Atalar gözəl deyib, "qonşu paxıl olmasa, bağ çəpəri neylər?" Təəssüf ki, yerləşdiyi coğrafi mövqedəki hiyləgər, imperialist, istilaçı düşüncəli qonşularının olması Azərbaycanı kənar təhdidlərdən qorunmaq üçün daim tətikdə olmağa sövq edib. İstər 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə, istərsə də Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra cənub qonşumuz İranın ortaya qoyduğu mövqe, terror ölkəsinə verdiyi açıq dəstək, həmçinin, din pərdəsi altında Vətənimizə doğru əsən "cənub küləyi" vəhdətimizi pozmadan ayıq-sayıq olmağımızın indi həmişəkindən daha vacib olduğunu göstərir.
İranın ölkəmizə təzyiq vasitələri zaman-zaman dəyişsə də, ümumilikdə mahiyyət dəyişməyib:
* Azərbaycanın dünyəvi dövlət quruluşunun dəyişdirilməsinə çalışıb, bu məqsədlə ölkəmizdə və onun hüdudlarından kənarda təxribatçı agentura şəbəkəsi qurub;
* Azərbaycanda dini etiqad azadlığının pozulduğunu iddia edib;
* məzhəb ayrı-seçkiliyi salmağa çalışıb;
* Vətən müharibəsi günlərində və ondan sonra işğaldan azad edilmiş ərazilərə terrorçu qrupların gətirildiyini iddia edib və s.
Əlbəttə, ittiham etmək asan məsələdir, ancaq ittiham edənin kimliyi hər zaman önəmlidir. Elə bu məqsədlə də bu yazıda məhz yuxarıda sadaladığımız təhdid vasitələrini güzgüyə çevirib İranın o güzgüdəki əsl görüntüsünü göstərməyə çalışacağıq. Ki, bəlkə öz ayıbına kor olmağı öyrənə...
Terrora dəstək verən kimdir?
Azərbaycan Respublikası heç vaxt İran üçün təhlükə törətməyib və törətmir. Dəfələrlə ən yüksək siyasi səviyyədə bildirilib ki, Azərbaycanın hər hansı dövlətlə diplomatik münasibətləri qətiyyən İrana və ya üçüncü bir dövlətə qarşı yönəlməyib. Buna baxmayaraq, cənub qonşumuzun istər dini, istərsə də hökumət cameəsi İsraillə əlaqələrinə görə ölkəmizə qarşı dəfələrlə yersiz ittihamlar yağdırmaqla seçdiyi tərəfi açıq şəkildə ortaya qoydu. Əcəba İkinci Qarabağ savaşı günlərində və ondan sonra Azərbaycanı bölgəyə terrorçuları gətirməkdə günahlandıran bu ölkə öz adının 1984-cü ildən beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edildiyini unudubmu? Bəlkə ABŞ Dövlət Departamenti tərəfindən 2019-cu ildə tərtib edilən "Terrorla bağlı Ölkələr Hesabatı"nda (Country Reports on Terrorism) bütöv bir fəslin ona həsr olunmasının unudulduğunu zənn edir?
BMT-nin ekspertlər qrupunun 2018-ci ildə dərc etdikləri hesabatda göstərilir ki, İran hakimiyyəti ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarına dəstək verməklə yanaşı, həm də terrorçulara öz ərazisində sığınacaq verib. "Əl-Qaidə" liderlərinin, agentlərinin bu ölkədə qalmasına, onların maliyyə əməliyyatlarına icazə verilib, üzvlərinin Cənubi Asiya və Suriyaya keçmələrinə şərait yaradılıb.
ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, "Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi" adlı 48 səhifəlik hesabatda İranın hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərclədiyi faktlarla təsbit edilib. Diqqət etsək, istər Suriya, istər Yəmən, istərsə də İraq bu gün dünyanın ən böyük qan çanağına çevrilmiş ölkələridir. Təsadüfi deyil ki, indiyə qədər 6 ölkə - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn və Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və onun uzantılarını terror qruplaşması kimi tanıyıb.
Hələ onu da unutmayaq ki, bu gün İran Rusiya-Ukrayna müharibəsində Rusiyanı silah-sursatla, xüsusilə də, özünün istehsal etdiyi kamikadze-dronlar və digər uçuş aparatları ilə təmin etməklə müharibənin daha da uzanmasının əsas səbəbkarlardandır. Bir sıra dünya ölkələrinin müharibənin qısa müddətdə bitməsi üçün səylərini birləşdirdiyi bir məqamda İran minlərlə kilometr məsafədəki münaqişə ocaqlarına burun soxursa, onun bölgəmizdə sabitliyin, sülhün olmasını istəməsinə kim inanar ki?!
Və bütün bu sadalananlar bir yana, ağız dolusu müsəlman həmrəyliyindən dəm vuran, hər addımında ümmətin rihafı üçün çalışdığını çığıran şovinist rejimin bir müsəlman ölkəsinə - Azərbaycana terrorçu-casus qrupları göndərməsinə nə ad vermək olar? Bu ilin noyabrında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar əməliyyatı nəticəsində ələ keçirilən "sapı özümüzdən olan baltalar"a ölkəmizdəki hərbi hissələr, onları yerləşdiyi ərazi, şəxsi heyəti, dənizdəki hərbi təlimlər barədə məlumatlar əldə etmək tapşırığının verilməsi İranın ölkəmizə qarşı daim düşmən mövqedə olduğuna əsaslı dəlillərdəndir! Bunun adı "mömin qiyafəli, terror mahiyyətli olmaq" deyilsə, bəs nədir?
...Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!
44 günlük müharibəyə qədər öz siyasətini "qardaşlıq", "dostluq" kimi qulağa xoş gələn və səmimiyyətdən xeyli uzaq olan sözlərlə ört-basdır edən İran elə müharibənin ilk günlərindən ritorikasını tamamilə dəyişərək açıq düşmənçilik mövqeyinə keçdi. Gah Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahat olduğunu bildirdi, gah da öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına imkan yaratdı. Eyni hal son günlər yenə də baş verməkdədir. Bir qrup İran vətəndaşının rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz daxil olduqları faktlarla sübuta yetirilsə də, rəsmi İran "üç meymun"u oynamaqdadır. Bu isə həmin şəxslərin agent-provokatorlar olduqlarına, Xankəndidəki separatçıları yanacaqla, silah-sursatla təmin etdiklərinə, onlara hərbi təlimlər keçdiklərinə dair əsaslı şübhələr yaradır.
Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərində Xudafərin körpüsünü dostluq körpüsü adlandırması rəsmi Tehran üçün açıq mesaj idi, ancaq qarşı tərəf Ali Baş Komandanın bu jestini anlamadı, yaxud anlamaq istəmədi. Əvəzində, Azərbaycan dövlətinin təşəbbüskarı olduğu, bölgənin iqtisadi-siyasi səhnəsinə "yeni qan" ola biləcək, canlanma gətirəcək Zəngəzur dəhlizinin reallaşmaması üçün Ermənistandan daha çox canfəşanlıq göstərməkdədir. Əvəzində, ali dini rəhbərindən tutmuş, xarici işlər nazirinə, digər dövlət rəsmilərinə qədər hər birinin dilindən "Ermənistanla sərhəd bizim üçün qırmızı xətdir" ifadəsini eşitdik. Qafanda tövləyəbənzər binada çaparaq konsulluğun açıldığını gördük, açılış mərasimində İran xarici işlər nazirinin dilindən "Biz Ermənistanın təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab edirik" cümləsini eşitdik.
Təbii ki, Azərbaycan İranın atdığı bu cür xəyanətkar addımlar qarşısında susmur və susmayacağını da açıq şəkildə göstərir. Bu mənada Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bu məsələlərlə bağlı səsləndirdiyi fikirlər İranın rəsmiləri üçün əsl master-klass sayılmalıdır: "İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən, çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır".
Erməniyə hər şey, türkə yalnız zülm?
İranda yaşayan müxtəlif xalqların nümayəndələrinin hüquqlarının tapdanması heç kimə sirr deyil. Xüsusilə də, əhalisinin təxminən yarısını təşkil edən azərbaycanlılara qarşı tətbiq olunan hədsiz diskriminasiya bu gün milyonlarla soydaşımızı milli-mədəni soyundan uzaqlaşdırmağa xidmət etməkdədir. Məgər bu ölkədə azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərmirmi? Azərbaycanlıları bütün hüquqlarından məhrum edən, ana dilində təhsil almaq kimi ən təməl hüququnu əlindən alan şovinist rejim soydaşlarımızın hər hansı formada təşkilatlanmasını özünə qarşı təhdid bilərək kəskin şəkildə önləyir, öz hüquqlarının müdafiəsinə qalxanlara qarşı dərhal ən ağır repressiyalara, işgəncələrə, edamlara əl atır. Əvəzində isə ermənilərə öz dillərində təhsil almaları üçün hər cür şərait yaradır, hətta ermənicə medianın fəaliyyətinə də geniş imkanlar açır. Amma unudur ki, hətta Ermənistanla birləşsə də, əleyhimizə apardığı çirkin siyasət bumeranq effekti ilə qayıdıb özünə dəyəcək.
Tolerantlıq adası alınmaz qalaya çevrilib
İranın ölkəmizə qarşı zaman-zaman istifadə etdiyi silahlardan biri də din amilidir. "Cənub küləyi" vaxtaşırı ölkəmizin konstitusion quruluşunu - 10 milyonluq Azərbaycan xalqının özünün hürr iradəsi ilə seçdiyi dünyəvi dövlət quruluşunu dağıtmağa çalışır. Halbuki dinin siyasətə daxil olduğu, daha doğrusu, dinin siyasi alətə çevrildiyi ölkələrin aqibətindən dərs çıxarmalı olan İran artıq öz idarəetmə formasını dəyişdirməyin vaxtının çoxdan çatdığını anlamalıdır. Din adı altında həm öz xalqına zülm edən, işğala məruz qalanın deyil, işğalçının, Qarabağdakı məscidlərdə donuz saxlayanların, 65-dən çox müsəlman ibadət evini yerlə-yeksan edənlərin yanında olanların Azərbaycanı dini məsələlərə görə ittiham etməsi, yumşaq desək, siyasi həyasızlığın pik həddidir.
Məgər İran anlamırmı ki, indi Azərbaycan ötən əsrin 90-cı illərindəki yardıma ehtiyac duyan (ki, yardıma ehtiyac duyduğu vaxtlarda da İrandan nə qədər zərbələr aldığımızı, "əba altından göstərilən zopa"nı da unutmadıq) ölkə deyil, bu gün o, özü yardıma ehtiyac duyanlara yardım göndərir (özü də təmənnasız!), bölgədə söz sahibidir, regionda həyata keçirilməsi planlaşdırılan istənilən layihə hamıdan əvvəl onunla razılaşdırılır. Məgər İran rejimi bu illər ərzində dəfələrlə göstərdiyi cəhdlərə rəğmən, Azərbaycan cəmiyyətində dini-məzhəbi, yaxud etnik zəmində təfriqə sala bilmədiyini, Azərbaycan dövlətinin heç vaxt hər hansı dinin, yaxud məzhəbin təəssübünü çəkməyəcəyini, dinlər və məzhəblər üstü siyasət yürütməkdə qərarlı olduğunu biləcəyini anlamırmı? Şübhəsiz, anlayır və ya anlamağa məcburdur. Əks halda, öz hərəkətləri ilə beynəlxalq təşkilatlar və qonşu dövlətlərlə münasibəti korlanan İran rejimi ona qarşı daim səmimi olan Azərbaycanı deyil, "izqoy" Ermənistanı seçməyin acısını bundan sonra daha pis yaşayacaq. Çünki Azərbaycan xalqı heç nəyi unutmur, o, sadəcə müdriklik edir və hər addımı zamanında atır!..
Saleh ARSLAN
çap et