaq”

 

Məzmun və xarakter etibarilə ən müxtəlif  məsələlərin gündəmə gətirilməsini və mümkün həllini vacib bilən Ömər Faiqin geniş ictimai-siyasi publisistik imkanları və çalışmaları, təbii ki, yalnız satirik “Molla Nəsrəddin” jurnalı ilə məhdudlaşa bilməzdi. Təsadüfi deyil ki, 1905-1917-ci illərdə Nemanzadə həmin dövrün bütün mütərəqqi yönlü qəzet və jurnallarında öz yazıları ilə çıxış etmişdir. Bu mətbu orqanların adlarını sadalamadan, daha bir məqam vurğulanmalıdır ki, Ömər Faiq həm də Azərbaycan mətbuatında silsilə məqalələr yazan azsaylı publisistlərdən biridir. Bu məqalələr silsiləsi və yazıları onun ictimai-siyasi baxışlarının dəqiq mövqe və istiqamət baxımından artıq tam şəkildə formalaşdığını göstərir. Məhz bu davamlı, ardıcıl, fəal publisistik fəaliyyəti, qaldırdığı mövzuların geniş əhatə dairəsi və məsələlərin qoyuluşu tam əminliklə bunu deməyə əsas verir ki, Ömər Faiq Nemanzadə XX əsr Azərbaycan ictimai-siyasi fikrinin sadəcə bir nümayəndəsi olmayıb, həmin fikir tarixini yaradan tək-tək ictimai-siyasi xadimlərdəndir. Bu baxımdan Nemanzadənin ictimai-siyasi görüşlərini səciyyələndirən bəzi məsələlərə və qaldırdığı problemlərə qısaca nəzər salaq:

 

I. Dil məsələsi.

 

  Ana dilində təmiz danışmaq və yazmaqdan başlamış, bu dildə məktəblər açılması, kitablar, dərsliklər buraxılması, Dil və Millət anlayışlarının üzvü bağlılığı, Ana dilinin Millətin varlığının - vücudunun əsası olduğu kimi danılmaz siyasi müddəalar Ömər Faiqin zəngin yazılı irsinin qırmızı xəttini təşkil edir. Onun müasir günümüzlə səslənən bəzi fikirlərinə diqqət edək:

...“İndiki bir para şairlərimiz türk dilimizi lap bərbad edirlər. Cahilcəsinə osmanlıları təqlid edib öz dillərini də itirirlər. Özgəsindən də avara qalırlar”...

"Bir millətin yaşaması dili ilədir. Dil yoxsa, Millət yoxdur. Mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin yeganə nişanıdır, millət sevgisinin birinci əlamətidir".

“Canlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlamış deməkdir...”

“Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”.

“Xeyli islam məmurlarımız, məlumatlı kişilərimiz var. Var, amma öz dillərində qəzet oxumağa deyil, onunla söyləməyə, danışmağa belə haya edirlər...”

“Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyadə dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır...”

 

II. Hüquq məsələsi

 

“Şərqi-rus” qəzetində “Nə üçün haqqımızı istəmiriz?” məqaləsindən başlayaraq onlarla məqalələr silsiləsi və nəhayət, 1917-ci ildə ən kəskin ruhlu siyasi publisistikası - Milli hüquqlar, bu hüquq uğrunda mübarizə, xalqın və ziyalıların bu mübarizədə rolu və iştirakı məsələlərinin müzakirəsi, Qafqaz Müsəlman Ruhani İdarəsinin, eləcə də müsəlman əhalinin hüquqlarına qəsb edən, ona ikinci, üçüncü dərəcəli kütlə kimi baxan Çar Hökumətinin tənqidi - Ömər Faiqin əsas hədəfidir.

Bu sırada Müsəlman Ruhani İdarəsinin fəaliyyətinin tənqidi xüsusi yer tutur. Bu idarənin və müsəlman ali ruhaniliyinin yeni üsullu məktəb və təhsilə, maarifə, yeniliyə qarşı çıxması, çar məmurlarını hər vasitə ilə dəstəkləməsi, hökumətin əhaliyə öz ehtiyaclarını bildirmək üçün imkan yaratdığı bir zamanda bu idarənin ruhani üzvlərinin yığışıb özləri üçün dövlətdən medal istəməsi,  müsəlmanların öz vəziyyətindən razı olduğu, onlara hər hansı hüquqların verilməsini zərərli bildiyi kimi mövqeyi Ömər Faiq tərəfindən ən kəskin şəkildə ifşa olunur, erməni ali ruhaniliyinin, Eçmiədzinin erməni xalqının mənafeyinə uyğun xidmətləri ilə müqayisə edilir. Xalqın ehtiyaclarına laqeydlik, hər hansı təşəbbüsdən uzaq, səhlənkar, tənbəl, öz mənafeyini güdən, yalnız libası ilə “müasir” görünən müsəlman məmurları da Ömər Faiqin tənqid hədəfidir.

...“Görürəm hamının başı şəxsi rifahına qarışıb. Hərə bir yolla - kimisi ibadət etməklə, kimisi ənənələrə riayət etməklə - hər kəs öz imkanları daxilinidə öz həyatının qurtuluşu ilə məşğuldur: mömin ibadəti ilə, ruhani ianə yığmaqla, ziyalı şəxsi maraqlarına qulluq etməklə, varlı isə sərvət toplamaqla, bir sözlə, hərə özünü, sırf öz canını qurtarmağa çalışır. Bundan da hər bir millətdə mütləq mövcud olan ictimai rəyin bizdə tamamilə yox dərəcəsində olduğu qənaətinə gəlinir, bizdə hələ öz taleyimizi xalqın, millətin taleyinə bağlamaq şövqü yaranmayıb, biz hələ xalqın dərdinə öz dərdimizə acıdığımız kimi acımağı öyrənməmişik...”

   

III. Milli məsələnin qoyuluşu

 

Milli baxışlarına görə türkçü-millətçi olan Ömər Faiq, daha çox siyasi türkçülük cərəyanına mənsubdur. Onlarla silsilə məqalə və yazılarında - “Millətpərəstlik zamanıdır”, ”Vasiteyi-nicatımız nədədir”, “Milli məsələmizin vaxtıdırmı?”, “Milliləşmək” - bu sahədə qarşıda duran vəzifələr və onların həlli yolları geniş şərh olunur:

...“Düşmən buxovlarından qurtulun, gəlin əmin-amanlığımız uğrunda mübarizə edək. Övladlarımızı əziyyətlərdən xilas etmək, dövlət məmurları ilə və jandarmlar tərəfindən məruz qaldığımız təhqir və həqarətlərə son qoymaq üçün əlbir olmalıyıq”.

“Hazırkı rejimə son qoymaq və hökumət nümayəndələrini nəzarətə götürmək üçün biz müsəlmanlar Konstitusiyaya uyğun idarə üsulunun tətbiq olunmasını və şəffaf parlament seçkilərinin keçirilməsini tələb etməliyik. Şübhəsiz ki, siz də bu işdə bizə dəstək olub, bizə qoşulsanız, nəticələr özünü çox gözlətməyəcək. Bunu yalnız hazırkı idarə üsuluna son qoymaq, yəni parlament seçkilərinin keçirilməsi yolu ilə həyata keçirmək mümkündür”.   

“Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır    

Bu müddəalar artıq siyasi xadimin görüşləridir, qarşıya qoyulan vəzifələr və seçilmiş ibarə və ifadələr baxımından Ömər Faiqin bütün bu məqsədlərə inqilabi yolla nail olmaq vasitəsinə üstünlük verdiyini, siyasi baxışlarına görə milli əqidə uğrunda inqilabçı-demokrat mövqedə durduğunu göstərir. Maraqlıdır ki, Ömər faiq Nemanzadənin o dövr öz nəslinə mənsub bir çox həmkarlarından fərqli olaraq siyasi baxışlarında inqilabi mövqedə durması hələ öz zamanında müasirlərinin diqqəti cəlb edib.

Bu baxımdan 1906-1917-ci illərdə Qafqaz Senzura Komitəsində müsəlman mətbuatı üzrə baş senzor işləmiş Mirzə Şərif Mirzəyevin şəhadəti olduqca səciyyəvidir:

“1906-1910-cu illər ərzində mən Ömər Faiqi daha yaxından tanıdım. Şərq dilləri üzrə senzor vəzifəsi səbəbiylə bütün qanuni və qanunsuz işlərini oxudum. O, qəsdən özünü təhlükəyə atırdı. O yazırdı: «Məqsədə çatmaq, ya ölmək». Nəşriyyatında o, Azərbaycan dilində müxtəlif kitablar, xəbərlər, inqilabi xarakterli müraciətləri çap edirdi, bununla da həbs və ya sürgün olma təhlükəsini yaradırdı. Onun işlədiyi şəraitin ağırlığını anlamaq üçün 1906-1907-ci illər ərzində nəşr olunmuş “Molla Nəsrəddin” jurnalının nömrələrinə baxmaq kifayətdir. Və yalnız bu halda anlamaq olar, bu inqilabi ideyalar fədakarı özünü hansı təhlükələrə fəda edirdi».

Hələ yeniyetmə yaşlarında öz istək və ictimai baxışlarını əməlləri ilə uzlaşdıran Ömər Faiq Nemanzadənin artıq yetkin çağında bölüşdüyü siyasi düşüncə və mövqeyini real siyasi şərait yaranan kimi əməldə həyata keçirəcəyi şübhə doğurmurdu. 1917-ci ildə belə bir şərait yaranır. Amma maraqlıdır ki, həmin dövr Cənubi Qafqaz və Azərbaycanın siyasi mühitində onun inqilabi baxışlarına uyğun müxtəlif siyasi təşkilatlar və cərəyanlar olduğu halda Ömər Faiq heç bir partiyaya üzv olmur və müstəqil ictimai-siyasi fəaliyyət yolunu seçir. Rusiyada Fevral inqilabı və Monarxiyanın çöküşündən sonra Nemanzadə dərhal doğulduğu Axalsıx qəzasına yollanır və mənsub olduğu xalqın harayına yetişir.

 

“Məqsədə çatmaq, ya ölmək”

 

I Dünya müharibəsinin gedişində Osmanlı qoşunlarının Cənubi Qafqaza daxil olduğu,  müharibə başlanandan bölgədə xaos və hərc-mərcliyin hökm sürdüyü, erməni silahlı quldur dəstələrinin terrorçu əməllərinin baş alıb getdiyi bir şəraitdə Ömər Faiq Nemanzadə Axalsıx qəzasının Osmanlı dövlətinə birləşməsi tərəfdarı kimi çıxış edir, bu dövr (1917-1918) qurulan Cənubi-Qərbi Qafqaz Türk Respublikası (Qars Respublikası) yanında Axıska Müvəqqəti Hökumətinin Sədri seçilir və bölgənin bütün türk-müsəlman, o cümlədən, azərbaycanlı əhalinin hüquqlarının müdafiəçisi kimi çıxış edir. Tutduğu bu siyasi vəzifə Ö.F.Nemanzadənin adının bir siyasi publisist  kimi fəaliyyət göstərərək öz mübarizəsində yüksək siyasi mənsəbə yetişən görkəmli Azərbaycan dövlət xadimlərinin - M.Ə.Rəsulzadə və N.Nərimanovla bir sırada çəkilməsini mümkün edir. Bölgədə gedən siyasi proseslərdə bilavasitə iştirakı ilə Ömər Faiqin dəstəklədiyi hadisə baş verir. 1918-ci ilin 26 mayında müstəqilliyini elan etmiş Gürcüstan Menşevik hökuməti ilə Osmanlı dövləti arasında bağlanmış müqaviləyə əsasən, Axalkələk və Axalsız qəzaları Osmanlıya birləşdirilir. Lakin tezliklə vəziyyət dəyişir və bu siyasi aktın həyata keçirilməsi baş tutmur. Müharibənin gedişi, türklərin məğlubiyyəti və nəzarət etdikləri bütün ərazilərdən çıxarılması, ingilislərin bölgəyə gəlişi ilə Osmanlıya rəğbətini gizlətməyən türk-müsəlman xalqlarının ağır günləri başlanır. Onların bütün siyasi qurumları ləğv edilir, özləri isə Ömər Faiqin şəhadətinə görə, “ingilislərin gözləri qarşısında” talan, qarət və qətllərə məruz qalır. Gürcü dövlətinin əsasən azərbaycanlılardan ibarət yerli əhaliyə qarşı bu şovinist siyasətinə etiraz səsini ucaldan Ömər Faiq Nemanzadə 1918-1919-cu illərdə qısa fasilələrlə 3 dəfə həbs olunur. Sonuncu həbsində Ömər Faiqi tam zərərsizləşdirmək qərarı vermiş Gürcüstan hökuməti onu siyasi məhbus kimi deyil, cani və qatillərlə bir kameraya atır və ağır fiziki işgəncələrə məruz qoyur.

  Məsələdən xəbər tutan Azərbaycan Cümhuriyyəti dövləti ən yüksək səviyyədə Nemanzadənin müdafiəsinə qalxır və bu hadisəyə ən qəti şəkildə etirazını bildirir. Əhməd Cavad Tiflisə gedərək Ömər Faiqlə məhbəsdə görüşməyə nail olur və gördüklərini geniş şərh edərək “bu həqarətin yalnız Ömər Faiqə deyil, millətimə edildiyini” vurğulayır. Ömər Faiqin xilası üçün Azərbaycanda böyük hərəkat başlayır. Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetində “Vicdan sızlayır” adlı böyük məqalə ilə çıxış edərək “özünün hürriyyətpərvərliyini hər münasibət gəldikdə bar-bar bağıran Gürcüstan hökumətini” söz azadlığını pozmaqda, “Adil bir adam, bir cani, bir qatil, bir alçaq haqqında rəva görülməsi qatı müstəbid məmləkətlərdə belə caiz olmayan bu cəzanı bütün Qafqaziya türkləri arasında böyük bir mühərrir, xatiri sevilər bir camaat xadimi olan həmiyyətmənd bir Şəxsə” qarşı haqsızlıqda və amansızlıqda ittiham edir: “...Əcaba siyasi qənaət və fikir üçün bir insan işgəncə edilərmi? Böylə bir işgəncə demokratik bir cümhuriyyətə yaxışarmı?” - deyən Rəsulzadə Ömər Faiqin bu həbsinin və işgəncələrə məruz qalmasını  “gürcü-türk yaxınlığına böyük ziyanlar, böyük zərbələr vuracağını” bildirir.

Gürcüstan hökuməti bu tələblər qarşısında Ömər Faiqi həbsdən azad edir. 1919-cu ilin ortalarında Azərbaycana qayıdan Ömər Faiq Nemanzadə Azərbaycan Cümhuriyyəti Parlamentinin təyinatı ilə ölkənin Polis İdarəsinin başçısı təyin olunur və Cümhuriyyətin işğalına qədər bu vəzifədə müstəqil Azərbaycan dövlətçiliyinə xidmət edir.  

   

“Sovet quruluşunun faydasını görmək”

   

Ö.M.Nemanzadənin Sovet dövrü həyatı yəqin ki, iki məqamı ilə ayrıca diqqətə layiqdir. Çox kiçik müddətlərdə Azərbaycanda “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru və “Yeni fikir” qəzetinin redaksiya heyətinin üzvü kimi çalışan Ömər Faiq 1921-ci ildə Gürcüstan sovetləşdirildikdən sonra yenidən Vətən bildiyi bu ölkəyə qayıdır, Gürcüstan İnqilab Komitəsinin üzvü seçilir və bu ali rəhbər orqanın nəzdində yaradılmış müsəlman sektoruna rəhbərlik edir. Ö.F.Nemanzadənin bu qurumda təmsilçiliyi yalnız praktiki fəaliyyəti ilə məhdudlaşmayıb, Axalsıx, Axalkələk, Borçalı qəzalarının türk-azərbaycanlı əhalisinin hüquqları və maraqları ilə bağlı Gürcüstan İnqilab Komitəsinin sədri Maxaradzeyə yazdığı məktublar, məruzələr, hesabatlar baxımdan olduqca əhəmiyyətlidir və ən qiymətli, nadir tarixi mənbələr hesab edilə bilər. Görünür ki, Gürcüstan müsəlmanlarının “Sovet quruluşunun faydasını görmək üçün” xüsusi idarəetmə orqanının - Komissarlığın təsis edilməsi təklifi və bununla bağlı konkret tədbirlər planları məhz öz həllini tapmadığından Ömər Faiq, bu ölkədə yaşayan yerli türk-müsəlman əhalisi üçün daim məsuliyyət hissi daşımasına baxmayaraq, bir ildən sonra yenidən Azərbaycana qayıdır.  

 İkinci məqam Nemanzadənin “Molla Nəsrəddin” jurnalının nəşrini bərpa etmək təklifindən ən qətiyyətli şəkildə imtina etməsi ilə bağlıdır ki, bunun da səbəbi Təbrizdən Bakıya qayıdaraq həmin təklifə razılıq vermiş Cəlil Məmmədquluzadə ilə söhbətlərindən və özünün bəzi qeydlərindən təxmin edilə bilər. Ömər Faiq Nemanzadə “Molla Nəsrəddin”in inqilabdan əvvəlki müstəqil xəttini davam etdirəcəyi barədə verilən vədlərə inanmayaraq Sovet Azərbaycanında məlum ideologiyanın hökm sürdüyü bir şəraitdə dövlət orqanı kimi müstəqil satirik jurnalın nəşrini qeyri-mümkün hesab etmiş və hətta öz dostunu da bu işdən çəkindirməyə çalışmışdır. Jurnalı hər halda yaşatmaq istəyən Mirzə Cəlilin “Molla Nəsrəddin”in əvvəlki satirik ruhunu saxlamaq üçün bütün cəhdləri və üzləşdiyi məneələr, eləcə də jurnalın acınacaqlı sonluğu məlumdur. Ömər Faiqin ailəsinin şəhadətinə görə Mirzə Cəlilin özünün həyatdan getməsi də birbaşa “Molla Nəsrəddin” ilə bağlı olmuşdur. Belə ki, jurnalın məsul əməkdaşlarının baş redaktorunun imza-möhürünü əldə edərək, buraxılışına razılıq vermədiyi jurnal saylarının çapa getməsi üçün istifadə etməsi faktları aşkarlanarkən Mirzə Cəlil bərk əsəb sarsıntısı keçirmiş və qonşuluqda yaşayan Ömər Faiq dostuna yetişəndən az sonra onun dizləri üstündə dünyasını dəyişmişdir.

Ömər Faiq Nemanzadə özü 1920-ci illərdə maarif sahəsində çalışır, Gəncə kənd təsərrüfatı texnikumunun direktoru işləyir, yeni xalq maarifi sisteminin qurulması, dərsliklər hazırlanmasında iştirak edir. 1927-ci ildə Azərbaycan hökuməti Nemanzadənin səhhətini və mətbuat sahəsində xidmətlərini nəzərə alaraq ona ömürlük təqaüd kəsir. Müəyyən müddət dərsliklər üzərində işini davam etdirən Ömər Faiq 30-cu illərin əvvəllərində ictimai həyatdan uzaqlaşaraq öz Xatirələri üzərində işləməyə başlayır, tez-tez Axalsıxa, doğulduğu kəndə gedir. Amma Sovet hökuməti hörmətlə təqaüdə göndərdiyi bu qocaman Xadimin keçmiş xidmətlərinə görünür ki, “yenidən baxır” və düz 10 ildən sonra, 1937-ci ilin yayında dincəldiyi ata yurdunda Axalsıx rayon prokuroru Odbaşyanın sərəncamı ilə onu həbs edir. Bir daha Gürcüstan həbsxanasında işgəncələrə məruz qalan 65 yaşlı Ömər Faiq Nemanzadə “pantürkist olmaqda və Türkiyəyə casusluqda” ittiham olunaraq 3 aydan sonra Gürcüstan XDİ Komissarlığının nəzdindəki “üçlüyün” qərarı ilə güllələnir...

Bəraət qətldən 21 ildən sonra, Gürcüstan SSR Ali Məhkəməsi tərəfindən verilir, qəbrini aşkar etmək mümkün olmur...

 

İşığımız sönməyəcək”

 

İçində doğulduğu, yaşadığı və hər üzünü gördüyü xalqı daxili yanğısı ilə qəbul edən, bu məzlum, heç özünün anlamadığı, bəzən anlamaq istəmədiyi hüquqsuz kütləni millətə çevirməyə can atan, bu yolda hər cür məşəqqətə, təzyiqə, təqibə, həbsə, işgəncəyə tab gətirən, amma yolundan dönməyən Ömər Faiqlər bu inadı, gücü, mətanəti haradan, kimdən alırdı? Həyatda çox ciddi, prinsipial, sözündə möhkəm, haqq bildiyi işdə güzəştə getməz, sərt adam kimi səciyyələnən Ömər Faiq Nemanzadənin yazılı irsinə varid olduqca kifayət qədər kəskin tənqidi mövqe, publisistik dil və üslublu sətirlər arxasından birdən-birə hərarətli bir qəlb yiyəsi və işıqlı bir sima boylanır. Qəribə və maraqlı təəssüratdır. Çox nümunələr var, birinə müraciət edək.

1915-ci ildir. I Dünya müharibəsi güc toplayır. 31 yaşlı Rəsulzadə bu müharibənin sonluğunun anonsunu verir, onun dünyanın xəritəsini dəyişəcəyi, XX əsrin millətlər əsri olacağı, özünü millətə çevrilib dövlətini qurmayan toplumların aradan gedə biləcəyi uzaqgörənliyini edir və bu prosesi hazırlamaq üçün Azərbaycan ictimai-siyasi fikrində yeni mərhələnin ifadəçisi olacaq, yeni dövr Azərbaycan mətbuatı tarixinin ən ümdə qəzetinin - “Açıq söz”ün nəşrinə başlayır.  Azərbaycanın ən nüfuzlu, ən fəal fikir adamları və yazarları bu qəzetin ətrafında toplaşır.

Yaranmış tarixi şəraiti münasib məqam bilən Ömər Faiq Nemanzadə də “Açıq söz” qəzetində “Milli məsələlərimizin vaxtıdırmı” silsilə məqalələrlə çıxış edir, “Rusiyadakı 25-30 milyon türkün ictimai-siyasi idealları olması vacibdır” - yazaraq,  “Rus hökumətindən İstəyimiz” şüarı ilə “Milli ehtiyaclarımızı” mətbuat səhifələrində geniş müzakirəyə çıxarmaq təklifini irəli sürür və bu ehtiyacları ətraflı şərh edir: öz milli və insani hüquqlarımızı tələb etmək, Rusiyanın tam hüquqlu təbəələri sırasına keçmək, ögey övlad münasibətindən azad olmaq, din və milli ayrı-seçkiliyə son qoyulmasına, milli xüsusiyyətlərimizə etina edilməsinə nail olmaq, milli üsullu məktəblər açmaq, doğma dildə təhsil, milli idarələr yaratmaq və s.

Lakin elə ilk məqalədən sonra qoyulan bu tələblərə hökumətdən əvvəl Azərbaycan ictimaiyyətindən “Mətbuatda müzakirələrə ehtiyac yoxdur” məzmunlu etiraz və iradlar gəlir. Bu silsilədən bütün sonrakı məqalələrində Ömər Faiq həmin iradlara ətraflı cavablar verir:

  ...“Vaxtı deyil! Müharibə gedir” - “Hökumətimiz Osmanlı türk hökuməti ilə dava edir, öz təbəəsi olan türklərlə yox. Həm də elə təbəə ki, yüz illərcə öz sədaqətini sözlə deyil, yeri gələndə qan və qılıncla da bildirib”...

 ...“Millət başçılarımız milli məsələlərimizi hazırlamışlar” - Ə.M.Topçubaşov, Ə.b.Ağayev və d. xadimlərin Ümumrusiya müsəlmanları qurultaylarında apardıqları müzakirələrin nəzərdə tutulduğu bu etirazları Ömər Faiq:  “Bu məsələlərin nədən ibarət olduğundan camaatın, hətta ziyalıların da çoxunun xəbəri yoxdur” - deyə cavablandırır.

  ...“Hökumət onsuz da eşitməyəcək, qəbul etməyəcək” - “Eşitmək istəməsələr də, biz bildirək, qulaqlarını dolduraq. Bir zaman gələr ki, bu dərdlər qəbul olunar. Ən əvvəl isə öz camaatımızı tutacağımız işlərdən xəbərdar edək, onu öz dərdini bilməsinə və əlacını özü etməsinə alışdıraq”. 

 ...“Hökumətin diqqətinə kim çatdıracaq?” - Qafqazda ən ziyada maarif ehtiyacı, hüquqsuzluq bəlası işində boğulan bizik.  Bizlərə “mərhəmətin” ifadəsi: “Şükür allaha ki, müsəlman avamlıları üzündən qəflət yuxusunda yatırlar”; “Maarif - Milli məsələnin ölüm-dirim məsələsidir. Milli mədəniyyətimiz adına heç bir idarəmiz, təşkilatımız yox. Yeganə rəsmi qurum “Müsəlman Ruhani İdarəsidir” ki, bu gün o, həm də siyasi milli idarə olmalıdır”. Eçmiədzinlə, onun “Akademiyaları”, Tiflis darülmüəllimləri ilə bizim ruhani məktəblərinin müqayisələri. Milli məsələlər hökumətə, qeyri-rəsmi cəmiyyətlərə, Duma vəkillərinə bildirilməlidir. Şəhər və Duma vəkilləri bu işə cəlb olunmalıdır” və s.

Diqqətəlayiqdir ki, Ömər Faiqin ictimai rəydə və mətbuatda açdığı bu geniş diskussiyaya ən ətraflı “etiraz” artıq yeni nəsil yazarların ən nüfuzlu nümayəndələrindən biri, Üzeyir Hacıbəyovdan gəlir. “Nəyimizin vaxtıdır?” adlanan yazısında Üzeyir bəy millətin düçar olduğu dərdləri - hər işdə tənbəllik, qeydsizlik, həmiyyətsizlik, bacarıqsızlıq, ətalət, cəhalət və s. sadalayaraq, - “Bu naxoşluqdur, özü də qorxulu naxoşluq!” -  deyə hələ “Özümüzdən başlayaq. İçimizi, çölümüzü düzəldək” - vəzifəsini daha mühüm sayır. Üzeyir bəy öz müddəalarında çox kəskin və məyuzdur, çünki 1905-ci il İnqilabı dövrü azərbaycanlıların da qatıldığı “qızğın” ictimai-siyasi mühitin doğurduğu ümidlər baş tutmayıb: “İndi bu on ilin ərzində bu milli təşəbbüslərimizdən Qafqaz müsəlmanları tərəqqi və təkamül yolunda “bol-bol” mənfəətlər görməli idilər; Bu tərəqqi və təkamül mənbələrindən saçılan işıqların dairəsi hər il getdikcə böyüyüb cəhalət qaranlığının ən uzaq guşələrini işıqlandırmağa başlamalı idi;

Halbuki əksini görürük!

İşıq dairəsi ildən-ilə sönməyə maildir və bu sayaq ilə qalarsa, bu gün dəxi sönəcəyi aşkardır”.

Ömər Faiq Nemanzadə gənc Üzeyir bəyə şəxsən müraciət edərək ayrıca məqalə yazır və onu “İşığımız sönməyəcəkdir!” adlandırır:

Öncənigörmə qüdrətinə, danılmaz məntiqinə, gətirdiyi dəlil və çəkdiyi adlara, ədəbi-bədii üslubuna, inandırma gücünə, aşıladığı yüksək hisslər və dərin ruhuna görə bu məqalə, zənnimcə, Ömər Faiqin şah əsəri sayıla bilər:

Xeyr, əzizim, xeyr!

İşıq dairəmiz sönməyə mail olsa da, arxayın olunuz, sönməyəcək! Bəlkə getdikcə böyüyəcək ki, ta babalarımızın keçməmələri üçün çəkilən Çin səddini də keçəcəkdir. 

İşığımızın sönəcəyi 1905-ci ilin verdiyi “hüquq” ilə bu 10 il içində  bacarmadığımızla isbat edilmək istənilir. Lakin elə sanıram ki, o “hüquq” ilə bu “on” il içində ancaq bu qədər tərəqqi ola bilər. Çünki tərəqqi və təkamülün bağlı olduğu iki qüvvət ki, biri mənəvi, digəri siyasidir, bizdə indi-indi vücudlarını hiss etdirməyə başlamışlardır.

...Bəli, 1905-1906-cı illərin təsiri ilə biz də hamı ilə bərabər, “qızışdıq”, bir az çalışdıq. Sonra yavaşladıq, sanki yorğunluğumuzu almaq istədik, aldıq... İndi yenə hamı ilə bərabər, biz də qızışmaya başlayırıq, çalışmaya üz qoyuruz... Əsl təbəddülata isə biz hələ təzə hazırlaşırız. Umulur ki, ətrafımızda keçən vaqeələr, cahanı titrədən dəhşətli inqilablar bizim bu hazırlaşmamızı da tələsdirir. Bir tərəfdən xarici səbəblər, digər tərəfdən camaatımızın özündə olan təbii istedad yanmağa başlayan işığımızı “söndürmək” deyil, daha da artıq parladır.    

...Hər dürlü hüquqdan məhrum məmləkətimizdə, belə cahil və həmiyyətsiz vaxtımızda adı mirzələrdən - Fətəli Axundovlar, ən fağır baqqal Məşədi Ələkbərlərdən - Sabirlər, Şamaxı mühitində əsir qalmış seyidlərdən - Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər, 12 manata qulluq edən kəndli əmələlərdən Murtuza Muxtarov kimi müqtədir texniklər və qeyrilər yetişdirən bu millət işığının gələcəkdə gözlədiyimiz “haqq və ədalət” altında daha artıq parlayacağı aşkar deyilmi ?”

Dindar və əsasən cahil bir cəmiyyətin içindən çıxan, bu cəmiyyəti daxildən tanıyan, ondan öz şəxsinə qarşı ən fərqli münasibətlər görən bir İnsanın həmin “camaata”, onun “təbii istedadına” olan bu İnamı sözün əsl mənasında öz həqiqəti ilə sarsıdıcıdır. Çünki özünü məhz bu Camaatın bir üzvü bilməklə onun önünə keçən Ziyalı nəsli cəmi 3 ildən sonra “Əsl təbəddülatlara” hazır olmaqla bu cəmiyyətin işığını yenidən yandıracaq və bu İşığı “haqq və ədalətə” söykənən “Cümhuriyyət dövləti” halında daha artıq parladacaqdır. Bu inam və əməlləri ilə Ömər Faiq Nemanzadənin və onun mübariz məslək və silahdaşlarının adları da yuxarıda çəkilən adlar sırasına yazılacaqdır.

Ömər Faiqin, yalnız görkəmli tarixi şəxsiyyət deyil, bu günümüz üçün müasir olması onun vaxtilə qaldırdığı bir çox məsələlərin hələ də cəmiyyətimizdə aktuallığını saxlaması ilə səciyyələnmir. Ömər Faiq Nemanzadə Azərbaycan cəmiyyətinin  yaşam və özünə əminlik qüvvəsini artıran, onu öz İşığını saxlamağa yönəldən, səfərbər edən, motivasiya verən İnamı ilə bizim müasirimizdir.

Hələ 100 il əvvəl Ömər Faiq Nemanzadənin ən “diqqətli” oxucusu, Qafqaz Senzura komitəsinin müsəlman mətbuatı üzrə baş senzoru Mirzə Şərif Mirzəyev bu Şəxsiyyətin miqyasından heyrətə gələrək sorurdu: “Məgər gələcək azad nəslin ilk rus inqilabından sonra, reallıqların ən acınacaqlı günlərində, bütün təhlükələrə baxmayaraq, böyük bir cəsarətlə inqilabçı ideyalarını təbliğ edən, soydaşlarını azadlığa, nura doğru səsləyən bir adamın adını anmaması mümkündürmü?”

Bu gün Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin ölkə başçısı İlham Əliyevin Sərəncamı əsasında, dövlət səviyyəsində qeyd edilməsi müasir azad azərbaycanlılar nəslinin öz böyük Ziyalısını ən yüksək mənada andığının təsdiqidir.

Ümid edək ki, bu yubiley tədbirləri Ömər Faiq Nemanzadə irsinin yenidən toplanması, mükəmməl nəşri, təbliği ilə davam edəcək, onun adının və xatirəsinin əbədiləşdirilməsi üçün real addımlar atılacaqdır. 

 





24.12.2022    çap et  çap et