Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Dövlət başçısı öz doğum günündə keçirdiyi bu görüşlə növbəti dəfə ənənəsinə sadiqliyini nümayiş etdirdi, eyni zamanda, Azərbaycan xalqına növbəti böyük bir hədiyyəsini təqdim etdi.
Dövlət başçısı görüşdə bu məqama toxunaraq deyib: "Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm. Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın 24-ü üçün bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz olmalıdır".
Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar Şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Qərbi Azərbaycan İcmasının binasının açılşı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. 2010-cu il 6 iyul tarixində Prezident İlham Əliyev Qarabağın Azərbaycanlı icmasının mənzil-qərargahının açılışında bildirmişdi: "Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır".
Bugünkü reallıq Prezidentin sözlərinin həqiqətə çevrildiyini göstərir. Qərbi Azərbaycan məsələsi növbəti tairix dövr üçün ən mühüm, ərazilərimizin işğaldan azad edilməsi kimi taleyüklü bir məsələ kimi ölkəmizin gündəliyinə daxil olur. Dövlət başçısının görüşdəki proqram xarakterli nitqi əslində Qərbi Azərbaycana qayıdışın yol xəritəsidir.
Görüşün iştirakçısı olan Milli Məclisin deputatı Hikmət Babaoğlu "525"ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz doğum gününü xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsi artıq bir ənənə halını alıb. Onun sözlərinə görə, son iki ilədək belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı təşkil olunurdu: "Tarixi zəfərimizdən sonra həsrətlə gözlədiyimiz Böyük Qayıdış tarixi hadisəsi reallığa çevrildi. Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Dekabrın 24-də Müzəffər Ali Baş Komandanımızın Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir. Bu kontekstdə Prezident İlham Əliyev ilk növbədə, həmin torpaqlarımıza qayıtmağımızı hər şeydən əvvəl tarixi yaddaşımızla əlaqələndirdi. Doğrudan da, milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəslə ötürülməsi Birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı. Prezidentimizin qeyd etdiyi kimi, bu gün Zəngilana, Ağalıya o torpaqlarımızı görməmiş yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də, əgər illər əvvəl məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkləşəcək. Çünki bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var".
Deputat bildirib ki, Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək vurğuladı ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, bunun üçün hər şeydən əvvəl biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq, onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırdı. Eyni zamanda, bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi: "Azərbaycan Prezidentinin söylədiyi bu fikirlər xalqımızın yeni əsrdə yeni vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq".
Deputat Məlahət İbrahimqızı isə hesab edir ki, görüşdə dövlət başçısının söylədiyi nitqdəki hər bir fikrinin arxasında böyük bir proqram dayanır. Deputat əlavə edib ki, Prezident İlham Əliyev illər boyu fəaliyyətində təkcə Qarabağ uğrunda mübarizə aparmayıb, ən mötəbər tədbirlərdə, ən mürəkkəb vəziyyətlərdə heç kimdən çəkinmədən dünyaya bəyan edib ki, İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır: "Necə ola bilər ki, biz 1991-1993-cü illərdə işğal olunmuş torpaqlarımızı erməni işğalından azad edək, ancaq ondan bir neçə il əvvəl tarix boyu Azərbaycanın dədə-baba yurdu olan Zəngəzur, Göyçə, İrəvan qaytarılmasın? 1988-1991-ci illərdə azərbaycanlılar Qərbi Azərbaycanda 170 kənddən deportasiyaya məruz qalıblar. Azərbaycan xalqının tarixi torpaqlarında - Qərbi Azərbaycanda erməniləşdirmə siyasəti aparılıb. Prezident İlham Əliyev bunu çox qətiyyətlə vurğuladı və dedi ki, biz o torpaqları top-tüfənglə almaq niyyətində deyilik, ancaq o ərazilərdən deportasiya olunmuş soydaşlarımızın hüquqlarının tam bərqərar olunması üçün nə lazımdırsa, edəcəyik. Bunu bütün dünya bilməlidir".
Deputat əlavə edib ki, Prezident Qərbi Azərbaycan İcmasının yol xəritəsini daha detallı müəyyən etdi: "Dövlətimizin başçısı tapşırıqlarını verdi ki, bu icma həm ölkə daxilində, həm də xaricdə, beynəlxalq təşkilatlarda böyük əks-səda doğuracaq layihələr həyata keçirməlidir. Azərbaycan xalqı öz dədə-baba torpaqlarına geri qayıtmalıdır. Azərbaycana qarşı tarixi ədalətsizliyə son qoymalıyıq. Azərbaycan xalqı öz yenilməzliyini göstərib. Biz inanırıq ki, yaxın illərdə Qərbi Azərbaycanda da xalqımızın itirilmiş hüquqlarının bərpasına nail olacağıq".
çap et