525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

 Döyüşlərdə Aleksandr özünü çox təhlükələrə atırdı və bir neçə dəfə ağır yara almışdı. O, inadkarlığı ilə taleyi aldatmaq istəyirdi, hesab edirdi ki, cəsurlar üçün heç bir maneə, qorxaqlar üçün isə heç bir dayaq yoxdur. Bir dəfə çayı keçmək lazım gələndə özünü danladı ki, niyə üzməyi öyrənməmişdir. Hindistanda Misir qədər böyük əraziyə hökmranlıq edən Taksillə o, dostlaşdı və ona qiymətli hədiyyələr verdi. Lakin hind filosoflarına o, nifrət edirdi. Çünki onlar azad xalqları üsyana çağırırdılar. Hindistan subkontinentinin şimalındakı dövlətin başçısı Pora qarşı müharibə aparıb, onu məğlub etdi. Por Aleksandrın Gidasp çayının gur sularını keçdiyini görəndə döyüşdə fillərdən istifadə etdi. Por özü də filin belində idi. Nəhayət, Poru əsir götürdülər. Aleksandr onunla necə davranmağı soruşduqda Por dedi: "Çar kimi". Ona görə də Poru satrap təyin edib, çarlıq etdiyi vilayətin hakimiyyətini bütünlüklə ona verdi. Porla döyüşdə Aleksandrı məyus edən Butsefalın ölməsi oldu, at aldığı yaralardan ölmüşdü. O, çayın sahilində onun adı ilə adlanan şəhər saldı.

Makedoniyalıların da döyüş ruhu azalmışdı və onlar Hindistanın dərinliklərinə getmək istəmirdilər. Makedoniyalılar Aleksandrın geniş Qanq çayını keçməsinə müqavimət göstərdilər. Bu ölkəni isə işğal etmək də o qədər çətin deyildi, çünki sakinlər öz çarlarına nifrət edir və əhalinin onlardan zəhləsi gedirdi.

Aleksandr okeanı görmək üçün çoxlu qayıqlar və yelkənli gəmilər düzəltdirdi. Bir əyalətdə o, az qala öldürülmüşdü, nərdivanla divarın üstünə qalxıb, oradan düşmənin ortasına tullandı. Bu vaxt onun yanında iki mühafizəçisi var idi. Barbarlardan biri onu yaraladı və Aleksandr özü həmin barbarı öldürdü. Aleksandrı mühafizəçiləri çadıra apardılar. Ölümcül təhlükədən qurtarsa da, zəif olduğundan onun uzun müddətli müalicəyə ehtiyacı var idi.

Aleksandr Hindistanda çoxlu müdrik adamlarla ünsiyyətdə olmuşdu və onların müxtəlif məsələlər barədə cavabları onu heyran etmişdi.

Əsgərləri qiyam qaldırıb, irəli getmək istəmədiklərindən Aleksandr geri, Persiyaya qayıtmağa məcbur oldu. Qoşunun bir hissəsini gəmilərlə göndərdi, özü isə qalan hissə ilə quru yolla qayıtdıqda çox ağır vəziyyətləri yaşamalı oldu. Dözülməz isti, aclıq çoxlarını məhv etdi. İki aydan sonra Aleksandr bu ölkəni tərk edə bildi.

Persiyaya qayıtdıqdan sonra Pasarqadada Aleksandr Kirin qəbrinin qarət edildiyini eşitdikdə, bunu edənləri edam etmək göstərişini verdi. Kirin qəbirüstü yazısı onu çox mütəəssir etdi. Yazıda deyilirdi: "Ey insan, kim olursansa ol, haradan gəlirsənsə gəl, mən bilirəm ki, sən gələcəksən, mən Persiya dövlətini yaradan Kirəm. Bədənimi örtən bir ovuc torpaqdan məni məhrum etmə". Bu sözlər ona dərin və güclü təsir göstərdi və o, insan taleyinin dolanbacları barədə fikrə daldı.

Suzada Aleksandr Daranın qızı Statiraya evləndi, bu vaxt o, 10 min makedoniyalı əsgəri də persiyalı qızlarla evləndirdi və onlara qiymətli cehiz verdi. Toyda iştirak edənlərə qızıl qədəh hədiyyə verildi. 30 min gənci isə Aleksandr təhsil almağa cəlb etdi. Makedoniyalılar qorxurdu ki, çarın onlara münasibəti pozulacaqdır, onların yerini bu gənc perslər tutacaqdır.

Ekbatanda Aleksandrın yaxın dostu Hefestion xəstəlikdən vəfat etdi. Aleksandr bu dərdə dözə bilmirdi. Babildə isə bəzi əlamətlər onda ümidsizlik yaratdı. Bir ziyafətdə həddən çox içdi və belində ağrı hiss etdi, əslində, o, isitmədən əziyyət çəkirdi, susuzluq hiss etdi və sayıqlamağa başladı və o öldü.

Bu qəmli hadisə b.e.ə. 323-cü ilin 13 iyununda baş verdi. Həmin vaxt onun 32 yaşı var idi. Onun on ilini Asiyadakı və Afrikadakı hərbi yürüşlərdə keçirmiş, tarixi də təəccübə salan qələbələr qazanmışdı. Özünün digər məşhur varislərinin çoxundan bir dəfə də olsun məğlubiyyətə uğramamaqla fərqlənmişdir. O, həm də dahiyanə ağlı ilə Qərblə Şərqi birləşdirməyə çalışırdı və əhəmiyyətinə görə imperiyasından da böyük olan Ellinizm adlı irsini qoyub getmişdi. Ellinizm Şərqdə elmin, mədəniyyətin, şəhərsalmanın inkişafına əvəzsiz xidmət göstərmişdi. Lakin onun ölümü ellinizmin yayılmasına mane olmasa da, onun dayaqlarının möhkəmliyini sarsıtmamış qalmadı. Tale ona qarşı belə ədalətsizcəsinə davranmasaydı, o, çox cavan yaşında həyatı tərk etməsəydi, dünyanı yenidən qurmaq barədə kəşfləri onun hərbi qələbələrini, bəlkə də, kölgədə qoya bilərdi. Lakin tarix feilin lazım formasını tanımır, Makedoniyalı Aleksandrın ölümü də həyatı kimi, dünyaya öz təsirini göstərməmiş qalmadı. Ən başlıcası, onun ellinizm adlanan irsi çürümədi, məhv olmadı, Şərqin xeyli hissəsinin sifətini dəyişdirməyə müvəffəq oldu. Yeni eranın sonrakı əsrlərində Şərq də bəşəriyyətin elminin, mədəniyyətinin inkişafına böyük xidmətlər göstərdi. Avropanı təkcə saldığı şəhərlərlə deyil, böyük elmi kəşflərlə, həm də antik elmi, fəlsəfəni bərpa edib, Qərbdə yaranan Renessansa möhkəm bünövrə yaratdı.

Heç kəsdə şübhə yaranmamışdı ki, Aleksandrı zəhərləmişlər, bu barədə yalnız onun ölümündən beş il sonra anası Olimpiada bu çuğul üslubundakı xəbərə inanıb, çoxlarını edam etdirdi. Birinin cəsədini qəbirdən çıxarıb atmışdılar ki, guya o, Aleksandra zəhər veribmiş. Lakin çoxları çarın zəhərlənməsini uydurma adlandırırdı. Aleksandrın meyitində heç bir zəhərlənməni sübut edən əlamətlər görünməmişdi.

Roksana bu vaxt hamilə idi və makedoniyalılar ona hörmətlə yanaşırdılar. O isə çarın digər arvadı Stratiraya nifrət edirdi, onu və bacısını hiyləgər məktubun köməyi ilə aldadıb öldürdü və cəsədlərini quyuya atıb, üstünü torpaqla örtdü. Bu işdə ona Makedoniyanın hökmdarı Perdikka köməklik göstərmişdi. Aleksandrın ölümündən sonra o, böyük hakimiyyətə yiyələnmişdi. Kassandr isə Makedoniya hökmdarı olanda Roksana və onun Aleksandrdan olan oğlunu öldürdü. Buna qədər o, çarın anası Olimpiadanı da edam etdirmişdi.

Aleksandr təkcə dahi sərkərdə deyildi, onun mənəvi dünyası da olduqca zəngin idi. Onun Asiyanı işğal etməsi 8 il davam etmişdi.

 

Qay Yuli Sezar

 

B.e.ə. I əsrin birinci yarısı Roma tarixində iki mühüm xüsusiyyətlə xarakterizə olunurdu: hakimiyyət uğrunda bir neçə qüdrətli şəxsiyyətlərin toqquşması və onların münaqişələrindən yaranan vətəndaş müharibələri ilə.

Senatın iki qeyri-adi hərbi təyinatları hesabına Krass və Pompey kimi iki güclü tarixi fiqura irəli çıxıb, yüksək mövqelərə çatdı. Krass ağlasığmaz ölçüdə varlı idi və hətta deyirdilər ki, o, Romanın çox hissəsinə malikdir. Spartakın başçılıq etdiyi qul üsyanının yatırdılmasında da fərqlənmişdi. Pompey b.e.ə. 77-ci ildə İspaniyada mühüm hərbi komandanlıq vəzifəsi əldə etmişdi və hərbi qəhrəmana çevrilmişdi. Onlar birlikdə b.e.ə. 70-ci il üçün konsul seçilmişdilər. Konsulluğa başlayanda tribunların hakimiyyətini bərpa etdilər, bu hakimiyyəti isə onların xidmət etdiyi diktator Sulla ləğv etmişdi. Pompey həm də Pont çarı Mitridatı məğlub etməklə, Şərqdə böyük sərvət toplamışdı.

Yuli Sezar (b.e.ə. 100-44-cü illərdə yaşamışdır) öz siyasi karyerasının başlanğıcından populyarların mənafeyini müdafiə edən natiq idi. Mari onun xalasının əri idi və o, Marinin dostları qrupunun siyasi gücünü müdafiə edirdi. Edil və pretor vəzifələrini tutduqdan sonra hərbi komandan kimi İspaniyaya göndərilmişdi. B.e.ə. 60-cı ildə oradan qayıdıb, triumf aldı və konsul vəzifəsi üstündə mübarizə apardı, bu onu senat daxilində yüksək bir yerə qoyacaqdı. Sezar senator yoldaşları olan Krass və Pompeyə qoşuldu. Tarixçilər onların koalisiyasını birinci Triumvirat adlandırırlar.

Onlar siyasi sahədə dominantlıq edirdilər. Sezar b.e.ə. 59-cu il üçün konsul seçildi və populyarlar məclisindən triumvirlərin təməl məqsədləri üçün istifadə etdi. Pompey öz veteranları üçün Şərqdə məskunlaşmaq hüququ və torpaq aldı. Sezar isə beş il müddətinə Qalliyada xüsusi hərbi kampaniya keçirmək səlahiyyətinə yiyələndi.

Sezarın işləri Qalliyada o qədər yaxşı idi ki, Krass və Pompey hərbi kampaniyanın dəyərini bir daha reallaşdırmaq istədilər. Onlar b.e.ə. 55-ci il üçün yenidən konsul seçildilər. Sezarın Qalliyada olması daha 5 il müddətinə uzadıldı. Krass Suriyada, Pompey isə İspaniyada prokonsul kimi komandanlığı əldə etdilər. Krass b.e.ə. 53-cü ildə Parfiya ilə döyüşdə öldürüləndə, bu hadisə, iki qüdrətli şəxsi öz orduları ilə birlikdə birbaşa rəqabətə cəlb etdi.

Sezar Qalliyada olduğu vaxtı həm də şöhrət əldə etmək və hərbi təcrübə qazanmaq üçün istifadə etdi. O, çox sayda kampaniyalar apardı, onlar 2 milyon nəfər adamın - kişilərin, qadınların və uşaqların ölümü hesabına başa gəlmişdi. Hərbi lider kimi Sezar daim ciddi, şəxsi təhlükələrlə üz-üzə gəlməyə hazır idi. Baxmayaraq ki, o, ürək keçməsindən əziyyət çəkirdi, ümumən zəif səhhətə malik idi, lakin açıq havada yatır, hər cür çətinliklərə dözürdü.

Sezarın apardığı müharibələr, qarətçilik etmək və qullara sahib olmaq hesabına onu kifayət dərəcədə varlanmağa qadir etdi. O, əvvəllər siyasi vəzifələr tutmaq üçün aldığı borc pulların hamısını qaytara bildi. Onun ordusu özünə loyal olan veteranlardan ibarət idi. Heç şübhəsiz, senatorların əksəriyyəti Pompeydən və Sezardan tələb etdilər ki, müddət bitdiyinə görə komandanlıqdan əl çəkib, öz ordularından imtina etsinlər. Onların ikisi də buna razılıq vermədi. Senat Pompeyi daha zərərsiz sayıb, Sezardan tələb etdi ki, komandanlığını atsın və Romaya özəl şəxs kimi qayıtsın. Ümumi qayda belə idi. Bu isə Sezar üçün qəbuledilməz idi, onu tam qaydada düşmənləri qarşısında kövrək bir imkanı olan şəxsə çevirəcəkdi.

O, öz ordusunu saxlamaq variantını seçdi və b.e.ə. 10 yanvar 49-cu ildə Rubikon çayını keçib, İtaliyanın içərilərinə doğru hərəkət etdi. Bu çay əyalətin cənub sərhədi idi. İndi də "Rubikonu keçmək" ifadəsi geri qayıtmağa qadir olmamaq mənasını verir. Sezarın qədim bioqrafı xəbər verir ki, o, qoşunlarına dedi ki, "Hətta biz indi də geri dönə bilərik, lakin bu kiçik körpünü keçmişiksə, onda hər şey silah gücündən asılı olacaqdır".

Pompey, onun ordusu İspaniyada olduğundan, tərəfdarları ilə birlikdə Yunanıstana qaçdı. Orada onlar yeni ordu qaldırdılar. Bu vaxt Sezar müqavimət görmədən Romaya girmişdi. O, qoşunlarını Yunanıstana aparmaq üçün donanmanı təşkil etməklə məşğul oldu. B.e.ə. 48-ci ilin yazında Yunanıstandakı Farsal döyüşündə Sezarın veteranları bir gün ərzində Pompey qoşunlarını darmadağın etdilər. Pompey Misirə qaçdı, oradakı çar onun klientilərindən biri idi, lakin çarın müşavirləri Pompeyi öldürdülər.

Müharibə başa çatmaq bilmirdi. Misirdən qayıdarkən Sezar Pont çarı, Mitridatın oğlu Farnakı da asanlıqla məğlub etmişdi. Senatorların bəziləri, o cümlədən, Kiçik Katon Pompeyin tərəfdarları kimi yeni qoşun toplayırdılar. Şimali Afrikadakı və İspaniyadakı qələbələrdən sonra Sezar zəfər çalmış fateh kimi b.e.ə. 45-ci ildə Romaya qayıtdı.

Sezar belə qərara gəldi ki, buxovlanmamış rəqabətin köhnə qaydasından xilas olmaq mümkün olmayacaqdır. Həm də Roma onun, yüksək siniflərin olduqca xoşlamadığı çar titulunu götürməsinə hələ hazır deyildi, lakin Sezarın ondan imtina etmək niyyəti də yox idi, çünki şöhrəti də buna yiyələnməyə imkan verirdi. B.e.ə. 47-ci ildə Sezar rəsmi qaydada diktator elan edildi, üç il sonra isə ömürlük diktator oldu. O, vəzifələri tutmaq uğrundakı seçkilərə nəzarəti də öz əlində saxlayırdı, tərəfdarları da onun təklif etdiyi namizədləri seçirdilər. Romanın mütləq hökmdarı kimi o, bir sıra ambitsiya xarakterli islahatlar həyata keçirdi. Senatın üzvlərinin sayını 900-ə çatdırdı, tərəfdarlarının çoxu senat üzvlüyünə yiyələndi. Şimali Afrikada, Qalliyada və İspaniyada Roma vətəndaşlarından ibarət koloniyalar yaratmaqla, həmin ərazilərin romanlaşmasına start verdi. O, cəhd edirdi ki, ərazilərin idarə edilmələrində rasional qayda yaratmaq üçün İtaliyanın şəhərlərindəki icra strukturları tanınsın.

(Ardı var)

 





26.12.2022    çap et  çap et