525.Az

Co Baydenin müharibəsi - Xaqani Cəfərli yazır


 

Co Baydenin müharibəsi - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Sovet İttifaqının Əfqanıstandakı məğlubiyyətinin səbəblərindən biri kimi texaslı konqresmen Çarlz Vilsonun əfqan mücahidlərinə silahların verilməsilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin ən böyük gizli əməliyyatının maliyyələşdirilməsini təşkil etməsi göstərilir. Məhz konqresmen Çarlz Vilsonun təşəbbüsü ilə ABŞ hökuməti "Siklon əməliyyatı" (Operation Cyclone) adı verilən əməliyyatı maliyyələşdirməyə razı olub. Konqresmen Çarlz Vilson "Siklon əməliyyatı"nın maliyyələdirilməsindəki rolunu bu ifadələrlə izah etmişdi: "Sovetlərin kiçik və müdafiəsiz bir ölkəyə hücumu məni qəzəbləndirdi. Pakistandakı səhra hospitallarına baş çəkdim və gördüklərim mənim sovetlərə zərər vermək istəyimi daha da gücləndirdi". Məşhur rejissor Mayk Nikolsunun "Siklon əməliyyatı"ndan bəhs edən filminin "Çarlz Vilsonun müharibəsi" adlandırılması da məhz texaslı konqresmenin bu prosesdəki rolunun yüksək olması ilə bağlıdır.

Ukraynanın Rusiya işğalına qarşı müqavimətini də tərəddüdsüz "Co Baydenin müharibəsi" adlandırmaq olar. Co Baydenin prezidentliyinin 22 ayı ərzində ABŞ Ukraynaya ümumilikdə 21,9 milyard dollarlıq hərbi yardım verib. Bundan başqa, Co Bayden administrasiyası Ukrayna hökumətinə dəstək məqsədilə iqtisadi və humanitar məqsədlər üçün 14,5 milyard, nüvə təhlükəsizliyi üçün 626 milyon, ABŞ-da yaşayan ukraynalılara səhiyyə dəstəyi üçün 900 milyon dollar xərcləyib. Bu 37,926 milyard dolların 37,7 milyard dolları bu il ərzində edilən yardımlardır. İlin başlanğıcında Co Baydenin istəyilə Konqress Ukraynaya dəstək göstərmək üçün 40 milyard dollar ayırmışdı. Çox böyük ehtimalla ehtiyatda qalan 2,3 milyard dolar ilin sonuna kimi Ukraynaya veriləcək. Çünki gələn il Ukraynaya yardım göstərmək üçün Co Bayden administrasiyasının sərəncamında 45 milyard dollar var. 2023-cü ildə hökumətin fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 1,7 trilyon dollarlıq büdcəyə Ukraynaya və ABŞ-ın NATO-dakı müttəfiqlərinə yardım üçün nəzərdə tutulmuş 44,9 milyard dollar da daxildir. Bundan başqa, ABŞ-ın 2023-cü il üçün təsdiq olunmuş 858 milyard dollarlıq hərbi büdcəsində 800 milyon dolların Ukraynaya ayrılması nəzərdə tutulur. Qeyd edək ki, gələn ilin hərbi büdcəsi 2022-ci ilin hərbi büdcəsindən təxminən 80 milyard çoxdur. Bu məbləğin 6 milyard dolları isə Rusiyanın təcavüzünün cilovlanmasına və təsirinin azaldılmasına sərf olunacaq.

Ukraynaya və ABŞ-ın NATO-dakı müttəfiqlərinə yardım üçün nəzərdə tutulmuş 44,9 milyard dolların daxil olduğu 1,7 trilyon dollarlıq büdcənin qəbulu Konqresdə asan olmayıb. Konqresdə azalıqda olan respublikaçılar büdcənin qəbulunun qarşısını almağa çalışırdılar. Bu məsələdə keçmiş prezident Donald Trampın tərəfdarlarının yer aldığı MAGA (Make America Great Again) adlandırılan fraksiya daha sərt mövqe tutmuşdu. Corcia ştatından olan Konqresmen Marjorie Taylor Greenin öncülük etdiyi bu qrup Ukraynaya göndərilən hərbi yardımın dayandırılmasını, bu günə kimi göndərilən yardımın isə auiditinin keçirilməsini tələb edirdilər. Lakin prezident Co Bayden Konqressin hər iki palatasında partiyadaşlarının üstünlüyündən istifadə edərək qanun layihəsinin qəbuluna nail ola bildi. Nümayəndələr Palatasında bir sıra respublikaçıların, o cümlədən, onların lideri Kevin Makkartinin bütün cəhdləri, o cümlədən, qanun layihəsinin qəbulun yanvar ayına kimi təxrə salmaq cəhdləri nəticə vermədi. Əgər qanun layihəsi dekabr ayında qəbul olunmasaydı, gələn ay qəbul olunması sual altına düşəcəkdi. Çünki gələn aydan Nümayəndələr Palatasında respublikaçılar çoxluq təşkil edəcəklər. Respublikaçıların lideri Kevin Makkartinin Nümayəndələr Palatasının sədri seçiləcəyi gözlənilir. Hələlik isə Co Bayden administrasiyası bütün istəklərinə nal olub. Rusiya və Çinlə rəqabətdə üstünlüyü saxlamaq üçün yeni nəsil B-21 strateji bombardmançı təyyarələrin istehsalı ilə bağlı proqramının tam maliyyələşdirilməsinə, orduya daha 36 ədəd F-35 qırıcısının alınmasına və yeni gəmilərin inşası üçün 32 milyard dollar ayrılmasına nail olunub.

Eksperlər Co Baydenin bu təşəbbüsünü "yeni sürətlə silahlanma" siyasəti hesab edirlər. Birinci sürətlə silahlanmanın Sovet İttifaqının iflas etməsinə səbəb olduğunu nəzərə alanda, "yeni sürətlə silahlanma"nın Rusiya üçün fəlakət olacağı şübhəsizdir.

Prezident Co Baydenin Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfrasnında söylədiyi fikirlər isə Ağ ev sahibinin mövqeyinin sarsılmaz olduğunu göstərir. Prezident Co Bayden bəyan edib ki, Amerika xalqı azadlığı şərdən müdafiə etməyə hazırdır. "Mən ukraynalıların bilməsini istəyirəm ki, amerikalılar hər addımda sizinlə olacaq. Biz birlikdə demokratiya atəşini davam etdirəcəyik. Bu işıq qaranlığa qalib gələcək. Cənab Zelenskiyə təşəkkür edirəm. Biz sizinləyik".

Co Bayden bir müddət öncə İsrailin Baş naziri ilə danışıqların yekunlarına dair mətbuat konfransında isə demişdi ki, ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək və Rusiyanın strateji uğursuzluğunu gözləyəcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin on ayının geridə qalmasına baxmayaraq, savaşın tərəflərdən birinin tamamilə tükənəcəyinə qədər davam edəcəyi gözlənilir. Kiyev, Xarkov və Herson uğrunda mübarizədə qalib gələn, hər ötən gün daha da güclənən Ukrayna ordusu işğal altındakı bütün torpaqlarını azad etməkdə qərarlıdır. Müharibənin ilk ayında ələ keçirdiyi torpaqların artıq yarısını itirən Rusiya isə müdafiə istehkamları quraraq Ukrayna ordusunun əks-hücumunun qarşını almağa hazırlaşır.

Rusiya rəhbərliyi yeni hərbi səfərbərlik həyata keçirmək və ordunun şəxsi heyətinin sayını 1,5 milyon nəfərə çatdırmaq istəyir. Avropanın enerji bazarlarından kənarlaşdırılan və beləliklə də, büdcə gəlirləri sürətlə azalan Rusiyanın çox böyük vəsaitin sərf olunduğu müharibəni nə qədər davam etdirə biləcəyi məlum deyil. Ancaq bu zamanın illər deyil, aylar olduğunu tam əminliklə söyləmək olar. Çox böyük ehtimalla, Rusiya daha 7-8 ay müharibəni davam etdirəcək və ondan sonra Co Baydenin gözlədiyi kimi strateji uğursuzluğa düçar olacaq.

 

 





28.12.2022    çap et  çap et