525.Az

Hüseyn Cavid - millət və hürriyyət vurğunu


 

Hüseyn Cavid - millət və hürriyyət vurğunu<b style="color:red"></b>

Türkçülük və turançılıq məfkurəli əsərləri sayəsində yaradıcılığı dərin siyasi mahiyyət kəsb edən dahi Hüseyn Cavidin yaradıcılığında insan hüquqları və onların pozulması, bütövlükdə sosial ədalətsizlik ciddi problem kimi təqdim olunur. Xaraktercə hürriyyət və millət vurğunu olan mütəfəkkir sənətkar yaşadığı dövrdə siyasi hərəkatda, heç bir partiya və qurumda olmasa da, öz mövqeyini, münasibətini bildirməyi də unutmurdu. Vəhşi erməni daşnaklarının Bakıda və digər bölgələrdə törətdiyi qanlı faciələrdə soydaşları kimi, özü də zərər görən, mənfur niyyət sahiblərini lənətləyən şairin "rəngarəng yaradıcılığında insan və onun taleyi çağdaş mühitimizin istəkləri sorağında romantik üsulda ortaya qoyulur". Bütün bunlar Cavid əfəndini Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və başqa istiqlal mücahidləri ilə birləşdirirdi. Cəmiyyətdə yaşanan dəyişimə, inqilablara şahidlik etmiş ədib, bu sahədə həmfikirlərindən geri qalmır, mübarizəni əsas vasitə hesab edirdi. Cavid əfəndinin 1918-ci ildə "Bakı ətrafı fəhlə, qırmızı əsgər, kəndli və matros" şurasının "Əxbarı"nda "Haqqını sən mübarizə ilə alarsan" şeirinin vərəqələr halında yayılması şairin mücadilə yoluna, hürriyyət eşqinə işıq tutur. 1906-cı ildə Əli bəy Hüseynzadə "Həyat" qəzetində (2 iyul, 1906-cı il, № 143) yazırdı: "Qafqaz türkləri türklərin ən hürriyyətpərvərləridir... Bu məmləkətdə heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz, heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir". İstanbuldan yazdığı məktubunda böyük bir uzaqgörənliklə "Qafqazın (Azərbaycanın) istiqbalını İrana nisbətdə daha ziyadə parlaq gördüyünü" vurğulayan Cavid əfəndi də, Əli bəy kimi, bu qənaətində yanılmamışdı. Bu sözlərin yazılmasından az sonra Azərbaycanda - Şərqdə ilk demokratik, dünyəvi, sivil dəyərlərə malik Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. Bu zaman Cavid əfəndi Naxçıvanda idi və bunun da müəyyən səbəbləri vardı. Birinci Dünya savaşı zamanı (1914-1918) Bakıda yaşayan Cavid əfəndi tarixə 31 Mart soyqırımı kimi düşən hadisələr zamanı "Bakıda yaşadığı "Təbriz" mehmanxanasındakı 21 №li otaqdan ermənilər tərəfindən əsir alınmış və möcüzə nəticəsində sağ qalan şair Ənzəliyə, oradan Təbrizə, Təbrizdən Naxçıvana getmişdi" (Q.Məmmədli). Bakıda daşnaklar tərəfindən yandırılan "Kaspi" mətbəəsində şairin səkkiz min nüxsə kitabı yanıb kül olmuşdu. Ədib Cümhuriyyət dövründə yazdığı yeganə əsəri olan "İblis" faciəsini məhz bu acı təsirlər altında Naxçıvanda yazmışdı (1918).

O illərdə (1918-1919) Bakıda olduğu kimi, Naxçıvanda da siyasi-ictimai durum çox ağır idi. Balkan savaşı dövründə ərazi iddiaları iflasa uğrayan erməni ideoloqları I Dünya müharibəsində yenidən çar Rusiyasının təhrikilə mübarizəyə başlamış, bu zaman Naxçıvan yenidən hədəf seçilmiş, Dərələyiz, Şərur, Vedibasar, Qarabağ mənfur erməni işğalçıları tərəfindən savaş meydanına çevrilmişdi. Bu zaman Naxçıvanda görkəmli şəxsiyyətlər Bəhram xan və Əziz xan Naxçıvanskilər, Eynəlı bəy Sultanov, Əli Səbri Qasımov, Əziz Şərif, Behbud ağa Şahtaxtınski, Mir Heydərzadə, S.Əsgərxanov, Bağır Rzayev, S.Cəmilinski, Kəlbalı xan, Kərim xan, Xəlil ağa Hacılarov və Cavid əfəndi birlikdə mübarizə aparırdılar. Naxçıvanın İrəvana birləşdirilməsi məsələsində problemin tezliklə qarşısının alınmasında xüsusi səy göstərmiş Xəlil ağa Hacılarovun ən çox məsləhətləşdiyi ziyalılardan biri də Hüseyn Cavid idi. İngilis generalının əhali arasında sorğu aparılmasını tövsiyə edən təklifinə onlar birlikdə qəti şəkildə etiraz etmişdilər.

Həmin illərdə güclənən erməni vəhşiliklərinin qarşısını almaq Naxçıvan ictimaiyyətinin əsas vəzifəsinə çevrilmişdi. 1918-ci ildə Türkiyə silahlı qüvvələrinin Şərqi Anadoludakı komandanlığına edilən müraciətdən sonra may ayının 16-da kiçik bir heyətlə Nuru Paşa, avqustun 7-də isə Kazım Qarabəkir Paşanın Naxçıvana gəlməsi ilə yerli əhali kütləvi qırğından xilas edilir. Xalqının ən ağır günlərində siyasi hadisələrin mərkəzində, xalqı ilə birlikdə olan Cavid əfəndi 1919-cu ildə Naxçıvanda olan Kazım Qarabəkir Paşa ilə görüşmüş, sonra Bəhram xan Naxçıvanski ilə Bakıya gəlmişdi.

Hadisələrin canlı şahidi Lətif Hüseyinzadə yazır ki, "...başda Araz-Türk hökumətinin xarici işlər naziri Bəhram xan olmaqla, hökumət üzvləri Mirzə Abbas Qədimov, Əli Səbri Qasımov və geniş xalq kütləsi tərəfindən sevilən Hüseyn Cavid təmsilçi seçilmişdi. 1919-cu il, mart ayının əvvəllərində Araz-Türk hökuməti tərəfindən Azərbaycan Cümhuriyyətinə göndərilmiş ilk təmsilçilər Azərbaycan dövlətinin başçısı Fətəli xan Xoyski ilə görüşmüş, xalqın qərarını çatdırdıqdan sonra, Naxçıvanın erməni işğalı təhlükəsi qarşısında qaldığını və təcili yardım göstərilməsini xahiş etmişlər".

"İki əsrin və iki imperiyanın hüdudunda böyüyən" (H.Zeynallı) Cavid əfəndinin dünyagörüşünün formalaşmasında üç böyük mədəniyyət mərkəzinin - Naxçıvan-Təbriz-İstanbulun böyük rolu olmuşdu. Yaradıcılığında İslam Peyğəmbərini, Şərq fatehini, Şərq şairinin, Şərq hökmdarının, Şərq filosofunun qusursuz obrazlarını yaradan filosof şair öyrəndiklərinə və inandıqlarına ömrünün sonuna qədər sadiq qalmışdı. Sovetlərin ideoloji yönətiçiləri ondan israrla sovetləri öyməsini tələb edərkən o, inadla "yerə inməyəcəyini" bəyan edirdi: "Bən fəqət hüsnü-xuda şairiyim, Yerə inməm də səma şairiyim".

"Yer"i işğal etmiş Allahsız, imansız sovetlər cəmiyyətində şairi "qatarlarına" minməyə dəvət edən bolşeviklər və "Hüsnü-xuda" şairi (Paradoks). Bəlkə də şairin "yerə" enmək istəməməsinin səbəbi yerdəkilərdi, məmləkətini işğal edənləri görmək istəməməsi idi. Və "yerə" inmək istəməyən, məfkurəsinə və "sənətkar vicdanına" sadiq qalan Cavid əfəndi yazdıqlarında nə sovetləri, nə də sovetlərin gətirdiyi yad mədəniyyəti, yad dili, yad musiqini qəbul edir, qətiyyətlə sovetlərə qarşı çıxırdı. Bəzi sovet tənqidçiləri Cavid əfəndinin sovetlərin cəbhəsinə keçdiyini iddia etsələr də, bu fikir əsassızdır. "Şeyx Sənan"la (1914) Azərbaycan səhnəsinə təsəvvüfü gətirən Cavid əfəndi, "Peyğəmbər"lə (1922) İslam Peyğəmbərini, "Topal Teymur"la (1926) türk fatehlərini, "Turan şahı" Əmir Teymuru gətirmişdi. Sovetlərdən, Stalindən, Lenindən yazmadığı üçün Cavid əfəndiyə qarşı tənqid günü-gündən kəskinləşmiş; "Səma şairi" "böyük quruluşumuzdan yazmaqdansa, gedib əski tarixi şeylərə əl atır", - deyə suçlanmışdı və bu "suç"lamalarda həqiqət payı çoxdur, çünki Cavid əfəndi nəinki sovetləri alqışlayır, öyürdü, əksinə, bolşeviklərin Azərbaycanı işğalının 2-ci ilində rusa etiraz olaraq mövzusunu İslam tarixindən aldığı "Peyğəmbər"i, 3-4 il sonra "Topal Teymur"u yazmaqla ruslara qarşı türklüyünü, Turanı nisan verməklə, "qiyam" edirdi. Sovetlərin yarandığının ilk illərində, çətin bir şəraitdə şairin türk tarixinə üz tutması milli fikrin təbliğinə xidmət edirdi. "Topal Teymur" əsərinin sonunda "Avropa dövlətləri həmişə fürsət gözləmiş, dünyada müharibə alovlarını qızışdırmışdır", - fikrini xüsusi vurğulayan ədib, əsərdə Divanbəyinin: "Əvət, dün İspaniya səfiri də bu nöqtəni qeyd edirdi və böyük xaqanın fəzilət və məharətlərindən saydıqca dili ağzına sığmırdı" - sözləri ilə Avropanın "at oynatmaq" siyasətinə toxunurdu. Bu mənada, Divanbəyinin sözlərinə Əmir Teymurun verdiyi cavab da çox ibrətamizdir: "Avropalıların dilləri başqa, ürəkləri daha başqadır. Hər halda məmləkətimiz aslanlar yuvası olaraq qalmamalı. Əvət, qoy düşmənlərimiz görsünlər ki, türk övladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaratmaqdan da zövq alır".

İsmayıl Qaspıralının ortaya qoyduğu "bölünmüş türk dövlətlərinin yalnız bir lisanda birləşməsi ilə Turanın yaranması gerçəkləşə bilər" fikrini hər zaman müdafiə etmiş, israrla həyata vəsiqə almasını istəmiş şair ideallarını qızına verdiyi adla - Turanla əbədiləşdirmişdi. Ömrünün sonuna qədər Turan ədəbi dilinin qurulması uğruna mücadilə etmiş Cavid əfəndi əsərlərində yalnız İstanbul türkcəsinə aid sözlər istifadə etməklə qalmamışdı. Onun dilin bütün tələffüz norması, morfoloji-sintaktik quruluşu, lüğət tərkibi ilə İstanbul türkcəsinə uyğundu. Avropa mənşəli alınma sözlər belə Cavidin dilinə çağdaşları kimi Rus dilindən deyil, Türkiyə türkcəsindən keçmişdi. Cavidin dil məsələsində tutduğu yol, istifadə etdiyi Ortaq Dil Rza Tevfik Bölükbaşı, Yurdakul və Göyalpın dilindən fərqlənməyən, anlaşıqlı bir türkcə idi. Turan ideologiyasını Azərbaycanın Sovet Rusiyasının işğalından sonra daha əzmlə davam etdirmiş Cavid əfəndinin düşüncəsində Turandan başqa, istənilən Vətən ideyası işğalçılığa və zorakılığa əsaslanırdı. Cavid əfəndi Sovet Azərbaycanı dövründə milli kültürü, milli ruhu, Türkçülüyü-Turançılığı beynəlmiləl proletar mədəniyyətinə qarşı mübarizə edənlər arasında fərqli idi. Onun türkçülüyünün nəticəsi idi ki, Sovet Rusiyasının Azərbaycanı işğal etdiyi zamanda belə bu ideologiyadan vaz keçməmiş, yaşam və yaradıcılığında bu ideologiyanı yaşatmağa çalışmışdı. Ədibin sovetlər dönəmində qələmə aldığı "Topal Teymur"u milli məzmununa görə, SSRİ rəhbərlərini bir xeyli məşqul etmiş, Türkün qəhrəman fatehləri - Əmir Teymur və Yıldırım Bəyazitin səhnəyə gətirilməsi yaxşı qarşılanmamışdı. Cavid əfəndi əsərdə Əmir Teymurun dilindən bir Türk-Turan hökmdarının hansı xüsusiyyətləri daşımasının başlıca əlamətlərini göstərməklə qalmamış, iki Türk hökmdarının müharibə etməsinin əleyhinə olmuşdu, çünki Turan adlı Vətəndə iki Türk böyüyünün müharibə etməsi yalnız Turanın parçalanmasına xidmət edərdi.

Hüseyn Cavidin milli azadlıq ideyaları bugünümüzdə - Azərbaycan Respublikasının müstəqilliyində öz parlaq ifadəsini tapıb. Bugünkü istiqlalımız həm də Cavid əfəndinin milli mücadiləsinin, istiqlal amalının təntənəsidir.

 





26.12.2022    çap et  çap et