525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Florensiya hersoqu Alessandro

 

Alessandro hökumətə başçılıq etməyə başlayanda imperator V Karldan Florensiya Hersoqu titulunu aldı, həm də onun qızı ilə evləndi. O, əsl tirana çevrildi, buna görə də sui-qəsdin qurbanı oldu.

V Karl təklif edirdi ki, Florensiya respublika olaraq qalsın və bu, Alessandroya öz şəhərinə nəzarət etmək qarantiyası verirdi. Florensiya üçün respublika quruluşu şərəfli idi, lakin zaman artıq dəyişmişdi.

1532-ci ildə VII Klement yeni konstitusiya vasitəsilə Alessandroya qarantiya verdi. Şuralardan ibarət "Ali magistratura" yaradıldı və əhəmiyyətli bir cəhət o idi ki, Alessandro daim onun lideri olacaqdı.

Magistratura ilə yanaşı, iki Şura - 48-lər Şurası, o, xarici siyasət üçün məsuliyyət daşıyırdı və 200-lər Şurası, onun vəzifələri ikinci dərəcəli əhəmiyyətə malik olmaqla, ədalətsizlik barədə fərdi şikayətlərə və vergi məsələlərinə baxırdı. Bu şuralar formal olaraq başlıca magistratların əsas komponentlərini mərkəzləşdirirdi. Belə bir qayda tezliklə həyata keçirildi ki, Alessandro real olaraq özünə "Florensiya Respublikasının hersoqu" titulunu verməyə qadir olsun.

Alessandro Mediçilərin bu formatda ilk hersoqu idi, 20 yaşı olanda o, həmin rola sahib olmuşdu. Onun anası Simonetta Romadakı Mediçi evinin qulluqçusu idi, doğma atası isə VII Klement idi. Alessandro həyasız və çox hiyləgər adam idi. Onun heç vaxt nəcib bir adam hesab etməmişdilər. Onun barəsində yazırdılar ki, cavanlığında səfeh adam olmuşdu. Terrora əl atdığına görə heç kəs onu narazı salmağa cəsarət etmirdi və ya onun səhvini düzəltmirdi, çünki qorxurdular ki, birbaşa və ya dolayı yolla ondan qisas alacaqdır.

V Karl Alessandronun xarakterinə görə, ondan qorunmaq əvəzinə, qızını ona ərə vermişdi. Toy 1536-cı ilin iyununda oldu, bundan iki il əvvəl V Karl Mediçi sarayında Alessandronun qonağı olmuşdu. 1537-ci ilin yanvarında, toydan 6 ay sonra Alessandro öldü. Onun əxlaqsız davranışındakı gənc sirdaşı olan Lorentsino özü onu öldürmüşdü. Axırıncı Böyük Lorentsonun törəməsi olmaqla ailənin gənc qoluna məxsus idi. Papanın Alessandroya etibar etdiyi yolla o, qanuni varis olmalı idi.

Alessandronun ölümü barədə iki versiya vardır. Birinciyə müvafiq olaraq, Lorentsino vəd etdiyi kimi öz olduqca gözəl bacısı, dul gəlin olan Laudomaya Alessandro sarayda özünü təqdim etməli idi və evin ayrıca guşəsində tutduğu qatil onu öldürməli idi. İkinci versiya isə ondan ibarət idi ki, Alessandro Katerina adlı gənc qızla maraqlanmışdı və Lorentsino Alessandronu tələyə salmaq üçün ona vəd etmişdi ki, həmin qadınla o, görüşə biləcəkdir. Lakin əvəzində onu öldürdü, qətlə bir muzdlu qatil də köməklik göstərmişdi. Bu hadisə 1537-ci ildə baş vermişdi.

Lorentsinonun özü də pis sonluğa gəlib çıxdı. Kozimo vaxtı ötürmədən Florensiya hökumətinin başında Alessandronun yerini tutdu və qorxurdu ki, onun düşmənləri Lorentsinonu qanuni ailə varisini bu vəzifəyə təklif edəcəklər.

O, rəqibinin arxasınca Fransaya gəldi, Lorentsino bu ölkəyə qaçmışdı, sonra Türkiyədə olmuş və nəhayət, Venetsiyaya getmişdi. Orada anası ilə birlikdə sığınacaq tapmışdı. Kozimonun tutduğu iki qatil Venetsiyada onu 1548-ci ildə qarışıq bir küçədə öldürdülər.

Alessandro heç bir mühüm rəssamlıq əsəri sifariş vermədi ki, ailənin qiymətli kolleksiyasını əhəmiyyətli dərəcədə zənginləşdirsin. Yalnız özünün iki portretini görkəmli rəssamlara sifariş vermişdi. Həmin dövrün ən məşhur portret ustası olan Titsian onun düşməni İppolitonun portretini işləmişdi və onu göz oxşayan cavan oğlan kimi, Möhtəşəm Lorentsonun əsl nəvəsi tək təsvir etmişdi.

 

Böyük hersoq Kozimo

 

Bu Kozimo ilə respublika rejiminin bütün izləri qeybə çəkilmişdi. Florensiya yalnız regional bir dövlətin və rəssamlığın paytaxtı oldu.

Alessandro qətlə yetiriləndə, bu xəbər, anasına görə, həmçinin, Mediçi sayılan İnnosentsa Sibodan gizli saxlanıldı. Onun anası Madlena papa X Leonun bacısı idi. V Karlın nümayəndəsi qərara aldı ki, o vaxtlar 18 yaşı olan Kozimonun hökmdar olmağa adını çəksin.

Kardinal dörd mühüm senatoru inandırdı ki, onun seçimini qəbul etsinlər. Onlar kardinala asanlıqla inandılar, çünki düşünürdülər ki, Kozimodan asanlıqla istifadə etmək mümkün olacaqdır. Düşüncəsiz və məsuliyyətsiz olduğundan çətinlik çəkmədən bu adama nəzarət etməyi bacaracaqlar. Lakin onlar tezliklə yəqin etdilər ki, bu elə də düşündükləri kimi olmayacaqdır.

I Kozimo öz cavanlıq dostlarına da heç bir mərhəmət göstərmirdi, onlara işgəncə verdirir, sonra da qrup şəklində edam etdirirdi. Bu hadisələr baş verəndə Kozimonun 18 yaşı var idi və o, artıq kifayət qədər yetişmişdi ki, özünün imperatora tabe olmamasını elan etməsini yaxşı bir iş kimi qiymətləndirsin. Alessandronun dul gəlini, imperatorun qızı olan Marqaritanın əlini uğursuz qaydada xahiş etsə də, ümidini itirməmişdi və daha çox Neapol vitse-kralı Toledolu Peterə tərəf döndü və onun qızı Eleanor ilə evlənməyə razılıq aldı. Toy 1539-cu ildə baş tutduğu vaxt Eleanorun 16 yaşı var idi, həm də çox varlı idi. Gözəl olmasa da, müəyyən lətafətlərə malik idi.

Evləndikdən sonra Kozimo Sinyoriya sarayına köçdü, orada onu 200 İsveçrə və alman mühafizəçiləri qoruyurdu.

Kozimo özünün praqmatik təbiəti hesabına hersoqluğun inkişafında qeyri-adi ağıl nümayiş etdirirdi. Onun xarici siyasəti isə özünün ilk illəri ərzində vassallıq formasında idi. Bu, ona imkan verdi ki, ispan qüvvəsindən İtaliyada öz sərhədlərinin genişləndirilməsindən ötrü istifadə etsin. O, 1555-ci ildə Sienanı işğal etmişdi, təslim aktını Fransa marşalı da imzalamışdı.

Kozimo hərbi donanma qurdu, Santo Stefano hərbi ordenini yaratdı və ərazinin resurslarına maraq göstərdi. Gümüş mədənlərini və Karrara mərmər karxanasının yatağını işlətdi. Bu uğurlarına görə 1569-cu ildə papa V Piy Kozimoya Toskananın Böyük Hersoqu titulunu verdi.

Ancaq Kozimo sonralar respublika həyatında yoruldu və 1564-cü ildə öz varisi Françeskonu regent adlandırıb, istirahətə yollandı. Kozimo 1562-ci ildə faciəli səyahətində böyük itkilərdən - arvadının və iki uşağının ölümündən əzab çəkməli olmuşdu. Arvadı Eleanor bəd xassəli isitmədən ölmüş, uşaqlarını da həmin xəstəliyə yoluxdurmuşdu, onlar da eyni xəstəlikdən ölmüşdülər. Bu qadın  Mediçilərin həyatının maddi cəhətdən yaxşılaşmasına əhəmiyyətli dərəcədə köməklik göstərmişdi. O, öz böyük var-dövlətini ərinin sərəncamına vermiş, onun atası isə papaya təzyiq göstərmişdi ki, Kozimonun muxtar və sərbəst hərəkət etməsinə imkan versin. Bu qadın düzgün, sədaqətli və fərasətli idi, əri bütün ömrü boyu ona qulaq asmışdı. 20 il ərdə olduqdan sonra 40 yaşında öləndə, Kozimonu tək qoyanda, Hersoq bunu dünyanın qalan hissəsindən uzaqlaşmaq kimi qiymətləndirmişdi.

Kozimo iki il sonra istefa verdi, öz arvadının və övladlarının matəmindən sonra o, ailəsinin Roma ilə əlaqəsini inkişaf etdirmək üçün papa IV Piydən xahiş etdi ki, onun oğlu Ferdinandonu kardinal adlandırsın. IV Piy razılaşdı, baxmayaraq ki, bu vaxt uşağın cəmi 14 yaşı var idi.

O, özü şəxsən botanika elmi ilə maraqlanırdı və Pizada Boboli bağlarını salmışdı və dünyada bu növdən olanların arasında ən mühüm bağ hesab olunurdu. O, Möhtəşəm Lorentsonun yığmağa başladığı, sikkə pulların və medalların kolleksiyasını böyütdü. Öz səfirlərinə tapşırmışdı ki, digər ölkələrdən mümkün olduqca qədim yunan kitablarını və heykəllərini alsınlar. Sənətkarlıqla iqtisadiyyat dövlətin inkişafı naminə birləşdirilmişdi və onların növləri çoxaldılmışdı.

O, Sinyoriya sarayını hökmdar iqamətgahına çevirmək kimi çox diqqət tələb edən və prestijli işi Vazariyə etibar etmişdi. Vazari 1565-ci ildə Uffitsi qalereyası binasını tikintisinə başlanmışdı, həm də Vekkio sarayını Pitti sarayı ilə birləşdirən dəhliz tikmişdi.

Digər təşəbbüslərindən biri, 1541-ci ildə Florensiya Akademiyasını yaratması idi. Kozimo, həmçinin, qobelen manufakturası yaratmışdı, bu obyekt Avropanın mərkəzində ən yaxşı qobelen, şpaler istehsalçısına çevrildi.

1518-ci ildən başlayaraq 6 il ərzində layihəsini Mikelancelonun verdiyi Lavrenti kitabxanasını tikdirdi, bina ictimaiyyət üçün 1554-cü ildə açıldı. 1563-cü ildə Avropada ilk Rəngkarlıq Akademiyası olan Rəssamlıq və Rəsm Akademiyasını qurdu. 70 nəfər rəssamdan, heykəltaraşdan və arxitektordan ibarət olan bir qrupu altı nəfər konsul idarə edirdi, Vazari də onun üzvü idi, heykəltaraşların arasında Battista del Tasso da var idi.

1566-cı ildə o, Alterati ("Dəyişikliklər") Akademiyasını yaratdı, təpələrdə San Martin istehkamını tikdirdi. Mikelancelonun layihəsini verdiyi top San Peolotoni adlanırdı, çünki onun qurtaracağının forması müqəddəsin başı şəklində idi. O, Florensiya Dumasının qübbəsinin rəsm tsiklini çəkməyi Vazariyə sifariş vermişdi. Lakin nə Böyük Hersoq, nə də rəssam bu işin başa çatmasını görə bildilər, onların hər ikisi 1574-cü ildə öldü.

 

Böyük Hersoq I Françesko

 

I Françesko 1564-cü ildə şəhərin regentliyini qəbul etdi və onu 1574-cü ilə qədər bu qaydada idarə etmişdi. Utancaq və dinc adam olmaqla o, ictimai işləri idarə etməyə çox yarayırdı və özünü elmlərə həsr etməklə onların inkişafına köməklik göstərmişdi.

Avropada isə mürəkkəb hadisələr gedirdi, İngiltərə ilə İspaniya dağıdıcı və bu ölkələri taqətdən salan müharibələrə cəlb olunmuşdular. Fransa isə daxili münaqişələrdən əziyyət çəkirdi, Çökək Ölkələr (indiki Niderland) zorakı münaqişələr hesabına parçalanırdı.

Florensiyada qətllər və sui-qəsdlər baş alıb gedirdi. Françesko idarəçiliyinin ilk ilində öz həyatına qarşı olan qəsdin üstünün açılmasına nail oldu. Bu epizod onda qisasçılığın ən aşağı instinktlərini oyatdı. Hətta Mikelancelo da qəsdə cəlb edilmişdi. Qəsdçilər qaçmağa macal tapmamış öldürüldülər. Şübhə olunanlar cəzalandırıldılar. Françesko, həmçinin, çox sayda böyük Florensiya ailələrinin tənəzzülünə səbəb oldu və bu əməlləri onunla sonuclandı ki, ona hətta atasından çox nifrət edirdilər.

İmperator II Maksimilian öz kürəkənini 1576-cı ildə Böyük Hersoq etdi. Xarici siyasətdə o, İspaniya ilə üstün əlaqələrə malik idi, bunun əsasını vaxtilə Kozimo qoymuşdu. Fransa ilə isə formal əlaqəni dəstəkləyirdi, bu sahədə də atasının xarici siyasət xətti ilə gedirdi.

Lakin Françesko dövlət adamı deyildi, hökumətin işlərinə birbaşa müdaxilədən kənarda dayanırdı. O, özünü əlkimyaya və elmə həsr etməyə üstünlük verirdi. Farmakologiya axtarışlarına özünü hazır hesab edirdi, buna həm də zəhər təsiri verən maddələrin axtarışları daxil idi. Bu məqsədlə o, həşəratlardan və minlərlə əqrəbdən istifadə edirdi.

Onu bu maraqlardan çəkindirməyə olduqca az adam cəhd edirdi. Buna hətta 1576-cı ildə başına gələn dəhşətli ailə faciələri də öz təsirini göstərə bilməmişdi. Onun kiçik qardaşı Piero anasının 15 yaşlı əmisi qızına evlənmişdi, onun da adı, həmçinin, Eleanor idi. Piero onu sevmirdi və həm də qızın qüsurlarına dözürdü, laqeydliyi ilə arvadına təsir göstərmək istəyirdi. Nəhayət, onu xəyanətdə ittiham edərək, evdən qovmaq istədi. Arvadının cinayətkarlığını öyrəndikdə Piero onu öldürdü, arvadının kürəyinə qılınc soxmuşdu. Onun öz versiyasına görə isə bu, namussuzluğa qarşı olan bir cinayət idi.

Françeskonun bacısı İzabella fərasətli və mədəni bir qız idi, bütün saray əhli onun çoxsahəli istedadını qiymətləndirirdi. Qız fransızca, ispanca, latınca danışırdı, həm də musiqiçi, müğənni və şairə idi. Lakin onun belə cazibədar keyfiyyətlərinə əri, ümumiyyətlə, heç bir maraq göstərmirdi. Öz maraqları isə onu başqa istiqamətlərə aparırdı.

(Ardı var)

 





28.12.2022    çap et  çap et