525.Az

Animasiya mənə taleyin hədiyyəsidir


 

Animasiya mənə taleyin hədiyyəsidir<b style="color:red"></b>

Bu gün uşaqların böyük maraqla izlədikləri əcnəbi animasiyalar bolluğunda ana dilimizdə təqdim olunan filmlərimiz təəssüf ki azdı. Hələ Sovet dönəmində çəkilən  “Tıq-tıq xanım”, “Cırtdan və təpəgöz”, “Cücələrim”, “Tülkü həccə gedir”, “Toplan və kölgəsi”, “Meşəyə insan gəlir” və s. kimi cizgi filmlərindən sonra bu boşluq aydın şəkildə hiss olunmaqdadır. Müasir, milli cizgi filmi qəhrəmanlarımıza böyük ehtiyac var. Gələcəyimiz olan uşaqların təxəyyülü, fantaziyası və milli ruhunun düzgün formalaşması çox vacib bir amildir. Cizgi filmləri üzrə mütəxəssis, rəssam, Animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, “Qızıl Qayıq”  mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi  Firəngiz Qurbanova ilə söhbətimiz də elə bu mövzudadır. 

Firəngiz Qurbanova 1943-cü ildə Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini və  Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam və rejissor kimi fəaliyyət göstərib, “Birlik” animasiya studiyasını yaradıb. “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon”, “Ad günü” və s. filmlərin quruluşçu rəssamıdır. Eyni zamanda “Seans”, “Bulud niyə ağlayır”, “Anam ağacda”, “Akvarium”, “Kürən”, “Qarabağ nağılları” və s. cizgi filmlərinin quruluşçu rəssamı və rejissorudur. 

Firəngiz Qurbanova ziyalı ailəsində doğulub. O, Xalq artisti Ağadadaş Qurbanovun qızı, tanınmış aktyorlar Gülşən Qurbanova və Hamlet Qurbanovun bacısıdır. 

 

- Hörmətli Firəngiz xanım, öncədən sizə müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. Suala isə ənənəvi qaydada başlamaq istərdim. Bioqrafiyanızı araşdıranda anladım ki, Animasiya sizin bir qədər də tale işiniz olub... Təhsiliniz başqa sahəni əhatə edirdi. İstərdim məhz Animasiya ilə məşğul olmağınızın tarixçəsindən danışasınız...

- Kinoya məhəbbətim də, şəkil çəkmək sevgim də uşaqlıq illərimdə yaranıb. Atam Xalq artisti Ağadadaş Qurbanov həm də çox yaxın dostum idi. Teatra atamın yanına gələndə həmişə onun özünə qrim eməsinə baxmağı çox sevirdim. Sonra öyrəndim ki, atam sən demə, rəsm çəkməyi də bilirmiş. O mənimçün kağızdan yığılıb açılan bir oyuncaq düzəltmişdi. Üstündə Andrey əmi üçün alma və armud şəkli çəkmişdi. Kağızın arasını açanda yuxarıda alma, aşağıda isə Andrey əminin şəkli peyda olurdu. Ən maraqlısı da o idi ki, Andrey əmi Məşədi İbada oxşayırdı (gülür). Bu, o qədər xoşuma gəldi ki, mən də şəkil çəkməyə, rəsmlərin surətini çıxartmağa başladım. Hər şey də burdan başlandı. 7-ci sinifdən sonra rəssamlıq məktəbinə qəbul olundum. Rəssamlıq məktəbində oxuyarkən işlərimi atama göstərirdim. Atam məni xəbərdar eləmişdi ki, rəssamlıq məktəbinə qəbul olunma fürsəti bacarığımla bağlıdır. Əgər mənim istedadım varsa, qəbul olunacam. O, heç bir halda bu prosesə müdaxilə etməyəcək. Yəni mənim üçün heç kimdən xahiş etməyəcək. Anlayırdım ki, alınmasa, deməli, başqa işlə məğul olmalıyam.  Şükürlər olsun ki, rəssamlıq məktəbində qiymətlərim yaxşı idi. Anam isə əməkdar həkim idi. O, həmişə mənə diqqətlə yanaşırdı, nəyi sevdiyimi, nəyi bacardığımı çox yaxşı bilirdi. Anam bir dəfə mənə dedi ki, Moskvada ÜDKİ (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) var, ora qəbul üçün cəhd etsən, yaxşı olar. Sənədlərimi ora  verdim. Azərbaycandan 10 nəfər idik. Mən “Bədii Filmlərdə Quruluşçu Rəssam” fakültəsinə qəbul olundum. Quruluşçu rəssam kimi bir çox film üzərində işləmişəm. Hiss edirdim ki, ekranda tamaşaçının adət etmədiyi nəsə yeni bir şey görmək istəyirəm. Texnikaların qarışığı animasiya, maket üzərində çəkilmiş rəsmlər, aktyor - bax, bunu etmək istəyirdim. Animasiyaya beləcə qoşuldum.

- Uşaqlar son dərəcə saf və həssas varlıqlardır və onlar üçün sənət nümunələri yaratmaq məsuliyyətli işdir. Sizin bu işdə özünüzə qoyduğunuz tələb və meyarlar varmı?! Uşaqlara hansı mövzular, necə təqdim edilməlidir? 

- Təbii ki, artıq zaman dəyişib və uşaqların başını daha nağıllarla qatmaq olmur. İndiki nəsil uşaqların tanıya biləcəyi, inandıqları real qəhrəmanlar var. Onlar müharibədə qaçqın ömrü yaşamış şəhid olmuş minlərlə həmyaşıdları barədə məlumat ala, bu hekayələri film şəklində izləyə bilərlər. Təbii ki, yaxşı cizgi filmləri çəkmək üçün öncə yaxşı ssenarilər olmalıdır. Birinci növbədə uşaq ədəbiyyatı yaxşı inkişaf etməlidir. Mənim çəkdiyim filmlərin bir çoxunun ssenarisi Amerikada yaşayan yazar Dinarə Seyidovaya məxsusdur. Biz filmlərimizdə daha çox qadın, ana və uşaq mövzularına yer veririk. Çalışırıq ki, müasir və inandırıcı mövzuları filmə çevirib uşaqlara təqdim edək. 
 

- Bu gün sənətin müxtəlif yönlərində inkişaf dinamikasına nəzər salanda məhz animasiya sahəsində sanki bir durğunluq hiss olunur. Bu günün uşaqları daha çox xarici cizgi filmi və animasiyalarla tərbiyə olunur, bu da ciddi problemdir. Həlli nədə görürsüz? 

- Uşaqların bu gün daha çox xarici animasiya filmlərini izləməsi reallıqdır. Amma həll yolları da mövcuddur. Mən animasiyanı sevirəm, istəyirəm bu sahə bizdə də inkişaf etsin. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Animasiya filminin quruluşçu rəssamı” ixtisası var. Bu ixtisas üzrə tələbələri öyrədirəm. Kino Məktəbinin animasiya qrupunda ümidverici tələbələr çoxdur və bu, məni çox sevindirir.  Durğunluğu aradan qaldırmaq üçün ölkəmizdə Animasiyaya xüsusi diqqət lazımdır. Poblemlərimizdən biri filmlərimizin efirlərimizdə təqdimatı, təbliğatı və yayımının qənaətbəxş olmamasıdır. Deyim ki, bu işdə maddi dəstəyin də rolu az deyil. Bu gün  professional animatorlara çox ehtiyac var.  Animasiyaya gələn gənclər mütləq peşə təhsili almalıdırlar. Əvvəllər uşaqları təhsil üçün Moskvaya göndərirdilər və bunun çox gözəl effekti olurdu. Əlbəttə, biz bu gün heç də ümidsiz deyilik. Məlumdur ki, ölkəmizdə 2018-ci ildən başlayaraq hər il ANİMAFİLM Bakı Beynəlxalq Animasiya festivalı keçirilir. Bu festivallar filmlərimizin təbliğatında böyük işlər görür. Festivalda müxtəlif xarici ölkələrdən seçilmiş, eləcə də yerli animasiya filmləri nümayiş olunur. Gələcək animatorlar müasir xarici animasiyalarla tanış olur, ustad dərsləri alır, sonrakı fəaliyyətləri üçün ciddi stimul qazanırlar. II ANİMAFİLM  festivalında isə ilk dəfə Uşaq münsiflər  heyəti yaradılmışdır. Uşaq münsiflər tərəfindən “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” kateqoriyaları üzrə qaliblər seçilir. Bu uşaqların zövqünün, seçim qabiliyyətinin inkişafı üçün çox gözəl təşəbbüdür. Ümumiyyətlə, ANİMAFİLM beynəlxalq animasiya festivalları mədəniyyətimiz üçün vacib hadisədir. 2019-cu ildə keçirilən festivalda mən “Qızıl qayıq” mükafatına layiq görülmüşəm. Bundan başqa, kino sənayesində animasiya filmlərinin istehsalını artırmağa, inkişafına dəstək məqsədilə  “Azərbaycan Animasiya Asossasiyası” (AAA) yaradılıb. Görülən işlərə nəzər salanda daha nikbin oluram və Azərbaycanda animasiyanın inkişaf edəcəyinə inanıram. 

 - Azərbaycan animasiya tarixində özünəməxsus yer tutan sənətkarsınız. Həm də bu işin hər incəliyini müxtəlif tərəflərdən bilən, tətbiq edən rejissor-rəssamsız. Çətin texniki şəraitdə az-çox maraqlı animasiya filmləri çəkilib. Amma indiki texnika əsrində milli mənəvi dəyərlərimizi əks etdirən filmlər çəkilmir. Uşaqlarımız üçün bunun fəsadı nə ola bilər?! 

- Doğru vurğuladınız. O zaman çətin texniki şəraitdə çalışırdıq, ancaq yorulmurduq. 1985-ci ildə çəkdiyimiz “Anam ağacda” cizgi filmini, 1986-cı ildə isə animasiyasını çəkmişik. Həmin animasiyada rəngin və xəttin qaçması heç xoşuma gəlmirdi. İstifadə etdiyimiz rəngləri Moskvadan “Soyuzmultfilm”dən göndərirdilər. Yalnız  rəng bitəndən sonra təzəsini ala bilirdik. Təzə rəng isə azacıq da olsa başqa çalarda olurdu. Və bəzən elə alınırdı ki, müxtəlif  çalarlı rənglərin ucbatından xətt qarışırdı. O zaman mən qıvırcıq rəsmlər çəkmək qərarına gəldim. Burada bilmək olmur hansı rəng statika üzrə nəzərdə tutulub, hansı rəng qaçır. Və hardansa rəng götürməmək üçün mən çəkilişin yarus sistemindən istifadə etdim. Şəkillə işığın arasında rəngli filtr qoyurdum və rəngli təsvir alınırdı. Bu, bir ilk idi. Mənə qədər bunu heç kim etməmişdi. Xətt düz aparılırdı. Disneydə bizi belə öyrətmişdilər ki, xətt dəqiq, düppədüz olmalıydı. Sonra “Kiyevfilm”dən rejissorlar zəng vurub bu texnikadan istifadə etmək üçün icazə istədilər. Ancaq onlar bunu bir az başqa cür etdilər. Mən tuşla işləyirdim, onlarsa rəngli qələmdən istifadə edirdilər. 1989-cu ildən 1992-ci ilə qədər biz kürənlər mövzusunda kompozisiya, “Şahzadə Mimo və yaramaz kral” serialını çəkdik. Biz Azərbaycanda yeganə studiya idik ki, Moskvanın sifarişini yerinə yetirirdik. Bu filmlər də bu texnika ilə işlənmişdi. Və həmin texnika onların da xoşuna gəlmişdi. Amma haqlısız ki, o dövrdə biz çətin şəraitdə yollar axtarır, yeni texniki imkanları açmağa çalışırdıq. İndi isə istedadlı bir gənc sadəcə kompüter arxasında əyləşib çox şey edə bilər. Görünür, bu, həm də bir siyasətə, strategiyaya çevrilməli və dövlətin də, cəmiyyətin də sifarişi olmalıdı bu sahədə. Axı uşaqların tərbiyəsi birmənalı şəkildə sadaladıqlarımın tərkibidir...

- Firəngiz xanım, Azərbaycan Animasiyasının Cırtdanı, Göyçək Fatiməsi, yaxud Tənbəl Əhmədi çağdaş tələblərə cavab verən üslubda təqdim edilə bilərmi balacalara? Bizim öz - Madaqaskar, Buz dövrü, Spanç Bob kimi cizgi filmlərimiz olacaqmı nə zamansa?! 

-  Bütün sahələrdə olduğu kimi, müasirləşmək, yeniliklərə can atmaq düşüncəsi cizgi filmlərində də özünü göstərməlidir. “Cırtdan” cizgi filmi xalq nağılı əsasında çəkilmişdi, mən onu artıq  yeni versiyada təqdim etmişəm. Düşündüm ki, bu XXI əsrin animasiyası olmalıdır və  müasir uşaqlar üçün maraqlı olan hər şeyi ifadə etməliyik. “Araqçın” adlı filmimdə  uşaq anasından Cırtdanın kim olduğunu soruşur və ana ona bu barədə danışır. Bu film IX “İpək Yolu" Beynəlxalq Film Festivalında 3089 film arasından seçilərək  festivalın finalçısı olub. “Araqçın” cizgi filmi həm də Braziliyada keçirilən 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalında “Dünya Mədəniyyəti”nin peşəkar filmləri kateqoriyasında da qələbə qazanıb. Yəni “bizdə bu işi görən yoxdur” deyə bilmərik. Potensialımız da var, kadrlarımız da. Sadəcə dünyaya, hadisələrə baxışı dəyişmək lazımdır. Açıq deyək ki, köhnə nağıl qəhrəmanlarımız elə o formada işə yaramırlar. İndi cizgi filmləri üçün yeni qəhrəmanlara, yaxud köhnələrin müasirləşmiş formasına tələbat var.

- Hələ Sovet dövründə «Akvarium» filminizdə sintez üsulu ilə ciddi bir problemə diqqət çəkmisiniz... Valideynlərin uşağın canlı dünyasını anlamaması, onunla başqa-başqa dalğalarda yaşaması və s. İndiki zamanda sizin Akvariumunuz hansı şəkildə göstərərdi bu nəsillərarası uçurumu?! 

- “Akvarium” mənim ikinci filmimdir. Bu film oyunla animasiyanın uyğunlaşdırılması idi. Yəni bir lentdə kino və əllə çəkilmiş iki təsviri ikili ekspozisiyada birləşdirmişdim. Baxış zamanı çox həyəcanlı idim. Ortada çoxlu multiplikasiya çəkilişi vardı.  Düşünürdüm ki, yenə də filmin janrını, animasiya ya bədii film olmasını, müəyyən edə bilməyəcəklər. Ancaq əksinə oldu. O zaman məşhur Sovet multiplikatoru, rejissoru Fyodor Savelyeviç Xıtruk mənə böyük dəstək oldu. Ondan çox xoş sözlər eşitdim. Halbuki qorxudan məni tər basmışdı dünürdüm ki, danlanacam (gülür). Film onun çox xoşuna gəlmişdi. Hər il müxtəlif şəhərlərdə keçirilən bütün multiplikatorların toplandığı seminarda onun söylədiyi ilk söz mənim filmimin ünvanına dediyi tərif oldu. Bu hadisədən sonra məni “ASİFA” beynəlxalq multiplikator və rejissorlar assosiasiyasına qəbul etdilər. Bu, mənim üçün böyük şərəf idi. Sualınız isə maraqlıdır?! Bəlkə də indi bu anlamda nəsillər yerini dəyişiblər. İndi yaşlı nəslin canlı həyata, onun parlaq rənglərinə meyli, sevgisi daha artıqdır. Uşaqları robotlaşdıran bir zamana gəlib çıxmışıq. Həm də buna görə canlı sənətin təbliğatı vacibdir.  

- Daha öncə siz də qeyd etdiniz ki, müasir texnika əsrində sanki hər kəs kompüter arxasında əyləşib xüsusi proqramlar vasitəsiylə animasiya yarada bilər. Əlbəttə, bu, canlı sənət olmur, amma hansısa şəkildə diqqəti də çəkir... Uşaqlarımızı canlı sənətin həvəskarı kimi yetişdirmək üçün nə etməliyik?! 

- Mən adətən kino ilə animasiyanın sərhədində qarışıq texnika ilə çalışıram. Canlı, həm də çox zəhmət çəkilən iş həmişə fəqli, daha ürəyəyatımlı olur. Son dövrlər animasiya kompüter qrafikası geniş yayılıb. Amma mən cizgi animasiyasının tərəfdarıyam. Cizgi animasiyasının 3D animasiyadan üstünlüyü personajın xarakerinin tam dolğunluğu, bütün incəlikləri ilə açılmasıdır. Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə Kinematoqrafçılar İttifaqı nəzdində açılmış Kino Məktəbinin animasiya qrupuna biz  məhz rəssamlığı bacaran tələbələri qəbul edirik. Çünki mənim üçün əsas şərt “çəkərək düşünmək” prinsipidir. Özüm də elə işləyirəm, əlimdə karandaş çəkirəm, həm də xarakter haqda düşünürəm və onun vizual həllini axtarıram.

-  Bəzən məşhur insanlardan siyahılar istənilir. 10 mütləq oxunmalı kitab, 100 mütləq baxılmalı film və s. Sizin belə siyahınız varmı, həm Azərbaycan, həm də dünya animasiyaları içərisində - «mütləq baxılmalı» yarlığı ilə məsləhət görəcəyiniz əsərlər?!

- Dəqiq bir siyahı demək çətindir. Ancaq bunu qeyd edə bilərəm ki, sovet dövründə çəkilmiş bütün cizgi filmlərinin böyük tərbiyəvi əhəmiyyəti var. Bu filmlərin hər biri uşaqları vətənpərvərliyə, mərdliyə, xeyirxahlığa səsləyir. Bir də ki, uşaqların tərbiyəsində, gələcək inkişafında ailənin sevgisini, hərarətini duyması çox vacibdir. İndi texnologiyalar elə inkişaf edib ki, uşaqlar saatlarla telefonla, yaxud başqa texniki cihazlarla məşğul olurlar, özlərinə qapanırlar və bu ünsiyyətdən məhrumdurlar. Əvvəllər ünsiyyət məsələsi tamamilə fərqli idi. Müasir valideynlər mütləq uşaqlarla  ünsiyyətə fikir verməlidirlər. Öz payıma demək istəyirəm ki, ailəmdə bu qaydalara əməl edirəm, hər gün ailə üzvlərimlə söhbət etməyə, onların fikirlərini qayğılarını öyrənməyə çalışıram. Hətta bayramlarda, ad günlərində restorana getməyi sevmirəm, evdə - isti bir mühitdə doğmalarla zaman keçirmək, masa arxasında uzun-uzun söhbətləşmək daha xoş gəlir mənə.  

- Müsahibələrinizdən birində demişdiniz ki, Sənət eksperimentləri sevir. Zamanında çox  cəsarətli eksperimentləriniz olub. Məsələn elə «Arzularını yarat» filminiz...

- Bəli, dəqiq dediniz - eksperiment etməyi həmişə sevirəm. Düşünürəm ki, riskli də olsa, bunsuz sənətin inkişafı mümkün deyil. Hələ rəqəmli texnologiyaların kəşf edilmədiyi zamanlarda bütün filmləri aşağı keyfiyyətli “Svema” lentlərinə çəkirdilər. “Kodak” isə hələ yox idi. Və 1979-cu ildə “Arzularını yarat” filmini eksperiment kimi çəkmək qərarına gəldim. Multiplikasiyanı aktyorlar və çəkilmiş fonlara uyğunlaşdırdım. Yəni kontaptipsiz üç ekspozisiya... Bunu mənə qədər heç kim etməmişdi. Sujet bir kloun haqqında idi. O, tamaşaçını güldürür, qrim otağına döndükdə isə tənhalıq hissi bürüyür onu. O, öz personajlarını təsəvvüründə canlandırır və bu personajlar sanki dirilərək hər dəfə qrim otağına qayıdanda onu əhatə edirlər. Bu filmi ona görə çox sevirəm ki, həmin eksperiment, hətta “Svema” lentində də yaxşı film çəkməyin mümkün olduğunu sübut etdi.  

- Bilirik ki, yeni gələn nəsillərin yetişməsi, sənətə cəlb olunması, təhsil alması üçün böyük işlər görürsüz. İstərdik ki, bu fəaliyyətləriniz haqda məlumat verəsiniz... 

- Bəli, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalşıram, rəsm kafedrasının professoruyam. Akademiyanın rektoru, akademik Ömər Eldarovun təşəbbüsü və əməyi sayəsində qrafika kafedrasında “Animasiya filmin quruluşçu rəssam” ixtisası açılıb. Bu, çox yaxşı nəticə verdi. Bu vaxta qədər bizim animasiya sənəti məktəbimiz yox idi. İndi uşaqların çoxu öz studiyalarını açırlar. Ancaq onların hamısı  3D animasiyada işləyirlər. Mənim vəzifəm isə əsasları öyrətməkdir ki, onlar rəsm çəkə bilsinlər. Çalışıram ki, uşaqlar əl işlərinə alışsınlar, çəkdikləri rəsmləri duysunlar, hissiyatlı, həyatla nəfəs alan filmlər yaratsınlar.  

Akademiyadan söz düşmüşkən bir ağrılı məqamı da dilə gətirmək istərdim. Bu günlərdə öyrənmişəm ki, Rəssamlıq Akademiyasının diplomu nə Azərbaycanda, nə də dünyada təsdiq olunub, qəbul edilmir. Bu, çox ciddi problemdir. Yəni belə çıxır ki, burda təhsil alan gənclərə sabah o diplom heç nə verməyəcək. Halbuki Akademiya qanuni qurumdur. Elə Mədəniyyət və İncəsənət Universiteti kimi... Rəssamlıq Akademiyasında sənətin müxtəlif yönləri üzrə peşəkar rəssamlar yetişdirilir, o ixtisaslarda ki, bunlar İncəsənət Universitetində yoxdur. Və əgər Akademiyanın diplomu tanınmasa, gənclər burda aldıqları təhsillə normal işləyə, həyatını təmin edə bilməsə, bura daxil olmaq istəyənləri sayı sıfıra enməyəcəkmi?! Kaş ki səsimiz lazımi yerlərə çata və Təhsil Nazirliyi bu məsələ ilə bağlı müsbət qərar qəbul edə. 

- Bəzən sənətlə məşğul olan, istedadı olan adamlar təhsilin önəmini düşünmürlər. Bəzən də əksinə, deyirlər ki, çağdaş zamanda hər kəsin mükəmməl təhsil alıb nə ilə istəsə məşğul ola bilər. Ümumiyyətlə, bu işlərdə peşəkarlıq, təhsil və istedadın, zəhmət və fəhmin payı nə qədərdir?! Yəni sizcə, hansı daha vacibdir?! 

- Bilirsiz, mənim üçün çox ağrılı mövzuya toxundunuz. Məncə, sənətlə, hətta onun idarəçiliyi ilə məşğul olan insanlar bu sahəyə tam bələd olmalıdırlar. Yəni bu «laboratoriyada» yetişən insan Sənətin sonrakı inkişafını, kimin nə iş görəcəyini müəyyən edə, bu yolda qərar verə bilər. Ona görə idarəçilikdə də ən istedadlı insanların seçimi vacibdir. Xüsusən də bu, kinoya aiddir, çünki dövlətin ayırdığı maliyyə fondu var. Yayım məsuliyyəti qərar verənlərin üzərinə düşür - kimə və hansı film istehsalı üçün maliyyə ayrılmalıdır... Bu məsələ ilə ssenarinin keyfiyyətini müəyyən etmək bacarığından tutmuş, peşəkar kino təcrübəsinə malik insanlar məşğul olmalıdır. Bu məsələnin idarə edilməsində kinematoqrafiya sahəsində böyük təcrübəsi olan insanlar olmalıdır. Perspektivli və müsbət mənada iddialı olan gənc nəsil idarəçiliyə meyl etməzdən əvvəl öz filmlərini çəkməli, canlı rəqabət aparmağı öyrənməlidirlər. Çünki bunun özü də məktəbdir... Ona görə çox istərdim ki, kino şöbəsinə rəhbər seçiləndə dediyim keyfiyyətlər nəzərə alınsın. Bəzən məmurluq gənclərin yaradıcılığa sərf edəcəyi zamanı və enerjini alır, ona görə, məncə, istedadlı cavanlar özlərini sənətə həsr etməlidirlər. 

- Firəngiz xanım, müasir uşaq teatrı, filmlərində bir yanaşma da var. Deyirlər ki, uşaqlar üçün yaradılan sənət nümunələri bədbin sonluqla bitə bilməz. Erkən yaşlarından onları yaxşının qalib gələcəyinə inandırmaq lazımdır. Bu yanaşmaya münasibətiniz necədir?! 

- Çox doğru. Uşaqları neqativ hisslərlə yükləmək olmaz, əksinə, onlarda ruh yüksəkliyi, həyata, gözəl olan şeylərə inam yaratmaq lazımdır. Uşaqlar üçün yazanda, yaxud film çəkəndə onların əhval-ruhiyyəsi, psixologiyası nəzərə alınmalıdır.  Ümumiyyətlə isə nəinki animasiya filmlərində, eləcə də, bütün dramatik sənət əsərlərində işıq, ən azından bir nəfəslik olmalıdır. Mən bunu tələbələrimə daha obrazlı şəkildə deyirəm. Əgər sənin göstərmək istədiyin hadisələr qapqara bir məkanda, hətta qapalı bir qutunun içində cərəyan edirsə, o qutunun, məkanın divarında mütləq bir deşik aç, içəri işıq düşsün, əks halda mənası yoxdur bu işi görməyin.     

- Bir vaxtlar Dastan və nağıllarımız əsasında animasiya filmləri çəkilib. Müasir Azərbaycan üçün ən böyük Dastan - 44 günlük Zəfər savaşımız ola bilər. Bu mövzuda animasiya çəkdiyinizi bilirik... Davamı olacaqmı?! 

- Bəli, Mədəniyyət Nazirliyimiz Zəfər Günü ilə bağlı bir çox layihələr irəli sürüb. “Birlik” studiyasının istehsalı olan, Cavid Əhədov və Zemfira Əhədova ilə birlikdə ərsəyə gətirdiyimiz “Qarabağ nağılı” adlı qısammetrajlı animasiya filmi Mədəniyyət Nazirliyinin Zəfərimizə həsr olunan “Böyük qayıdış” bədii-sənədli və animasiya film müsabiqəsində qalib gəlib. “Qarabağ nağılı” “Mənə nağıl söylə” adlı serialın ikinci hissəsidir. 2D klassik animasiya formatında hazırlanan “Qarabağ nağılı”nda hadisələr balaca qəhrəmanın xəyal dünyasında cərəyan edir. Ata Zəfər Günündə öz oğluna xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır. Qeyd edim ki, film Mədəniyyət Nazirliyinin dəstəyilə ərsəyə gəlib, bu sahədə işlərimiz davam edir və etməlidir. Böyük qələbəmizi gələcək nəsillərə anlatmaq üçün animasiya çox gözəl vasitədir... 

- Söhbətimizin sonuna yaxınlaşırıq və həm özünüzün, həm də tələbələrinizlə birgə yaradıcılıq planlarınızı bölüşməyinizi istərdik... 

- Söhbətimiz boyu gənc nəslin yetişməsindən, böyüklərdən öyrənməsindən danışdıq. Bu mənada bir ciddi problemə də toxunmaq istərdim. Bu da sənətdə yaş senzinin qoyulması məsələsidir. İnanın ki, dünyada və elə qonşu Rusiyada lap yaşlı, ahıl vaxtında da səhnəyə çıxan sənətkarlar çox olub. İndi atamın - Ağadadaş Qurbanovun səsyazılarını dinləyəndə, rollarına baxanda, necə məşq etməsini yada salanda fikirləşirəm, necə də tez köçüb dünyadan və onun etdiyi bir çox incəlikləri indiki nəsil bilmir, kaş ki, sağ olaydı və gənclərə öyrədəydi təcrübəsini. Amma bu gün teatrlarda çalışan və gənclərə nələrsə öyrədə biləcək sənətkarlar çoxdur. Onlardan peşə sirlərini öyrənmək, təcrübələrindən istifadə etmək çox vacibdir. Və qəbul etmədiyim bir məsələ var - deyirlər yaşlılar getsin ki, gənclərə yer, ştat açılsın. Axı biz çox güclü dövlətik və yaşlıların ştatına, onların hətta kiçik ya böyük rollarına toxunmadan yeni istedadları teatrlara cəlb etmək olar. İnanın ki, teatrlarda şərti adı - «Gənclər», yaxud “Müasir janrlar şöbəsi” ola biləcək şöbə açılsa, gənclərin yaradıcılığına böyük təkan olar. Amma elə həmin teatrlarda ən müxtəlif cəsarətli eksperimentlərdən qorxmayan gənclər yaşlılarla dialoqda böyüsələr, inkişaf etsələr, çox gözəl nəticələr əldə olunar. 

Planlarımıza gəldikdə isə bilirsiz ki, mən “Birlik” studiyasının təsisçisi və rəhbəriyəm. «Birlik» sadəcə ailəmdir - oğlum Cavid Əhədov, gəlinim Zemfira Əhədova və özümdən ibarət balaca bir kolektivdir. Hamımız çalışqan və eyni ruhlu adamlarıq. Cavid Əhədovun rejissor kimi debütü “Mərhəmətin dadı” filmi oldu. Məncə, heç də pis alınmayıb. Kifayət qədər az məbləğə çəkirik. Sayımız azdır, amma işi həmişə vaxtında təhvil veririk. 

Bizim studiyamızda indiyədək “Ad günü”, “İfritə meymunə”, “Keşikçi”, “Kürən”, “Naməlum torpaq”, “Şahzadə qız”, “Yaramaz kral”, “Zəka yatarsa” və  s. filmlər çəkilib. Onların hər biri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçirilib. Hamısı da xarici festivallar üçün nəzərdə tutulub. Bu elə bir sahədir ki, bir ilə 10 dəqiqəlik film ancaq çəkilir. Sifariş olsa, ildə iki film də çəkmək olar. 2021-ci ildə studiyamızda “Sərçə” (rejissor Gülnar Əliyeva) diplom işi çəkilib və uğurla qarşılanıb. Qarşıda görüləcək işlərimiz çoxdur. 

Sonda bunu da qeyd edim ki, özümü xoşbəxt insan sanıram, çünki Allah məni doğru yola istiqamətləndirdi, zövq aldığım işi qismət elədi. Mənə görə sevdiyin işdə həvəslə işləmək xoşbəxtlikdir. Animasiya mənə taleyin hədiyyəsidir, bu işdə özümü tapmışam. 
 

 

"Araqçın" animasiya filmi

"Qarabağ nağılı" animasiya filmi


Nəzrin
“Qobustan” Sənət Toplusu
21 dekabr 2022

 

 





27.12.2022    çap et  çap et