525.Az

"Güney Azərbaycanın gələcəyini İran rejiminin məhvi müəyyən edəcək"


 

ƏLİƏSGƏR HEYDƏRİ: “İNDİKİ HƏRƏKATI YENİ İCTİMAİ HƏRƏKATLARDAN BİRİ HESAB EDİRLƏR"

"Güney Azərbaycanın gələcəyini İran rejiminin məhvi müəyyən edəcək"<b style="color:red"></b>

İranda molla rejiminə qarşı etirazlar davam edir. Rejimin öz xalqına qarşı amansız rəftarı, repressiya siyasəti, təqibləri, kütləvi edam qərarları artıq insanları qorxutmur. Etirazçılar rejimin getməsini tələb edirlər. Türkiyədə yaşayan əslən Təbrizdən olan yazar Əliəsgər Heydəri "525"ə müsahibəsində İranda cərəyan edən proseslər, Güney Azərbaycanın gələcəyi ilə bağlı gözləntilərini açıqlayıb.

 

- Əliəsgər bəy, İranda etirazlar üç aydan çoxdur davam edir. Proseslərin inkişafını necə görürsünüz? Aksiyaların inqilabla nəticələnəcəyini söyləmək mümkündür?

-Dəlillərdən aydın olur ki, bu etirazlar hərəkat mərhələsinə qədəm qoyub. Bu günlərdə müvəqqəti durğunluq yaşansa da, müxaliflər və etirazçılar İslam Respublikası devrilənə qədər hərəkatı davam etdirməyə çalışırlar. Bildiyiniz kimi, etiraz aksiyaları məcburi hicab taxmağa qarşı başlayıb. Lakin bu hərəkatdan dəqiq nəticə əldə etmək hələ tezdir. Etirazlar başlayandan bu yana açıqlandığı kimi, 500-dən çox insan həlak olub. 27 minə yaxın insan həbs edilib. Hökumət tərəfindən qətllər, edamlar və ya işgəncə altında ölümə səbəb olmaqla bağlı faktlar mövcuddur. Amma onu da qeyd etmək lazımdır ki, indiki hərəkat 1996-cı ilin dekabrı və 1998-ci ilin noyabrındakı etirazlardan daha güclü və dərindir. Bu isə ümid yaradan məqamlardan biridir.

Ötən üç ayda Həmkarlar İttifaqının da bir neçə tətilləri oldu. Ümumiyyətlə, ölkədə çox qurumlar tətil edir. Tələbələr hələ də etirazları davam etdirirlər. Ona görə də İran şəhərlərində baş verən hadisələr əhatəli və ümumbəşəri hərəkatı və onun inqilaba çevrilməsini göstərir.

- 44 ildir öz xalqının cəlladına çevrilən, amansız cinayətlər törədən rejimin bütün baş verənlərdən sonra xilas ola biləcək?

-Rejimə qarşı hərtərəfli müxalif qüvvələri və onların əldə etdiyi nailiyyətləri, məsələn, İranın əksər şəhərlərində artıq qadınların hicab geyinmə azadlığını nəzərə alsaq, İranda bu hakimiyyətin möhkəmlənməsi mümkün görünmür. Nə olursa-olsun, hansı şəraitdən asılı olmayaraq İran hökuməti ictimai-siyasi vəziyyəti üç ay əvvəlkinə qaytara bilməz. Repressiya, edam və hədə-qorxu ilə qısa müddət ərzində bəlkə də etirazın və hərəkatın qarşısını ala bilər. Amma sonda və yaxın gələcəkdə rejimin çöküşünə yaxınlaşdıracaq toqquşmaların şahidi olacağıq.

- İran rejimi xüsusilə Qarabağ zəfərindən sonra Azərbaycana düşmənçilik münasibətini açıq şəkildə ortaya qoydu. Laçın yolunda azərbaycanlı fəalların ekoloji terrorla bağlı aksiyasına da İran rəsmiləri, eyni zamanda, bu ölkənin mətbuatı həddi aşan münasibət sərgiləyir. İranı qorxudan nədir?

-İran rejimi həmişə Güney Azərbaycanda şəxsiyyət axtarışı cəhdlərindən və Azərbaycan Respublikası ilə həmrəylikdən qorxub. Bildiyiniz kimi, bu məsələlərin tarixi-kimlik kökləri var. Azərbaycandakı türklərin öz milli kimliyinə nail olmasının qarşısını almaq üçün rejim Ermənistanın yanındadır və ona hərtərəfli dəstək verərək bölgədə gərginlik yaratmaq istəyir. Buna görə də İran mətbuatı Azərbaycan Respublikasını hədəfə alıb və erməniləri ön plana çıxarıb. Tarixən Ermənistan İranın müttəfiqi olub, Azərbaycan Respublikası isə həm İran, həm də Ermənistan hökumətlərinin düşməni adlandırılıb.

- Güney Azərbaycan hazırda etirazların önündə gedir. Ümumiyyətlə, Güneyin gələcəyi ilə bağlı nə düşünürsünüz? Müstəqillik, yaxud bütöv Azərbaycan ideyasını gerçəkləşdirmək mümkün olacaq?

- Güney Azərbaycanda İslam Respublikasına qarşı hərtərəfli mübarizə və müxalifət var. Biz azərbaycanlılarının da mülki, hüquqi və siyasi hüquqları mövcuddur. İslam hakimiyyəti dövründə Azərbaycan torpağı talan edildi. Milli və vətəndaş fəalları həbs olunub, işgəncələrə məruz qalıb.

Bir neçə azərbaycanlı fəal hələ də həbsdədir. Güney Azərbaycanda türklər öz ana dilində təhsil və dərs demək hüququndan məhrum edilib. Azərbaycanın bölgələrində yoxsulluq və işsizlik geniş vüsət alıb. Urmiya gölü rejimin etinasızlığı ucbatından qəsdən qurudulub. Təbriz və Urmiya kimi böyük şəhərlərdə havanın çirklənməsi minlərlə insanın həyatını təhdid edir. Güney Azərbaycan xalqı rifahdan, səhiyyə obyektlərindən məhrumdur.

İslam Respublikası rejiminin Güney Azərbaycana qarşı rəftarı əksər bölgələr kimi istismarçı və müstəmləkəçidir. Nəhayət, azərbaycanlıların insan və vətəndaş hüquqlarından məhrum edilməsinə görə Güney Azərbaycan İslam Respublikasına qarşı əsas müxalifət coğrafiyasından biridir. İranda Güney Azərbaycanın gələcəyini İslam Respublikasının məhvi müəyyən edəcək. Bu gün diqqət mərkəzində olan məhz rejimin getməsidir. Bundan sonra Güney Azərbaycanın gələcəyini müəyyən etmək mümkün olacaq.

- İran ümumilikdə dünya üçün təhlükəlidir. Bu ölkə terror qrupları, casus şəbəkələri yaradır, onları maliyyələşdirir. Yaxın Şərqdə sabitliyi pozan addımlar atır. Niyə dünya birliyi rejimə qarşı adekvat addımlar atmır?

-Düzdür, İranda həm iranlılar, həm də digər xalqlar üçün təhlükəli olan terror rejimi mövcuddur. Bu rejim indiyə qədər region ölkələrində və hətta bəzi Avropa ölkələrində sui-qəsdlər həyata keçirib. Rəqiblərini məhv etmək üçün terror qrupları təşkil edib, bir neçə ölkədə partlayışlar həyata keçirib.

Lakin beynəlxalq ictimaiyyət İran rejimi ilə kommersiya və maliyyə əlaqələrinə görə bir neçə hal istisna olmaqla, İslam Respublikasının gerçəkləşdirdiyi terror aktlarına qarşı heç bir ciddi addım atmayıb. Qərb ölkələri İslam Respublikasına sakit yanaşırlar. Əslində beynəlxalq ictimaiyyətin və İslam Respublikasının ticarət və maliyyə asılılığı İslam Respublikasının terror aktlarının qarşısının alınmasında ən mühüm maneə olmuşdur.

- Etirazlar başlayandan önə çıxan bir lider görünmür. Sizcə, gedişatın zəifliyi liderin olmamasından irəli gəlir?

- Doğrudur, İrandakı hərəkatda son bir neçə gündür ki, daha az fəallıq müşahidə olunur. Amma bu o demək deyil ki, hər şey bitdi. İranın indiki hərəkatında əvvəlki hərəkatlardan fərqli olaraq tək bir lider yoxdur. Bu hərəkatda ayrı-ayrılıqda və yerli əsaslarla hərəkət edənlər liderdir. Ona görə də etiraz və mitinq bitdikdən sonra liderlik yoxa çıxır. Bu mənada indiki hərəkatı yeni ictimai hərəkatlardan biri hesab edirlər. Yeni hərəkatda mərkəzləşmiş və təkbaşına rəhbərlik yoxdur və liderlər əslində etiraz səhnələrində iştirak edən və etirazçılar arasında istiqamət verməklə, aparıcılıqla məşğul olanlardır. Məncə, bu tip rəhbərlik İrandakı hərəkatın güclü tərəflərindən biridir.

 

 

 

 

 

 

 





26.12.2022    çap et  çap et