525.Az

"Yüksəliş" müsabiqəsi: istedadlı kadrların inkişafına böyük dəstək


 

"Yüksəliş" müsabiqəsi: istedadlı kadrların inkişafına böyük dəstək<b style="color:red"></b>

Bu günlərdə Prezident İlham Əliyev 2023-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, 2023-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 manat ayrılıb.

"Yüksəliş" müsabiqəsi ölkədə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsi hesab edilir. "Yüksəliş" - istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Bu müsabiqə iştirakçılara kadr ehtiyatının inkişafı proqramında iştirak etmək, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanını qazandırır.  Bu müsabiqə peşəkar təlimlər üçün qrant qazanmaq, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirmək, əvəzolunmaz əlaqələr qurmaq, vahid komandanın üzvü olmaq üçün qaçırılmayacaq fürsətdir. "Yüksəliş" - ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin dediyinə görə, "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edir. "Yüksəliş" müsabiqəsi karyera pilləsində yüksəlmək istəyən, istedadlı, özünə güvənən gənclər üçün bir şansdır.

DİM Direktorlar Şurasının sədri təhsil, karyera imkanlarına görə ölkədə gender bərabərliyinin mövcud olması, qanunlarımızda da bu məsələ ilə bağlı məhdudiyyətlərin olmadığını bildirib. Bəzən reallıqda bu qaydalara riayət edilmədiyini, qadınlarımızın karyera pillərində çətinliklərlə, qeyri-sağlam rəqabətlə üzləşdiklərini, bu tendensiyanın nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada hökm sürdüyünü vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, "Yüksəliş" müsabiqəsi ölkədə peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edir: "Layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına mühüm töhfə verir".

Gənclər və idman naziri Fərid Qayıbovun sözlərinə görə, "Yüksəliş" müsabiqəsinin əsas məqsədi potensiallı kadrların aşkarlanması, dəstəklənməsidir: "Müsabiqə bir neçə mərhələdən ibarətdir. Bu mərhələlər həm maraqlı, həm də həyəcanvericidir. Bütün bu amillər bizim iştirakçılara idarəetmə alətləri, yeni biliklər, yeni əlaqələr qazandırır. Bütün bunlar gözəl fürsətdir. "Yüksəliş" müsabiqəsi  intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə yaradılıb. Bu baxımdan, idarəçi rəhbər şəxslərə, liderlərə xas xüsusiyyətlərin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Nəticəyə yönəlmə, kommunikasiya, işin icra edilməsi, komanda işi, sosial məsuliyyət, innovativ yanaşma kimi liderlik xüsusiyyətləri qiymətləndirilir. Eyni zamanda, ümumi dünyagörüşü, məntiq, riyazi təhlil, sürətli düşünmə, büdcənin idarə edilməsi, sosial intellekt, layihələrin idarə edilməsi kimi bilik və bacarıqlara da önəm verilir. Öncəliklə, gənclər təhsillərinə diqqətlə yanaşmalı və bununla yanaşı mütaliəyə və şəxsi inkişafa -dil biliklərinin artırılması, müxtəlif proqram və kurslar vasitəsi ilə əlavə biliklərin əldə olunması və s. xüsusi önəm verməlidirlər. Məqsədlərinə doğru əmin addımlarla irəliləməli və ruhdan düşməməlidirlər. Bununla yanaşı, onlar sevdikləri və faydalı olduqları sahədə çalışmalı, öz karyeralarını həmin sahədə qurmalıdırlar. İşin və karyeranın yalnız şəxsi təminat, fərdi yüksəliş üçün deyil, eyni zamanda, cəmiyyət və ölkəyə faydalı olmaq üçün qazanıldığını anlamalıdırlar. Müsabiqənin hər bir mərhələsi müxtəlif bilik və bacarıqların ölçülməsinə yönəlib. Hər bir mərhələdən sonra siz yüksək və aşağı nəticə göstərdiyiniz istiqamətləri görə bilirsiniz və özünüzü hansı istiqamətdə inkişaf etdirəcəyinizi öyrənirsiniz. Bu müsabiqə həm də yeni tanışlıqlar qazanmaq, öyrənmək və öyrətmək üçün çox yaxşı platformadır".

Energetika naziri Pərviz Şahbazov Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan və dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsinin ölkədə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir "Yüksəliş" müsabiqəsinin milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətlə yanaşan, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirən, bu meyarları əsas tutan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi istiqamətində ümidləri doğruldacağına əmin olduğunu vurğulayıb.

"Yüksəliş" müsabiqəsi əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addımdır. Bu baxımdan müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq. "Yüksəliş" ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə əsasən, "Yüksəliş" müsabiqəsi insan kapitalının inkişafı məqsədilə Azərbaycan hökumətinin başladığı növbəti təşəbbüsdür. Bu təşəbbüsdə yüksək intellektual zəka və sosial məsuliyyət sahibi olanlar uğur qazanır. Müasir əmək bazarının əsas tələblərindən olan innovativlikləri tətbiq edən, dəyişikliklərə hazır olan və bu yanaşmaları öz fəaliyyət sahəsinə gətirməyi bacaranlar qalib olur. Bu müsabiqənin iştirakçılarında həm də qərar qəbuletmə bacarığı, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi bacarıqlarına diqqət yetirilir: "Strateji düşünənlər, komandada ilə işləməyi bacaranlar, büdcəni idarə edə bilənlər peşəkarlarla görüşmək, şəxsi inkişaf planları əldə etmək, hətta idarəçi rəhbərlərlə çalışmaq imkanı əldə edirlər. Nəticədə yaşından, ixtisasından, fəaliyyət göstərdiyi sahədən, dövlət, ya da özəl strukturda çalışmasından asılı olmayaraq "Yüksəliş"ə qatılan hər şəxs tələb olunan kadr ehtiyatının inkişafı proqramında iştirak edib, ölkənin gələcəyini quracaq şəxslərdən birinə çevrilir".

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vurğulayıb ki, uğurlu idarəçinin əsas keyfiyyətlərindən biri onun idarəetmə cəsarətidir. Problemlərlə üzləşməli, hər şeyi olduğu kimi söyləməli, çətin qərarlar qəbul edən və hərəkətləri üçün məsuliyyət daşıyan bir şəxs olmalıdır. Qloballaşan dünyada uğurlu idarəçi bütün yeniliklərə açıq olmalıdır. İdarəçi yol göstərməli, ilham verməli, əməkdaşlıq üçün zəmin yaratmalı, ən əsası isə örnək lider olmalıdır. Mənəvi cəhətdən qüvvətli, dayanıqlı, ədalətli olmalı, toplum içərisində hörmətə sahib olmalıdır. O, komandasının bütün üzvlərinə bərabər yanaşmalı, qarşılıq gözləmədən həvəsləndirməyi bacarmalıdır. Sadə və təvazökar olmalıdır: "Müasir dövrün tələbi informasiyadır və daha çox məlumatlı olmaq, daha çox bilmək deməkdir. Peşəkar idarəçi daima özünü və biliklərini yeniləməlidir. İnformasiyanın dəyərinin düşməməsi o məlumatın təzələnməsindən və daha etibarlı olmasından asılıdır. İdarəçinin irəlini görə bilmə və planlama qabiliyyətinə sahib olması zəruridir. Bacarıqlı idarəçi öz səhvlərini görməyi və bunu etiraf etməyi də bacarmalıdır. İstənilən idarəçi hər şeyin mükəmməl olmasını istəyir və bunun üçün mübarizə aparır. Əlbəttə, bu yolda səhv etmək ehtimalı istisna deyil. Lakin o, eyni səhvləri bir daha təkrarlamamağa səy göstərməlidir".

Nazirin söylədiyinə görə, "Yüksəliş"müsabiqəsi istər dövlət qulluğu, istərsə də özəl sektorda çalışan Azərbaycan gəncliyini əhatə edən kompleks və mükəmməl müsabiqədir: "Müasir idarəetmə prinsipləri ənənəvi idarəetmə prinsiplərindən müəyyən qədər fərqlənsə də, məqsəd birdir - ölkənin, vətənin inkişafına töhfə vermək. Bir sözlə, "Yüksəliş" müsabiqəsinin iştirakçılarından gözləntilərimiz onların daim yeniliklərə açıq olması, qloballaşan dünya ilə ayaqlaşa bilən müasir baxışlı liderlər kimi yetişmələridir. Əminəm ki, "Yüksəliş" müsabiqəsinin qalibləri Azərbaycanın gələcək inkişaf mərhələlərində yeni uğurlara nail olacaqlar".

Sevinc QARAYEVA

 





27.12.2022    çap et  çap et