Dünən TQDK-nın sədri Məleykə Abbaszadə iyunun 29-da keçiriləcək buraxılış imtahanları ilə əlaqədar mətbuat konfransı təşkil edib. Onun sözlərinə görə, imtahan respublikanın 14 şəhər və rayonunda baş keçiriləcək. Bu imtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin müxtəlif səbəblərə görə yekun attestasiya aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilən şagirdlər, əvvəlki illərdə keçirilən buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər iştirak edəcəklər.
9-cu siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan şagirdlərdən 2194 nəfərdən 1932 nəfəri Azərbaycan, 262 nəfəri isə rus bölməsində təhsil alır. Onların 1419 nəfəri oğlan, 775 nəfəri qızlardır.
11-ci sinif şagirdlərinin sayı isə 3212 nəfərdir. 2930 nəfəri Azərbaycan, 279 nəfəri rus bölməsinin şagirdləridir. Onların 2592 nəfəri oğlan, 620 nəfəri qızdır. Buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir.
Məleykə Abbaszadə iyunun 8-dən keçirilən buraxılış imatahanlarından da danışıb. O deyib ki, ümumi nəticələrdə ötən illə müqayisədə irəliləyiş var: “Buraxılış imtahanlarından iyunun 29-da baş tutacaq son imtahanda cəmi 5426 nəfər iştirak edəcək. Onlardan üzrlü səbəblərdən imtahanda iştirak etməyəcək şagirdlərin sayı cəmi 127 nəfərdir . Ona görə bu ümumi nəticələrə ciddi təsir etməyəcək. Biz müqayisə edəndə uşaqların ümumi balını götürürük. 2013-cü ildə bu, 24 bal idisə, 2014-cü ildə isə 25,94 bal, yəni 26 olub. Fərq 0,94-dür. Bu, müəyyən qədər irəliləyişdir”. M.Abbaszadə vurğulayıb ki, həmin şagirdlər 2003-cü ildə birinci sinfə gedib 2012-ci ildə ilk dəfə buraxılış imtahanında iştirak edənlərdir. İndi isə 1- ci sinfin imtahanında iştirak edəcəklər: “Müvəffəq qiymət alanları müqayisə etsək, görərik ki, 2013-cü ildə onların sayı 58,41 faiz, 2014-də isə 62,15%-dir. Bu, 9-cu sinif şagirdlərinin nəticələrinə əsasən hesablanan statistikadır. Mən buna sıçaryış demirəm, amma irəliləyişdir”.
11-ci sinfin statistikası barədə isə M.Abbaszadə bunları deyib: “Bal üzrə fərq 1,81 faizdir. Müvəffəq qiymət alanların sayı 2013-də isə 72,14 faiz, 2014-cü ildə 74,19 faiz olub. Burada isə fərq təxminən 2 faizdir”.
O qeyd edib ki, iyun ayı ərzində hamı imtahanları yaşadığı ərazidə verib: “İyunun 24-də keçirilən imtahanı özüm Şəki, Qax, Zaqatala və Balakəndə müşahidə etdim. İmtahanlardakı nəzarətçilər həmin məktəblərdə çalışan müəllimlər idi”.
TQDK sədri bildirib ki, iyunun 29-da ümumi orta illik təhsil bazasında (9illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün 14 923 abituriyent ərizə verib. Onlardan 5459 nəfəri oğlanlar, 9464 nəfəri isə qızlar təşkil edir. Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsili müəssisələrinin məzunları olmuş şəxslər, 14 nəfəri isə ali təhsilli şəxslərdir. Abituriyentlərdən 50-i xarici ölkə vətəndaşıdır.
Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il təvəllüdlüdür. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar.
Vəfa MƏMMƏDLİ
çap et