Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü və proqram xarakterli nitqi böyük qayıdışın yol xəritəsini müəyyən etdi. Görüşdə Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarına qayıdacaqlarına əminlik ifadə edildi. Bunun üçün əlbəttə ki, bütün müstəvilərdə aktiv çalışmaq, daha çox işləmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq tələb olunur. Prezident İlham Əliyevin görüşdə söylədiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir: "Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır".
Azərbaycanlılar tarix boyu dəfələrlə deportasiyaya məruz qalıb. Sonuncu dəfə 1980-ci illərin sonlarında sovet hökumətinin dəstəyi ilə həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Onların bir çoxu öldürüldü, işgəncələrə məruz qaldı. Dövlət başçısı öz nitqində Qərbi azərbaycanlıların doğma torpaqlarına sülh yolu ilə qayıdacaqlarını söyləyib.
Sitat: "Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən, beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır".
"Özünü azərbaycanlı sayan hər kəs "Biz Qərbi azərbaycanlıyıq" deməlidir"
Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Musa Quliyev deyib ki, Prezident ad günündə Qərbi Azərbaycan İcmasının binasında yaradılan şəraitlə tanış olması, icma üzvləri ilə görüşməsi, orda söylədiyi fikirlər olduqca tarixi, konseptual əhəmiyyət daşıyır: "Dövlət başçısı əslində vaxtilə yaşadığımız dədə-babalarımızın vətəni olan, amma 1988-ci ildə sonuncu dəfə tərk etməyə məcbur olduğumuz Qərbi Azərbaycana böyük qayıdışın konsepsiyasını açıqladı. Cənab Prezident söylədi ki, bu istiqamətdə şaxələnmiş şəkildə fəaliyyət göstərmək lazımdır. Təkcə icma deyil, həm də Azərbaycan hökuməti, ölkəmizin ziyalıları, bütün ictimai-siyasi qüvvələr, o cümlədən, Azərbaycan diasporu bu işə səfərbər olunmalıdır. Prezidentin söylədiyi fikirlər əslində böyük qayıdışın konsepsiyasının əsasını, nüvəsini təşkil edən müddəalardır".
Bu müddəaların nələrdən ibarət olmasına toxunan deputat bildirib: "İlk növbədə, dövlət başçısının konsepsiyanın hazırlanması barədə tapşırığı, təkcə icma üzvləri deyil, həm də hər kəsin bu işə öz töhfəsini verməsi, öz çiynin bu ağır yükün altına verərək, əlini daşın altına qoyması tapşırığı idi. Digər tərəfdən, biz elektron platformanın yaradılması və bu sahədə indiyə qədər aparılmış mövcud nə işlər varsa, - istər ədəbiyyat, istər tarix, istərsə hüquq və siyasət müstəvisində - bunların hamısı bir elektron portalda toplanaraq xarici dillərdə dünyaya çatdırılmasıdır. Eyni zamanda biz artıq dünyaya bu problemi tanıtmaq və oraya qayıtmaq iddiamızı ortaya qoymaq üçün beynəlxalq müstəvidə mücadiləyə başlamalıyıq. Azərbaycanın təmsil olunduğu müxtəlif beynəlxalq təşkilatlarda, parlament qruplarında, ictimai hərəkatlarda, diaspora vasitəsilə davamlı olaraq bu işləri görməliyik. Konfranslar keçirməli, sərgilər təşkil etməliyik, həmçinin, hüquq müstəvisində bu məsələnin həlli yollarını da axtarmalıyıq".
M.Quliyev bildirib ki, Ermənistandan son 120 ildə 4 milyondan çox azərbaycanlı deportasiya olunub. Bu deportasiyanın həm tarixini öyrənmək, həm də geridönüşün hüquqi konturlarını müəyyənləşdirmək lazımdır. Ən azı 1948-53-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə deportasiya olumuş 100 mindən çox insanın geriqayıdışının təmin olunması üçün mücadilə etməliyik. Bu, bizim haqqımızdır. M.Quliyev əlavə edib ki, 1988-ci ildə 250 mindən çox insanın qayıdış haqqının olduğunu dünyaya bəyan etməli və o haqqı tanıtmalıyıq: "Eyni zamanda Prezident söylədi ki, biz sülh yolu ilə getməliyik. Sülh yolu ilə getmək üçün də təbii ki, artıq birgəyaşayış qaydaları müəyyənləşdirilməlidir. Yəni biz ora qayıdandan sonra hansı statusda olacağıq, harda yaşayacağıq, bizim orda muxtariyyətimiz olacaq, yoxsa elə erməni cəmiyyətinin içərisində inteqrasiya edərək yaşayacağıq, bütün bunlar çox ciddi, zaman-zaman həll ediləsi, insanlarımıza öyrədiləsi məsələlərdir. Hesab edirəm ki, Qərbi Azərbaycan icmasının üzərinə olduqca böyük məsuliyyət düşür. Qərbi Azərbaycan icması deyəndə biz təkcə Qərbi Azərbaycan kökənli və yaxud orda doğulmuş sonradan bura köçmüş insanları nəzərdə tutmalı deyilik. Nə qədər ki, Qarabağ işğalda idi, biz hamımız Qarabağlıyıq söyləyirdik. Allah şükür ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Bundan sonra düşünürəm ki, harada doğulmağından asılı olmayaraq özünü azərbaycanlı sayan hər kəs "Biz Qərbi azərbaycanlıyıq" deməlidir və bu böyük tarixi mücadiləyə öz töhfəmizi verməliyik".
Deputat bildirib ki, əgər qayıdışa inanmasaq, yola çıxmazdıq: "Amma əlbəttə ki, bunun zamanı var. Bir zamanlar hətta Qarabağın da qaytarılacağına ümidsiz insanlarımız var idi, amma görürsünüz, biz artıq qaytarmışıq, Şuşada tədbirlər keçiririk, bayrağımız hər yerdədir, hərbçilərimiz, cənab Prezident dediyi kimi, düz Bala Göyçənin sahilindədir, biz Göyçəni də, Zəngəzurun kəndlərini də, şəhərlərini də binoklsuz müşahidə edə bilirik. Niyə də qayıtmayaq? Niyə də Zəngəzur dəhlizin açmayaq? Niyə də biz dədə-baba torpaqlarımızdan əl çəkək? Deyirlər ki, kim ki, mübarizə aparır, o, qalib də gələ bilər, məğlub da ola bilər. Kim ki mübarizə aparmır, o, elə əvvəldən məğlub olmuşdur. Ona görə də hesab edirəm ki, biz bu mücadiləmizi aparmalıyıq, sözümüzü çatdırmalıyıq, bu iş davamlı olmalı və xüsusən də gəncləri bu işə sövq etməliyik, ön plana onları çıxartmalıyıq. Eyni zamada son 35 ildə, - 1988-ci il deportasiyasından artıq 35 il keçməkdədir, ədəbiyyat və tarix önə keçmişdirsə, indi hesab edirəm ki, hüquq önə keçməlidir. Hüquqi və siyasi müstəvidə bu məsələ daha da qabardılmalı, bu sahədə işlərimizi ardıcıl aparmalıyıq".
"Doğma torpaqlarımıza qayıdacağıq"
Deputat Ceyhun Məmmədov isə bildirib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə bir çox vacib məqamlara toxunub: "O qeyd etdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Necə ki, bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan torpaqlara geri dönüblər. Heç şübhəsiz ki, onları oraya getməyə vadar edən torpaq həsrəti və Vətən sevgisidir.
Prezident İlham Əliyev 11 il öncə öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olarkən demişdi: "Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, mən sizin diyarınıza qonaq gələcəyəm". Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində o gün gəldi, insanlarımız öz doğma yurdlarına qayıtdılar. Ona görə Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda bu günü xatırlayacağıq. Tarixdən hər kəsə məlum olduğu kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsi Azərbaycandan qoparılaraq Ermənistana verilib. Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1920-ci illərdə sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız olan Qərbi Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşayıb və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri Azərbaycan xalqına məxsus idi".
C.Məmmədov əlavə edib ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə köçürülməyə məruz qalıblar: "Vaxt gələcək onların hüquqları bərpa ediləcək və onlar öz doğma torpaqlarına qayıdacaqlar. Əsas məsələ ondadır ki, biz inamımızı itirmirik. Biz Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasət nəticəsində buna nail olacağımıza əminik".
çap et