525.Az

Araz Elsəs: "Gələcək nəsillərə Azərbaycanı bütöv verməliyik"


 

Araz Elsəs: "Gələcək nəsillərə Azərbaycanı bütöv verməliyik"<b style="color:red"></b>

Müsahibimiz vətənpərvər mahnıları ilə tanınmış sənətçi, əslən Güney azərbaycanlı, hazırda İsveçdə yaşayan Araz Elsəsdir.

 

- Araz bəy, Azərbaycana, yəni öz  Vətəninizə budəfəki gəlişinizdə ən çox nəyin dəyşdiyini gördünüz?

- Çox şey dəyişib. Amma ən önəmlisi odur ki, Azərbaycanın duruşu dəyişib. Çox möhtəşəm bir Azərbaycan var. İnsanlarda bambaşqa bir əhval-ruhiyyə var. Azərbaycan dikəlib, başını dik tutur. Dünyaya göstərir ki, Azərbaycan öz yüksəlişi ilə ən önəmli bir mövqeyə yiyələnib. Qarabağdakı Zəfər bizi yenidən dirçəltdi, yenidən ayağa qaldırdı - xalq olaraq, dövlət olaraq. İnanıram ki, Azərbaycanın bu dik duruşu, yüksəlişi Azərbaycanın Güneyinə də təsir etməkdədir, oradakı insanlarımız da dirçələcək, ayaqlanacaq və çox yaxın gələcəkdə öz milli haqlarına çatacaqlar. Güneydən-Quzeyə, Quzeydən-Güneyə insanlar bir yerə toplaşacaqlar, çox yaxın zamanda bütövlüyümüz gerçəkləşəcək, Azərbaycan bütövləşəcək. Hadisələr o məcraya aparır.

- Arazın o tayında baş verənlərə münasibətiniz.

- Tarixə baxanda görürük, indiyə qədər bizim üçün bu qədər əlverişli məqam olmayıb. Qacarlardan sonra yüz ildə bizim əlimizə düşən bu fürsət, məncə, qaçılmazdır. Hər kəs yaxşı görür ki, İran hakimiyyəti çökəcək. Bu çöküşən sonra bizim yüksəlişimiz baş verəcək. Bu çöküşdən sonra bizim nə istəyəcəyimiz, istəklərimizi hansı formada, hansı şəkildə ortaya qoyacağımız da çox önəmlidir. Məncə, bizim millətimiz qalxıb yüzə-yüz, heç bir kompromisə getməməlidir. Yüz il içində hər şeyi yoxlamışıq - məşhuriyyəti, muxtariyyatı, Pişəvəri dövrünü - bunlar hamısı yoxlanmışdır, sınanmışdır. Bunları təkrar sınamağa haqqımız yoxdur. Yenidən səhv etməyə haqqımız yoxdur. Edəriksə, istəklərimiz daha 50 il ertələnəcək. Xalqımız daha ayılıbdır, oyanıbdır, buna imkan verməyəcək, doğru olanı seçəcək.

- "Doğru olanı" deyəndə nəyi nəzərdə tutursunuz?

- Doğru Güneydə yeni bir dövlətin qurulması deyil. Bizim dövlətimiz var. Bizim yenidən bir şey qurmağa ehtiyacımız yoxdur. Yetər ki, İran müstəbidliyindən qurtulaq. Qurtuluşumuz gerçəkləşdikdən sonra bütövləşirik, dövlətimizlə, millətimizlə qucaqlaşırıq. Bizim heç nəyə ehtiyacımız yoxdur -  üçrəngli bayrağımız var, ordumuz var, güclü iqtisadiyyatımız var, mədəniyyətimiz var, işlək dövlət orqanlarımız var. Bir sözlə, güclü bir dövlətimiz var. Nə yaxşı, bizim dövlət öz varlığını xaricdə yaşayan  bizlərə getdikcə daha çox hiss etdirir. Bunu dövlət başçımızın dediklərindən duyuruq və duyduqca ürəyimiz dağa dönür. Artıq dövlətimiz bizə sahib çıxır. Biz doğrudan qovuşacağıq - millətimizlə, dövlətimizlə və qürurla yaşayacağıq.

- Bütün bunlar baş verdikdən sonra Azərbaycanı necə təsəvvür edirsiniz?

- Azərbaycan bütövləşəcək, böyüyəcək. Azərbaycan daha çox parlayacaq. Paytaxt hara olacaq. Fərqi yoxdur hara olur-olsun, buna millət özü qərar verəcək. Bu, önəmli deyil. İşin mahiyyəti önəmlidir. Bu millət birləşsin, bütövlüyümüz gerçəkləşsin. İndi bunun üçün qaçılmaz fürsət yaranıb. İnanıram ki, o taylı, bu taylı soydaşlarımız bu fürsəti düzgün dəyərləndirəcək  və bundan faydalanacaqlar. Bu yükü biz çəkəcəyik. Ağrısını da acısını da...

- Yəni cəfasını da, səfasını da...

- Mən hazıram bütün cəfasını çəkim, təki  səfasını gələcək nəsillər görsün. Onlar bizim çəkdiklərimizi çəkməsinlər. Artıq dünyada bir çox ayrılmış millətlər birləşdi. Bizim də birləşməyimizin vaxtı çatıb və bundan sonra bizim uşaqlarımız ayrılıq deyilən bir şey düşünməsinlər. Azərbaycanı onlara bütöv şəkildə verək ki, dünyaya başlarını dik qaldırıb baxsınlar. İnanıram ki, o günlər gələcək.

- Hamının dillər əzbəri olan Almas İldırımın sözlərinə yazılmış bir mahnınız var - "Azərbaycan mənim bəxtsiz anam oy..."

- Bildim nəyi soruşacaqsınız. Yox, o, daha dəyişdi. İnanıram, Almasın ruhu da bunu hiss edir. Almas Türkiyə torpağında uyuyur. Amma ruhu buradadı - Azərbaycanın səmasında gəzir, Şuşanın səmasında gəzir. Onun ruhu indi Arazın üstündə, Təbriz səmasında dolaşır. Almas o taya bizdən qabaq gedib-gəlir.

Azərbaycan daha o bəxtsiz Azərbaycan deyil. Azərbaycan güclü bir dövlətdir, öz tarixi zəfəri ilə parlayan bir ulduzdur. Bu günü bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə "eşq olsun!" - deyirəm. Azərbaycanın bəxtinin ən parlaq günləri hələ qabaqdadır. Ən böyük zəfərimiz Azərbaycanın bütövləşməsi olacaq.

- 44 günlük müharibə dönəmində Arazın o tayındakı soydaşlarımızın sevincini sosial şəbəkələrdə görən Araz bəy uzaq İsveçdə nə hisslər keçirirdi?

- Anlada bilməyəcəyim hisslər. Soydaşlarımızla hər gün bir yerə toplaşırdıq. Prezidentimiz işğaldan azad olunmuş kənd və şəhərlərimizin adlarını sadaladıqca və güneydən gələn videoları təkrar-təkrar izlədikcə gözlərimiz sevinc  yaşları dolurdu. Şuşa bizim üçün çox önəmli idi. Ondan bir az öncə Xudafərində Azərbaycan bayrağı dalğalandı. Bu, inanılmaz bir hadisə idi. Xudafərinin quzeyində dalğalanan bayrağımız yurddaşlarımızın böyük hissəsinin yaşadığı  Güneydə çox böyük bir coşqu yaratmışdı, qürur yaratmışdı - çığıran kim, oxuyan kim, saz çalan kim - Arazın sahilində. Bunları görmək nə qədər xoş idi. Biz, bu coşqunun daha böyüyünü yaşayacağıq.

Faiq SADIQOV

 

 





28.12.2022    çap et  çap et